Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək



Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci il oktyabrın 16-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

DİM-dən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 523, BB qrupu üzrə 1460 olmaqla, ümumilikdə 1983 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 22 imtahan rəhbəri, 177 nəzarətçi‑müəllim, 17 buraxılış rejimi əməkdaşı ayrılıb.
Avtobusda 12 yaşlı qıza əxlaqsızlıq edən şəxs həbs edildi



Xırdalanda marşrut avtobusunda azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etmiş İran İslam Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü B.Yousef həbs edilib.

"Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsində 54 yaşlı şəxs barəsində açılmış cinayət işi üzrə hökm elan edilib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.2-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham edilən şəxs 2 il müddətinə həbs cəzasına məhkum edilib. İstintaq müddətində polisin nəzarəti altında olan B.Yousef məhkəmə zalında həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, hadisə bir neçə ay əvvəl Xırdalan şəhərində - 535 saylı marşrut avtobusunda baş verib. B.Yousef avtobusda olarkən sıxlıqdan istifadə edərək 12 yaşlı qızı qucaqlayıb və ona qarşı əxlaqsız hərəkətlər edib. O, orta məktəbin 7-ci sinif şagirdi olan qız avtobusdan düşərkən özü də onun əlindən tutub. İran vətəndaşı nəqliyyat vasitəsindən endikdən sonra Xırdalan şəhəri istiqamətində gedib.

Məktəbli baş vermiş hadisə barədə valideynlərinə bildirdikdən sonra cinayət işi açılıb.
Nazir: “İmtahanda iştirak edən 2000 müəllim kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”



"Azərbaycan müəllimlərinin əksəriyyəti bu gün öz peşəsinə yararlıdır və artırılmış əməkhaqqı ilə peşələrini davam etdirəcəklər. Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”.

Bunu "Real” TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, çox ciddi problemlə üz-üzəyik:

"Müəllim öz fənnini bilmirsə, sinif otağındakı azyaşlı şagirdə nə öyrədə bilər? Çox ciddi problemlə üz-üzəyik. İmtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmirsə, burada güzəşt etmək mümkündürmü? Birmənalı olaraq, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir”.

"Öz fənnini bilməyən müəllim altı yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis nəsə təsəvvür edə bilmirəm”, - deyə nazir əlavə edib.
İşlədiyi şirkətin pulunu mənimsəyən şəxsə cinayət işi AÇILDI



"Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Füzuli Rayon Prokurorluğu məlumat yayıb.

Araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Şamo Qarayevin təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 15 362 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb.
DYP “Qarabağ”ın oyunu ilə bağlı azarkeşlərə müraciət etdi



"Oktyabrın 13-də azarkeşlər "Qarabağ” – "Olimpiakos” oyununun keçirilən stadiona gələrkən əsasən ictimai nəqliyyata üstünlük versinlər”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Sabah UEFA Avropa Liqasının qrup mərhələsinin IV oyununda Azərbaycan çempionu "Qarabağ” Yunanıstanın "Olimpiakos” klubu ilə Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də qarşılaşacaq. Əvvəlcədən doğma komandamız "Qarabağ” klubuna uğurlar arzulayırıq.

Bildiyiniz kimi, Tofiq Bəhramov adına Respublika stadionu ictimai nəqliyyat üçün əlverişlidir. Belə ki, ərazidə metronun "Gənclik” stansiyasının olması, avtobusların hərəkəti üçün tam şəraitin yaradılması bütün nəqliyyat ehtiyaclarını ödəyir. Komandamızın oyununa baxmağa gələn paytaxt sakinlərindən, azarkeşlərindən xahiş edirik ki, həmin ərazidə əsasən ictimai nəqliyyatdan istifadə etsinlər. Nəzərə alaq ki, yollardakı hər hansı bir hərəkət sıxlığının yaranması həmin ərazidən istifadə edən vətəndaşlara maneə törədə bilər. Bu isə zərurət yarandığı təqdirdə Tofiq Bəhramov adına Respublika stadionuna paralel və kəsişən küçələrdə hərəkət istiqamətlərinin dəyişdirilməsinə və müvəqqəti bağlanmasına zərurət yarada bilər”.

"Bir daha ictimai nəqliyyata üstünlük verməyi və oyunun keçirildiyi əraziyə 1 saat əvvəldən gəlməyi tövsiyə edirik”, - o vurğulayıb.
Bakı metrosunun bəzi stansiyalarına girişə məhdudiyyət qoyulur - RƏSMİ



"Bənövşəyi xətt”in "Xocəsən” - "Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

Oxu.Az xəbər verir ki, bununla əlaqədar oktyabrın 13-dən oktyabr 16-na qədər "bənövşəyi xətt”in stansiyaları ("Avtovağzal”, "Memar Əcəmi” və "8 Noyabr”) sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.
Metropoliten “Qarabağ”ın oyununa görə gücləndirilmiş iş rejiminə keçir



Sabah "Bakı Metropoliteni” QSC-nin "Gənclik” stansiyasında UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində "Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar iş rejimində dəyişikliklər ediləcək.

Bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.

Əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.

Ehtiyat tədbirlər "Nəriman Nərimanov” və "28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Mütəxəssis: “Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir”



"Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov Nazirliyin "Instagram” səhifəsində canlı yayımda deyib.

O bildirib ki, bu, xüsusilə də 1 yaşdan aşağı körpələr üçün risklidir:

"Çünki körpələrin başı ani hərəkətlərə tab gətirmir və beyin silkələnməsi ola bilər. Həmçinin körpəni atıb-tutan şəxsin ani fikir yayınması da ağır fəsadlarla nəticələnə bilər.

Odur ki, körpələri atıb-tutmaq oyun kimi görünsə də, təhlükəlidir.

Eyni zamanda onlara avtomobildə də diqqət etmək lazımdır.

Eləcə də bəlli bir yaşa qədər uşaqlar üçün xüsusi oturacaqlar alınmalıdır. Onlar oturacaqlara bir neçə yerdən kəmərlərlə bərkidilməlidir ki, ani manevr zamanı silkələnməsinlər. Xüsusilə baş nahiyəsindən kiçik bir təzyiq və ya travma ağır fəsadlara yol aça bilər”.
Gəncə terrorunda zərərçəkən şəxs: “Dağılan evlərin saatları 02:01-də dayanmışdı”



"Dağılan evlərin saatları 02:01-də dayanmışdı”.                                                        

Bu sözləri "Report”un Qərb bürosuna müsahibə verən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində zərərçəkən 43 yaşlı Fuad Tahir oğlu Hüseynov bildirib.

O, həmin gecə ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzilində olduğunu və raketin düşməsi nəticəsində evinin tamamilə dağıldığını, özünün isə dağıntılar altında qaldığını bildirib:

"Gecə saat 02:01 idi, birdən böyük bir partlayış səsi eşidildi. Ardınca ev dağıldı. Hər tərəfdən qışqırtı səsləri gəlirdi. Mən həmin anı heç filmlərdə belə görməmişdim. Çox dəhşətli bir hal idi. Dağıntılar altından özüm çıxa bildim. Ətraf tüstü-duman. Raketin zəhərli tüstüsü isə bizi boğurdu. Lakin buna baxmayaraq, başladıq dağıntılar altına qalan insanlara köməklik etməyə. Bir az keçmişdi Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasediciləri, polislər, ətrafda olan insanlar əraziyə gəldilər. Dağıntılar altında qalan insanlar oradan çıxarmağa başlandı. Çox təəssüflər olsun ki, onlardan dünyasını dəyişənlər oldu. Onlar öz evlərində yatdığı yerdə terror hadisəsi nəticəsində şəhid olan günahsız insanlar idi”.

F.Hüseynov vurğulayıb ki, Ermənistan müharibə cinayəti törədərək əllərini günahsız insanların qanına batırıblar:

"Vəhşilik törədən Ermənistan indi dünyaya "günahsız” xalq cildinə girərək kömək dilənir. Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında istər siyasi, istərsə də hərb meydanında qələbə qazanmağımız bizim üçün qürurvericidir. İnanıram ki, Ali Baş Komandamızın səyi nəticəsində düşmənin siyasi arenada oynadığı saxta oyunu da darmadağın olacaq. Biz heç vaxt müharibə istəməmişik, tək öz ölkəmizdə yox digər ölkələrdə də müharibə olsa üzülürük. Üzərindən 2 il keçməsinə baxmayaraq, övladlarımız hələdə həmin anların şokundadır. Bir səs eşidən kimi, elə bilirlər yenə raket atıldı. Bütün bunlar müharibənin insan ruhunda buraxdığı ağrılı izlərdir”, - deyə müsahib vurğulayıb.

Qeyd edək ki, 11 oktyabr 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib. Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Pediatr: “Valideyn olmazdan əvvəl namizədlərin oxumalı olduğu bəzi psixoloji kitablar var”



"Uşağın psixoloji statusu boy və çəkim artımına təsir edir. Uşağa qayğının olmaması onun inkişafına mənfi təsir edir”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov Nazirliyin "Instagram” səhifəsində canlı yayımda deyib.

O bildirib ki, beyin tərəfindən idarə olunduğumuz üçün bu məqamlara diqqət etmək lazımdır:

"Valideynlər xüsusilə ilk övladlarından təcrübəsiz olduqları üçün bu səhvlərə yol verirlər. Uşaqlara düzgün qayğı göstərilmir, bəzi nüanslarda səhvlərə yol verilir. Belə demək mümkünsə, ilk dəfə valideyn olan insanlar səhvlərə yol verərək öyrənirlər. Bəs bu körpənin nə günahı var? Axı o, səhvlərdən təsirlənir.

Buna görə də valideyn olmazdan əvvəl namizədlərin oxumalı olduğu bəzi psixoloji kitablar var. Onları oxumağı tövsiyə edirəm. Çünki praktiki olaraq səhvsiz övlad böyütmək daha məqsədəuyğundur. Çünki hər səhv uşağın psixologiyasına təsir edir. Fikir versəniz, ikinci övladda valideynlər daha təcrübəli olurlar”.
Axtarış
Xəbər lenti
Reklam