"Sosial dəstək bundan sonra da davam etdiriləcək. Bir daha demək istəyirəm ki, bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Bununla eyni əhəmiyyət daşıyan insanların sosial vəziyyətidir və biz bunu təmin edirik. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Halbuki heç kim deyə bilməz ki, postpandemiya dövrü nə vaxt başlayacaq. Ümumiyyətlə, hesab edirəm ki, indi proqnoz verməyə heç kim cəsarət etməz. Ancaq hər halda, biz buna da hazır olmalıyıq".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bugünkü müşavirədə deyib:

Dövlət başçısı bildirib ki, yeni fəaliyyətə başlayan biznes sahələri dövlətin dəstəyini nəzərə alaraq gərək artıq öz gələcək planlarını elə qursunlar ki, ölkənin ümumi iqtisadiyyatında canlanma daha da tez baş versin:

"Mən yenə də qeyd etmək istəyirəm ki, bizim bu sahədə itkilərimiz var. Ancaq bu itkilər daha genişmiqyaslı ola bilərdi. Bizim iqtisadiyyatımız altı ayda cəmi 2,7 faiz aşağı düşüb. Burada, eyni zamanda, neftin qiymətinin aşağı düşməsi də rol oynayıb. Eyni zamanda, OPEC+ çərçivəsində götürdüyümüz öhdəliklər də öz rolunu oynadı. Çünki biz hasilatı ixtisar etdik. İndi bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Hesab edirəm ki, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır. Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.

Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır".

 
 


 

"Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.

Bunu Prezident İlham Əliyev bu gün Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti bildirib ki, sahibkarlara lazımi maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub.

"Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 
 


 

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır.

Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bü gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq "İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı üç il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə bu qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində pul ödənilir.

Qanuna əsasən minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

Sənəd işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

Layihədə 9 qanuna 20-yə yaxın dəyişiklik təklif edilir.

Layihə komitədə səsə qoyularaq, Milli Məclisin sabah keçiriləcək plenar iclasına tövsiyə edilib.

 
 


 

"Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir: "Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək”.

O, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindəki azalmalara da münasibət bildirib: "Bu azalmalara yenidən baxmaq lazımdır. Təbii proseslərlə bağlı gözlənilən azalmaların imkan daxilində nə ilə isə kompensasiya edilməsi doğru olardı”.

 
 


 

Artıq 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən də faydalana bilər.

Bunun üçün onlar elektron platforma və Ərazi Məşğulluq Mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.

İndiyədək 300-dək vətəndaş KOB dostlarının bu istiqamətdə dəstəyindən faydalanıb. Onlara proqrama qoşulmaq üçün müvafiq qaydalar, lazım olan sənədlər barədə informasiya, Ərazi Məşğulluq Mərkəzləri ilə əlaqələndirmə, elektron sistemdə qeydiyyatdan keçmək üçün texniki dəstək göstərilib.

Həmçinin, KOBİA proqrama qoşulmuş vətəndaşlar üçün təlimlərin təşkili, proqrama uyğun gələn vətəndaşların təsərrüfatına baxış, onlara aktivlərin (mal, material və digər əmlak) verilməsi proseslərində də aktiv iştirak edir. Özünüməşğulluq proqramını uğurla başa vurmuş vətəndaşlar növbəti mərhələdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün də KOBİA-nın dəstək və xidmətlərindən istifadə edirlər.

Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaratdığından vətəndaşların bu proqrama müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə 2019-cu ildən KOBİA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq həyata keçirilir.

 
 


 

Ötən gün Polşanın Antiinhisar İdarəsi Rusiyanın "Qazprom” şirkətini cərimələdi. Məlumata görə, şirkət Antiinhisar İdarəsinin "Şimal axını-2″nin tikintisi ilə bağlı tələblərini yerinə yetirmədiyindən 57 milyon avro məbləğində cəriməyə layiq görülüb. Bu isə Antiinhisar İdarəsinin tətbiq edə biləcəyi ən yüksək cərimə miqdarıdır.

Polşanın dövlət qurumunun "Qazprom”-dan istədiyi isə "Şimal axını-2” layihəsinin səhmləri ilə bağlı sənəddir. Belə ki, Avropa Birliyinin qanunvericiliyinə görə, istehsalçı şirkətin təchizatçılıq fəaliyyəti ilə məşğul olması qadağandır. Daha loru dillə ifadə ilə desək, "Qazprom” bu qanunvericiliyə görə, məhsulu həm özü istehsal edib, həm də abonentlərə sata bilməz. Bunun inhisarçılığa yol açacağını düşünən Avropa Birliyi istehsalçı ilə təhcizatçı ayırmağı məsləhət bilib və bunu qanuniləşdirib.

"Şimal axını-2” layihəsinin səhmlərinin isə böyük hissəsi isə "Qazprom”-a aiddir. Dolayısıyla "Qazprom” ondan tələb olunan sənədləri təqdim etsəydi belə, eyni cəzaya layiq görüləcəkdi və layihənin tikintisinin dayandırılması barədə hökmlə üzləşəcəkdi. Görünür, məhz buna görə də Rusiya şirkəti Polşanın tələblərini yerinə yetirmək istəmir.

Polşa Antiinhisar İdarəsinin cərimə qərarı Rusiyada birmənalı qarşılanmadı. Bu da başadüşüləndir. Son vaxtlar Varşavanın atdığı bir çox addımların Rusiyanın milli maraqlarının əleyhinə yönəldiyi ortadadır. Xüsusilə Polşanın Almaniyadan çıxarılan ABŞ əsgərlərinə qucaq açması, ölkə prezidentinin bu məqsədlə Vaşinqtona qədər minnətə getməsi Kremli xeyli qəzəbləndirib. Bir vaxtlar Şərqi Avropa ölkələri ilə SSRİ-nin yaratdığı hərbi ittifaqının mərkəzi qərargahı sayılan və subyektlər arasında bağlanan müqaviləyə (Varşava Paktı) öz adını verən bir paytaxtın bu addımı həqiqətən də asan həzm ediləcək zərbə deyildi. Kremlin qəzəbi elə yüksək həddə yüksəlmişdi ki, Varşava ABŞ-ın hərbi-strateji təyyarəsi sayılan F-35-ləri Polşada yerləşdirmək arzusundan vaz keçmişdi. Əks təqdirdə ehtimal edilən müharibə zamanı ilk hədəfin həmin təyyarələr və onların yerləşdiyi coğrafiya olacağını anlamışdı.

İki ölkə arasında gərginliyin bu həddə çatması azmış kimi, Varşava həm də "Qazprom”-a cərimə kəsir, onun Avropaya qaz ixracatını dayandırmağa məcbur edir. Üstəlik, bu onun ilk addımı da deyildi. Ötən may ayının 17-də Varşava öz ərazisindən keçən Yamal-Avropa qaz kəməri ilə bağlı müqaviləni də ləğv edib. Halbuki müqavilə 2022-ci ilə qədər dövr üçün nəzərdə tutulmuşdu. Rəsmi Varşavanın bu qərarından sonra Rusiya indi müqavilə bağlayacaq yeni tərəfdaş axtarışına çıxmalıdır. ABŞ-ın "kim rus qazına tamah salsa sanksiya ilə üzləşəcək” mənasına gələn tövrlərinin sərgiləndiyi indiki şəraitdə belə bir tərəfdaşı tapmaq, sözsüz ki, müşkül məsələdir. Rusiyanın təkbaşına bu işi yürütməsi isə, yuxarıda da qeyd etdiyimiz kimi, Avropanın Antiinhisar qanunvericiliyinə əsasən qadağan olunub. Beləcə, Moskva ən azı 2 ay əvvəl keçmiş müttəfiqinin ilk dost şapalağını dadıb.

Polşadan keçən Yamal-Avropa qaz kəməri düşündüyümüz kimi az həcmli də deyil. Rəsmi məlumatlara görə, bu xəttlə ildə 32,9 milyard kub metr mavi yanacaq nəql olunurdu. Polşa özünün illik 15 milyard kub metrlik qaz tələbatının hardasa 3/2-ni (10 milyard kub metr) bu mənbədən alırdı. Kəmərlə nəql olunan 22,9 milyard kub metr həcmində qaz isə Almaniyaya ixrac olunurdu. Azərbaycanın TANAP-TAP kəməri ilə ildə 16 milyard kub metr qaz nəql edildiyini nəzərə alsaq, Yamal-Avropa xəttinin ondan 2 dəfə böyük potensiala sahib olduğu ortaya çıxır.

Yamal-Avropa qaz xəttinin çəkilməsinə Rusiya az xərc çəkməyib. Uzunluğu 2 min kilometrdən çox olan bu layihə üçün Moskva 10 milyardlarla dollarından keçib. İndisə qoyduğu xərci çıxarıb-çıxarmadığı bəlli olmayan həmin xəttin aqibəti müttəfiqinin üz döndərməsi səsəbindən qeyri-müəyyənliyə sürüklənib.

Kreml üçün Polşanın həmin layihədən uzaqlaşması tezliklə həllini tapa biləcək problem deyil. Çünki 2 min kilometrlik kəmərin 683 km-i Polşa ərazisindən keçir və xəttin həmin hissəsində 5 kompressor stansiyası qurulub. Polşanın Europol Qaz Tərəfdaşlığı tərəfindən idarə olunan xətdən aldığı qazı ABŞ-ın LNG-si (sıxılmış qaz) ilə əvəz etməyə həvəslənməsi də Rusiyanı qıcıqlandıracaq əsas amillərdəndir. Çünki ABŞ Polşada böyük qaz santralı tikib və özünün Şərqi Avropaya və Balkan ölkələrinə satdığı sıxılmış qazını həmin santraldan nəql etməyə çalışır. Bu da öz növbəsində Polşanın Şərqi Avropa üzərində üstünlüyünü təmin edir, Rusiyanın isə qoca qitədəki qaz inhisarçılığını zəiflədir.

ABŞ-ın himayədarlığı ilə Polşanın Avropada yeni güc mərkəzinə çevrilməsi Almaniya və Fransanı da ciddi narahat edir. Nədən ki, bu ölkələr Avropa Birliyindəki "söz ağası” statuslarını itirmək istəmirlər. Polşanın "qoca qitə”də yeni güc mərkəzi kimi ortaya çıxması isə xüsusilə Şərqi Avropa ölkələrinin ona meyllənməsinə yol açır. Bu da Almaniya və Fransa liderliyində Avropa Birliyinin genişlənmə siyasəti üçün potensial təhlükə deməkdir. Görünür, bir-birindən fərqli əsaslara söykənsə belə, eyni nöqtədə birləşən maraqlar Rusiya, Almaniya və Fransanı yaxınlaşdırır. Hər 2 Avropa ölkəsinin "Şimal axını-2” layihəsində Rusiyanın tərəfdaşı kimi çıxış etməsinin başlıca səbəblərindən biri də budur. Məsələyə bu aspektdən nəzər salanda Polşanın öz quru və dəniz sərhədlərindən keçən 2 rus kəmərinə qarşı çıxmasının bir başqa səbəbi də aydınlaşır.

Rəsmi Varşava da eyni anda bir neçə istiqamətdə Rusiyanın maraqlarının ziddinə getməsinin yaratdığı qəzəbin fərqindədir. Görünür, elə buna görə də ölkənin Baş naziri Polşa Antiinhisar İdarəsinin çıxardığı qərarı əsaslandırmaq zərurəti hiss edib. "Biznes Alert” nəşrinin məlumatına görə, dünən axşam Polşanın Baş nazir Mateuş Moravetski "Qazprom”-un cəzalandırılması məsələsinə aydınlıq gətirib və Rusiya ilə aradakı gərginliyi azaltmağa çalışıb. Moravetski bildirib ki, Polşada güclü anti-Rusiya əhval-ruhiyyəsi yoxdur. "Ancaq bizim sevmədiyimiz bəzi məqamlar var” deyən Baş nazir, həmin "sevilməyən şey”lərin "Şimal Axını-2 "kimi layihələr olduğunu vurğulayıb.

Moravetski layihənin region üçün təhlükəli olduğunu da iddia edib. Maraqlıdır ki, Baş nazir layihənin hansı səbəbdən təhlükəli olduğu məsələsinə aydınlıq gətirməyib. Bununla belə, layihənin hansı səbəbdən təhlükəli olduğu əslində gizli də deyil. Varşava üçün bu layihə ABŞ-ın LNG-sı sayəsində Avropanın qaz təminatçısı olmaq yolunda bir əngəl, qitə üçün isə rus qazından asılılığın simvoludur.

 

Strateq.az


 
 

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

 Xidmətin açıqlamasına görə, bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin 10%-i qaytarılır.

Vəsaitin qaytarılması ilə bağlı proseslər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yaradılmış www.edvgerial.az portalı üzərindən aparılır. İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur.

Bununla belə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apardığı araşdırmalar zamanı elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda bəzi vergi ödəyiciləri tərəfindən sui-istifadə faktlarının mövcud olması müəyyən edilib. Belə ki, iyun ayı ərzində ƏDV-nin geri qaytarılması üçün portala 4,9 milyon çek daxil edilib. Bu çeklərdən 3,3 mini üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, dəyəri 2 min manatdan aşağı olan 1 914 çek üzrə imtina hallarına səbəb satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 30 gün keçdikdən sonra sistemə daxil edilməsi olub. Həmçinin dəyəri 2 min manatdan yuxarı olan 1 382 çek üzrə müraciət təsdiqini tapmayıb. Buna səbəb isə  1 171 çek üzrə məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi müəyyən olunub.

Belə malın adının "Sərbəst satış”, "Satış”, "Məhsulun adı” və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmaması halları qeydə alınıb. Bu səbəbdən onların da təsdiqindən imtina edilib.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığına görə 107 çek, mal qalığının silinməsi və topdan satış ehtimallarının olması səbəbindən isə müvafiq araşdırma aparılmış 105 çek üzrə müraciət sistem tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, edvgerial.az portalına müraciətlər üzrə bütün araşdırmalar qaydaların tələblərinə müvafiq olaraq 30 gün ərzində aparılır.

Məlumat üçün bildirilməlidir ki, "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması” ilə bağlı qaydalara əsasən, ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin tələblərinə cavab verməlidir.

Bir sıra vergi ödəyiciləri tərəfindən istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çeklərində malın adı qeyd olunmur və bu hal vergi ödəyicilərinə maliyyə sanksiyasının tətbiqi ilə yanaşı, istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.

Bu səbəbdən vergi ödəyicilərinə sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi təsərrüfat subyektlərində quraşdırılmış nəzarət-kassa aparatlarında müvafiq texniki sazlamaların aparılması və istehlakçılara təqdim edilən nəzarət-kassa aparatının çekində qanunla nəzərdə tutulmuş məlumatların əks etdirilməsinin təmin olunması tövsiyə edilir. Eyni zamanda, istehlakçılar vergi ödəyicisi tərəfindən təqdim edilmiş çekdə malın adının əks olunmasına diqqət yetirməli və çekin düzgün verilməsini tələb etməlidirlər.

 
 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, işsizlikdən sığorta təyin olunması üçün tələb olunan 3 illik müddət də qanun layihəsinə təklif edilən dəyişikliklə 1 ilə endirilir: "Bütün dəyişikliklər vətəndaşlar üçün müsbət yöndədir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gün 520 mindən çox vətəndaş müddətli əmək müqaviləsi ilə çalışır: "Yəni potensial olaraq bu vətəndaşlar bizə müraciət edə bilər. Buna görə də hazırlıqlı olmaq, vətəndaş məşğulluğunun təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir. Şəxsin fərdi məşğulluğu təmin olunanadək işlər davam etdiriləcək. Burada əsas məqsəd işsiz vətəndaşların işlə təmin olunmasıdır. İşsizlikdən sığorta haqqında qanunda fondun vəsaitlərinin hansı istiqamətdə xərclənəcəyi göstərilir”.

 
 


 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,03 ABŞ dolları, yaxud 2,32% artıb.

 "Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,36 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 
 


 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son on yeddi ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. Bunun üçün ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilir, bir çox sosial obyektlər inşa edilir. Bunun nəticəsidir ki, rayonlarda sosial-iqtisadi sahədə yaxşı inkişaf var, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, bölgələrin inkişafına da əhəmiyyətli şəkildə təsir göstərməkdədir. 
Ölkəmizdə pandemiyaya və neft bazarındakı qeyri-müəyyənliklərə baxmayaraq bu il də sоsial layihələr və iqtisadi prоqramlar uğurla həyata keçirilməkdədir. Eyni zamanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında  su layihələrinin xüsusi yeri vardır. Bununla yanaşı şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü ilə konkret addımlar atılır. Cənab Prezidentin də vurğuladığı kimi əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir. Bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır. Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. Bu istiqamətdə ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. 
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə, müasir dövrün çağırışlarına uyğun reallaşdırdığı, milli maraqlarımızın ən ali norma prinsiplərini özündə ehtiva edən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, dövlətçilik mənafelərinin qorunmasını, onun dinamik inkişafını, sosial-iqtisadi tərəqqisini sürətləndirməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya birliyinə sürətli inteqrasiyasına böyük töhfələr verməkdədir. Ölkə başçısının hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan Azərbaycanı  bütün dünyaya siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal  və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini  daim inkişaf etdirən,   bütün bəşəriyyəti narahat edən məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq tədbirlər məkanı kimi tanıtdı, ona olan etimadı daha da möhkəmləndirdi. Dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir. 
Hökumətin regionların inkişafına xüsusi diqqətlə yanaşması, ilk növbədə, Azərbaycanda hər bir bölgənin inkişafına əsaslanan yeni strategiyanın qurulması, bununla da regionlarda sahibkarlığın inkişafını sürətləndirmək və oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə etməklə iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Axtarış
Xəbər lenti
Reklam