Gəncədə arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır



04 iyun 2022-ci il tarixdə Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gəncə şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış istintaqla, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabir Şabanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Beyləqanda məktəbli qızın qaçırılmasına görə cinayət işi açılıb


Beyləqanda məktəblinin qaçırılması faktı ilə bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, Beyləqan rayonu Qaralılar kəndindən 14 yaşlı məktəbli qızın qaçırılması faktı ilə bağlı Beyləqan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi açılıb.

Qeyd edək ki, oktyabrın 8-də Rayon Polis Şöbəsi əməkdaşların həyata keçirdiyi müvafiq tədbirlərlə məktəblini qaçıran avtomobil saxlanılıb.


Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Report”un Qərb bürosunun məlumatına görə, hadisə Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan hələlik bir nəfərin şəxsiyyəti bəllidir - bu, 1989-cu il təvəllüdlü N.Həsənovadır. 

Faktla bağlı araşdırma aparılır.

“Azəristiliktəchizat”ın rəsmisi: “Borcumuzun 90 faizi ödənilib”
 
 
 

"Biz 100 faiz kommersiya məqsədli müəssisə deyilik. Bu baxımdan dövlətimizin bizə dəstəyi vacibdir”. 

Oxu.Az xəbər verir ki, bunu "Azəristiliktəchizat” ASC-nin müşaviri Ramil Məhərrəmov deyib.

O bildirib ki, bu il qurumun "Azəriqaz”la borc problemi olmayacaq:

"Bu il üçün bütün borcumuzun 90 faizi ödənilib. Yaxın dövrdə də digər hissə ödəniləcək, ona görə də təchizatda heç bir problem yaşanmayacaq. 

Dövlətimiz bizə ehtiyac duyduğumuz təqdirdə bütün dəstəyi göstərir”.

Heydər Məmmədov: “Müsabiqə yolu ilə prokurorluğa qəbul olunmuş əməkdaşların bir neçəsi xüsusi ali rütbə alıb”
 
 

"Prokurorluq orqanlarında hər bir gənc əməkdaşın nailiyyəti ilk növbədə hazırda respublikamızda Prezident İlham Əliyevin müdrik rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə aparılan uğurlu gənclər siyasətinin təcəssümüdür”.

Bunu baş prokurorun müavini Heydər Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, prokurorluq orqanlarında da son iki ildən artıq müddətdə baş prokuror tərəfindən keçirilən kompleks islahatların mərkəzində, xüsusilə həyata keçirilən kadr islahatlarının təməl prinsiplərində yüksək bilikli, müasir, eyni zamanda dövlət və dövlətçiliyin sarsılmaz ənənələrinə sədaqəti ilə seçilən gənclərin önə çəkilməsi, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması, həmçinin yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik gəclərin püxtələşməsi, eyni zamanda ölkəmizdə inkişaf etməkdə olan könüllülük hərəkatına töhfə verilməsi durur. Məhz bu tələblər prokurorluğun fəaliyyətində prioritet hədəflərdən biri olmaqla, gənc kadrların potensialından səmərəli istifadəyə xidmət edir.

Bu istiqamətdə prokurorluqda işə qəbulla bağlı müsabiqənin müstəsna əhəmiyyətə malik olduğunu söyləyən baş prokurorun müavini deyib:

"Bildiyimiz kimi, prokurorluqda müsabiqə yolu ilə imtahanlar ulu öndər Heydər Əliyevin 19 iyun 2001-ci ildə tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir. 2002-ci ildən, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında cəmi 23 müsabiqə keçirilib. Ümumilikdə müsabiqələrdə uğur qazanmış 1094 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib ki, onlar da hazırda prokurorluq işçilərinin 83.9 faizini təşkil edir.

Sevindirici haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş həmin əməkdaşların bir çoxu yuxarı təsnifat vəzifələrinə irəli çəkilib, o cümlədən 161 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir, onlardan bir neçəsi xüsusi ali rütbə alıb”.

H.Məmmədov qeyd edib ki, bu gün 50 vakant ştat vahidi üzrə növbəti 24-cü müsabiqənin birinci mərhələsi, yəni test mərhələsi keçirilir. Hər zaman olduğu kimi, Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 400-ə yaxın namizəd iştirak edir. İmtahanın nəticələri Baş Prokurorluğun rəsmi internet resurslarında yerləşdiriləcək.

Baş prokurorun müavini obyektiv meyarlara əsaslanan müsabiqə nəticəsində ən güclü, ən layiqli namizədlərin uğur qazanacağına əminliyini ifadə edib.

Agentlik 62 nəfərin diplomunu tanımaqdan imtina etdi
 
 
 

Sentyabr ayı üzrə xaricdə təhsil almış 310 nəfərin müraciətinə baxılıb, onlardan 248-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat verib.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasında təhsillə bağlı 98, Türkiyə Respublikasında - 90, Ukraynada - 63, Gürcüstanda - 15, Belarus Respublikasında - 14, digər ölkələr üzrə isə 30 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

ÜST Azərbaycanda koronavirusla mübarizə istiqamətdə görülən işləri yüksək qiymətləndirib

Tbilisidə keçirilən "COVID-19: Qazanılmış nəticələr” adlı beynəlxalq konfransda Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri, eləcə də ictimai səhiyyənin təşkili istiqamətində gördüyü işlər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sığorta fəaliyyətinin təşkilinə nəzarət şöbəsinin müdiri Qasım Əmrahlı söyləyib.
Onun sözlərinə görə, pandemiya dövründə ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Konfransda ölkəmizdə pandemiya dövründə ictimai səhiyyənin təşkili istiqamətində görülmüş işlər və əldə olunmuş uğurlar barədə məlumatlar verilib. Ölkəmizin səhiyyə strategiyası, pandemiya dövründə görülmüş işlərlə bağlı məruzələr dinlənilib.
TƏBİB nümayəndəsi deyib ki, COVID-19 infeksiyasına qarşı profilaktik tədbirləri çərçivəsində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə sıx əməkdaşlıq edib. ÜST-ün verdiyi tövsiyələr operativ qərargahın nümayəndələri tərəfindən nəzərə alınıb və müvafiq tədbirlər görülüb.
"Bütün bunlar, Azərbaycanda COVID-19-la mübarizə sahəsində görülmüş işlər, habelə ölkəmizin ÜST-ə və bəzi ölkələrə göstərdiyi maliyyə yardımı yüksək qiymətləndirilib”, - deyə Q.Əmrahlı vurğulayıb.
Kamran Əliyev: “Ermənilər Azərbaycan xalqına qarşı müxtəlif formalarda cinayətlər həyata keçiriblər”




"Ermənistan ərazi iddialarına son qoymurlar”.

Oxu.Az xəbər verir ki, bunu "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair” Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqi zamanı Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddiaları müxtəlif formalarda həyata keçirilib:

"34 ildir bu iddialar müşahidə olunur. Ermənilər Azərbaycan xalqına qarşı müxtəlif formalarda cinayətlər həyata keçiriblər. Müstəqillikdən sonra ekoloji, iqtisadi xarakterli cinayətlər törədilib”.

K.Əliyev sonda 34 il ərzində bütün cinayətlərin Azərbaycan ərazisində baş verdiyini xüsusi vurğulayıb.
ÜST-dən onlarla uşağın ölümünə səbəb olan dörd dərman barədə XƏBƏRDARLIQ - FOTO




Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölümcül təhlükəli dörd öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq edib. Təşkilatının oktyabrın 6-da verdiyi məlumata əsasən, bunlar "prometazin” oral məhlulu, uşaqlar üçün "Kofexmalin” və "Makoff” öskürək siropları, həmçinin soyuqdəyməyə qarşı "Magrip N” siropudur.

Qurum Hindistanın "Maiden Pharmaceuticals” şirkəti tərəfindən hazırlanan bu preparatların Qambiyada 66 uşağın ölümü ilə əlaqəli ola biləcəyini bildirib və sözügedən dərmanların başqa ölkələrdə də istifadə edilmiş ola biləcəyi barədə xəbərdarlıq edib.

ÜST rəhbəri Tedros Adhanom Qebreyesus da jurnalistlərə açıqlamasında bildirib ki, laboratoriya analizləri sözügedən preparatların tərkibində dietilen qlikol və etilen qlikolun "qəbuledilməz” miqdarı aşkarlayıb, hansı ki sözügedən maddələr zəhərlənmələrə və kəskin böyrək çatışmazlığına gətirib.

Baş verənlərlə əlaqədar ÜST Hindistandakı tənzimləyicilərlə və şirkətin özü ilə əlavə araşdırmalara başlayıb.


ÜST-dən onlarla uşağın ölümünə səbəb olan dörd dərman barədə XƏBƏRDARLIQ - FOTO

 Ətin pulunu hotellərə xərcləyən qəssab həbs edildi

 

 

Qəbələnin Nic kəndində yerləşən ət dükanında qəssab işləyən şəxsə üç il həbs cəzası verilib. 

"Qaynarinfo”nun məlumatına görə, 1984-cü ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olmuş Yunus Yusibov Nic kəndində yerləşən ət dükanında qəssablıqla məşğul olub.

Oğuz rayonunun Xaçmaz kəndində yaşayan tanışının etibarından sui-istifadə etməklə ona məxsus bir baş dişi, çəkisi 220 kiloqram olan cins düyəni 1900 manata alıb və pulu əti satdıqdan sonra qaytaracağına söz verib.

Bundan başqa, o, eyni əməli Oğuz rayonunun Yaqublu kəndində yaşayan tanışına qarşı da edib və dəyəri 2800 manat olan iki iribuynuzlu heyvanını alıb.

Yunus Yusibov Oğuz rayonunun Kərimli kəndində yaşayan fermerdən də 4260 manat məbləğində iri buynuzlu heyvanlar alaraq, pulunu verməyib.

O, həmçinin Oğuz rayonunun Xal-Xal kəndində yaşayan fermerlə uzun illər alış-veriş edərək etibarını qazanıb və ona da 6500 manat məbləğində ziyan vurub.

Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilən Yunus Yusibov ifadəsində göstərib ki, pulları əyləncə, restoran və hotel istirahəti üçün xərcləyib.

Qəbələ Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkəcək.

Axtarış
Xəbər lenti
Reklam