“Döyüşlərdə üç tələbəm iştirak edirdi, zəng vurub bağlantı yaradıblar, mahnı da oxumuşam...”

Tarix: 12-01-2021, 16:35 / Oxunub: 319
 
 


 

Xəbər verdiyimiz kimi Vətən müharibəsində düşmən üzərində əldə etdiyimiz qələbəmizə ürəkdən sevinən sənət adamlarımızdan biri də Əməkdar artist Zakir Əliyevdir.

 Z.Əliyev Moderator.az-a açıqlamasında rayonlarımızın işğaldan azad edilməsi xəbərini sevinc gözyaşları ilə qarşıladığını bildirib:

"Əlbəttə ki, 2020-ci ilin əvvəli çox çətin başladı, amma ilin sonu bizim üçün bir xalq olaraq çox müqəddəs, hamımıza başucalığı gətirdi. Torpaqlarımız işğaldan azad olundu, bizim əsgərlərimizin rəşadəti, sücaəti dillərdə dastan oldu. Heç bir əsgərimiz düşmənə arxa çevirmədi. Bir nəfər fərarımız yoxdur. Bundan böyük fəxarət ola bilməz. Dünya xalqlarının da hamısı Azərbaycanın necə böyük, qüdrətli bir xalq olduğunun şahidi oldu.  Ali Baş Komandanımızın rəhbərliyi və ordumuzun rəşadəti ilə Qarabağımızı işğaldan azad etdik. Allaha and olsun ki, bu hamımızın gözlədiyi bir gün idi. Biz hamımız Qarabağlı olduq, yumruq kimi birləşdik. Allah şəhidlərimizə rəhmət eləsin, analarına səbr versin. Şəhidlərimizin də ruhu şaddır, çünki əsgərlərimiz onların qanını aldı. Bununla yanaşı, Birinci Qarabağ savaşında şəhid olan qəhrəmanlarımızın da, Xocalının da qanı alındı. Bütün bunlar hamımızın iç dünyasına bir rahatlıq verir”. 

Z.Əliyev tələbələrinin də döyüşdə iştirak etdiyini və onlarla tez-tez əlaqə saxladığını bildirib:

"Mənim üç tələbəm döyüşlərdə iştirak edirdi. Hətta elə olub ki, zəng vurub bağlantı yaradıblar və əsgərlərimiz üçün mahnı da oxumuşam. Amma hələ ki, vəziyyətə görə Qarabağ bölgəsinə gedə bilməmişəm. Arzumuz odur ki, o torpaqların quruculuğunda hamımız iştirak edək”. 

Sənətçi rayonları işğaldan azad edilən həmkarlarını da telefon vasitəsilə təbrik etdiyini bildirib: 

"Cəbrayıl alınanda bizim gözəl kamança ifaçımız Xəyyam Məmmədovu təbrik etmişəm. Onda rayondan yol gəlirdim və eşitdim ki, Cəbrayıl işğaldan azad edilib və onda elə birinci Xəyyam müəllimə zəng vurdum. O, da ağlaya-ağlaya dəstəyə cavab verdi və mən də ağladım. Yəni ordumuz bizə elə bir fərəh hissi bəxş etdi ki, kövrəlməmək olmur. Zəngilan alınanda isə Almaz xanım Orucovanı təbrik etdim. O insanlarımız otuz ilə yaxındır ki, öz doğma yurd-yuvalarından didərgin düşüblər, ata-analarının məzarları o yerlərdə qalıb, amma ziyarət edə bilmirdilər. İndi bu günümüzə şükür edirik. İnşallah arzum odur ki, o yerlərimizə icazə veriləndən sonra mən də gedim. Neçə ildir ki, bu günü gözləyirdik”.


Axtarış
Xəbər lenti
Reklam