“Cəbhə bölgəsində olarkən öz komandirimlə ailə həyatı qurdum, nişan almağı da mənə o öyrətmişdi” -FOTOLAR

Tarix: 21-11-2020, 14:00 / Oxunub: 312
 
 


 


"1992-ci ildə döyüşlər başlayanda televizorda tez-tez elan verirdilər ki, orduya qeyrətli oğlan və qızlar lazımdır. O vaxt hələ özünümüdafiə batalyonları yeni-yeni yaranırdı. Mən əslən Gədəbəyliyəm, bizim kəndimizə də o vaxt çox atırdılar. Bakıda işləyirdim, rəhmətlik Salatın Əsgərova da bizimlə birgə işləyirdi. Onu və digər iki iş yoldaşımı şəhid gətirmişdilər, bu mənə çox pis təsir etmişdi. Bundan başqa Xocalı faciəsi və qadınlarımızın ermənilərə əsir düşməsi də mənim vətən yaramı göynədirdi. Bizim qadınlarımız qorxunun nə olduğunu bilmirdi, hamısı qisas almağa gedirdi. Fikirləşmirdik ki, orada ölə bilərik, güllə dəyə bilər, əsir düşə bilərik. Bunları heç gözümüzün önünə belə gətirməmişdik”

Bu sözləri  keçmiş döyüşçü Nəzakət Məmmədova deyib. Müsahibimiz komandiri ilə cəbhə bölgəsində tanış olaraq ailə həyatı qurduğunu  bildirib.

"Orduya yollananda mən ailəli deyildim. Görürdüm ki, orda Nizami Bağırov adlı cəsur bir komandir var. Biz hələ nişan almağı, güllə atmağı bilmirdik. O komandir bütün qadınlar kimi mənə də silahı necə tutmağı, necə nişan almağı öyərdirdi. Sən demə o mənə həm də kənardan göz qoyurdu. Döyüş əmri verilən kimi oğlanlardan da birinci özüm gedirdim. O da təbii ki, mənimlə olurdu. Elə döyüş bölgəsində də evləndik. Toyumuza gələnlərin 90 faizi demək olar ki, həbçilər idi. Mən həm də tibb bacısı kimi orda fəaliyyət göstərirdim, yaralı əsgərlərimizin, hərbçilərimizin qulluğunda dayanırdım. O vaxt qadınların cəbhəyə getməsini hamı birmənalı qarşılamırdı. Hətta cəbhə bölgəsinə könüllü yollandığım üçün qardaşım bir müddət mənimlə danışmadı. Deyirdi ki, sənin orda nə işin var?  Mən sübut etdim ki, aslanın erkəyi kişisi olmaz. Həyat yoldaşımdan əlavə qaynım da bizlə birlikdə döyüşlərdə iştirak edirdi” deyə keçmiş döyüşçü Nəzakət Məmmədova bildirib.

Müsahibimiz bu gün döyüşlərdə  iştirak edə bilməsə də tez-tez əsgərlərimizlə görüşdüyünü, orduya dəstək aksiyalarına qatıldığını və şəhid ailələrinə baş çəkdiyini bildirib.



Axtarış
Xəbər lenti
Reklam