Fevralın 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Hacıqabul rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Saatlı rayonunda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli isə Şirvan şəhərində vətəndaşlarla görüşəcəklər.   
Bu barədə Moderator.az-a sözügedən nazirlikdən məlumat verilib. 
Bildirilib ki, vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq fevralın 18-dək qəbula yazıla bilərlər.

 


Diyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən yüksək olan siqaretlər isə 30 qəpik baha satılıb.
Şəhərin bir sıra dükan və marketlərində isə köhnə qiymətlər qalmaqdadır. Həmin mağaza sahibləri bildirir ki, onlar daha əvvəl aldıqları siqaretləri hələlik köhnə qiymətə satırlar.

 


 

Afina şəhərində Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyi, Azərbaycanın Yunanıstandakı Səfirliyi, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə “Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması” adlı biznes forumu keçirilib.
Səfirlikdən verilən məlumata görə, Forumda çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov, Yunanıstan Sahibkarlar Federasiyasının vitse-prezidenti Konstantinos Bitsios, Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin icraçı direktoru Georgios Filiopulos, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova, AZPROMO prezidentinin müşaviri Fuad Pənahov iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və perspektivləri, Azərbaycanda yaradılmış investisiya mühiti, kənd təsərrüfatı sahəsində aparılan islahatlar və əməkdaşlıq üçün imkanlar barəsində məlumat veriblər. Tədbirdə iştirak edən Yunanıstanın iş adamları Azərbaycan ilə işgüzar əlaqələrin qurulmasına böyük maraq göstəriblər. 
Tədbir zamanı tərəflər arasında qurulmuş əlaqələr ilə yanaşı, həmçinin Azərbaycanda və Yunanıstanda ticarət sahəsində keçiriləcək sərgilərdə qarşılıqlı iştirak və cari ildə yunan iş adamlarının ölkəmizə ticarət missiyası ilə səfərinin təşkili barəsində razılıq əldə olunub. Forum çərçivəsində “Aqrar Tədarük və Təchizat ASC” tərəfindən Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların sərgi və dequstasiyası təşkil olunub.

 


 

Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.
Bu barədə Ukrayna prezidentinin rəsmi saytı məlumat yayıb.
Vladimir Zelenski qeyd edib ki, Ukrayna hakimiyyəti neft və qaz sahəsində SOCAR şirkəti ilə birlikdə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.
Tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.
Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında əldə olunmuş razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak etdilər.

 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımının təyinatında ünvanlılıq prinsipinin daha dolğun şəkildə təmin edilməsi və sosial yardım proqramının aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün qanunvericilikdə təkmilləşdirmə işləri davam etdirilir.
Nazirlikdən APA-ya verilən xəbərə görə, bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər layihələri hazırlanıb.
Mövcud qanunvericiliyə görə, ailə tərkibində baş vermiş dəyişiklik və bu dəyişikliyə görə məlumat verilməməsi ailəyə sosial yardım təyinatından imtinaya və ya ailəyə yardımın dayandırılmasına səbəb olur. Yeni qanunvericilik layihələri isə həmin dəyişikliyin və buna görə məlumat verilməməsinin yardım təyinatına və ya ödənişinə təsir etməməsini nəzərdə tutur. Həmçinin ailənin gəlirlərində dəyişiklik baş verdiyi halda, bu barədə ailənin məlumat verməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddətin 5 iş günündən 15 iş gününə və ya 21 günədək uzadılması yeni layihələrdə yer alıb.
Hazırda ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılarkən onun orta aylıq gəlirinə götürdüyü borc (o cümlədən kredit) da daxil edilir. Sosial yardımın təyinatından sonra da ailə üzvü kredit götürdüyü və bu barədə məlumat verilmədiyi halda ailəyə sosial yardım ödənişi dayandırılır, növbəti dəfə sosial yardım almaq üçün müraciət etmək hüququ 1 il müddətinə məhdudlaşdırılır.
Yeni layihədə bu məhdudiyyət aradan qaldırılmaqla, ailənin götürdüyü kreditin onun gəliri kimi nəzərə alınmaması, ümumən götürülən kreditin ailənin sosial yardım hüququna maneə yaratmaması əksini tapır.
Ünvanlı yardım üçün müraciət zamanı qeyd edilməsi tələb olunan məlumatların sayı da azaldılacaq. Aidiyyəti qurumların elektron informasiya bazalarından əldə edilməsi mümkün olan məlumatların ərizə-bəyannamədə bəyan edilməsi tələb edilməyəcək. Həmçinin ailə üzvünün (üzvlərinin) bu və ya digər sosial təminat növü (pensiya, müavinət, təqaüd və s.) ilə təmin edilməsi ilə bağlı məlumatların da daxil edilməsi istənilməyəcək, həmin məlumatlar müvafiq informasiya bazalarından əldə olunacaq.
Ünvanlı sosial yardım təyin olunan ailənin özünüməşğulluğa cəlb edilməsi üçün mexanizmin yaradılması da yeni qanunvericilik layihələrində yer alıb. Bu, aztəminatlı ailələrə sosial yardım formasında dəstəklə paralel olaraq, kiçik biznesə çıxış və gəlirlərini artırmalarına aktiv formada dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.
Qeyd edək ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi artıq hökumətə təqdim edilib.

 


 

UNEC-də ölkənin ən aparıcı banklarından olan Paşa Bankla əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Paşa Bankın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov, bankın aparıcı mütəxəssisləri və universitetin professor-müəllim heyəti iştirak edib.
Rektor Ədalət Muradov UNEC-in Paşa Bankla əməkdaşlıq edəcəyindən məmnunluğunu bildirərək, universitetdə real iqtisadiyyatın çağırışlarına cavab verən mühitin yaradılmasına ehtiyac duyulduğunu deyib. Tələbələrə nəzəri biliklərlə yanaşı, praktiki vərdişlərin də öyrədilməsinin vacibliyindən danışan rektor, bu istiqamətdə real sektorla əməkdaşlıq etməyin və birgə tədris proqramlarının həyata keçirilməsinin faydalı olacağını vurğulayıb.
 
Rektor rəqəmsal iqtisadiyyatın ali təhsil müəssisələri qarşısında qoyduğu tələblərdən də danışıb. Bildirib ki, rəqəmsallaşma yüksəkixtisaslı mütəxəssis hazırlamağı və məzunların iqtisadiyyatın və işəgötürənlərin tələblərinə cavab verməsini şərtləndirir.
 
İdarə Heyətinin sədri Taleh Kazımov ölkənin ən böyük maliyyə institutlarından olan Paşa Bankın əsas hədəflərindən danışıb. Hər bir cəmiyyətin əsas sərmayəsinin insan kapitalı olduğunu deyən T.Kazımov Paşa Bankın uğurlu gənclərin yetişməsinə daim dəstək olduğunu bildirib.  Bank rəhbəri bu istiqamətdə UNEC-lə əməkdaşlığın böyük fürsət olduğunu və mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.  
 
Çıxışlardan sonra rektor Ədalət Muradov və Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov əməkdaşlıq memorandumunu imzalayıblar. Sənədə əsasən,  UNEC və Paşa Bank arasında təhsil, elm proqramlarının həyata keçirilməsi, biznes proseslərində təhsil (elm) və informasiya texnologiyalarına innovasiya nailiyyətlərinin tətbiqi, innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafların istifadəsi, birgə seminar, treninq, konfransların təşkili, tələbələrin bankda təcrübə keçməsi nəzərdə tutulub.
 
Tədbirdən sonra rektor Ədalət Muradov Paşa Bankın nümayəndələrini UNEC Externlə tanış edib. Rektor distant təhsil verən mərkəzin üstünlükləri, imkanları barədə qonaqlara geniş məlumat verib. Paşa Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və bankın əməkdaşları UNEC-in 24/7 kitabxanasında da olub, buradakı yeniliklərlə maraqlanıblar.

 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il 488,8 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 291,6 min nəfərə Azərbaycan Prezidentinin təqaüdlərini ödəyib.
Nazirlikdən verilən məlumata görə, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə, habelə sağlamlıq imkanları məhdud uşaqlara, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının, beşdən çox uşağı olan qadınların uşaqlarına, aztəminatlı ailələrin 1 yaşadək uşaqlarına və qanunvericlikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinət verilir. Uşağın doğulmasına görə ailələr, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan insanlar, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər isə birdəfəlik sosial müavinətlə təmin edilirlər. Eyni zamanda, dəfn xərci üçün də birdəfəlik müavinət ödənilir.
Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 20 Yanvar əlilləri, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslər və onlara, həmçinin sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər, müharibə veteranları, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar isə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar.
2019-cu ildə yeni təqaüd növləri də təsis edilib. Belə ki, Prezidentin aylıq təqaüdü ilə təmin olunanların sırasına müharibə veteranları, sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər də daxil edilib. Həmçinin Prezidentin aylıq təqaüdünün I dərəcə əlilliyə görə müavinət alan şəxslərlə bərabər, I dərəcə əlilliyə görə pensiya alan şəxslərə də ödənilməsinə başlanılıb.
Bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü ilə təmin edilənlərin sayının 5 dəfəyə yaxın artmasına səbəb olub.

Azərbaycan və Türkiyə Dəmir Yolları arasında yeni razılaşma imzalanıb- FOTO

“Azərbaycan Dəmir Yolları” QSC və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında yük vaqonlarının mübadilə əsasında qarşılıqlı istifadəsi barədə razılığa gəlinib.

Bununla əlaqədar hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə razılaşma sənədi imzalanıb. Razılaşmada beynəlxalq daşınma qaydaları və sənədləri, vaqonların yükləmə qaydaları, istifadə haqları və istifadədən yaranan kompensasiya ilə bağlı öhdəliklər qeyd olunub. Sənədə əsasən vaqonda aparılan mallar üçün təlimat və kompensasiyalar, vaqon və konteynerlərdə daşınan yüklərin tam və ya qismən itməsi, xarab olması və zədələnməsindən irəli gələn iradlara baxılması, eləcə də zərərin ödənilməsi qaydaları tənzimlənir.

Tərəflər arasında ehtiyat hissələrin tədarükü, vaqonların zədələnməsi və müvafiq təlimatlar, zədələnmiş və itirilmiş vaqonlara görə tənzimlənən kompensasiyaya dair məsələlər barədə də razılıq əldə olunub.

Azərbaycan nefti bahalaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,09 ABŞ dolları və yaxud 1,73% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,95 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

 


 

Vətəndaşlara onlarla bağlı sosial məlumatlara real vaxt rejimində çıxış və dövlət sosial xidmətlərindən çevik rejimdə yararlanmaq, öz sosial hüquqlarının təminatına daimi nəzarət imkanı verən “e-sosial” internet portalının funksionallığı daha da genişləndirilib.
Portalın “e-Xidmətlər” bölməsində təqdim edilən xidmətlərin sayı artırılıb.  
Buraya iş axtarışı ilə bağlı müraciət edilmə xidməti də daxil edilib ki, hər bir şəxs istənilən vaxt portalda vakansiyalarla tanış ola və əmək bacarıqlarına uyğun iş yerlərinə elektron qaydada göndəriş əldə edə bilər.
Portalda işəgötürənlər üçün də yeni xidmət, yəni yeni iş yeri və boşalmış iş yeri (vakansiyalar) barədə məlumatların təqdim edilməsi xidməti də formalaşdırılıb.  Həmçinin portala valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə xidmətləri, avtomatlaşdırılmış pensiya və ya müavinət təyinatı barədə vətəndaşlar tərəfindən məlumatın real vaxt rejimində əldə olunması və s. kimi xidmətlər daxil edilib.
Eləcə də “e-sosial”da geniş əhatəliliyə malik e-arayış xidmətləri yaradılıb. Burada 15 növdə e-arayış xidməti (iş yerinə dair, əlilliyə dair, müavinət, təqaüd, pensiya, maddi yardım, birdəfəlik ödəmə, dövlət tərəfindən mənzil, avtomobil, ünvanlı dövlət sosial yardımı ilə təmin olunma və s. barədə e-arayış xidmətləri) də təqdim edilir. Yaxın günlərdə bu xidmətlərin sırası daha da genişlənəcək.
Eyni zamanda, portalın “Android” əməliyyat sistemi üçün mobil tətbiqi fəaliyyət göstərirdi. Yeniliklərdən biri kimi,  artıq portalın İOS platforması üçün tətbiqi də istifadəyə verilib. Bu da  vətəndaşların  e-sosial internet portalından rahat istifadəsinə və portalın daha əlçatan olmasına şərait yaradıb. Artıq portalın android tətbiqindən 12500, İOS platforması üçün tətbiqindən isə 350 istifadəçi yararlanır.
Ümumilikdə “e-sosial” portalına marağın getdikcə artmasının göstəricisi kimi, portalın aktiv istifadəçi sayı 150 minə, portala baxış sayı 1 milyon 700 minə çatıb.
 
Axtarış
Xəbər lenti
Reklam