"İlham Əliyevin Cıdır düzündə yandırdığı Novruz tonqalı İrəvanı yandırdı...."

Tarix: 22-03-2021, 13:00 / Oxunub: 325

Tanınmış diplomat, Azərbaycanda yeddidən yetmişə hamının sevdiyi Hulusi Kılıç Azərbaycan xalqının Novruz bayramını təbrik edib:

"Cənab prezidentin Cıdır düzündə yandırdığı Novruz tonqalı təkcə Azərbacan xalqının deyil, bütövlükdə Türk dünyasının içini istisə də, Yerevanı yaxıb-yandırdı. 30 ildən sonra nəhayət Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarda can rahatlığı, könül xoşluğu ilə qalib və qürurlu bir toplum olaraq Novruz tonqalları yandırdı. Novruzun bir başqa təntənə ilə keçirildiyinə özüm Bakıda böyük elçilik yaptığım dönəmlərdə bir daha şahidlik etdim. Ancaq hər zaman gözlərdə kədər gördüm, üzlərdə nisgil gördüm, Qarabağın işğalda qalması bu gözəl bayramı coşqu ilə qeyd etməyə imkan vermədi.

Prezident İlham Əliyevin Cıdır düzündəki çıxışı isə çox mənalı idi və qəlblərin dərinliyinə işlədi. Xüsusilə onun "Allah Azərbaycan xalqının duallarını eşitdi" kəlməsi boynuma alıram ki, məni bərk kövrəltdi. Bəli, gerçəkdən Aləmlərin Rəbbi belə bir haqsızlığı qəbul etməzdi və çox şükürlər olsun ki, 30 ildən sonra Türk dünyasına belə bir qələbə bəxş etdi. Təbii ki, dövlət xadimlərinin cəsarətli qərarları, igid oğullarımızın misilsiz rəşadəti öz yerində və onların haqqına girmək böyük günah olardı. Amma Uca Allahın qüdrəti və Azərbaycan xalqının haqlı mücadiləsini İlham Əliyevin təbirincə desək, eşitməsi bu problemin çözülməsində həlledici amil oldu. 

Can Azərbaycanın Novruz bayramını təbrik edirəm, süfrələrinizdən ruzi-bərəkət əskik olmasın, hər zaman qələbə ovqatında olasınız. Allahdan təmənnam odur ki, ən qısa zamanda işğaldan azad olunan torpaqlarda həyat qaynasın və qardaş-bacılarımız öz ata-baba yurdlarında, doğma ev-eşiklərində bayramlarını qeyd etsinlər. Azərbaycan xalqının bu bayramından Türkiyədəki 82 milyonluq qardaş-bacılarınıza da çoxluca pay düşür və bizlər də sizin bu sevincinizə şərik olmaqla özümüzü bəxtiyar hesab edirik. Allah Qiyamətə qədər bu qardaşlığın daha da möhkəmlənməsinə yardım etsin və inşallah bu birliyə heç zaman zaval gəlməyəcək"



Axtarış
Xəbər lenti
Reklam