“Fransa senatının 30 il öncə ləğv olunmuş qurumu “tanıması” savadsızlıqdır”

Tarix: 28-11-2020, 09:00 / Oxunub: 317
"Özündən 24 yaş böyük olan, qoca müəllimini qəflətən sevərək evlənməsi  E.Makronun emosialarının təsirinə uyaraq belədüşünülməmiş  qərarlar qəbul etmək vərdişinə sahib olduğunu təsdiq edir...”
 


 
 
 
 
 
Hero Baby

 

Hamımız və hər birimiz ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin mübarizliyi, qətiyyəti və cəsarəti, milli ordumuzun qəhrəmanlığı, hər daş, hər qaya uğrunda apardığı ölüm-dirim mübarizəsi nəticəsində beynəlxalq təşkilatların, həmsədr ölkələrin az qala otuz ildə etmək istəmədiyi məsələni – Qarabağın erməni daşnaklarından, separatçılarından, terrorçulardan azad olunması kimi beynəlxalq və qlobal bir problemi qısa bir müddətdə uğurla həll etdi. Bu qələbə bütün Türk dünyasının sevincinə çevrildi. Uşaqdan böyüyə qədər hamı, xoşbəxt əhval-ruhiyyədə idi. Bu böyük sevinci qeyd etdiyimiz məqamda mənasız olsa da, bəd bir xəbər yayıldı: Fransa senatı qondarma "Dağlıq Qarabağ”ı tanıdı...

Bu xəbərin mahiyyətini, mənasını, nəticələrini bilənlər də, bilməyənlər də narahat oldular, üzüldülər, qələbə ovqatlarına, necə deyərlər, soğan doğrandı... Amma əslində nə baş verir? 

Beynəlxalq hüquqa görə "tanıma” - bir dövlətin başqa bir dövləti beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktdır. Əslində "tanıma” anlayışı bilavasitə, beynəlxalq hüquqi məsələ deyil. Çünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi və ya müvafiq olaraq, ikinci dövlətin tanımaq hüququ yoxdur. Bu da onu göstərir ki, "tanıma” dövlətin tam öz ixtiyarındadır və onu heç kim məcbur edə bilməz ki, yeni yaranmış dövləti və ya höküməti tanısın. Bir dövlət başqa bir dövləti və ya  onun hökümətini tanıyarkən öz siyasi və iqtisadi maraqlarını rəhbər tutur. Bu baxımdan, erməni lobbisinin həlledici rolu olduğu Fransa senatının” Dağlıq Qarabağ”ı tanıması, bir çox ciddi suallar doğurur. Tarixə və faktlara müraciət edək:

Fransa parlamenti qondarma "Dağlıq Qarabağ”ı tanıya bilərmi? Birmənalı şəkildə deyə bilərəm ki, tanıya bilməz və bu da, senatorların və onun təşəbbüsçülərinin vəzifə həddlərini açıq-aşkar aşmasıdır. Demokratiyanın, ədalətin, insan haqlarının qorunmasının tarixi carçısı olan Fransanın belə bir qərar qəbul etməsi, onun tarixi ənənələrinə sadiq qaldığını, bu ölkənin artıq erməni separatçılarının oyuncağına çevrildiyini, fransız senatorların satıldığını tam təsdiq edir. Yadınızdadırsa, hələ sabiq prezident Nikola Sarkozi də bu qəbildən olan qanunsuzluğa yol vermişdi. O, beynəlxalq hüquq normalarını tamamilə pozaraq, "erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanunu”n  qəbul edilməsi təşəbbüsçülərindən biri idi. Belə ki, ümumi cinayət hüquq nəzəriyyəsində cinayət qanununun zamana və məkana görə tətbiq olunma prinsipi kobud şəkildə pozulmuşdur. Bu prinsip, demək olar ki, dünyanın bütün müstəqil dövlətlərində, cinayət haqqında qanunlarda nəzərə alınmışdır. Bəşəriyyət tarixində ilk dəfə olaraq 9 dekabr 1948-ci ildə "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" BMT Konvensiyası qəbul edilmiş və bu konvensiya 12 yanvar 1951-ci ildən qüvvəyə minmişdir. Belə bir halda Fransa parlamenti qəbul etdiyi "Erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair" qanunu qəbul etməklə, cinayət hüququnun şərh edilən bütün prinsiplərini pozmuşdur. Belə ki, hələ genosid əməllərinin kriminallaşdırılması aparılmadığı bir dövrdə - 1915-ci ildə, başqa bir ölkənin - Türkiyənin ərazisində, guya törədilməsi ehtimal edilən əməlin soyqırım kimi tanınması və bunu inkar edənlərin cinayət məsuliyyəti daşıması barədə müddəalar həmin vaxtdan az qala yüz il keçdikdən sonra bu barədə qanun qəbul edilməsi tamamilə məntiqsiz və yolverilməz idi. Hansı əməlin cinayət olmasını hər bir ölkə öz sərhədləri daxilində özü müstəqil müəyyən etdiyi halda Fransa prezidenti Nikola Sarkozinin şəxsi maraqları üzündən, heç bir məhkəmənin və ya tribunalın fakt olaraq tanımadığı halda, "erməni soyqırımı"nın cinayət kimi tanınması və bunu inkar edənlərin məsuliyyət daşıması barədə təklifi, yalnız cəfəngiyyat kimi dəyərləndirilə bilər. Əməlin cinayət sayılması və həmin əmələ görə cəza verilə bilməsi, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilə bilər. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Beynəlxalq hüququn prinsiplərinə görə Türkiyə ərazisində törədilən hər hansı bir əməlin cinayət olub-olmamasını müəyyən etmək hüququ müstəqil dövlət olan Türkiyənin və onun məhkəmə orqanlarının müstəsna səlahiyyətindədir. Bu halda Fransanın yüz il əvvəl - 1915-ci ildə digər bir ölkənin - Türkiyənin ərazisində edilib-edilməməsini fakt olaraq hələ heç bir məhkəmənin və ya tribunalın tanınmadığı halda, Fransa parlamenti tərəfindən onun cinayət hesab edilməsi və insanların düşüncəsinə, fikrinə subyektiv olaraq yeridilməsi tamamilə qanunsuz və əsassız təşəbbüs idi. Ümumiyyətlə, "hakimiyyət bölgüsü" prinsipinə əməl etməyən Fransa parlamentinin məhkəmə və ya tribunalın qərarı olmadan belə bir tanımaya yol verməsi tamamilə qanunsuzdur. Belə təşəbbüslər və qərarlar ölkədə hüquq düşüncəsinin və ədalətin hansı səviyyədə olması barədə fikir yaradır, hakimiyyət bölgüsünün formal mahiyyət daşıdığını göstərir. Əslində bu, prezidentin, yaxud senatorların öz səlahiyyət hədlərini aşması kimi qiymətləndirilməli idi. Beynəlxalq və milli hüquqda qanunverici orqanın - parlamentin heç bir hüquqi əsas, dəlil, yoxlanılmamış və qiymətləndirilməmiş sübutlar olmadan, cinayət faktını məhkəmənin və ya tribunalın qərarı olmadan tanıması və bu barədə qanun qəbul etməsi qanunsuzdur və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin mənimsənilməsidir. Ümumiyyətlə, "Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" Konvensiyanın 9 dekabr 1948-ci ildə qəbul edildiyi və 12 yanvar 1951-ci ildən qüvvəyə mindiyi halda, bu Konvensiyanın 1915-ci ildə törədilməsi ehtimal edilən hadisələrə şamil edilə bilməsi absurddur, savadsızlıq əlamətidir. Çünki ağırlaşdırıcı hallarda qanunun geriyə qüvvəsi yoxdur və bu, tətbiq edilə bilməz.

Hüquqi dövlət prinsiplərinə görə, Fransanın konstitusiyası ümumi formal bərabərlik prinsipinə əsaslanır və azadlıq hüquqi icazə və hüquqi qadağalar üsulu ilə həyata keçirilir. Hüquqi icazə üsulu vasitəsilə həyata keçirilən hüquqi tənzimetmədə, icazə verilən azadlıqların məzmunu və həddi qanunla dəqiq müəyyən edilir. Hüquqi qadağa üsulunda isə insan hərəkətlərinin və münasibətlərinin ictimai təhlükəli anları qadağan edilir. Deməli, qanunda qadağan edilməyən hər bir şey müsbət hesab edilərək müdafiə olunur. Hüquqi qadağa üsulundan doğan ümumi hüquq prinsipi müasir dövlətlərdə ictimai həyatın çox dəbdə olan nizamlayıcı normasına çevrilmişdir. Bu mənada erməni soyqırımını tanımayan şəxslərin baxışlarına görə cinayət məsuliyyəti daşıması barədə Fransa parlamentinin qəbul etdiyi qərar insanları obyektiv fikir və düşüncəsinə görə cinayət məsuliyyəti daşıyacağı hədəsi ilə qorxutmaq deməkdir. Bu isə hüquqi dövlət prinsiplərinə tamamilə ziddir və heç bir hüquqi nəticə doğura bilməz. Belə halda Fransanın konstitusiya məhkəməsinin borcu və vəzifəsi həmin qanunun təxirə salınmadan qanunsuz olduğunu elan etməkdən ibarət olmalı idi... 

İndi qayıdaq yaxın günlərdə senatın "Dağlıq Qarabağ”ı tanımasına. Fransa senatının artıq bir sıra üzvlərinin bu qərara səs vermədiklərini bildirməsi səsvermənin E.Makronun həmfikirləri olan senatorlara təsiri ilə qəbul edildiyini tam təsdiq edir... 

Mən hələ bundan əvvəl dərc olunmuş məqalələrimdə dəfələrlə vurğulamışam ki, saxta yolla yaradılmış və Azərbaycan Respublikasının tərkibində uzun illər fəaliyyət göstərmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu və varlığı, ermənilər və onların havadarları tərəfindən, keçmiş SSRİ-nin ən yüksək qanunverici orqanı – SSRİ Ali Sovetinin 1989-cu ilin noyabr tarixli Qanunu ilə ləğv edilmişdir. Eləcə də vaxtı ilə onun statusunu müəyyən etmiş Azərbaycan Respublikasının Ali Soveti 26 noyabr 1991-ci il tarixli Qanunu ilə bu inzibati ərazi vahidini ləğv etmiş, ərazisini isə qonşu rayonlar arasında bölüşdürmüşdür. Bu da onu göstərir ki,  türk dünyasına özünü haqq-nahaq   düşmən kimi göstərməklə erməni varlılarının və separatçılarının məhəbbətini qazanmaq istəyən E.Makron özünü biabır, qərəzli və oyuncaq bir vəziyyətə qoyaraq otuz il əvvəl statusu ləğv edilmiş və artıq belə bir qurum olmadığı halda, onu tanımaqla özünü biabırçı vəziyyətə qoymuş və verdiyi öhdəlikləri yerinə yetirmişdir. Özündən 24 yaş böyük olan, qoca müəllimini qəflətən sevərək evlənməsi (baxmayarq ki, bu, onun hüququdur və biz bu hüquqa hörmət edirik) E.Makronun emosialarının təsirinə uyaraq, düşünülməmiş belə qərarlar qəbul etmək vərdişinə sahib olduğunu təsdiq edir. Heç şübhə yoxdur ki, bu kimi savadsız qərar qəbul edən senatın və senatorların E.Makronun özü kimi siyasətdə və beynəlxalq münasibətlərdə uğurları ola bilməz. Ermənistanın özünü belə tanımadığı otuz il əvvəl ləğv olunmuş muxtariyyətin erməni senatı tərəfindən qanunsuz tanınması onların bütünlükdə ermənilərə satılması artıq danılmaz bir fakta çevrilmişdir. Buna görə də hamını əmin edirəm ki, Fransa senatının qəbul etdiyi bu qərardan narahat olmağa dəyməz. Azərbaycan və Türkiyə birliyi düz yoldadır və erməni separatçıları öz taleləri haqqında nəhayət ki, ciddi düşünməlidirlər.  

Bəhram Zahidov,

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 
Milli Aerokosmik Agentliyinın Baş hüquq məsləhətçisi,
hüquq elmləri doktoru, professor


Axtarış
Xəbər lenti
Reklam