Bakıda minik və yük avtomobilləri toqquşdu: Ölən və yaralananlar var
Bakı-Qazax şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində - Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi VAZ-21014 markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "KamAZ” markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin - 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.
Salyanda gənc oğlan bacısına görə özünü yandırdı
Salyanda gənc oğlan bacısına görə özünü yandırıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, rayon sakini 2001-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş P.Məhərrəmov dekabrın 29-u saat 11 radələrində Salyan RPŞ-nin qarşısına gələrək 2003-cü il təvəllüdlü bacısının narkotik maddə istifadəçiləri ilə birlikdə evdən çıxıb getməsi səbəbindən üzərinə yanacaq tökərək özünü yandırıb.

P.Məhərrəmov dərhal polis şöbəsinin əməkdaşları tərəfindən mərkəzi xəstəxanaya çatdırılıb.

Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Rüşvətə görə tutulan xəstəxana direktoruna hökm oxundu
Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo” xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, xəstəxana direktoru ötən il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.

Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açıldı

Azərbaycanda keçmiş bələdiyyə sədrinə cinayət işi açılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Hüseynov Əhəd Həsən oğlu xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətməkdə təqsirli bilinir.


Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.


Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


İş hakim Məhəmməd Əkbərovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Zərərçəkmiş qismində Səbail rayon bələdiyyəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tanınır.


Qeyd edək ki, Əhəd Hüseynovun adı illər əvvəl də cinayət əməlində hallanıb. Belə ki, onun barəsində Səbail rayonu ərazisində qanunsuz torpaq satışı ilə məşğul olması ilə bağlı məlumatlar yayılmışdı.


1947-ci il təvəllüdlü Əhəd Hüseynov əslən naxçıvanlıdır, əvvəllər polis sistemində işləyib, istefada olan polis polkovnik-leytenantıdır. O, uzun müddət Səbail rayon bələdiyyəsinin sədri vəzifəsində işləyib.

Ağcabədidə 6 otaqlı ev yandı



Ağcabədi rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Aran kəndində ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 6 otaqlı evin 5 otağının yanar konstruksiyaları və dam örtüyü 86 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
Rüşvət alarkən yaxalanan yaşlı şöbə müdirinin istintaqı yekunlaşdı



Rüşvət almaqda təqsirləndirilən Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlunun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cəlil Nəbiyevin icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciətləri əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Şəhər Rayonlararası Psixiatriya Xəstəxanasının şöbə müdiri Nuriyev Nəsrəddin Şahrza oğlu xidməti vəzifəsinin icrası ilə bağlı vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.

N.Nuriyevin vətəndaşa xəstəliklə əlaqədar epikrizin təqdim edilməsi, eləcə də məzmununa bilə-bilə saxta məlumatlar daxil etdiyi tibbi sənədlərin həmin şəxsə əlillik dərəcəsinin təyin edilməsi məqsədilə müvafiq elektron sistemə göndərilməsi müqabilində onun qohumundan rüşvət almasına dair əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə, yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçilib.
Prokuror Bakıda arvadını öldürən şəxsə CƏZA İSTƏDİ


Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası həm Cənubi Qafqaz regionunda, həm də beynəlxalq arenada öz mövqelərini möhkəmləndirərək mühüm uğurlara nail olmuşdur. Əminəm ki, bu, gələcəkdə də davam edəcək.

Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyini, eləcə də Rusiya ilə müharibə şəraitində Ukrayna xalqına göstərdiyi yardımı yüksək qiymətləndirirəm. Biz bu cür dəstəyin artacağına ümid edirik.

Əminəm ki, ikitərəfli münasibətlərin mövcud potensialını birgə səylərlə maksimum surətdə reallaşdıra və Ukrayna-Azərbaycan əməkdaşlığını Qara dəniz-Xəzər regionunda təhlükəsizlik və sabitlik naminə daha da möhkəmləndirə bilərik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, güclü və firavan dövlətinizin gələcək inkişafı yolunda uğurlar və yeni nailiyyətlər arzu edirəm”.
Yumurtanın bahalaşmasının səbəbi nədir? - VİDEO



Yeni il qabağı bir sıra kənd təsərrüfatı məhsulları bahalaşıb. Artım kənd yumurtasının qiymətində daha çox müşahidə olunur.

Baku TV-nin əməkdaşı Quba bazarında kənd yumurtasının hazırkı qiyməti ilə maraqlanıb.

Bazarda həm alıcılar, həm də satıcılar qiymətlərin günü-gündən qalxdığını bildiriblər.

"Əvvəl yumurtanı 15 qəpiyə satırdıq. İndi yumurta çörək qiymətinə olub, ceyran belinə çıxıb, tutmaq olmur”, - deyə satıcılardan biri qeyd edib.

Alıcılar yumurtanın qiymətinin qalxmasını yem tədarükünün bahalaşması ilə əlaqələndirirlər.

Qeyd edək ki, Quba ilə yanaşı, Qusar, Şabran və Xaçmaz rayonlarının mərkəzi bazarlarında da vəziyyət oxşardır.

Daha ətraflı Baku TV-nin süjetində:

Azərbaycanda polis faciəvi şəkildə öldü
Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Hyundai” markalı avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyev ölüb.

Qeyd edək ki, A.Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır.

Faktla bağlı araşdırma aparılır.
Qadın müharibə iştirakçısı olan keçmiş ərini niyə bıçaqlayıb?
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Aliyə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə bu il avqustun 15-də saat 07:20 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Aliyə Həsənova evin eyvanında keçmiş əri Rüstəm Sahilovla (şərti) mübahisə edib. Mübahisəyə səbəb isə Rüstəmin Aliyəyə həmin günü işə getməməsini deməsi olub. Bu zaman qadın stolun üstündən götürdüyü mətbəx bıçağı ilə keçmiş ərinə atası və anasının gözləri qarşısında xəsarət yetirib.

Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.

Məhkəmə istintaqı zamanı Aliyə Həsənova ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, Rüstəm müharibədə iştirak etdikdən sonra onun psixologiyasında problemlər yaranıb. Qadının sözlərinə görə, keçmiş əri müharibədən qayıtdıqdan sonra aralarında daimi olaraq münaqişələr olub. Evləri həm yaxın məsafədə yerləşdiyi, həm də işi ilə əlaqədar olaraq uşaqlara çox da nəzarət edə bilmədiyi üçün onlara çalışdığı müddət ərzində Rüstəmin anası baxıb. Aliyə ticarət mərkəzində satıcı olaraq çalışdığı üçün hər gün işə getməli olduğunu, hər səhər keçmiş qayınatasının onu yolüstü iş yerinə qoyduğunu deyib.

Hadisə günü də Rüstəmin ailəsi onu evlərinin evyanında birlikdə səhər yeməyinə çağırıb. Onlarla birlikdə yemək yeyərkən Rüstəm evə gəlib. Rüstəm qadına işə getməməyini söyləyib. Mübahisə olan zaman Rüstəm onun üzərinə gələrək onu vurmaq istəyib. Bu zaman qadının əlində bıçaq olub. Onlar mübahisə edərkən müvazinətlərini itirərək yıxılıblar.

Qadın ifadəsində bu zaman keçmiş ərinin qarın boşluğuna bıçaq dəydiyini və yaralandığını bildirib. Lakin onu vurmaq niyyətinin olmadığını, Rüstəmi yaralandığını sonradan öyrəndiyini əlavə edib.

Qeyd edək ki, Aliyə və Rüstəm 2020-ci ildə boşanıb, onların 2 azyaşlı uşaqları var.
Axtarış
Xəbər lenti
Reklam