Müəllimlik ixtisasını seçənlərə hansı şərtlər daxilində əlavə 100 manat verilir? - AÇIQLAMA



"Təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq 2015-ci ildən etibarən yüksək bal toplayıb müəllimlik ixtisasını seçən abituriyentlərə 100 manat əlavə təqaüd verilir. Lakin bu vəsaitin tələbələrə hansı şərtlər əsasında verildiyi, gələcəkdə müəllimlik peşəsinə yiyələnən şəxslərin müəllim işləmək kimi bir məcburiyyətinin olub-olmadığı bəlli deyil. Bəziləri həmin məbləğin abituriyentləri müəllimliyə həvəsləndirmək məqsədi daşıdığını bildirir”.

Elm və Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 100 manat təqaüd ancaq ixtisas seçimində birinci yerdə müəllimliyi yazan və 500-dən aşağı bal toplamayan tələbələrə şamil olunur:

"Hər il 300 tələbə müəyyənləşdirilir və təhsilin normativ müddəti bitənədək onlara bu təqaüd verilir. Həvəsləndirici xarakter daşıyır. Tələb də sadəcə odur ki, müəllimliyi birinci yazan olsun və 500-dən aşağı bal toplamasın”.
Mühəndis texnikamız atəşə tutulub



Oktyabrın 12-si saat 12:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətində infrastrukturun bərpası məqsədilə tikinti-quruculuq işləri aparan mühəndis texnikamıza müxtəlif çaplı atıcı silahlardan atəş açıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.
Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşir



Azərbaycanda ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşir.

"Report”un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 562-1-ci maddə (Ölümün qeydə alınması qaydasının pozulması) əlavə olunur.

Yeni maddəyə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər 150 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər.
Mehriban Zeynalova: “Narkotik istifadəçisi olan uşaqları digər uşaqlarla eyni müəssisədə saxlamaq doğru deyil”



"Cəmiyyət qadın problemlərinə ilə müqayisədə uşaq problemlərinə daha həssas yanaşır”.

Oxu.Az xəbər verir ki, bu fikirləri "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova AzTV-nin efirində yayımlanan "Çıxışa Doğru” proqramında deyib.

O bildirib ki, cəmiyyət bu məsələdə dərhal reaksiya verilir:

"Bizim aidiyyəti qurumlarla ortaq qrupumuz var ki, ora atılan məlumatlar dərhal araşdırılır. Küçədə hansı uşağı kim görür, müraciət edirsə, aidiyyəti üzrə DİN əməkdaşları uşağı götürərək müvafiq sığınacaqlara yönləndirirlər. Sənədləri olmayan uşaqların belə bir neçə saat ərzində kimliyi araşdırılır, tapılır. Lakin bu problem çərçivəsində daha böyük çətinlik müxtəlif kateqoriyalar üzrə uşaqların olmasıdır. Narkotik maddə istifadəçisi olan uşaqları digər uşaqlarla eyni müəssisədə saxlamaq doğru deyil”.

M.Zeynalova deyir ki heç kim, heç bir uşaq kənarda olmasa da, sığınacaqlar çeşidlənməlidir:

"Çətin tərbiyə olunan uşaqlar, zorakılığa məruz qalan uşaqların təlim-tərbiyəsi, adaptasiya, psixoloji yardımları fərqli proqram üzrə aparılır. Bu istiqamətdə də ciddi kadr çatışmazlığı var. Uşaqlar bu kimi çeşidlənmə üzrə sığınacaqlara yerləşdirilərsə, həyata keçirilən tədbirlər də daha tez effekt vermiş olar”.
İqtisadçı-ekspert: “Qiymət artımlarının olması labüddür”



"Bazarda son vaxtlar gündəlik tələbat məhsullarında qiymət artımları baş verir. Gündəlik tələbat və ərzaq məhsulları o kateqoriya məhsullarıdır ki, bazar iştirakçıları həmin məhsulların qiymətini daha rahat şəkildə bahalaşdıra bilirlər. Burada istehsalatda baş verən qiymət artımlarından istehlaka transformasiya prosesi sürətlə gedir. Burada qiymət artımı üçün daha əlverişli mühit var”.

Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov son iki aydakı qiymət artımlarının alıcı sayına təsirinə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, bütün məhsulların qiymətlərində artım müşahidə olunur:

"Kənd təsərrüfatında mövsüm dövrünün başa çatması istiqamətində baş verən bu proses özü də qiymət artımlarına təsir göstərir. Bir sıra kənd təsərrüfatı məhsullarının mövsüm dövrü başa çatıb. Qiymət artımları müəyyən mənada müşahidə olur. Bu proses 2020-ci ildə başladı. İstehsal, tədarük və təchizat zəncirində fasilələr ortaya çıxdı. Ehtiyatlarda olan məhsullar qurtardı. İşçi qüvvəsinin səmərəli istifadəsi karantin qaydalarında məhdudlaşdı. Sərhədlərin  bağlanması xırda ticarət və pərakəndə məhsullarını məhdudlaşdırdı, nəqliyyat xərcləri əhəmiyyətli səviyyədə artdı. Azərbaycan o ölkələrdəndir ki, xərcləri digər ölkələrlə müqayisədə bəzi hallarda iki dəfə daha çox baha başa gəlir”.

R.Həsənov qeyd edib ki, qiymələr sürətlə bahalaşır və alıcılıq prosesi zəifləyir:

"Qiymət artımları xüsusən də Rusiya-Ukrayna münaqişəsi fonunda daha da dərinləşdi. Qiymət artımlarını neytrallaşdıracaq ciddi işlər görmürük. Bu istiqamətlərdə təzyiqlər var. Bütün ölkələr olduğu kimi Azərbaycanda da istehsal qiymətləri inflyasiya ilə müqayisədə daha çox artıb. Hər hansı bir məhsulun istehsalçı qiymətləri 40 faiz, bazarda satış 20 faiz artıb.

Bizdə istehsal qiymətləri indeksinin istehlak qiymətləri üzərinə transformasiya prosesi sürətlənib. Çünki müəyyən dövrdən sonra biznesin səbri tükənmir. Müəyyən bir bahalaşma gedirsə, məhsulun maya dəyəri baha başa gəlirsə, bazar payını itirməmək üçün şirkətlər məhsulları müəyyən qədər az təklif edə bilərlər.

Rusiya-Ukrayna münaqişəsinin heç kim bu qədər uzanacağını proqnozlaşdırmırdı. Proses uzunmüddətli dövr xarakteri alanda da təsiredici faktorlar dəyişmir. Sahibkar əvvəlki mövqeyini uzun müddət davam etdirə bilməz. Buna görə də yorulmuş gözləmədə daha aktiv qiymət siyasətinə keçid prosesi də başlayır”.

İqtisadçı əlavə edib ki, bütün məhsullar üzərində bahalaşma bazarda artıq trendə çevrilib:

"Azərbaycan bazarının özünəxas xüsusiyyətləri vardır. Bir sıra məhsullarda qiymət artımları inhisarçı mövqelərdə qaynaqlanır. Qiymət artımlarının olması labüddür. Amma onun nə qədər olması müzakirə olunan məsələdir. İnhisarçı mövqe şərait yaradır ki, şirkət istədiyi qədər qiymətləri artıra bilsin.

Bazarda bir trend var ki, hər şey bahalaşır, hətta çörəyin də qiyməti artır. Sabit bazarda bazar iştirakçısı risk etməyə qorxur. Bizim bazarda qiymət optimallığını təmin edəcək şərtlər, rəqabət mühiti yoxdur. O da əlavə faktor kimi bugünkü mənzərənin yaranmasına səbəb olur”.
Şəkidə müəllimlərin etiraz etdiyi direktor işdən çıxarılıb


Müəllimlərin etiraz etdiyi Şəki rayon Cəfərabad kənd tam orta məktəbinin direktoru işdən çıxarılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsindən xəbər verilib.Bildirilib ki, Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbdə araşdırma aparılıb və bir sıra nöqsanlara yol verildiyi aşkara çıxarılıb:

"Müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

Qeyd edək ki, etirazın əsas səbəbi ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtması olub.
Güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ



Bakıda və Abşeron yarımadasında oktyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.
Gəncə hadisələrində zərərçəkən: “Biz o gün sağ qalıb-qalmayacağımızı bilmirdik”



"Biz həmin gün sağ qalıb-qalmayacağımızı bilmirdik”.

Oxu.Az xəbər verir ki, bunu Gəncə hadisələrində zərərçəkənlərdən biri Rüfət Allahverdiyev Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, həmin gün yada düşəndə keçirdikləri hisləri ifadə edə bilmirlər:

"Həmin hadisələr zamanı mən özüm də hadisələri ictimailəşdirirdim. Lakin bizim yoldaşlar zərərçəkmiş kimi bizi də işıqlandırdılar. Həmin gecənin canlı şahidi olacağım ağlıma gəlmirdi. O gecə heç kim bilmirdi sağ qalacağıq, yoxsa yox. Amma sağ qaldıq və o dəhşətli gecənin ikinci il dönümünü xatırlayırıq. Məqsədimiz bu terroru törədənlərin cəzalandırılmasıdır”.
Ədliyyə müşaviri: “Gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücumlar təşkil olunub”




"4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərdə Gəncəyə açılmış atəşlər nəticəsində, 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla 26 nəfər (25 nəfəri Azərbaycan Respublikasının, 1 nəfər isə Rusiya Federasiyasının vətəndaşı) mülki şəxs qəsdən öldürülüb”.

Oxu.Az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın 2020-ci il oktyabrın 11-də Gəncədə törətdiyi terrorun 2-ci ildönümü ilə bağlı keçirilən dəyirmi masada çıxış edərkən deyib.

O bildirib ki, öldürülənlərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 0-5 yaş arası, 5 nəfəri 5-18 yaş arası olub:

"86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla cəmi 175 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət almış şəxslərdən 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 0-5 yaş arasında olub.

Araşdırmaya əsasən təxminən 3875 yaşayış evi və ya mənzil və 33 qeyri-yaşayış obyekti (o cümlədən 4 və 29 saylı 2 tam orta məktəb, 4 saylı 1 uşaq poliklinikası, 10 və 52 saylı 2 körpələr evi-uşaq bağçası, 1 Musiqi kolleci) olmaqla ümumilikdə 863.700 kvadrat metr təşkil edən sahənin dağıdılması və zədələnməsi nəticəsində ümumilikdə milyonlarla məbləğdə maddi ziyan dəyib.

11 oktyabr və 17 oktyabr 2020-ci il tarixlərdə hər tarixdə 3 ailə olmaqla 6 ailə tamamilə məhv edilib, qəsdən öldürülüb.

Qeyd olunan faktlarla bağlı 4 oktyabr 2020, 11 oktyabr 2020 və 17 oktyabr 2020-ci il tarixlərdə Azərbaycan Respublikası CM-in müvafiq maddələri ilə 3 cinayət işi başlamaqla ibtidai istintaq aparılıb”.

İ.Səfərov onu da qeyd edib ki, Azərbaycan Respublikasının 2-ci böyük şəhəri olan Gəncənin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri və silahsızlaşdırılmış zonaları, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən hədəfə alınıb:

"Döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə qarşı böyük dağıdıcı qüvvəyə malik operativ-taktiki təyinatlı ballistik 9K72 ("SS-1 C”və ya "Scud B”) Elbrus və 9M528, bəzi hallarda 9M55 raketlərlə təchiz olmuş Katyuşa nəslindən olan 9K58 "Smerç” (BM-30) reaktiv yaylım atəşi sistemindən istifadə edilməklə xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə hücumlar təşkil olunub”.
Yuxarı Şirvan kanalındakı sürüşmə dəmir və avtomobil yollarına təhlükə yaradıb



Yuxarı Şirvan kanalının keçdiyi Göyçay və Ağdaş ərazisində baş vermiş sürüşmələr yaxınlıqdan keçən dəmir və avtomobil yollarına təhlükə yaradıb.

Bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib.

Məlumata görə, 64 il öncə istifadəyə verilmiş və başlanğıcını Mingəçevir Su Anbarından götürən kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 kubmetr/saniyədir. Bu ilin əvvəlindən bu günə kimi kanal vasitəsilə anbardan 1 148 milyon kubmetr su götürülərək, 1 044 milyon kubmetri istehlakçılara çatdırılıb. Kanal üzərində 129 ədəd sadə və mürəkkəb quruluşlu hidrotexniki qurğular mövcuddur. Onlardan 36-ı suburaxıcı qapılardır. Kanal öz xətti boyunca 8 çayla kəsişir. Onların 6-sı dükerlərlə, 2-i isə akveduklar vasitəsilə həyata keçirilir. Bunlar Əlicançay, Türyançay, Göyçay çayı, Dəvəbatan çayı, Girdiman çayı, Nəzirçay və Ağsu çaylarıdır. Kanala bu il daha çox su ötürüldüyündən müxtəlif ərazilərdə sürüşmələr baş verib. Artıq bunun qarşısını almaq məqsədilə Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi təxirəsalınmaz işlərə başlayıb.

Suvarma məqsədi ilə inşa edilən kanalın 95 km-dən artığı torpaq məcralı, 27 km-i isə beton üzlüklüdür. Bu günə kimi Yevlax ərazisində 3,2 km, Göyçay - İsmayıllı ərazisindən keçən hissədə 15 km, Ağsu - Kürdəmir ərazisindən keçən hissədə 15 km ərazi lildən təmizlənib. Türyançay və Göyçay çaylarının məcralarında vaxtaşırı sel sularını keçirmək üçün 3870 poqonometr uzunluğunda 90 min kubmetr məcra tənzimləmə işləri görülüb.

Yuxarı Şirvan Kanalının uzunluğu 122,2 km-dir. Kanal Şirvan düzünün 10 rayonunda 140 min hektar əkin sahəsinə xidmət edir. Bu rayonlar Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı və Hacıqabuldur.
Axtarış
Xəbər lenti
Reklam