Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.
Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.

 

Bakı Nəqliyyat Agentliyi paytaxtın küçə və prospektlərində yol nişanlarının yenilənməsi, mövcud çatışmazlıqların aradan qaldırılması işlərini davam etdirir.
BNA-dan verilən xəbərə görə, məqsəd nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, həmçinin yol hərəkəti iştirakçılarını məlumatlandırılmaqdır. Daxil olan vətəndaş müraciətləri, eyni zamanda, Agentliyin mütəxəssisləri tərəfindən aparılan təhlillərlə müəyyən edilən ünvanlarda yol nişanları ilə bağlı müvafiq tədbirlər görülüb. 2019-cu ilin ötən dövründə ümumilikdə 1500-dən artıq yol nişanı yenilənib. Nəticədə şəhərin müxtəlif yerlərində, xüsusən də ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyinin səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb.

 

 
"Azərbaycanda qan donorluğunun 92 ildən çox tarixi var".
Bunu 19-cu Beynəlxalq Gənclər Forumunda çıxışında Səhiyyə Nazirliyinin Baş hematoloqu Çingiz Əsədov deyib. Onun sözlərinə görə, ilk qan 1927-ci ildə ağır formalı anemiyadan əziyyət çəkən, mədə xərçəngi diaqnozu qoyulan xəstəyə köçürülüb:
"Donorların çox hissəsini gənclər təşkil edir. Son zamanlar Azərbaycanda 5 dəıfə Gənc Donorlar Forumu keçirilib. Bu forumlar müxtəlif bölgələrdə təşkil olunub".
Baş hemetoloq 2005-ci və 2018-ci illərin göstəriciləri arasındakı fərqləri də deyib. Bildirib ki, 2005-ci ildə Azərbaycanda 1000 nəfərə 2.7 donor düşürdüsə, 2018-ci ildə bu rəqəm 10 olub: "Ümumdünya Səhiyyə Təşkıilatının məlumatına görə, hansı ölkədə bu say 10 nəfərə çatıbsa, o ölkə özünü qan və qan preparatları ilə təmin edə bilir. Dünyada belə ölkələrin sayı 70-dir".(

 


 Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları bəlli olub. 

qaynar-xett Təhsil Nazirliyinə istinadən həmin sualları və onlara verilən cavabları təqdim edir.
Sual: Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılmasında məqsəd nədir? 
Cavab: Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq  və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir. 
Sual: Şagirdlərin elektron yerdəyişmə prosesi hansı mərhələlərdən ibarətdir? 
Cavab: Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.
Sual: Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur? 
Cavab: Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod)  kodu tələb olunur.
Sual: Valideyn şəxsi işi hansı müddətə təqdim etməlidir? 
Cavab: Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilmiş müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir. 
Sual: Qeydiyyat prosesi necə həyata keçirilir? 
Cavab: Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.
Sual: Yerdəyişmə sorğusuna hansı halda imtina verilə bilər? 
Cavab: Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda  sorğu şəhər (rayon) təhsil şöbələri tərfindən təsdiq edilə bilər.
Sual: Sistem nə vaxtadək aktiv olacaq? 
Cavab: Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.
Sual: X-XI siniflərdə yerdəyişmə necə icra olunacaq?
 Cavab: X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.
Sual: Xaricdən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq?
Cavab: Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə  daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.
Sual: Xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılacaq?
Cavab: Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) sistemdən çap olunmuş ərizəsi əsasında verilir.
Sual: Lisey siniflərinə yerdəyişmə hansı formada olacaq?
Cavab: Liseylərin və məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçiriləcək. 
Qeyd edək ki,  2019-2020-ci ilin tədris ilində liseylərin və məktəb-liseylərin lisey siniflərinə qəbul imtahanlarında artıq iştirak etmiş və qəbul olmuş şagirdlərin yerdəyişməsi valideynin iştirakı olmadan müvafiq təhsili idarəetmə orqanı tərəfindən tənzimlənəcək.
Sual: Məcburi köçkün məktəbləri üzrə yerdəyişmə nə zaman icra olunacaq?
Cavab: Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq.
Sual: İşğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəblərə yerdəyişmə necə həyata keçirilir?
Cavab:  Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra – məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən elektron sistem vasitəsilə onun məcburi köçkün olması yoxlanılır.  Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.
Sual: Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilirmi ?
Cavab: Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən  ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.
Sual: Alternativ qeydiyyat mərkəzləri harada fəaliyyət göstərir?
Cavab: Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə qeyd olunmuş ünvanlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdlərinin yerdəyişməsi məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə bu linkdəki məktəblərdə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

 


 
ABŞ-lı elm adamları 785 könüllü şəxsi 5 min 164 gün ərzində nəzarətdə saxlayaraq nə qədər kofein, sipirtli içki, və nikotin istifadə etdiklərini qeyd edib.
Araşdırma qrupu daha sonra bu qeydləri iştirakçıların yuxu müddətini qeyd edən bilək sensorlarından əldə edilən nəticələrlə qarşılaşdırıb.
Çalışmada nikotin və sipirtli içkinin yuxunu böldüyü ortaya çıxarkən kofeinin yuxu üzərində bir təsirinin olmadığı görülüb.  
Bundan başqa araşdırma çərçivəsində yatmadan əvvəl çəkilən bir siqaretin yuxuya getməkdə çətinlik çəkənlərdə yuxu müddətini 42 dəqiqə, gecə boyunca siqaret istifadəsinin isə yuxu müddətini 43 dəqiqə azaltdığı ortaya çıxıb.

 

 
Avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.
“Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 mln. manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcəkdir.
Zavodun məhsulları daxili təlabın ödənilməsinə yönəldilməklə yanaşı, həm də gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcəkdir.
Kombi zavodunun fəaliyyətə başlaması ilə bağlı müxtəlif dövlət qurumlarının, yerli və çinli sahibkarların iştirakı ilə təşkil olunmuş tədbirdə “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər və islahatlar barədə məlumat verib, zavodun fəaliyyətə başlaması üçün göstərilən dövlət dəstəyi tədbirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA tərəfindən “Elektrogas” MMC-yə hərtərəfli dəstək göstərilib, o cümlədən yerli və xarici investorlarla görüşlər keçirilib, xarici investorlara Azərbaycanın biznes mühiti və dövlət dəstəyi mexanizmləri haqqında ətraflı məlumat verilib, konsaltinq və hüquqi məsləhət xidmətləri göstərilib. Kombi zavodunun fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin yaradılmasında, istilik sistemlərinə olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli olacaqdır.
“Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli zavodun fəaliyyəti barədə danışaraq ölkəmizdə özəl sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, Azərbaycana xarici investisiyaların cəlb edilməsində önəmli olduğunu qeyd edib, investisiya təşviqi sənədinin iş adamlarının fəaliyyətlərini daha da genişləndirmələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Zavoda sərmayə yatıran Çin investoru Lui Fujin təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib, Azərbaycanda yerli və xarici investorlar üçün əlverişli şərait yaradıldığını və bu baxımdan ölkəmizə investisiya yatırdıqlarını bildirib, KOBİA tərəfindən layihəyə hərtərəfli dəstək göstərildiyini qeyd edib.
Sonra tədbir iştirakçıları kombi zavodunun fəaliyyəti və istehsal prosesi ilə tanış olublar.

 


 

"Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək, yanan ərazilərin tez bir zamanda bərpa olunmasına çalışacağıq". 
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, dünyanın bir çox yerlərində meşə yanğınları tüğyan edir, nəticədə insan tələfatı baş verir, minlərlə hektar meşə sahəsi insanların səhlənkarlığı, məsuliyyətsizliyi ucbatından məhv olur. 
"Şükürlər olsun ki, bizdə bu cür genişmiqyaslı yanğınlar baş verməyib, insan tələfatı olmayıb. Amma yenə də bütün vətəndaşları ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına həssas yanaşmağa çağırırıq. Çünki meşə yanğınlarının səbəbləri ilə bağlı mütəxəssislərin apardığı təhlillər və monitorinqlər göstərir ki, yanğın hadisələrinin çox böyük əksəriyyəti insanların səhlənkarlığı, odla ehtiyatsız davranışı ucbatından və deyərdim ki, bəzi hallarda bilərəkdən, qəsdən törədilməklə baş verir. Bu cür etinasızlıq, yaxud qəsdən yanğının törədilməsi dövlət büdcəsinə milyonlarla zərər vurur. Biz belə halların azalması və ümumiyyətlə baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görürük və bundan sonra da görəcəyik. Təəssüf ki, bəziləri təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmir və olacaqları düşünmürlər".

 

 

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini avqustun 20-də elan edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. I mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 idi.

DİM-dən  bildirilib ki, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480* (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

 

İxtisas qrupu 

  Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)

  Ödənişli

  Dövlət sifarişi əsasında    

  Cəmi

I

5197 (882)

7643 (445)

12840 (1327)

II

9766 (3077)

3099 (118)

12865 (3195)

III

7428 (35)

3715 (0)

11143 (35)

IV

1352 (77)

2082 (58)

3434 (135)

V

1790 (71)

1408 (11)

3198 (82)

 Cəmi

  25533 (4142)    

17947 (632)

 43480 (4774)    



Tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 %, 20 ali təhsil müəssisəsində 90%-dən, 9 ali təhsil müəssisəsində 80%-dən çox dolub.  Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70%-dən çox dolub.


Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92%-nin, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45%-nin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44%-nin subbakalavrlar olduğunu görərik.


Xatırladaq ki, I mərhələdən sonra qəbul olunanlar avqustun 27-dək , boş qalan yerlərə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Qeyd: *Hərbi həkim ixtisası üzrə qəbul olunanlar nəzərə alınmaqla.

 

 
Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə - 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq.
Bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.
Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

 
Bu gündən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya mərhələsinə start verib. 
İdarədən  verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində keçid balından yüksək nəticə göstərən namizədlər avqustun 23-ü saat 23:59:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Hər bir namizədə 5 yer seçmək hüququ verilir.
Namizədlər arzu etdikləri vakansiyaları seçdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsi avqust ayının 26-dan başlayacaq.
Qeyd edək ki, BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsində iştirak edən 1 655 namizəddən 555 nəfəri keçid balından yüksək nəticə göstərib.
Axtarış
Xəbər lenti
Reklam