Kamal Abdullanın “Seçilmiş əsərləri”nin dördüncü cildi işıq üzü görüb

Tarix: 18-11-2020, 17:51 / Oxunub: 313
 
 


 


Xalq yazıçısı, akademik Kamal Abdullanın "Seçilmiş əsərləri”nin dördünücü cildi işıq üzü görüb. Kitab müəllifin "Qorqudnamə” adı altında birləşdirdiyi elmi, publisistik əsərlərdən bəzilərini əhatə edir. Bu cildə Kamal Abdullanın xalqımızın ana kitabı "Kitabi-Dədə Qorqud” dastanının gizli qatlarından dünya xalqlarının eposları ilə müqayisəli şəkildə bəhs edən "Gizli "Dədə Qorqud”, yaxud Mifdən Yazıya” kitabı, Dastanın poetik özəlliklərini elmi əsəslarla şərh edən fundamental "Kitabi-Dədə Qorqud” poetikasına giriş” monoqrafiyası, Azərbaycanşünaslığın "Dədə Qorqud” dastanında təzahürünü tapmış sosial, iqtisadi, etnik, dini, milli, siyasi köklərindən bəhs edən "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti və dastanla bağlı elmi-publisistik məqalələri, oçerkləri daxil edilib.

Bu cildə müəllifin Qorqudşünaslıqla bağlı həyata keçirdiyi geniş miqyaslı işlərin və araşdırmaların, o cümlədən, "Gizli "Dədə Qorqud” silsiləsinin yalnız bir qismi daxil edilib. Belə ki, akademik Kamal Abdullanın 1991-ci ildə çap olunmuş "Gizli "Dədə Qorqud” əsəri 1999-cu ildə əlavələr edilmiş və təkmilləşdirilmiş halda "Sirriçində dastan” və yaxud Gizli "Dədə Qorqud”-2” adı ilə yenidən nəşr edilib. Lakin bu kitabların heç biri IV cildə daxil edilməyib. Bu kitabların bütün elmi kvintessensiyası müəllifin IV cildə daxil edilən "Gizli "Dədə Qorqud”, yaxud "Mifdən Yazıya” (Bakı, Mütərcim, 2009) adlı monoqrafiyasında akkumulyasiya olunub.

Müxtəlif illərdə türk və rus dillərinə tərcümə olunaraq Türkiyədə və Rusiyada çap edilən bu silsilə kitabların mahiyyəti və əsas mövzusu "Kitabi-Dədə Qorqud” dastanının dərinində miflə yazının münasibətlərinin araşdırılmasından ibarətdir. Dastanın batinində gizlənmiş sirlər burada mifin gücündə və güzsüzlüyündə, həmçinin yazının mifə qalib gəlməsi, yaxud məğlubiyyəti kontesktində aşkarlanaraq oxucuya təqdim edilir. Oxucu dastanın zəngin iç dünyasına Kamal Abdulla təxəyyülünün qanaqdlarında səyahət edir, dastan mətninin öz sirrinin aşkar etməmək üçün büründüyü qatbaqat libası bütövlükdə öz təsəvvüründə canlandırır.

Kamal Abdullanın "Kitabi-Dədə Qorqud” poetikasına giriş” (Bakı, 2017) monoqrafiyası dünya kulturoloji fikrinin kontekstində yazılmış bir əsər kimi bu cilddə xüsusi yer tutur. Bu dərin elmi tədqiqat əsəri rus dilinə tərcümə edilərək "Введение в поэтику "Китаби-Деде Коркуд” (Москва, Художественная литература, 2018) adı ilə Rusiyada, türk dilinə çevrilərək "Dede Korkud Kitabı” Poetikasına Giriş” (İstanbul, Ötüken Basınevi, 2020) adı ilə Türkiyədə nəşr edilib. Bu monoqrafiyada qədim bir mətn nümunəsi olan "Kitabi-Dədə Qorqud” dastanı anaxro-nik mətn, bədiipoetik enerji, bədiipoetik yasaqlar, estetik poetiklik, autentik mif, mif dövrü, ibtidai sənətlərin və qədim mətnin formalaşma prosesi, birbaşa və məcazi məna sahələri, xaos-kosmos qarşıdurması kimi yeni termin və anlayışların orbitində qiymətləndirilir. Burada Dastanın mətni mifdən yazıya doğru müxtəlif tarixi və kulturoloji dövrlərin izlərini öz canında daşıyan anaxronik mətn kimi tədqiq olunur. Kamal Abdulla bu tarixi dövrləri mərhələlər kimi götürərək onları kulturoloji və estetik keyfiyyətlərinə görə də ayrıca təhlil edir. Bu elmi analizlərin nəticəsində oxucu "Dədə Qorqud” qəhrəmanlarının mənəvi-psixoloji və ictimai for-masiyasını mətnin dilindən verilən nümunələr əsasında tam təsəvvür edə bilir.

Akademik Kamal Abdullanın "ADA” Universitetində tələbələrə oxuduğu "Azərbaycanşünaslıq” mühazirələrinin əsasında hazırlanmış "Azərbaycançılıq və "Kitabi-Dədə Qorqud” adlı dərs vəsaiti IV cildin xüsusi bir bölməsini təşkil edir. "Dədə Qorqud” dastanında bəhs edilən Oğuz cəmiyyətinin sosial, iqtisadi, etnik, dini, milli, siyasi durumu və dövlətçilik düşüncəsi müstəqil Azərbaycanın əsas ideologiyası olan Azərbaycançılıq kontekstində təhlil edilir. Ulu öndər Heydər Əliyevin xalqımızın sahib olduğu qədim adət-ənənələr üzərində yaratdığı və bu gün

dünyada olan bütün azərbaycanlıları birləşdirən Azərbaycançılıq ideologiyasının ilkin rüşeymləri dastan mətnindən hasil edilir və oxucuya təqdim olunur.

Bu cildin son bölümünü təşkil edən məqalələr də birbaşa "Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı Kamal Abdullanın müxtəlif illərdə yazıb ölkəmizdə və xaricdə çap etdirdiyi dastan mətninin ayrı-ayrı problemlərindən bəhs edən elmi və elmi-populyar tədqiqlərdir. Bura həmçinin "Kitabi-Dədə Qorqud” ensiklopediyası”nda Kamal Abdullanın müəllifi olduğu ensiklopedik oçerklər də daxil edilmişdir. Hər bir oçerk dastan mətnində olan və ya mətni anlamaqda oxucuya kömək edən anlayışların əhatəli izahına həsr edilib.

Akademik Kamal Abdulla "Kitabi-Dədə Qorqud” dastanının universal şərhinə, ana abidəmiz olan dastanın dünyada tanıdılmasına təkcə elmi və bədii yaradıcılığında deyil, ictimai, həmçinin dövlət xadimi kimi siyasi fəaliyyətində də böyük yer verib. Belə ki, Kamal Abdulla "Kitabi-Dədə Qorqud” dastanının dünya xalqalarının eposları ilə birgə öyrənilməsi üçün "Kitabi-Dədə Qorqud” və "Nibelunqlar nəğməsi” adlı müqayisəli elmi araşdırmalar proyektinin əsas müəlliflərindən (Almaniyadan prof. Z.Hartman və prof. H.Buşhotenlə bir yerdə) və bu layihə çərçivəsində on il ərzində alman alimləri ilə bir yerdə ölkəmizdə və xaricdə həyata keçirilən konfrans, dəyirmi masa və nəşrlərin təşkilatçılarından biri olub.

Akademik Kamal Abdulla 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı xüsusi sərəncamdan irəli gələn tədbirlərin icrasına rəhbərlik edib. Bu cildin məqalələr hissəsində verilən yazı da məhz alman diplomatı və şərqşünası Fridrix fon Ditsin türk dünyası üçün gördüyü misilsiz fəaliyyətə müəllifin minnətdarlığının ifadəsidir.

Xalq yazıçısı Kamal Abdullanın çoxcildliyinin müxtəlif cildlərinə daxil edilən "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında yazılmış şeirlər, kiçik poemalar, esselər, hekayələr, romanlar, pyeslərlə yanaşı, bu istiqamətdə namizədlik və doktorluq dissertasiyalarına rəhbərlik etməsi, Qorqudşünaslıqla bağlı məruzələri, müsahibələri də, əslində, müəllifin dəyərli "Qorqudnamə”sinə daxil edilə bilər. Deməli, "Qorqudnamə” bu gün də davam edir desək, səhv etmərik. Məhz buna görə Kamal Abdullanın Qorduqşünaslıq istiqamətindəki titanik fəaliyyətini yüksək dəyərləndirən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Azərbaycan xalqının mühüm tarix və mədəniyyət abidələrindən olan "Kitabi-Dədə Qorqud” dastanının tədqiqindəki xidmətlərinə görə ona "Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adını vermişdir.


Axtarış
Xəbər lenti
Reklam