Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 3 667,1 min dollar dəyərində 2 085,2 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) bildirilib.

Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 1 561,6 min dollar və ya 29,8%, həcmi isə 1 155,9 ton və ya 35,6% azdır. Belə ki, 2019-cu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycana 5 228,7 min dollar dəyərində 3 241,1 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

 
 


 

Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir və bu, onlar üçün də çox önəmlidir. Çünki onlar bilirlər ki, ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir.

APA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib.

Neftçilərin əməyini yüksək qiymətləndirən dövlətimizin başçısı Dövlət Neft Şirkətində işlədiyi illəri xatırladaraq deyib ki, o zaman əldə etdiyi təcrübə onun üçün çox qiymətlidir.

Görkəmli neftçilərimizlə, o cümlədən əfsanəvi neftçi Qurban Abbasovla bir yerdə işlədiyini söyləyən Prezident İlham Əliyev onu çox prinsipial mövqeyi olan, çox bilikli, peşəkar və cəsarətli mütəxəssis kimi xarakterizə edib.

Vurğulayıb ki, bu nəhəng kran gəmisi onun adını daşıyır.

Akademik Xoşbəxt Yusifzadənin də xidmətlərini qeyd edən dövlət başçısı deyib ki, Dövlət Neft Şirkətində işləyərkən onunla hər gün görüşürdük və bu gün də görüşürük.

 
 


 

Azərbaycanda inzibati və kommersiya məhkəmələrinin aparatları üçün verilən xidməti minik avtomobillərinin say həddi müəyyənləşib. 

Bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli və "Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 11 fevral tarixli 40 nömrəli qərarlarında edilən dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi artırılıb. 

Belə ki, 5 inzibati məhkəmə və 5 kommersiya məhkəmələrinə ümumilikdə 16 xidməti minik avtomobillərinin ayrılması müəyyən edilib.

Bununla da ölkə üzrə fəaliyyət göstərən beş inzibati məhkəməyə 8, beş kommersiya məhkəməsinə isə 8 avtomobilin verilməsi nəzərdə tutulur.
Özünüməşğulluq proqramına qoşulan aztəminatlı ailələr üçün kiçik təsərrüfatlar qurulur - FOTO 
 
Özünüməşğulluq proqramına cəlb edilmiş aztəminatlı ailələrə aktivlərin verilməsi prosesi sürətlə davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu gün Bakının bir neçə rayonunda proqram iştirakçıları üçün heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlar qurulub. Vətəndaşlara onlara təqdim ediləcək aktivləri seçmək imkanı da yaradılıb. 

2020-ci ildə özünüməşğulluq proqramına cəlb edilən və xırdabuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlə təmin edilən Vidadi Daşdəmirov yaradılan şəraitə və dəstəyə görə minnətdarlığını bildirib.

Ağamirzə Əliyev də  bu gün aktivlə təmin edilən şəxslərdəndir. O, təsərrüfatını daha da inkişaf etdirəcəyini bildirib.

Biznes-planlarının qiymətləndirilməsindən uyğurla keçən digər iştirakçılar - Böyükağa Əsədov və Əlövsət İbrahimova isə iribuynuzlu heyvandarlıq sahəsi üzrə aktivlər verilib. Təsərrüfatları üçün heyvanları özləri seçən proqram iştirakçıları bu sahəni inkişaf etdirmək üçün səylə çalışacaqlarını vurğulayıblar. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il məhz kənd təsərrüfatı üzrə 1100-dən çox proqram iştirakçısı üçün kiçik təsərrüfatlar yaradılıb. Yaxın zamanda istehsal və xidmət sahəsi üzrə də aktivlərin paylanması həyata keçiriləcək. 





 
 


 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, pensiya təminatının inkişafına, sığorta-pensiya sisteminin təkmilləşdirilməsinə istiqamətlənən islahatlar davam etdirilir. Dünya təcrübəsində pensiya islahatları başlıca olaraq sərt sığorta prinsiplərinin güclənməsinə yönəlsə də, Azərbaycanda bu islahatlar ilk növbədə pensiyaçıların maraqlarına, pensiyaların davamlı artımına, sosial təminat sistemində humanist yanaşmaların güclənməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, ötən il və bu ilin əvvəlində pensiyalarda əhəmiyyətli artımlar edilib, 2019-cu ilin əvvəlindən fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınanlara 25 il sosial sığorta stajı hədiyyə edildi. Yalnız son bir ilin pensiya artımları pensiyaçılarımıza illik əlavə olaraq 1 milyard manatdan artıq vəsait ödənilməsini nəzərdə tutur. Təkcə bu ilin 8 ayında pensiya təminatı üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 576,5 milyon manat (24%) çox olmaqla 3 milyard manata yaxın vəsait yönəldilib. Eləcə də son bir ildə pensiyalarda 30%-dək artım qeydə alınmaqla orta aylıq pensiya 300 manata, yaşa görə pensiyanın orta aylıq məbləği 25,2% çoxalaraq 330 manata yaxın olub. 

Habelə 2020-ci ilin əvvəlindən pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət almaq hüququ verilib və artıq 20 mindən çox şəxs bu hüquqdan yararlanıb. Eyni zamanda, ailə başçısını itirmiş ailələr üçün 2020-ci ilin əvvəlindən iki təminat növündən – ailə başçısını itirməyə görə pensiya və ya ailə başçısını itirməyə görə müavinətdən daha yüksək məbləğdə olanını seçmək, sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq imkanları məhdudluğa görə müavinətlə birgə ailə başçısını itirməyə görə müavinəti və pensiyanı da almaq hüququ verilib.

Hazırda pensiya qanunverciliyində nəzərdə tutulan köklü dəyişikliklər də vətəndaşların sosial təminat sahəsində hüquqlarının, pensiyaçıların sosial müdafiəsinin daha dolğun təminatına, onların daha üstün məbləğdə  ödənişlər almalarına şərait yaradılmasına xidmət edir. Məsələn, hazırda aparılan islahatlar:

- pensiyaçının öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə, o cümlədən, yaşa görə pensiyadan əlilliyə görə pensiyaya keçə bilməsinə imkan verilməsi, 

- ailə başçısını itirmiş şəxsə hüququ yaranan, məbləği daha çox olan əmək pensiyası və ya sosial müavinəti seçmək hüququnun verilməsi, 

- ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvünün özünün  pensiya və ya müavinət hüququ yarandıqda, həmin vaxta  qədər aldığı, yəni ailə başçısını itirməyə görə onun payına düşən pensiya məbləğinin digər ailə üzvləri arasında bölüşdürülməsi, 

- Əmək şəraiti zərərli və ağır işlərdə çalışanların güzəştli pensiya təminatına əlçatanlığının artırılması,

- Pensiyanın yenidən hesablanmasında pensiyaçıların mənafeyinə uyğun mexanizmin tətbiqi,

- Pensiya təyinatları sahəsində proaktiv xidmətlərin genişləndirilməsi və  pensiyanın yenidən hesablanmasının avtomatlaşdırılması və s. kimi istiqamətləri əhatə edir.

Qeyd edək ki, hazırkı islahatlarla bağlı pensiya qanunvericiliyində nəzərdə tutulan dəyişikliklərin layihəsində xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) pensiyaları ilə bağlı hər hansı təklif mövcud deyil. 

Xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslərin pensiya təminatı ilə bağlı hər hansı təşəbbüs və təkliflər olduqda, həmin şəxslərin mənafeyinə, davamlı pensiya artımına xidmət edəcək. Bu məsələlərlə bağlı təkliflər olarsa açıqlanaraq ictimai müzakirə şəraitində baxılacaq. Hazırda aparılan islahatların məqsədi – pensiya artımına, hər bir şəxsin layiqli pensiya təminatına yönəlib ki, bu da dövlətin sosial siyasətində əsas prioritetlərdən birini təşkil edir.

 
 


 

Bu ilin avqust ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti təqribən 101%-ə bərabər olub.

Bu barədə "Bloomberg" və "Reuters"ə "OPEC+"dan olan mənbələr bildirib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına əsasən isə, sözügedən ölkələr avqustda öhdəliklərinin 97%-ni yerinə yetirib.

Qeyd edək ki, sentyabrın 17-də "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Nazirlərinin Monitorinq Komitəsinin iclası (JMMC) keçiriləcək.

Xatırladaq ki, avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 669,1 min barel olub. Bu, Azərbaycanın "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirilməsi deməkdir.

 
 


 

2021-ci il üzrə dövlət büdcəsinin layihəsinin göstəriciləri Hesablama Palatasına təqdim edilib. 

Hesablama Palatasından verilən məlumata görə,"Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2021-ci il üzrə dövlət büdcəsi layihəsinin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasına təqdim olunub.

 
 


 

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılması qeyd olunub.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

 
 


 

Prezident İlham Əliyev ölkədə aztəminatlı əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması və məşğulluğun artırılması ilə bağlı verdiyi tapşırıqların icrası Azərbaycan Mərkəzi Bankının (AMB) daim diqqət mərkəzində saxlanılır və ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, bank xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə aşağı gəlirli əhali qrupunun bank xidmətlərinə səmərəli və effektiv çıxışının təmin edilməsi istiqamətinə müvafiq tədbilər həyata keçirilməkdədir.

Bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində AMB "Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi ilə birgə aşağı gəlirli əhali qrupu üçün pulsuz "Baza bank xidmətləri” təkliflər paketini hazırlayaraq bank sektoruna təqdim edib.

Ölkə prezidentinin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində hazırlanmış "Baza bank xidmətləri” paketi özündə aşağı gəlirli əhali qrupu üçün pulsuz bank hesabının açılması, pulsuz debet ödəniş kartının təqdim edilməsi, emitent bank tərəfindən ölkədaxili öz ekvayer şəbəkəsindən nağdlaşdırma əməliyyatlarına xidmət haqqının tətbiq edilməməsi, elektron bankçılıq xidmətlərindən istifadə etməklə aparılan ödənişlər üzrə xidmət haqlarının tutulmaması və sair kimi güzəştləri ehtiva edir.

Layihənin ilkin mərhələsində dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınmış 600 min vətəndaşa ölkədə fəaliyyət göstərən banklar tərəfindən pulsuz baza bank xidmətlərinin təqdim olunması nəzərdə tutulub.

Bankların aşağı gəlirli əhali qrupu üçün pulsuz "Baza bank xidmətləri”nin təqdim etməsi ölkədə bank xidmətlərindən məhdud istifadə edən aşağı gəlirli əhali qrupunun daha səmərəli və effektiv kanallarla rəqəmsal maliyyə xidmətlərinə çıxışını genişləndirəcək, maliyyə inklüzivliyinin yüksəldilməsini və maliyyə bank xidmətlərinin əlçatanlığını gücləndirəcək.
“Əmək hüquqları sistemində çoxsaylı yeniliklər gözlənilir”
 
Son illərdə yaradılmış rəqəmsal texnologiyalar pandemiya dövründə sosial dəstək tədbirlərinin təmassız, tam şəffaf və çevik təşkilində adi vaxtlarda olduğundan daha böyük üstünlüklər, imkanlar yaratdı. Belə innovasiyaların geniş tətbiqi qarşıdakı dövrdə də sosial islahatların əsas xəttini təşkil edəcək. Əmək hüquqları sistemində işçilərin və işəgötürənlərin mənafelərinin daha dolğun təminatı məqsədilə, yerli və mütərəqqi beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər olacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Caspian Energy Club”un "Online B2G Forumu”nda bildirib.

"Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev əmək və məşğulluq, sosial müdafiə sahəsində islahatların "Caspian Energy Club” üzvləri üçün böyük maraq kəsb etdiyini, hazırkı görüşün bu sahədə məlumat mübadiləsi, şirkətlərin müvafiq suallarının cavablandırılması, təkliflərin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

S.Babayev  Prezident İlham Əliyevin tapşırıqlarına əsasən pandemiya dövründə həyata keçirilən, 4 istiqamətdə 12 tədbiri əhatə edən sosial dəstək paketini diqqətə çatdırıb. Məşğulluğun və işçilərin əməkhaqqı gəlirlərinin qorunması, fərdi sahibkarların maddi dəstəklənməsi, ərzaq dəstəyi tədbirləri, birdəfəlik ödəmə proqramı, sosial müdafiə, özünüməşğulluq, ödənişli ictimai işlər proqramlarının genişləndirilməsi işləri barədə məlumat verib. Görülən tədbirlərin müsbət nəticəsi kimi, əmək müqavilələrinin sayında və əmək haqqı fondunda, sosial ödənişlərdə artımları qeyd edib.

Nazir DOST layihəsinin uğurlarını, innovativ üstünlüklərini diqqətə çatdırıb. Ötən ildən 3 DOST mərkəzinin yaradıldığını, paytaxtın 8 rayonunun bu mərkəzlərin xidmətlərindən faydalandığını bildirib. Hazırda 7 şəhər və rayonda DOST mərkəzlərinin açılması üçün işlər aparıldığını deyib.

O, "E-sosial” portalının üstünlükləri və funksional imkanlarından bəhs edib. Bildirib ki, Nazirliyin bu gün 53 e-xidməti, o cümlədən 26 proaktiv xidməti var, daha 57 e-xidməti də istifadəyə veriləcək. Onlardan 7 e-xidmət ilin sonuna qədər işə salınacaq. Ümumən gələn il nazirlik üzrə e-xidmətlərin sayı 100-ə, proaktiv xidmətlərin sayı isə 51-ə çatacaq. Yəni qurumun 132 xidmətindən 76 faizi elektronlaşacaq.

S.Babayev məşğulluq xidmətlərinin rəqəmsal müstəvidə müasirləşdirilməsi işlərini qeyd edib. Vahid əmək münasibətləri platforması rolunu oynayacaq  "Əmək münasibətləri və məşğulluq” altsisteminin, Məşğulluq xəritəsinin, Məşğul şəxslərin reyestrinin hazırlanmaqda olduğunu deyib.

Nazir bildirib ki, əmək müfəttişliyi sistemində ISO-37001 antikorrupsiya standartlarının tətbiqi də gələn il artıq başa çatacaq. Əmək Məcəlləsinə xeyli dəyişikliklər də nəzərdə tutulub. Məcəlləyə "ailə vəzifələri olan işçi”, "distant (məsafədən) iş”, "teleiş” və s. kimi yeni anlayışlar daxil ediləcək.  Bu il xüsusi karantin dövründə də əmək funksiyalarının daha çox "distant (məsafədən) iş”, "teleiş” kimi formalarda yerinə yetirilməsi təcrübəsi də həmin anlayışların  əmək qanunvericiliyinə daxil edilməsinin önəmini göstərir.

S.Babayev bildirib ki, əmək münasibətlərində dolayı yolla ayrı-seçkiliyə yol verilməməsi, əmək müqaviləsinin imzalanması və tətbiqində, habelə müddətli əmək müqaviləsinin bağlanılmasında bəzən yol verilən sui-istifadə hallarının qarşısının alınması, işçinin əmək şəraiti şərtlərinin dəyişdirilməsinin qərəzli, qeyri-obyektiv xarakter daşımaması və s. üçün Məcəllədə dəyişiklikər ediləcək. Müharibə veteranı olan işçilərə verilən əmək məzuniyyətinin müddətinin uzadılması və s. də layihədə yer alıb.

"Online B2G Forum”da şirkət rəhbərləri və nümayəndələrinin sualları cavablandırılıb, səslənən təkliflərə dair fikir mübadiləsi aparılıb. Biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoqun aktivləşdirilməsi məqsədilə "Caspian Energy Club” ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında daimi işçi qrupunun yaradılması təşəbbüsü də müzakirə edilib.

2002-ci ildə yaradılan və mənzil-qərargahı Bakıda yerləşən "Caspian Energy Club” 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.
Axtarış
Xəbər lenti
Reklam