Aqiyə Naxçıvanlı: “COVAX ikili standartların bariz nümunəsinə çevrilir”

Tarix: 29-03-2021, 20:55 / Oxunub: 333
 
Aqiyə Naxçıvanlı:

"Qarşıya qoyulan vəzifələrin səmərəli icrası üçün nəzərdə tutulduğundan da artıq vəsait toplamasına baxmayaraq, COVAX-ın COVİD-19-a qarşı vaksinlərin bölüşdürmə siyasəti hələ də uğursuzluqla müşayiət olunur. O cümlədən Azərbaycana qarşı sərgiləndiyi ədalətsiz mövqeyi bu təsisatın bəzi dünya dövlətləri tərəfindən tətbiq olunan ikili standartlara əsir olduğundan xəbər verir.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.


Millət vəkilinin sözlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəşəriyyət qarşısında daşıdığı məsuliyyəti düzgün qiymətləndirməkdə çətinlik çəkir: "Bildiyiniz kimi, COVAX qlobal pandemiya ilə beynəlxalq səviyyədə mübarizənin bir tərkib hissəsi olaraq, COVİD-19-a qarşı vaksinlərin ədalətli bölgüsü və ölkələrə paylanmasının təmin edilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yaradılan bir təşəbbüsdür. Lakin hadisələrin gedişi bunu deməyə əsas verir ki, ÜST-ün bu təşəbbüsü heç də uğurlu alınmayıb. Məsələ bundadır ki, ötən ildən yaradılan COVAX təsisatı vaksinlərin dövlətlər arasında ədalətli və bərabər şəkildə paylanmasına məsul qurum kimi BMT-yə üzv olan 189 ölkəni vaksinlə təmin edəcəyi vədi versə də, hazırda bu vədlərə heç də düzgün əməl olunmur. İlk növbədə belə bir məqama diqqət yetirək ki, razılaşmaya görə 92 kasıb və aşağı gəlirli ölkə peyvəndi COVAX-a toplanan vəsait hesabına çox ucuz və ya pulsuz əldə edəcəkdi. Nəzərdə tutulmuşdu ki, 2021-ci ilin vaksinasiya hədəfinə çatmaq üçün 2 milyard dollar məbləğində vəsait lazım olacaq. Lakin təqdim olunan məlumatlara görə, COVAX bu günə qədər 6 milyard dollar toplayıb. Bununla belə COVAX kasıb və aşağı gəlirli ölkələrin vaksinlə təminatını həyata keçirə bilmir. Bir müddət əvvəl, vaksinlərin yeni istehsalına başlanıldığı zaman ÜST tərəfindən bildirilmişdi ki, zəngin dövlətlər ikitərəfli razılaşmalara üstünlük verir və vaksini COVAX vasitəsilə deyil, birbaşa istehsalçı şirkətdən almaq istəyirlər. Bu səbəbdən vaksin istehsal edən şirkətlər bütün dozalarını COVAX-a təhvil vermirlər, birbaşa dövlətlərə satırlar. ÜST bütün dövlətləri COVAX vasitəsilə vaksin almağa çağırmışdı. Məhz belə bir mürəkkəb şəraitdə Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha öz qətiyyətini nümayiş etdirərək ÜST-ün bu təşəbbüsünü dəstəklədi. Azərbaycan COVAX-a ilk qoşulan ölklərdən biri oldu. Lakin bu təsisatın Azərbaycana qarşı sərgilədiyi qərəzli münasibət heç də qarşılıqlı əməkdaşlıq ruhuna uyğu deyil. Belə görünür ki, Ümumdünya Səhiyyə Təşkilatı nə sadiq tərəfdaşları qarşısında icra etməli olduğu öhdəliklərini, nə də bəşəriyyət qarşısında daşıdığı məsuliyyəti düzgün qiymətləndirmək iqtidarında deyil.”

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın qlobal pandemiya ilə mübarizədə dünyaya verdiyi misilsiz töhfələrin önəmini vurğulayan Aqiyə Naxçıvanlı belə bir ciddi məsələdə ikili standartların yolverilməz olduğunu qeyd edib: "Dünya gücləri ən azından bütün bəşəriyyəti təhdid edən belə bir ciddi təhlükə qarşısında ikili standartlardan əl çəkməlidirlər. Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan COVID-19 pandemiyası başlayandan bəri bütün dünyanı təhdid edən bu qorxunc xəstəliklə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. İndiyədək Azərbaycan bu istiqamətdə bir sıra vacib və dəyərli təşəbbüslərlə çıxış edib, dünya güclərini həmrəyliyə çağırıb. Məhz, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Xüsusilə vaksinasiya ilə əlaqədar qəbul edilmiş qətnamə Azərbaycanın beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfələrindən biri hesab edilir. Azərbaycan hər zaman, hər şəraitdə pandemiyaya qarşı mübarizədə beynəlxalq miqyasda da özünü məsuliyyətli dövlət kimi təqdim edib. Prezident İlham Əliyev hər dəfə öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Hələ vaksin istehsalına yeni başlandığı zaman Azərbaycan Prezidenti öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı təkcə Azərbaycan üçün deyil, dünya üçün gərəkli olan fikirlər bildirmişdi. Dövlətimizin başçısı demişdi ki, bəzi dövlətlərin öz tələbatlarından bir neçə dəfə çox vaksin almağa cəhd göstərməsi inkişaf etməkdə olan ölkələri vaksin çatışmazlığı problemi ilə üz-üzə qoyacaq. Belə də oldu. Bu gün dünyada cərəyan edən hadisələr bir daha Azərbaycan Prezidentinin haqlı olduğunu göstərir. Bütün bu proseslərin fonunda isə bu gün COVAX Azərbaycan qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirmir. Belə ki, vaksinlərin ədalətli bölüşdürülməsinə cavabdeh olan COVAX öncədən razılaşdırılmış vaxtda və sayda vaksinləri ölkəmizə hələ də təhvil verməyib. Bu azmış kimi son günlər də COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Əlbəttə ki, COVAX-ın bu cür yanaşması ikili standartdan başqa bir şey deyil və bu, tamamilə yolverilməz bir haldır.”


aia.az

Axtarış
Xəbər lenti
Reklam