Suriya anlaşmanın Qarabağ üçün də yaxşı presedent olacağı deyilir... - TƏHLİL

Tarix: 28-02-2020, 13:33 / Oxunub: 325

“Türkiyə və Ukrayna işğal edilmiş Krım bölgəsindən olan tatarlar üçün yeni şəhərin salınması ilə bağlı layihənin icrasına başlayıb”. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O, Krım tatarlarının yerləşdirilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynada ümumilikdə 500 mənzilli yeni binaların inşası üçün razılaşma əldə etdiklərini xatırladıb. Yeni şəhərin salınması məqsədilə məkanın müəyyən olunması üçün Türkiyədən olan nümayəndə heyəti yaxın günlərdə Kiyevə gələcək.

Qeyd edək ki, sözügedən anlaşma Ərdoğanın fevralın 3-də Ukraynaya etdiyi səfər zamanı əldə edilib. Görüşdən sonra açıqlama verən Türkiyə lideri Zelenski ilə Xerson vilayətində Krım tatarları üçün yeni şəhərin salınması ilə bağlı anlaşdıqlarını söyləmişdi. Onu da yada salaq ki, Türkiyə Krımın Rusiya tərəfindən ilhaqını rədd edir və Ukraynanın ərazi bütövlüyünü tanımağa davam edir. Bunu qardaş ölkənin başçısı Kiyevə son rəsmi səfər zamanı bir daha bəyan edib. Bu isə Türkiyə ilə əlaqələri son illər dinamik inkişafda olan Rusiyada qıcıq yaradır. Ərdoğanın Krımla bağlı məlum bəyanatına Kremlə yaxın KİV-lərdə verilən operativ əsəbi reaksiya buna bariz sübutdur.

*****

Ancaq hazırda Ankara və Moskva arasında qarşıdurma xətti Krımdan yox, Suriyanın İdlib bölgəsindən keçir. Məsələ ondadır ki, Əsəd rejiminin əsas siyasi-hərbi varlıq qarantı olan və Suriyada öz maraqlarını açıq-aşkar müdafiə edən Rusiya Türkiyə ilə İdliblə bağlı imzaladığı sənədlərə, o cümlədən Soçi anlaşmasına məhəl qoymur. Bu da həssas bölgədə vəziyyəti xeyli gərginləışçdirməklə yanaşı, rus-türk konflikti riskini yaradıb, hətta Moskva-Ankara əlaqələrinin qırılma nöqtəsinə gəldiyini iddia edənlər var.

Belə perspektiv isə hər iki tərəfə ciddi itkilər, adekvat olaraq ABŞ-a, Qərbə dividentlər vəd edir. Bunu da istət Türkiyə, istərsə də Rusiya siyasi isteblişmentində yaxşı anlayırlar. Lakin fakt budur ki, hələlik İdlib düyününü açmaq da mümkün olmur. Ona görə ki, qardaş ölkənin haqlı tələblərin Rusiya görməzlikdən gəlir.

Yaranmış durumda həm Türkiyə, həm də Rusiya ilə dost münasibətlərdə olan Azərbaycanın, prezident İlham Əliyevin vasitəçilik missiyası yenidən gündəmə gəlib. Məsələn, Rosbalt.ru portalı iddia edib ki, Ərdoğan Bakı səfəri zamanı İlham Əliyevdən onun Putinlə anlaşması üçün köməklik göstərməyi xahiş edib.

“Yeni Müsavat”ın məlumatına görə, bu mövzuya həsr olunan analitik məqalədə deyilir: “Bir çox ekspertlərin iddialarına inansaq, Əliyev 2015-ci ildəki təyyarə insidendtindən sonra Rusiya ilə Türkiyənin barışığına güclü kömək elədiyi kimi, tamamilə mümkündür ki, Ərdoğan bu dəfə də ondan vasitəçilik xahişi edib. Həqiqətən, İlham Əliyev də vasitəçi olmasın kim olsun bəs?”

Yazıda Ankara-Moskva münasibətlərindəki vəziyyətin təzədən 2015-ci ilə qayıtmaq üzrə olduğu bildirilir: “Bu da Moskva və Ankara üçün uğursuzluq deməkdir. Çünki onlar illərdir çətinlikləri dəfə edərək ”Türk axını" qaz kəmərinin inşasını yekunlaşdırıblar, “Akkuyu” AES-in tikintisinə başlayıblar, hətta ABŞ-ın maraqlarını zədələyərək hərbi-texniki sferada uğurlu əməkdaşlığa girişiblər (Söhbət Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından gedir - “YM”).

Nüfuzlu portal Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri barədə də yazıb. “Ankara ilə Bakı arasında gerçəkdən də xüsusi münasibətlər var: tərəflər hərbi-siyasi müttəfiqlərdir. Türkiyə Qarabağ məsələsində ardıcıl şəkildə Azərbaycanı müdafiə edir. Bu faktor nizamlama məsələsində olduqca mühüm önəm kəsb edir. Bundan əlavə, Azərbaycan Türkiyənin ”qaz xabı"na çevrilməsinin iştirakçısıdır və heç vaxt Ankaranı, belə desək, ideoloji anlamda məyus eləməyib. Bakıda Ərdoğan-Əliyev görücünün yekununa həsr olunan bəyanatda Azərbaycan prezidenti təsdiqlədi ki, “iki ölkənin bütün məsələlərdə mövqeyi üst-üstə düşür, bizim niyyətlərimiz və hədəfimiz eyndir”. İlham Əliyev onu da dedi ki, türkiyəli həmkarı ilə Qarabağ konfliktinin həlli yollarını müzakirə ediblər və Ərdoğana daima Azərbaycanın haqq işini müdafiə elədiyi üçün təşəkkürünü bildirib. “Elə bir məsələ yoxdur və... olmayacaq ki, Azərbaycan Türkiyəni müdafiə eləməsin... Bizim birliyimiz əbədidir” deyib" - təhlili məqalədə bildirilir.

Müəllif daha sonra Azərbaycanın Türkiyədən müasir silahlar almağa davam edəcəyi və tərəflərin birgə silah istehsalı haqda müzakirələr aparması barədə yazıb: “Əliyev deyib ki, ”Türkiyənin gücü bizim gücümüzü artırır" və “Türkiyəsiz regionda heç bir problem öz həllini tapmır”. Ərdoğan isə bir daha bəyan edib ki, Azərbaycan və Türkiyə “bir millət - iki dövlət”dir və Ankaranın ən böyük arzusu Qarabağ ixtilafının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllidir. Ancaq fikrimizcə, burada problemin miqyası baxımından daha önəmlisi İdlib məsələsində Əliyevin öz “qardaşı” Ərdoğana hansı köməyi göstərə bilməsi ilə bağlıdır. Axı yaranmış durumda onun vasitəçiliyi Putinlə yanaşı, İran və Suriya liderlərinin vasitəçiliyini də ehtiva edəcək. Gerçəkdən də Şərq - incə məsələdir".

*****

Əlavə edək Kİ, Ankara və Moskvanın İdlib (Suriya) məsələsində anlaşması yaxın perspektivdə Dağlıq Qarabağ ixtilafının həlli üçün yaxşı presedent rolu da oynaya bilər. Bu xüsusda Bakının haqqında danışılan vasitəçiliyi ikiqat önəmdədir...

P.S. Yazı Suriyanın İdlib bölgəsində vəziyyət kritikləşmədən öncə hazırlanıb.
“Yeni Müsavat”



Axtarış
Xəbər lenti
Reklam