"Mən bu institutun nə olduğunu yaxşı bilirəm, 8 il həmin institutda çalışmışam..."

Tarix: 28-07-2020, 15:30 / Oxunub: 347
 
 


 

"Emin Əmrullayev gəncdir, səmimidir, şəffaf və açıq fikirlidir, mətbuata və ictimaiyyətə açıqdır. Xaricdə təhsil alıb, bir neçə xarici dilə yiyələnib. Ən başlıcası isə  yenilikçidir, tədqiqata meyllidir. Valideynlərə diqqəti təqdirəlayiqdir. Bilavasitə valideynlər üçün "Valideyn. az” saytının yaradılmasının təşəbbüsçüsüdür”.

Bunu  açıqlamasında təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O, yeni nazirin təhsil xadimi kimi üstün cəhətlərini vurğulamaqla, bu sahədə faydalı işlər görəcəyini bildirib:

"Onunla təhsil sisteminə qədəm qoyandan tanışıq.  Müxtəlif səpkidə çoxsaylı görüşlərimiz olub. Təkcə, Tİ direktoru işlədiyi müddətdə Təhsil Nazirliyi yanında ictimai şura üzvləri ilə birgə 2 görüş keçirmişik. Beynəlxalq PİSA və milli qiymətləndirmə məsələlərini müzakirə etmişik. İstər kollektivdə, istərsə də təhsil ictimaiyyəti tərəfindən onun barəsində yalnız xoş sözlər və müsbət fikirlər eşitmişəm. Təhsil Nazirliyində "Təhsilin keyfiyyətinin qiymətləndirilməsi” sektoruna  və "Təhsilin inkişafı proqramları” şöbəsinə rəhbərliyi dövründə idarəetmə sahəsində kifayət qədər təcrübə qazanıb.

Səriştəsi, mobilliyi və çevikliyi nəzərə alınaraq 2016-cı ilin aprelindən ona Təhsil  İnstitutunun direktorunun səlahiyyətləri həvalə olunub və bu ilin başlanğıcında həmin vəzifəyə təsdiq edilib. İnstitut rəhbəri kimi çalışdığı 4 il ərzində təhsil siyasəti üzrə prioritetlərin müəyyənləşdirilməsi və strateji planlaşdırma, təhsil imkanlarının genişləndirilməsi,  elmi-pedaqoji tədqiqatlar və elmi-pedaqoji kadr hazırlığı, təhsilin idarə edilməsinin nəzəri və praktik məsələləri, rəhbər pedaqoji kadrların hazırlanması və ixtisasının artırılması, və digər bu kimi məsələlərlə bilavastə məşğul olub.

Mən bu institutun nə olduğunu yaxşı bilirəm, 8 il həmin institutda çalışmışam. Sadəcə xatırladım ki, ARTİ təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, pedaqoji, psixoloji, sosial, iqtisadi, fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri və səviyyələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri və praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir. Fəaliyyətinin əsas məqsədi təhsilin müxtəlif sahələrində elmi-pedaqoji tədqiqatlar aparmaqla təhsilin inkişafını nəzəri və praktiki cəhətdən təmin etməkdir.

Yəqin təhsillə az çox bağlı olan hər kəs  bilməmiş deyil ki, təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının məcmusundan, onları həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir. Başqa sözlə təhsil idarə olunur”.

Ekspert  yeni nazirin  idari və təcrübi imkanlarının genişiyindən və  missiyasının icrası zamanı ona yardımçı olacağını bildirib:

Emin Əmrullayevin Azərbaycan Respublikası  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alması və Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirməsi yeni missiyasında onun yardımçısı olacaq.

Emin Əmrullayevin  Nazir postuna təyinatını uğurlu seçim hesab edirəm. Prezidentin videoformatda dediyi kimi  "Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır”.

Fürsətdən istifadə edib gənc nazirimizi bir daha təbrik edir, Dövlət başçısının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində ona uğurlar arzulayıram. Təhsil Nazirliyi yanında İctimai Şura olaraq təhsilimizin daha da inkişafına və  tərəqqisinə əlimizdən gələn dəstəyimizə heç bir şübhə ola bilməz”.


Axtarış
Xəbər lenti
Reklam