Ərəb şeyxlərinin quş ovunun sirri - şəhvəti artıran maddəyə qurban gedən baladoydaqlar

Tarix: 29-03-2021, 11:00 / Oxunub: 321

Ərəb şeyxlərinin quş ovunun sirri - şəhvəti artıran maddəyə qurban gedən baladoydaqlar
Azərbaycanda ərəblərin şikar ovlaması ciddi müzakirə olunmaqdadır. Ancaq bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Bu barədə Qərb mətbuatında da mütəmadi məlumatlar yayılır. "BBC”nin yenicə yaydığı materiala nəzər salaq. Məqalə "Hunting rare birds in Pakistan to feed the sex drive of princes” (Şahzadələr cinsi həvəsi gücləndirmək üçün Pakistanda nadir quşları ovlayırlar) adlanır.
 
"1983-cü ildə iki ordu zabiti Pakistanın cənub-qərbindəki kiçik sahil şəhəri olan Pasnidə avtomobilləri icarəyə verən bir ofisin qarşısında dayandı. Onlardan biri şirkətin sahibindən soruşdu: "Yaxşı bir avtomobiliniz varmı? Ərəb şeyxini Panjqura aparmalıyıq". Şirkət sahibi onlara "var” dedi və oğlu Hənifi zabitlərə yol göstərmək üçün bələdçi kimi göndərdi. Yaxşı avtomobil Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) altı kral ailəsindən birinə aid olan şahzadə Surur bin Məhəmməd əl-Nahyan üçün idi. Təxminən 100 km qət edərək Panjguraya getdilər. Bəziləri tərəfindən əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq (lat. Chlamydotis undulata) ovlamaq istəyirdi. Şeyx maşını bəyəndi və o vaxt 31 yaşı olan Hənif ilə birlikdə ova getdi. Beləliklə, uzun bir dostluğun əsası qoyuldu, indi Hacı Hənif kimi tanınan şəxs başına gələnləri anladır. Otuz yeddi il sonra da o, hər il Pakistana gözəl baladoydaq quşunun ovu üçün gələn kralı ailəsi üzvlərini hər dəfə şəxsən müşayiət edir”.
 
 
"Əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq quşu” ifadəsinə diqqət etdinizmi? Afrodisyak bitki və canlılarda olan bir maddədir. O insanda şəhvət hissini kəskin şəkildə gücləndirir. Elə bu səbəbdən də ərəb şeyxləri gözəl baladoydaq quşlarına xüsusi maraq göstərirlər.
 
Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, bu quşlardan Azərbaycanda da var. Sayı kritik həddədir. Yaxın gələcəkdə nəsli kəsilə bilər. Bu quşların rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur. Daha çox hinduşkaya bənzəyir.
 
Yenidən "BBC”nin reportajına qayıdıaq.  Yazıda qeyd olunur: "Pakistanda bəziləri iddia edir ki, Körfəz ölkələrindən gələn şeyxlər təkcə ov etmirlər, həm də sərmayəyə ciddi ehtiyacı olan Pakistana maddi dəstək verirlər. Digərləri isə əmindir ki, ərəb şeyxləri Pakistana ovdan zövq almaq üçün gəlirlər. Əsasən noyabr-fevral ayları ov üçün daha münasibdir. Şeyxlər də elə o vaxtı Pakistana təşrif buyururlar.
 
Yaşı altmışı çoxdan ötmüş Hacı Hənifə ərəb şeyxlərinə qulluq etmək üçün kömək lazımdır. Hazırda Hacının 3 oğlu bu işlə məşğuldur. Onlar avtomobillərin saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyırlar, şeyxlərin gətirdiyi şahinlərin məşq etməsi üçün havaya göyərçin uçurdurlar. Şahinlər göyərçini göydə caynağına keçirir...".
 
 
Məqalənin müəllifi Saher Baloç yazır ki, ərəb şeyxləri Pakistana 1973-cü ildən ayaq açıblar. Hazırda vəziyyət belədir ki, Pakistanın ov üçün münasib olan əraziləri BƏƏ, Qətər və Səudiyyə Ərəbistanından gələn kral ailələri arasında bölüşdürülüb. Hər kəs öz ərazində ov edir.
Qeyd olunur ki, bu quşlar öncə Ərəbistan yarımadasında da yaşayırdı. Ancaq ərəb ovçular onların kökünün demək olar ki, kəsdi. Elə o vaxtdan da varlı ərəblər gözəl baladoydaq quşlarının dalınca başqa ölkələrə üz tutublar. Hazırda Yer üzündə 50-100 min arası gözəl baladoydaq quşu yaşadığı təxmin edilir.
 
Bəs, bu məsələ ilə bağlı Pakistan mətbuatı nə yazır? Deyirlər ki, ərəb şeyxləri 1960-cı ilin sonlarından Pakistanda görünüblər. Onların ov zamanı törətdiyi xoşagəlməz hərəkətlər xalq tərəfindən hiddətlə qarşılanıb. 1972-ci ildə etirazlar o həddə çatdı ki, hökumət bu quşların ovunu qadağan edib. Rəsmi qadağaya baxmayaraq, bütün hökumətlər dönəmində ərəblərə qış aylarında ova getməyə icazə verilirdi. Düzdür, müəyyən məhdudiyyətlər şərti ilə. Məsələn, ova icazə alan hər bir ərəb 10 gün ərzində 100-dən çox gözəl baladoydaq quşu ovlaya bilməzdi. Bu barədə Pakistanın "dawn.com” saytı yazıb. Nəşr onu da vurğulayıb ki, məhdudiyyətlər ovçuları daha da qızışdırır. Məsələn, 2014-cü ildə Səudiyyə Ərəbistanından gələn şahzadə 3 həftə ərzində 2100 gözəl baladoydaq quşu ovlamışdı. Ətraf mühiti qoruyanların təkidi ilə quş ovuna yenidən qadağa qoyuldu. Ancaq az sonra qadağa aradan götürüldü. Maraqlıdır ki, həmin məqalə Hindistanda geniş rezonans doğurub. Çünki Pakistan nəşri bildirib ki, ərəb kral ailələrinin ov etməsinə Hindistan, Nepal, İran və Çin kimi ölkələr qəti icazə vermirlər.
 
 
Pakistan mətbuatı onu da yazır ki, Baş nazir İmran Xan müxalifətdə olanda heyvan ovuna qarşı çıxıb. Ancaq o, iqtidara gəldikdən sonra Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum və onun ailəsinə Pakistanda ov etmək üçün xüsusi icazə verib.
 
Ərəb şeyxləri ov zamanı şahin və qartallardan, xüsusi ov itlərindən, hətta pişik cinsinə mənsub olan çitalardan da istifadə edirlər. Citalar sıfırdan 120 km/s sürətə sadəcə 3.5 saniyəyə çatırlar. Heç bir heyvan bu yırtıcının qabağından qaçıb canını qurtara bilməz. Ancaq ərəb şeyxləri şəhvət hissini gücləndirdiyinə görə əsasən baladoydaq quşlarının ovuna çıxırlar. Elə bu səbəbdən də daha çox şahindən istifadə edirlər. Şahinlərin uçuş sürəti 390 km/s bərabərdir.
 
Qətərdə hər il şahinlə ov festivalı keçirilir. Dünyanın ova maraq göstərən zəngin insanları ora axışır. Normalda 40 növü olan şahinin satış qiyməti 5-25 min dollar arasıdır. Ancaq ərəb şeyxləri maraq göstərəndə bəzən bu qiymətlər 250 min dollara qədər qalxır.
 
Elbəyi Həsənli, Sürix


Axtarış
Xəbər lenti
Reklam