"Xarici ticarətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3 500 ton tutuma malik konteyner sistemi qoşulub.

Türkiyə Prezidenti yük daşımalarının artıq Pekindən Londona qədər fasiləsiz daşındığını da qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 140 min tona çatıb.

 
 


 

Azərbaycanın Rusiya və MDB  bazarına tərəvəz ixracı artıb.

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O vurğulayıb ki, pambığa və fındığa dünya bazarında  təlabat azalıb: "Lakin ölkəmizin meyvə-tərəvəz ixracında azalma olmayıb. Bununla yanaşı, Azərbaycan Rusiya və MDB bazarına rekord həcmdə 81 min ton faraş kartof ixrac edib”.

Bu ilin ilk altı ayında Azərbaycanın meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% artaraq 327 236,92 ton təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 49,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2 milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

 
 


 

"Nazirlik şəhid ailələri və müharibə əlilləri üçün 290 fərdi evin tikintisi məqsədilə 19,9 milyona yaxın vəsait xərcləyəcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, saytlardan birində Nazirliyin 290 fərdi evin tikintisi üçün guya iki milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir:

"Əslində, həmin məbləğ 19 milyon 884 min 431 manatdır. Nazirlik bu sahədə də büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var”.

"Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən "19884431,31” rəqəmi "1988443131” kimi göstərilib.

Saytla əlaqə saxlanılıb, real məbləğ bildirilsə də, sayt yanlış məlumatı əks etdirən başlığı saxlamaqla oxucularına yalan məlumat verməkdə davam edir”, - deyə F.Talıbov qeyd edib.

 
 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 şəhər və rayonda (Ağdam, Naftalan, Göyçay, Zərdab, İmişli, Ağstafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Fizuli, Şəki, Balakən, Gədəbəy, Lerik) Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi  "Az AVS” QSC-dir.

Qalib şirkətə 1 988 milyon manat ödəniləcək.

 
 


 

"Bu gün Şəmkir rayonunda fəaliyyət göstərən istixana sahiblərinin "Azəriqaz” İstehsalat Birliyinə 11 milyon manat borcu var”.

Bu barədə birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

Onun sözlərinə görə, Şəmkirdəki istixana sahiblərinin borcu ödəməsində cüzi artım var:

"İstixanalarla əlaqədar əsas problem Şəmkir bölgəsi ilə bağlıdır. Bu obyektlərin sahiblərinin "Azəriqaz” İstehsalat Birliyinə 11 milyona yaxın borcu qalıb. İyun ayının 12-də borcun ödənilməsi 56 faiz təşkil edirdi. Cari ayın həmin dövründə isə ödənişlərdə beş faizə yaxın artım müşahidə olunub. Nəticədə, 61 faiz borc ödənilib”.

C.Səfərov qeyd edib ki, istixanaların daha çox olduğu Salyan və Bakı zonasında da borcların ödənilməsində artım müşahidə olunur:

"Ötən ay Bakıda ödəniş 83 faiz idi, hazırda 88 faiz təşkil edir. Salyanda isə ötən ay 82 faiz idi, bu ay 84 faizdir”.
Axtarış
Xəbər lenti
Reklam