Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. 
Bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Sərəncama əsasən, Vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Bayramov Mənaf Bayram oğlu
Ələkbərov Sahib Nurəddin oğlu
Məmmədxanov Sahir Polad oğlu
1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Fətizadə Zaur İntiqam oğlu
Məmmədov Elçin Fərrux oğlu
2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Bəylərov Elçin Bəylər oğlu
Hüseynov İlham Qulamhüseyn oğlu
3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə
Ağammədov Yaqub Sabir oğlu
Alcanov Fuad Oktay oğlu
Alimova Nigar Əyyub qızı
Balakişiyev Natiq Halay oğlu
Bayramlı Nurlan Famil oğlu
Bayramov Bayram Afər oğlu
Bədəlov Eldar Mülküm oğlu
Əhmədov Eldəniz Yunis oğlu
Hacıyev Elnur Sabir oğlu
Hüseyinov Fəxri İxtiyar oğlu
İsmayılov Pərviz Həmid oğlu
İsmayılova Zibeydə Rafiq qızı
Quliyev Mehrəli Gülməmməd oğlu
Quliyev Səxavət Gülbaba oğlu
Quliyev Toğrul Fəxrəddin oğlu
Qurbanov Vüqar Əlyar oğlu
Mansurov Elnur Məhəmməd oğlu
Məmmədov Sarxan Murad oğlu
Mustafayev Fateh Fazil oğlu
Paşayev İlqar Mirzə oğlu
Səfərov Şahin Sabir oğlu
Şabanov Əli Hacı oğlu
Şəkərov Ramil Fikrət oğlu
Tağıyeva Təranə Mehmandar qızı
Təhməzov Qərib Dadaş oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Əkbərli Zaur Fəxrəddin oğlu
Əliyev Azər Rəsul oğlu
İmanov Nicat Şükür oğlu
Quliyev Zaur Zakir oğlu
Seyidov Nuri Söyünqulu oğlu
Yusubov Elçin Mustafa oğlu
Zinatov Ruslan Viktoroviç
“Tərəqqi” medalı ilə
Ağakişiyev Elçin Nadir oğlu
Balakişiyeva Yeganə Nəsir qızı
Kazımov Mirəli Sahib oğlu
Şirinov Natiq Telman oğlu.

 


 

Prezident İlham Əliyev “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərovun ölümü ilə əlaqədar nekroloq imzalayıb. 
Müvafiq mətni AZƏRTAC yayımlayıb.
“Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri Miri Əhəd oğlu Qənbərov 2020-ci il fevral ayının 11-də ömrünün 85-ci ilində vəfat edib.
Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləyib, 1954-1956-cı illərdə Bakı Kooperativ Texnikumunda oxuyub, 1959–1964-cü illərdə isə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsində əmtəəşünaslıq ixtisası üzrə ali təhsil alıb.
Miri Qənbərov 1956-cı ildən etibarən Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı sistemində fəaliyyət göstərmiş, 1961-ci ilədək “Azərittifaq”ın mərkəzi aparatında əmtəəşünas və baş əmtəəşünas, 1961–1978-ci illərdə “Azərittifaq”ın təsərrüfat, tikinti və sənaye malları satışı idarəsində direktor və baş direktor, 1978–1979-cu illərdə yenidən “Azərittifaq”ın mərkəzi aparatında baş əmtəəşünas, 1979–1980-ci illərdə “Azərittifaq” İstehsalat İdarəsinin rəisi olmuş, 1980–1981-ci illərdə Bakı Şəhər Ticarət İdarəsində şöbə rəisi, 1981–1982-ci illərdə Bakı şəhərinin Oktyabr rayonunda ticarət idarəsinin direktoru, 1982–1994-cü illərdə Respublika İdman və Mədəni Mallar İdarəsinin baş direktoru işləmişdir.
Miri Qənbərov 1994–1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri olmuş, 1997-ci ilin iyun ayından ömrünün sonunadək “Azərkontrakt” Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır.
Uzun illər boyu çalışdığı vəzifəsindən asılı olmayaraq, bütün sahələrdə Miri Qənbərov daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında nüfuz və hörmət qazandırmışdır. O, müxtəlif dövrlərdə respublikada ticarət sisteminin təkmilləşdirilməsi və zamanın tələblərinə uyğun qurulması, habelə ölkəmizin ticarət və iqtisadi əlaqələrinin genişləndirilməsi üçün böyük əmək sərf etmişdir.
Miri Qənbərov respublikanın ictimai həyatında fəal iştirak etmiş, bir neçə çağırış Bakı şəhər Sovetinin deputatı olmuş və müstəqil Azərbaycan Respublikasının ikinci çağırış Milli Məclisinə üzv seçilmişdir.
Miri Qənbərovun uzunmüddətli əmək fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının iqtisadi inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla, eləcə də 2005-ci ildə ölkəmizin ali mükafatlarından olan “Şöhrət” ordeni ilə, 2010-cu ildə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Tanınmış ictimai xadim və səmimi insan Miri Əhəd oğlu Qənbərovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Oqtay Əsədov
Samir Nuriyev
Şahmar Mövsümov
Natiq Əmirov
Eldar Əzizov”.

 


 

Azərbaycanın iştirak etdiyi mühüm beynəlxalq tranzit marşrutlardan olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır və mövcud olan regional əməkdaşlıq yük sahibləri üçün geniş imkanlar yaradır. Bu marşrut çərçivəsində reallaşan iri infrastruktur layihələrdən biri də, Azərbaycan-İran sərhəddindən 1,4 km aralıqda, qonşu dövlətin ərazisində yerləşən Astara yük terminalının inşası oldu.
2 il öncə, tikintisinin birinci mərhələsi başa çatan terminalda ilk yük qatarı qəbul olundu. Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu marşrutu ilə sınaq yük qatarı İran ərazisinə daxil oldu, terminalda vaqonların boşaldılması prosesi həyata keçirildi və beləliklə Astara terminalı fəaliyyətə başladı. Qeyd edək ki, Astara terminalının tikintisi, 13 iyun 2017-ci il tarixində imzalanan ikitərəfli razılaşmaya əsasən, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır.
Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolları çəkilib. Bundan başqa terminalda 1440 kv. m. sahəsi olan, yüklərin aşırılmasında istifadə olunan, platforma inşa edilib. Eyni zamanda terminal daxilində administrativ bina inşa edilib ki, hazırda burada İran İslam Respublikasının gömrük orqanları yerləşdirilib. 2-ci administrativ binanın tikintisi isə hazırda davam etdirilir. Ərazidə müasir təhlükəsizlik və işıqlandırma sistemləri quraşdırılıb. Terminalda, aşırılma əməliyyatlarının aparılması üçün, işlərin operatoru olan “ADY Express” MMC tərəfindən müxtəlif texnika quraşdırılıb: avtokarlar, qaldırıcı kranlar, taxılın aşırılmasında istifadə olunan nasoslar, bitki yağların aşırılmasında istifadə olunan qurğular. Yaxın zamanlarda daha 4 terminaldaxili xəttin tikintisi aparılacaq, mövcud platforma daha da genişləndiriləcək, aşırılma əməliyyatlarının aparıldığı meydançaların sahəsi artırılacaq.
Astara terminalından keçən yüklərin həcminə gəlincə, 2019-cu ildə terminaldan, ADY Express tərəfindən aşırılan yüklərin həcmi 400 min tona yaxın olub. Terminalın fəaliyyəti dövründə, yəni 2018-2019-cu illərdə, burada aşırılan yüklərin ümumi həcmi isə 700 min tona yaxın olub. 2020-ci ilin yanvar ayı ərzində isə, Astara terminalı vasitəsi ilə artıq 38 min tona yaxın yük aşırılıb. Terminalda nəzərdə tutulan infrastruktur işlərinin həyata keçirilməsindən sonra buradan keçən yüklərin həcminin dəfələrlə artırılması gözlənilir.
Bununla yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat dəhlizinə əlavə yüklərin cəlb edilməsi istiqamətində də işlər həyata keçirilməkdədir.

 


Bunu APA-nın Gürcüstan bürosunun sualına cavab olaraq Tbilisidə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycanda 2020-ci üzrə kifayət qədər sağlam proqnozlaşdırılma aparılıb.
“Bizim ölkəmizin iqtisadi proqnozları, büdcə proqnozları 2020-ci il üçün kifayət qədər  mühafizəkar tərtib edilib. Konservativ ssenarilər əsas olaraq götürülüb. Düşünürük ki, kifayət qədər sağlam proqnozlaşdırma həyata keçirmişik. Buna baxmayaraq, siz sual verdiyiniz mövzu barədə son fikirləri bildirmək məncə tezdir. Artıq virusun bir sıra iqtisadiyyatlara, ilk növbədə Asiya iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Bazarlara təzyiq var, amma mən hesab edirəm ki, biz tələskənliyə yol verməməliyik, vəziyyəti sadəcə olaraq izləməli, təhlil etməliyik. Dövlətin aidiyyəti strukturları tərəfindən bütün ssenarilər işlənilib və hər hansı bir narahatlığa əsas yoxdur”, - deyə M. Cabbarov bildirib.

 


 
Fevralın 11-nə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 11-dən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2020-ci il fevralın 10-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.
 

 


“Report”un məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Xaçmazda Kiçik və Orta Biznezin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB Evinin açılışında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün bizim qarşımızda kiçik və orta biznesin inkişafı ilə bağlı bir neçə mühüm hədəflər durur: “Bir neçə aspektdən bizim üçün kiçik və orta biznesin inkişafı prioritet məsələdir. Onlardan biri də məşğulluqdur. Bilirsiniz ki, ölkəmizdə mövcud olan iqtisadi, siyasi sabitlik, makroiqtisadi sabitlik Azərbaycanın regionda, bölgədə xüsusi rolunu şərtləndirir. Bu nöqteyi-nəzərdən ölkəmizin hər bir vətəndaşının, sahibkarlığa marağı olan hər bir şəxsin potensialının reallaşdırılması üçün sadəcə olaraq iş yeri tapmaq fikri ilə deyil, iş yeri yaratmaq fikri ilə işə başlayan hər bir vətəndaşımız üçün dövlət tərəfindən bir sıra alətlər və institusional tədbirlər vasitəsilə müvafiq qanunvericilik çərçivəsində dəstək verilir, şərait yaradılır”.
M. Cabbarov vurğuladı ki, Azərbaycan Qafqazda əhalisinin sayına görə, ən böyük ölkədir: "Hər il bizim əmək bazarımıza 100 minə yaxın yeni işçi çıxır. Bu işçilərin iqtisadiyyatda məşğulluğunun təmin edilməsi, ölkəmizin iqtisadi potensialının reallaşdırılmasına töhfə vermək nöqteyi-nəzərindən KOB-ların rolu həddən artıq vacibdir. İqtisadiyyatın strukturu getdikcə dəyişir. Ölkəmiz qısa müddət ərzində sürətli inkişaf yolu keçib. Qarşımızda duran əsas məsələlərdən biri ondan ibarətdir ki, iqtisadiyyatımızın strukturunu sürətlə dəyişdirək, onun mümkün qədər neft və qaz sektorundan az asılılığını təmin edək. Bütün bunlarda KOB-ların yaratdığı məşğulluq xüsusilə vacibdir. Bu xüsusilə ona görə vacibdir ki, Azərbaycanda keçirilən uğurlu sosial-iqtisadi inkişaf nəticəsində əhalimizin də sayı artıb və ötən il 10 milyon vətəndaşı olan ölkəyə çevrilmişik".
Onun sözlərinə görə, üçüncü böyük amil onunla bağlıdır ki, dünya iqtisadiyyatında proseslər sürətlə dəyişir, getdikcə əmək müqavilələrinin, muzdlu işçilərin sayı özünəməşğul insanların sayı ilə müqayisədə artım tempi çox fərqlidir: "Özünəməşğul insanların rolu getdikcə artır. Biz öz ölkəmizdə bunu fərdi sahibkarların sayının artması ilə müşahidə edirik. Sizinlə bölüşə bilərəm ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olub. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkəmizdə 150 mindən çox yeni muzdlu iş yerləri yaradılıb və rəsmiləşib. Eyni zamanda 10 minlərlə yeni sahibkar fəaliyyətə başlayıblar".

 


 

Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin olunmasında sahibkarlığın rolu gündən-günə artır.
Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Xaçmazda KOB Evinin açılışı mərasimində deyib.
Nazir bildirib ki, həyata keçirilən iqtisadi islahatların prioritet istiqamətlərindən biri kiçik və orta biznesin iqtisadiyyatın aparıcı amilinə çevrilməsidir.
M.Cabbarov vurğulayıb ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransı zamanı Prezident İlham Əliyev əsas hədəflər qismində sahibkarlığın inkişafı, ortamüddətli dövrdə ÜDM-in əsas hissəsinin iqtisadiyyatın bu sektoru hesabına formalaşmısını və bu sahədə məşğulluğun artmasını müəyyən edib.
Nazir əlavə edib ki, sahibkarlara dövlət dəstəyi tədbirlərinin davamı qismində Xaçmazda yaradılmış KOB Evi və Mərkəzi sahibkarlara keyfiyyətli və şəffaf xidmətlərin təqdim olunması baxımından rahat platformadır.

 


 

"İndeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunmalıdır".
Bunu iqtisadçı Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu qeyd edib ki, "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin sərəncamına görə, bütün növ əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq 16,6 faiz, fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə müvafiq surətdə 2,6 faiz artımla indeksləşdirilb:
"Beləliklə, hazırda pensiya alanların böyük əskəriyyətinin pensiya məbləği bu il yanvarın 1-dən 16,6 faiz artacaq. Bu ilə qədər 200 manat pensiya alanlar 233,2 manat, 250 manat pensya alanlar 291,5 manat, 300 manat pensiya alanlar 349,8 manat, 350 manat pensiya alanlar 408,1 manat, 400 manat pensiya alanlar isə 466,4 manat alacaqlar. Bununla yanaşı, pensiya almayan, lakin fərdi hesabında sığorta ödənişləri hesabına yığım edənlərin ötən il yığılmış pensiya kapitalı da 2,6 faiz artımla indeksləşdiriləcək. Bunu təqdir etməklə yanaşı, təklif edirəm ki, indeksləşdirmə yalnız əmək pensiyalarına deyil, aylıq əsasda ödənilən bütün növ sosial müavinətlərə və təqaüdlərə də şamil olunsun".
Ekspert deyib ki, buna büdcədənkənar mənbələr hesabına formalaşmış maliyyə vəsaitləri də imkan verir:
"Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin son açıqlamasına görə, ötən il qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində iqtisadiyyat üzrə əmək haqqı fondunda 42 faiz və ya 3 milyard manat artım olub. Mövcud qanunvericiliyə görə, bu artımdan ən çox pay götürən Sosial Müdafiə Fondu olduğundan sosial müavinətlərin və təqaüdlərin də orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi mümkündür. Odur ki, nə qədər gec deyil, müvafiq qanunvericilikdə dəyişiklik edib, sosial müavinətlər və təqaüdlərin də indeksləşdirilməsi aparılmalıdır".

 


“Yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, təkcə keçən ay ərzində 1 milyard dollar artıb. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin edir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı söyləyib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu gün dünyada sayı o qədər də çox olmayan o ölkələrdəndir ki, tam müstəqil siyasət aparır:
“Müstəqil siyasət aparmaq üçün bir çox amillər olmalıdır - ölkələrin ərazisi, onların potensialı, ümumi daxili məhsulu, hərbi qüdrəti və s. Biz bilirik ki, dünyada güc mərkəzləri hansı ölkələrdir. Əlbəttə, Azərbaycan öz həcminə və coğrafi ərazisinə görə böyük ölkələrlə rəqabət apara bilməz, belə fikri də yoxdur. Ancaq buna baxmayaraq, müstəqil siyasət aparmaq üçün bizdə kifayət qədər imkanlar var. Bunların başlıcası xalqın dəstəyidir, bizim siyasətimizə göstərilən dəstək və etimaddır. Əlbəttə ki, iqtisadi göstəricilərimiz, siyasi arenadakı fəaliyyətimiz bizim gücümüzü artırır və Azərbaycan ildən-ilə daha da güclənir və güclənəcəkdir. Bizim ixracımız da, xüsusilə qeyri-neft sektorunda artıbdır, xarici ticarət dövriyyəsi də artıbdır. Bir sözlə, iqtisadi sahəyə aid olan bütün məsələlər öz həllini tapıb.
Dövlət başçısı bildirib ki, keçən il sosial sahədə çox böyük təşəbbüslər irəli sürülüb: “Daha doğrusu, 2018-ci ilin ikinci yarısından artıq bu proqramlar hazırlanırdı və 2019-cu ilin əvvəlindən bu proqramların icrası başlanıb. Şəhid ailələrinə böyük məbləğdə vəsait təmin edilib. Ümumiyyətlə, 4,2 milyon insanın sosial və maddi vəziyyəti yaxşılaşdırılıb. Çünki çox böyük sosial paket 4,2 milyon insanı əhatə edib. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Hazırda minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerdədir. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 2 dəfə artırılıb, tələbələrin təqaüdləri artırılıb, şəhid ailələrinə birdəfəlik maddi yardım göstərilib, bundan əlavə, şəhid ailələrinin və məcburi köçkünlərin aylıq müavinətləri artırılıb. 
Yəni, bütün bunlar böyük vəsait tələb edən məsələlərdir və bir neçə milyard manata başa gəlir. Ancaq biz bunu edirik. İlk növbədə, ona görə ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İkincisi, ona görə ki, buna imkanımız var. Əgər istəyimiz olsaydı, imkanımız olmasaydı, bunu necə etmək olardı? Bax, iqtisadi gücümüzü toplayaraq bugünkü reallığı təmin etdik ki, biz bunu edə bilirik. Deyə bilərəm ki, yaxın ətrafda bu cür sosial təşəbbüs göstərən ikinci ölkə yoxdur. Əgər varsa, qoy mənə desinlər, yoxdur. Biz bunu ona görə edirik və hesab edirik ki, bu, düzgündür. Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik bir ölkədir, həm siyasi müstəvidə, həm iqtisadi sahədə, biznesin inkişafı baxımından:
" Mənim bu yaxınlarda 14-cü dəfə Davos Ümumdünya İqtisadi Forumunda iştirakım və Forum çərçivəsində apardığım danışıqlar və iştirak etdiyim tədbirlər bir daha göstərir ki, Azərbaycana həm böyük maraq, həm də böyük rəğbət var. İyirmidən çox görüş keçirildi. Onu deyə bilərəm ki, bütün görüşlər qarşı tərəfin təşəbbüsü ilə həyata keçirildi. Yəni, bunu ona görə deyirəm ki, ölkəmizin inkişafına maraq doğrudan da böyükdür. Azərbaycanda iş görmək istəyən şirkətlərin sayı artır. Bilirsiniz ki, Davos Forumunda iştirak edən şirkətlər dünya miqyasında ən böyük şirkətlərdir. Yəni, oraya – Foruma daxil olmaq üçün bir çox meyarlar olmalıdır. Onlardan biri də əlbəttə ki, şirkətlərin kapitallaşdırılmasıdır.

 


 
“Azərbaycan Respublikası regionlarının 2019-2023 illər üzrə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş Konfransın iqtisadiyyat üzrə panel iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu ildən ölkəmizin regionlarında da DOST mərkəzlərinin yaradılacağını deyib. O, həmçinin cari ildə bölgələrimizdə yeni sosial müəssisələrin istifadəyə veriləcəyini qeyd edib.
Nazir bildirib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən ötən il Bakının Yasamal və Xəzər rayonlarında DOST mərkəzləri yaradılıb. 2020-ci ildə DOST mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsinə başlanacaq. Regionlarda (Abşeron, Sumqayıt, Bərdə, Quba, Sabirabad) 5 mərkəzin təmir-tikinti işləri aparılacaq. 
Ötən ilki inqilabi sosial islahatlardan bəhs edən S.Babayev əhalinin gəlirlərinin ciddi artımını təmin edən bu islahatların uğurlu nəticələrinin, ümumən sosial müdafiə və aktiv məşğulluq proqramlarının regionların əhalisini də  geniş şəkildə əhatə etdiyini deyib. O bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nazirlik tərəfindən 2018-ci illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil, 2019-cu ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600 avtomobil təqdim edilib. Həmin mənzillərdən 550-i, avtomobillərdən isə 480-i regionların sakinlərinə verilib. 
Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə müharibə əlillərinə və şəhid ailələrinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub ki, onların əksəriyyəti regionlarda veriləcək. 
S.Babayev bu il regionlarımızda əlilliyi olan şəxslər üçün daha 5 bərpa mərkəzinin (Xaçmaz, Şəki, Lənkəran rayonlarında, Şirvan və Sumqayıt şəhərlərində), 2 sosial xidmət müəssisəsinin (Göygöl və Şamaxı rayonlarında) əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcəyini deyib. O, həmçinin, Şəmkir və Qəbələ rayonlarında uşaq bərpa mərkəzlərinin, Quba və Bərdə rayonlarında peşə hazırlığı mərkəzlərinin yaradılmasının planlaşdırıldığını diqqətə çatdırıb.
Nazir qeyd edib ki, aktiv məşğulluq proqramları  bölgələrdə də uğurla davam etdirilir. Ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işlə təmin olunan 103 mindən çox şəxsin 74200-dən çoxu, peşə hazırlığına cəlb edilən 3200-ə yaxın şəxsin 1800 nəfərdən çoxu, peşəyönümü məsləhət xidmətinə cəlb olunan 107 700-ə yaxın  gəncdən 91400-ə yaxını regionlarda yaşayanlardır.
S.Babayev 2019-cu ildə özünüməşğulluq proqramına cəlb olunan 10 352 nəfərdən  8300-nün regionların sakinləri olduqlarını deyib. Bildirib ki, bu proqram çərçivəsində bölgələrdə əsasən kənd təsərrüfatı sahələri üzrə minlərlə kiçik müəssisənin yaradılması regionların sosial-iqtisadi inkişafına mühüm dəstəkdir. 
“İşsizin DOSTu” proqramı çərçivəsində isə ötən il yaradılmış 38 min ödənişli ictimai iş yerindən 30 mininin regionlarda açıldığını diqqətə çatdıran nazir bu il də proqramın davam etdirildiyini bildirib. 
Axtarış
Xəbər lenti
Reklam