Murovun o üzü bizim vətəndir...

Tarix: 3-10-2020, 12:00 / Oxunub: 3161
 
 


 

"Dağıldı düşmənin dərəsi, bəndi, Murovun o üzü bizim vətəndir!" - sözlərimin qüvvəti var. Hazırda cəbhədə gərgin döyüşlər gedir. Murovdağı silsiləsində yerləşən düşmən postları dağıdılaraq, yüksəkliklər geri alınıb. Düşmənin təxribatları nəticəsində 27 sentyabrdan başlayan döyüşlərdə, düşmən tapdağı altındakı Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı və Aşağı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. 27 ildən sonra ilk dəfə müharibənin taleyi BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarıldı. BMT hər iki dövləti sülh danışıqlarına çağırsa da, hazırda müharibə davam edir. Ölkə rəhbərimiz, Ali Baş Komandan İlham Əliyev bilir ki, mənfur düşmənlə 27 ildir danışıqlar heç bir nəticə verməyibsə, artıq sülh haqda fikirləşməyin mənası yoxdur.

"Güc bir olsa dağ oynadar yerindən!" - qardaş Türkiyə hər zaman olduğu kimi bu gün də Azərbaycanın yanındadır, ona dəstəkdir. Bizə sadəcə mənəvi dəstək lazımdır. 9 milyonluq Azərbaycanın elə ən azı 3 milyonluq Ermənistan qədər ordusu var. Bu proseslərdə anladım ki, ermənilərin 3, bəzi yerlərdə 4 müdafiə xətti var. Birini yarıb keçirsən, onlar daha yüksəkdə olan 2-ciyə gedib oradan itirdikləri xəttə hücuma keçirlər. Fikirləşin post tutulub, bütün müdafiəsi Azərbaycan tərəfə hesablanıb, arxa tərəfdə heç kim yoxdur. O arxadan isə ermənilər hücum edir. Yəni ermənidən post almaqdan daha cətin bir şey varsa, o da həmin postu qorumaqdır. Qəhrəman ordumuz gücləndiyi mövqedən hücuma keçərək, bacardığı qədər çox düşmən texnikası məhv edir. Bu ordumuzda can itkisinin qarşısını alır. Stalin variantı "Za Rodinu" deyib irəliləsək, 3-4 günə həll edərik münaqişəni. Texnika məhvinə baxıram əladır, yaralı sayları günbəgün artır. Ermənistan iflic olub xaosa sürüklənməkdədir. Ermənilər hər zaman olduğu kimi öz xain planlarını ortaya qoyaraq dinc əhalini hədəf almaqda davam edir. Ağdərə istiqamətində düşmən çox ağır itkilər verib. 2 ay əvvəl Tovuz döyüşləri başlayanda hiss edirdim ki, Qarabağımıza qayıtmağa az qalıb. İndi 1992-1993-cü illər deyil, hal-hazırda Azərbaycanın peşəkar ordusu və prezidentimiz İlham Əliyevin güclü siyasəti var.

30 ildir bütün Qarabağlılar, o cümlədən, mən də öz ata-baba yurdumu görmək eşqi ilə alışıb yanırdım. Ağlamaqla dərdə çarə tapılmaz. Prezidentimizin də dediyi kimi, artıq bizim səbrimiz tükənib, biz sadəcə torpaqlarımızı istəyirik. Təbii, şəhidlərimiz də var. Bəzi hissləri sözlərlə ifadə eləmək mümkün olmur. Bəzən sözlər hisslərin ifadəsi üçün gücsüz olur, aciz qalır. Mənim də sinif yoldaşım bu müharibədə şəhidlik zirvəsinə ucaldı. Qəribə deyil mi? Bir neçə ay əvvəl gördüyüm adam indi dünyada yoxdur və heç bir zaman da gəlməyəcək. Yadımdadır, xəyalları var idi ki, əsgərlikdən gəldikdən sonra universitet üçün imtahan verəcək. Mənim üçün çox ağırdır bu mənzərə. Bir tərəfimdə sevinc, qürur hissi olsa da, digər tərəfim boğur məni. Dağ kimi oğullarımız şəhid olur.

Hələ şəhid analarının fəryadı... Tovuz döyüşləri zamanı şəhid gətirmişdilər yaşadığımız əraziyə. Şəhid anasının fəryad çəkərək, " Oğul, ay oğul, sən axı mənə söz vermişdin, sağ salamat gələcəkdin, atan kimi sən də tutmadın sözünü, o da şəhid oldu, sən də!" sözləri hələ də qulağımdadır. Torpaq qanla qarışanda vətən olur! İnanıram ki, qısa müddət ərzində bütün Qarabağ bizim olacaq. Döyüşlər zamanı diqqətimdən qaçmayan əsas məqam xalqımızın birliyi və döyüş əzmi idi. Əlindən heç nə gəlməyən insanlar belə, hər şey etməyə hazır idilər. Keçmiş döyüşçülərimiz bu gün də ordumuzun yanındadır. Ehtiyac duyulan təminatın çatdırılması, yaralıların təxliyyəsi və yerləşdirilməsi, şəhidlərin cənazələrinin ünvanlara çatdırılmasında keçmiş döyüşçülər də iştirak edir, bacardıqları qədər kömək göstərirlər. Əhalimizlə yanaşı qonşu dövlətlərdən də mənəvi köməklər əsirgənmir. Onlardan Azərbaycana dəstəyini nümayiş etdirəni də var, tərəfləri təmkinli olmağa dəvət edənlər də var. Bir neçə ölkə artıq Azərbaycana dəstəyini rəsmi şəkildə bildirib. Döyüşlər başlayandan bəri, Azərbaycana dəstəyini rəsmi şəkildə açıqlayan ölkələr Türkiyə, İsrail, Ukrayna və Pakistandır. Qeyd edim ki, biz Bakı Dövlət Universitetində çoxsaylı, Qarabağa aid tədbirlər, layihələr həyata keçirmişik. Ən böyük istəyim bu layihələrin elə məhz doğma yurdumuzda Füzulidə, Ağdamda, Laçında, ümumilikdə Qarabağda keçirilməsidir. Gələcək illərdə universitetimizin yeni filialının Qarabağda açılması da ən böyük arzumdur. Hazırda biz də arxa cəbhədə düşmənlə vuruşuruq. Həmişə olduğu kimi indi də düşmən tərəf dezinformasiya yaymaqda davam edir. Onların yalanını ortaya çıxarmaq da biz gənclərin üzərinə düşür. Əlimizdən gələni etmək üçün fasiləsiz çalışırıq. Eyni zamanda ordumuza, qeyrətli oğullarımıza və prezidentimizin qətiyyətli addımlarına inanırıq.

HƏR ŞEY VƏTƏN ÜÇÜN!

Samirə Novruzova,
BDU-nun Geologiya fakültəsinin tələbəsi


Axtarış
Xəbər lenti
Reklam