Qlobal resessiyaya necə hazırlaşırıq? – RƏY

Tarix: 24-07-2022, 15:36 / Oxunub: 386
Qlobal resessiyaya necə hazırlaşırıq? – RƏY

"2022-ci ilin dürüstləşmiş büdcəsində 200 milyon manata yaxın vəsaitin ərzaq təhlükəsizliyi üçün nəzərdə tutulması da təsdiq edir ki, preventiv olaraq hazırda müşahidə edilən və gələcəkdə dərinləşəcək ərzaq qıtlığının Azərbaycan iqtisadiyyatına, istehlak bazarına təsirlərinin minimuma endirilməsi siyasəti genişləndirilib”.

Azərbaycan 2022-ci ilin 6 ayını uğurla başa vurub. Statistik göstəricilərə görə, cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatı 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Bu nəticələr imkan verib ki, maaşlar və pensiyalar daha da artsın. Ötən 6 ay ərzində əhalinin gəlirləri də, təxminən 20 faiz artıb. 

Mövzu ilə bağlı "Kaspi” qəzetinin yazısını təqdim edirik:

Azərbaycan da buna hazır olmalıdır 

Azərbaycanın xarici ticarəti 70 faizdən, ixracımız 2 dəfədən, qeyri-neft ixracımız 25 faizdən çox artıb. Xarici ticarət balansının müsbət saldosu 6 ayda 12,1 milyard dollar olub. Cari ilin iyul ayının 1-ə olan məlumata görə, Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 10,7 faizini təşkil edir. Halbuki inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulu iki dəfə üstələyir. Xarici borcu ümumi daxili məhsulun 70 faizi olan ölkələr isə özlərini normal hiss edə bilərlər. Amma Azərbaycanda bu, 10,7 faizdir. Əlbəttə ki, qeyd olunan göstəricilər hər bir ölkə üçün qürur mənbəyi sayıla bilər. Bu uğurların fonunda dünyadakı geosiyasi dəyişikliklər, cərəyan edən proseslər, həmçinin dünya iqtisadiyyatının tənəzzülə uğrayacağına dair proqnozlar Azərbaycanı da düşündürməyə bilməz. Çünki mötəbər beynəlxalq qurumlar, maliyyə təşkilatları resessiyadan qaçılmaz bir fakt kimi danışırlar. İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının vurğuladığı kimi, dünyanın bir parçası olan Azərbaycan da buna hazır olmalıdır. Bəs bunun üçün nə edilməlidir? Resessiyaya hazırlıqla bağlı hansı addımlar atılmalıdır?

Qlobal iqtisadi artım faizləri azalır, ancaq... 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da qlobal iqtisadi proqnozlara istinad edərək, dünya iqtisadiyyatının yeni böhranla üz-üzə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrlə bağlı iqtisadi artım proqnozlarına yenidən baxılaraq gözləntilər nisbətən azaldılıb: "Dünya iqtisadiyyatında 2022-ci ildə 4,1 faiz iqtisadi artım proqnozlaşdırılırdı. Sonradan bu proqnoz 2,9 faizə qədər azaldıldı. Eyni zamanda Avropada proqnozlaşdırılan 4 faiz iqtisadi artım 2,8 faiz həcmində aşağı salınıb. Aparıcı ölkələrdə, eləcə də dünya iqtisadiyyatında artımla bağlı dürüstləşdirmə neqativdir. Bunlar da qlobal iqtisadiyyatda yeni resessiyanın yaranması riskini gücləndirir. Xüsusən də 2022-ci ilin sonu və 2023-cü il dünya iqtisadiyyatı üçün daha ağır olacaq. Təbii ki, Azərbaycan dünya iqtisadiyyatının bir elementidir. Amma Azərbaycan mövcud siyasəti ilə dünya iqtisadiyyatında baş verənlərin ölkə iqtisadiyyatına təsirlərini minimumlaşdırmağa çalışır. Son altı ayın yekunları göstərir ki, Azərbaycan 6,2 faizlik artımla regionda sürətli iqtisadi artıma malik olan ölkələrdəndir. Baxmayaraq ki, qlobal iqtisadi artım faizləri azalır, ancaq Azərbaycan praktiki olaraq sürətli artım faizini qoruyub saxlaya bilib. Bu, qlobal risklərin təsirlərinin minimumlaşdırılması baxımdan olduqca vacibdir”.

Yerli istehsala dəstək 

Millət vəkili "Kaspi”yə deyib ki, qlobal resessiya dünyada həm də ərzaq qıtlığı məsələsini aktuallaşdıracaq. Onun fikrincə, Azərbaycan bu istiqamətdə də qabaqlayıcı addımların əhatəsini genişləndirir: "2022-ci ilin dürüstləşmiş büdcəsində 200 milyon manata yaxın vəsaitin ərzaq təhlükəsizliyi üçün nəzərdə tutulması da təsdiq edir ki, preventiv olaraq hazırda müşahidə edilən və gələcəkdə dərinləşəcək ərzaq qıtlığının Azərbaycan iqtisadiyyatına, istehlak bazarına təsirlərinin minimuma endirilməsi siyasəti genişləndirilib. Eyni zamanda minimum istehlak səbətinə daxil olan məhsulların istehsalını həyata keçirən sahibkarlar üçün də güzəşt mexanizmləri hazırlanıb. Bunlara güzəştli kreditləri, həm də kommersiya banklarından alınan kreditlərin faizlərinin bir qisminin subsidiyalaşdırılması formasını göstərmək olar. Bunlar da nəticə etibarilə yerli istehsalın dəstəklənməsinə və genişlənməsinə xidmət edir. Beləliklə, Azərbaycan artıq qabaqlayıcı addım olaraq qlobal resessiyanın, qlobal ərzaq böhranının təsirlərini minimumlaşdırmaqla bağlı fəaliyyətlərini genişləndirir. Bu da ondan xəbər verir ki, resessiya fonunda Azərbaycan mövcud siyasətlə gözlənilən qlobal böhranın ölkə iqtisadiyyatına təsirlərini minimumda saxlamağa çalışacaq”.

Qiymət manipulyasiyasının qarşısının alınması

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov da qəzetimizə açıqlamasında söyləyib ki, 2022-ci ilin birinci yarısında ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənib, xüsusilə qeyri-neft sektorunun inkişafında yüksək artım qeydə alınıb. Deputatın sözlərinə görə, iqtisadiyyatımız post-pandemiya dövründə yeni inkişaf mərhələsinə daxil olub: "Azərbaycan dünyada ən az xarici borcu olan 10 ölkədən biridir. Azərbaycanın tədiyyə balansında stabillik formalaşıb, məqsədyönlü və səmərəli ixrac siyasətinin yürüdülməsi ticarət dövriyyəsində 5 milyard dollardan çox müsbət saldonun əldə olunmasına səbəb olub. Birinci yarımillikdə ölkəmizdə 12,9 faizlik inflyasiya qeydə alınıb ki, bunun da əsas səbəbi beynəlxalq bazarlardan qaynaqlanır. Hazırda qlobal səviyyədə ərzaq və digər malların qiymətləri artmaqda davam edir. Sözsüz ki, dünya iqtisadiyyatında əmtəələrin bahalaşması Azərbaycana da təsir edib. Çünki ölkəmiz həmin malların bir qismini xaricdən idxal edir, həmçinin yerli istehsalda istifadə edilən xammal xaricdən gətirilir. Bütün bunlar qiymət artımlarına səbəb olur. Cənab Prezidentin tapşırığına əsasən, ölkədə anti-inflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir. Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Hesab edirəm ki, bütün bu tədbirlər nəticəsində əhalinin zəruri ərzaq malları ilə etibarlı təminatı yaxşılaşacaq və ölkədə aparılan sosial tədbirlər vətəndaşların rifahına müsbət təsir göstərəcək”.



Axtarış
Xəbər lenti
Reklam