Azərbaycan haqqında danışarkən gözlərim dolur, çünki bizə qələbəni yaşadan şəhidlərimiz var” -Çinli Zeynəb-FOTOLAR

Tarix: 21-11-2020, 13:30 / Oxunub: 312
 
 


 

"Azərbaycan haqqında danışarkən gözlərim dolur, çünki bizə qələbəni yaşadan şəhidlərimiz var. Onların analarının, övladlarının, həyat yoldaşlarının nə çəkdiyini indi bilirəm. Allah şəhidlərimizin ruhunu şad etsin, yerləri cənnət olsun. O ki, qaldı qələbəyə.. Bu xəbərə həqiqətən də çox sevindim, çünki 16 ildir ki, mən burada yaşayıram. Bütün azərbaycanlılar kimi zəfər gününü şəhərdə qeyd etdim” 

Bu sözləri Moderator.az-a uzun illərdir ölkəmizdə yaşayan əslən çinli olan Zeynəb Çen bildirib. O Azərbaycana gəlişini də xatırlayıb.

"Mən 2005-ci ildə Azərbaycana gəlmişəm. Məqsədim Azərbaycandan Londona gedib, orda magistr təhsili almaq idi. Nədənsə alınmadı, bu səbəbdən də ölkənizdə qalıb oxumağa davam etdim. Qarşıma məqsəd qoydum ki, burda özümə iş quracam. Elə də oldu. Hal-hazırda kiçik bir bizneslə məşğulam. 2006-cı ildə mən islam dinini qəbul edib, müsəlman oldum. Lui adını Zeynəblə dəyişdirdim. Adımı da mən "Quran"dan seçmişəm. Başlanğıcda Azərbaycan dilində bu qədər gözəl danışmırdım, lüğətlər vasitəsilə dilinizi öyrəndim. 2 ay evdən çölə çıxmadım. İndi küçədə mənim dilinizdə sərbəst danışdığımı görüb təəccüblənirlər. Ölkənizi çox sevirəm, buranı özümə ikinci vətən hesab edirəm. Həyat təcrübəmi də burada qazanmışam” deyə bildirib.

O bizim mətbəximizdən tutmuş mədəniyyətimizə qədər Azərbaycanla bağlı olan hər şeylə yaxından maraqlanır. Zeynəb deyir ki, dilini və dinini dəyişmək istəyini ailəsinə bildirəndə valideynləri bunu çox normal qarşılayıb.

"Mən bu istəyimi onlara bildirəndə normal qəbul etdilər. Dedilər ki, həyat sənindir, necə istəyirsən elə də et. Bizdə dini azadlıq var. Kim hansı dini istəyir, onu da seçir”.

Koronovirus pandemiyasına görə o artıq bir ilə yaxındır ki, vətəninə gedə bilmir.  Müsahibimiz hələ uzun müddət ölkəmizdə qalmağı düşünür. Bəs görəsən Zeynəb azərbaycanlı bəylə ilə ailə həyatı qurmaq istəyirmi?

"Əlbəttə ki, təklif gəlsə razı olaram. Əsas odur insan adam olsun və xasiyyətimiz üst-üstə düşsün” deyə Zeynəb bildirib.

Əli Novruzəliyev       



Axtarış
Xəbər lenti
Reklam