Tarixçi professor Xaləddin İbrahimli "AzPolitika.info”ya müsahibəsində Qarabağ ətrafında cərəyan edən proseslər, Rusiya və Qərbin planları, Rusiya-Ukrayna müharibəsinin mümkün nəticələrinin Cənubi Qafqazda hərbi-siyasi duruma təsiri barədə sualları cavablandırıb. Müsahibəni təqdim edirik:

Bir neçə gün əvvəl Azərbaycan Laçın yolunun girişində Ermənistanla dövlət sərhədinə nəzarəti təmin etdi. Bundan əvvəl isə Ermənistan müvafiq addım ataraq öz ərazisində sərhəd-nəzarət məntəqəsi qurub. Rusiya və Qərb Azərbaycanın bu addımını qınadı, habelə Kreml tələsik Qarabağdakı sülhməramlıların komandanını dəyişib onu daha yüksək rütbəli hərbçi ilə əvəzlədi. Bu hadisələri necə qiymətləndirirsiniz, bundan sonra bölgədə nələr ola bilər?

- Sərhədlərə nəzarət etmək Azərbaycan dövlətinin fövqəladə təbii haqqıdır. Sərhəd-nəzarət rejimi başqa qonşu dövlətlərlə necə tənzimlənirsə, Ermənsitanla da eynisi olmalıdır. Kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz torpaqlarının və əhalisinin təhlükəsizliyini təmin etməli və lazım olan addımları atmalıdır. İndiki addımlar 1991-ci ildə - müstəqilliyimiz bərpa olunduqdan dərhal sonra atılmalı idi. Ancaq Ermənistanın Rusiyanın təhriki və yardımı ilə Azərbaycan torpaqlarını işğal etməsi bu prosesləri gecikdirdi. İndi isə gecikmiş işin başa çatdırılması isqtiqamətində addımlar atılır. Rus silahlı qüvvələrinin bölgədəki komandanının dəyişdirilməsi isə heç nəyi dəyişməyəcək.

Sizcə, Qarabağdakı separatçı-cinayətkar rejim və onun silahlı dəstələrinin aqibəti necə olacaq? Bakı bölgənin demilitarizasiyası üçün hansı addımları atmalıdır? Paralel olaraq, Vaşinqtonun, Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları gedir. Hansısa irəliləyişlər gözləyirsinizmi? Bakı sərhədə nəzarəti təmin etdikdən sonra İrəvan reallıqla barışıb sülh müqaviləsində Qarabağa dair iddialarından geri çəkilə bilərmi?

- Bu məsələləri bir-birindən ayırmaqda fayda var. Qarabağdakı qanunsuz silahlı birləşmələrin ləğv edilməsi Rusiya ilə müzakirə olunmalıdır. Bu, ciddi problemdir və Moskvadan tələb olunmalıdır ki, 2020-ci ildə bağlanan üçtərəfli müqavilənin şərtlərini yerinə yetirsin, sülhü qorusun, ona təhdid yaradan qanunsuz silahlı dəstələri ortadan qaldırsın, sonda bölgə silahsızlaşdırılmış bir bölgə olsun. Onu da deyim ki, bu, Azərbaycanın daxili işidir, çünkü proses ölkəmizin ərazisində gedir. Ermənistan dövləti ilə sülh danışıqları isə fərqli məsələdir, xarici siyasətin predmetidir və bu prosesdə aktiv tərəf Qərbdir. Azərbaycan çalışmalıdır ki, Ermənistanla sülh danışıqları ilə Xankəndi arasında korelyasiya qurulmasın, hər iki məsələ ayrı - ayrılıqda həllini tapsın. Ermənsitan da, Qərb də buna cəhd edir və iki ayrı məsələ arasında bağ qurmaq istəyirlər. Paşinyanın siyasətindən də açıq görünür ki, Azərbaycanla Ermənistan arasında sərhəd rejiminin müəyyənləşdirilməsini Xankəndinə hansısa "status” verilməsi ilə bağlamaq istəyir və Qərbi köməyə çağırır. Eyni vaxtda Rusiyanın və İranın köməyindən də imtina etmək istəmir. Qərb Rusiyanın və İranın Ermənistan siyasətini bəyənir. Ancaq eyni zamanda, ipləri onların əlindən alıb öz əlinə keçirmək istəyir

Belə bir qənaət hakimdir ki, Rusiya-Ukrayna müharibəsində əhəmiyyətli dönüş olmasa, Cənubi Qafqazda vəziyyət dəyişməyəcək. Yaxın zamanlarda bu istiqamətdə hansısa ciddi dəyişikliklər gözləyirsizmi?

- Ukrayna-Rusiya savaşında əhəmiyyətli dönüş olarsa, nə ola bilər? Birincisi, Rusiya qalib gələrsə, Xankəndində və Qafqazın digər bölgələrində daha da güclənəcək. Onun 2025-ci ildə Azərbaycandan çıxması çətinləşəcək. İkincisi, Ukrayna qalib gələrsə, Ermənistana Qərbin təsiri artacaq və Xankəndində işlər daha da çətinləşəcək. Məncə, ən əlverişli vaxt indidir, Azərbaycan hökuməti Xankəndinə tam nəzarəti məhz indi, yəni bu qeyri-müəyyən durumda həyata keçirməli, bu ərazilərdə dövlət suverenliyini təmin etməlidir. Bu cür münasib tarixi fürsətin yaxın zamanlarda bir daha olacağına inanmıram.

Rusiya hərbi-siyasi elitasında Ukraynadakı müharibənin dayandırılmasının vacibliyi ilə bağlı rəylər çoxalır. Bu yaxınlarda "Vaqner” rəhbəri Priqojin də belə bir açıqlama ilə çıxış etdi. Ukraynanın gözlənilən əks-hücumundan sonra Kremldə nələr baş verə bilər? Ümumiyyətlə, yaxın dövrdə Rusiya üçün proqnozlarınız nədən ibarətdir?

- Rusya məğlub olub. Lakin bu məğlubiyyətin elan olunması, rəsmiləşməsi gecikir. Məncə, Putin və komandası müharibədən çıxmaq və postmüharibə dövründə özlərini qoruya bilmək üçün yollar axtarırlar.

Azərbaycanın müttəfiqi Türkiyədə "Akkuyu” Atom Elektrik Stansiyasının Açılışı oldu. Bu stansiya qardaş ölkəyə nə vəd edir?

- "Akkuyu” stansiyası Türkiyənin möhtac olduğu enerji probleminin çözülməsinə müsbət təsir edəcək. Atom enerjisi çox ucuz enerjidir və hələ bir müddət insanlar ondan istifadə etməli olacaq. Dünya nə zaman yayğın şəkildə alternativ enerji istifadəsinə başlasa, digər dövlətlər kimi Türkiyə Cümhuriyyəti də duruma görə hərəkət edəcək.

Rasim Əliyev


Xəbər verdiyimiz kimi, aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. 

Telefon danışığı zamanı nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər. Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Azərbaycan-İran münasibətləri hansı istiqamət götürə bilər?

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a açıqlamasında bildirib ki, ilk dəfə deyil İran xarici siyasət nümayəndələri gərginləşdirdikləri Azərbaycan-İran münasibətlərini müzakirə etmək üçün Azərbaycana müraciət edirlər.

0a959324a985517884afdc960998c02b.jpg (78 KB)

Siyasi şərhçi xatırladıb ki, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktını gerçəkləşdirmədən öncə belə danışıqlar cərəyan etməkdə idi: "Yəni İranın danışıqlara cəhd etməsi heç də gərginliyin azaldılmasında meylli olması anlamına gəlmir. Böyük ehtimalla Azərbaycana qarşı nümayiş etdirdikləri əzələ nümayişlərinin təsirlərini ölçməyə çalışırlar. Digər tərəfdən, İran xarici siyasət nümayəndələri bu müzakirələrdə səmimi olsalar belə, unudulmamalıdır ki, İranda xarici siyasət də daxil, artıq bütün sahələr tamamilə silahlı qüvvələrin (SEPAH-ın) əlinə keçib. SEPAH xarici siyasət bürokratiyasının iradəsinə 180 dərəcə zidd mövqelər də sərgiləyə bilir. Dolayısı ilə bu görüşlərdə İran tərəfinin səsləndirdiyi fikirlərə və verdiyi sözlərə etibar olunmayacağını Azərbaycan Respublikasının rəsmiləri çox yaxşı bilir.

İran öz cəmiyyətinin etnik quruluşundan dolayı Azərbaycan Respublikasının varlığını, inkişafını, güclənməsini öz varlığının davamına qarşı təhlükə olaraq görür. Hər vasitə ilə onun inkişafının və güclənməsinin qarşısını almaq istəyir. Bu baxımdan İranın Azərbaycana qarşı düşmənçilik münasibətinin bitəcəyini düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Zaman-zaman Azərbaycan cəmiyyətində "İran böyük dövlətdir, onu qıcıqlandırmamaq lazımdır” kimi fikirlərin səsləndirildiyinə də şahid olmuşuq. Birmənalı olaraq bilinməlidir ki, İran 30 ildən artıqdır Azərbaycanın çağdaş, insani dəyərlərə söykənən bir dövlət olmasından, demokratik inkişafından, müstəqil siyasət aparma iradəsindən, dini-məzhəbi, etnik qruplara qarşı tolerant bir cəmiyyət olmasından, dünya dövlətləri içərisində sayğılı yer tutmasından qıcıqlanmaqdadır. İranı qıcıqlandırmamaq üçün bunların hansından vaz keçə bilərik? Bunlardan vaz keçə bilməyəcəyimizə görə geriyə yeganə yol qalır – 40 milyonluq Güney Azərbaycan da daxil olmaqla, bütün imkanlarımızı, potensialımızı hərəkətə keçirərək, səfərbər edərək İranın müstəqilliyimizə, demokratiyamıza, çağdaş, insani dəyərlərə sayğılı cəmiyyətimizə qarşı hücumlarını dəf etmək. Bu halda İran öz çomağını gizlədəcək”.

 

Psixiatr: “Bir çox psixi pozuntular vaxtında aşkar edilmə və düzgün müalicə ilə aradan qaldırılır”

 

"Tez-tez ailə münaqişələrinin şahidi olan uşaqlarda daha çox psixi pozuntulara rast gəlinir. Belə uşaqlar depressiyadan, obsessiv-kompulsiv pozuntudan, təşviş pozuntusundan əziyyət çəkir, gələcəkdə isə onlarda şəxsiyyət pozuntusunun yaranması riski yüksək olur”.

Bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin psixiatrı Aydan Cabbarova nazirliyin mətbuat xidmətinə müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirİK:

- Aydan xanım, psixi sağlam insan olmağın əlamətlərinə nələr daxildir?

- Psixi sağlamlıq deyildikdə ilk növbədə şəxsin sərbəst şəkildə öz həyat fəaliyyətini dəstəkləməsi nəzərdə tutula bilər. Yəni, şəxs özünə qulluq etməyi bacarır, ətraf mühiti və özünü dərk edə bilir, davranışı ümumi qəbul edilmiş normalara müvafiq gəlir. Şəxs özünə və ətrafına zərər vurmamalı, təhlükəli olmamalıdır. Həmçinin, ünsiyyət yarada bilmək vacib məsələlərdən biridir. Belə ki, psixi cəhətdən sağlam şəxs təhsil aldığı, işlədiyi müəssisədə, məişətdə, ictimai yerlərdə gündəlik fəaliyyətini məhz ünsiyyət vasitəsilə asanlaşdıra bilir. Bu səbəbdən də psixi sağlamlığı ifadə edən xüsusiyyətlərdən biri nitq və ünsiyyət bacarığıdır. Yaddaş, əqli inkişaf, emosional sfera da psixi sağlamlığın göstəricilərindəndir.

Qeyd edim ki, bir çox psixi pozuntular vaxtında aşkar edilmə və düzgün müalicə ilə aradan qaldırılır. Bu gün psixi xəstəlik aşkar edilmiş şəxs müalicə aldıqdan sonra bir daha heç bir psixi pozuntudan əziyyət çəkməyə bilər. Belə olan halda keçmiş diaqnoz onun gələcəyinə təsir etməməli və həmin şəxs hər zaman psixi cəhətdən sağlam hesab edilməlidir.

- Ən çox rastlanan psixi pozuntu halları hansılardır?

- Ən çox rast gəlinən psixi pozuntulardan biri depressiyadır. Depressiyanın əsas əlamətləri daxili sıxıntı, narahatçılıq, bədbinlik, ümidsizlik, əhvali-ruhiyyənin enməsi, həyatdan həzz alma qabiliyyətinin azalması və ya itirilməsidir (anhedoniya). Depressiya zamanı adətən bu simptomlar da mövcuddur - konsentrasiyanın pozulması, yorğunluq və ya enerji çatışmazlığı, yuxu və iştahanın pozulması. İstər əsas xəstəlik kimi, istərsə də istənilən psixi pozuntu ilə müştərək şəkildə depressiya geniş yayılıb.

Bundan əlavə, tez-tez müşahidə edilən psixi pozuntulardan biri də bədən dismorfik pozuntudur. Bu psixi pozuntudan əziyyət çəkənlər vaxtının çoxunu öz bədən üzvlərini nəzərdən keçirməyə sərf edir, daim özlərində qüsur görür və onları düzəltməyə çalışırlar. Bu səbəbdən də ilkin olaraq belə şəxslər plastik cərrah və kosmetoloqlara müraciət edirlər. Lakin əsas xəstəlik psixi pozuntu olaraq qalır və xüsusi müalicə tələb edir.

- Uşaqlarda psixi sağlamlığın göstəriciləri nələrdir? Onların psixoloji cəhətdən sağlam olmaları üçün valideynlər nəyə diqqət etməlidilər?

- Uşaqlar hər zaman xüsusi diqqət ayırdığımız qrupdur, çünki onların psixi vəziyyəti ətrafda baş verənlərə qarşı olduqca həssasdır. Uşaqların təfəkkür və qavrama funksiyaları yetkin şəxsdəki inkişaf səviyyəsinə çatmadığı üçün onların sağlam mühitdə böyüməsi xeyli önəmlidir. Sağlam mühit dedikdə onların düzgün qidalanması, təhsil alması, ünsiyyəti və bu kimi bir sıra digər amillər nəzərdə tutulur. Psixi cəhətdən sağlam bir uşaqda məktəbdə bilikləri yaşın uyğun dərəcədə mənimsəmə, yaşıdları ilə adekvat ünsiyyət saxlamaq, ictimai yerlərdə davranış qaydalarına riayət etmək qabiliyyəti olmalıdır.

Tez-tez ailə münaqişələrinin şahidi olan uşaqlarda daha çox psixi pozuntulara rast gəlinir. Belə uşaqlar depressiyadan, obsessiv-kompulsiv pozuntudan, təşviş pozuntusundan əziyyət çəkir, gələcəkdə isə onlarda şəxsiyyət pozuntusunun yaranması riski yüksək olur. Buna görə də valideynlər uşaqlarını stres və problemlərdən mümkün qədər kənarda saxlamalı, onların fikrini təhsilinə, özünü inkişafa yönləndirməlidir.

- Çox vaxt depressiyada olan şəxslər psixiatr məsləhəti olmadan antidepressantlar qəbul edirlər. Bu cür dərmanların qəbulu hansı təhlükəyə səbəb ola bilər?

- Hazırda çox sayda antidepressant mövcuddur. Təəssüf ki, bir çox şəxslər antidepressantların yan təsirləri, fəsadları ola biləcəyi faktını nəzərə almır və təlimata uyğun olmayan şəkildə qəbul edirlər. Belə hallarda həm dərmana qarşı tolerantlıq yarana bilər, həm də yan təsirlər ciddi problemlərə yol aça bilər. Məsələn, antidepressantların əksəriyyəti qəbul olunduğu ilk günlər ərzində ürəkbulanma, başgicəllənmə, yuxululuq, bəzən həyəcan kimi əlamətlərə səbəb olur. Əgər psixiatr tərəfindən təyin edilmədən qəbul edilibsə, sözsüz ki, şəxs adıçəkilən əlamətlərlə bağlı suallarına cavab tapa bilmədiyindən dərmanı pərakəndə qəbul etməyə başlayır və ya dayandırır. Antidepressantı qəfil dayandırdıqda kəsilmə sindromu başlaya bilər. Bəzən əksinə, doza həddini aşırlar. Bu zaman serotonin sindromu kimi ciddi bir fəsadla üzləşirlər. Hər iki sindrom zamanı həkim nəzarəti mütləqdir.

Bundan əlavə, dərmanlara qarşı yüksək həssaslığı da diqqətdə saxlamaq lazımdır. Xüsusən allergiyalı şəxslər psixiatrın nəzarəti olmadan antidepressant qəbul etməməlidir. Eyni zamanda, ürək-damar xəstəlikləri olan insanlara antidepressant qəbul etmək tövsiyə edilmir. Qan və laxtalanma ilə bağlı patologiyası olan şəxslər də xüsusi diqqətli olmalıdır.

- Yaxınlarında psixi pozuntular hiss edən şəxs ilk olaraq kimə müraciət etməlidir?

- Psixi pozuntuları olan şəxslərin yaxınları əlamətlərin neçə vaxt davam etməsinə diqqət etməlidirlər. Əgər 2 həftədən çox müddət müşahidə etsələr, mütləq mütəxəssisə aparmalıdırlar. Psixoloji dəstək məqsədilə psixoloqa da müraciət etmək olar. Ciddi psixi pozuntu aşkar etdiyi halda psixoloq həkimə yönləndirəcək.

Qeyd edim ki, psixiatr və psixoloq müayinəsi hər zaman anonimlik şəkildə aparılır.

Türk-Çin Biznesin İnkişafı və Dostluq Assosiasiyasının prezidenti, jurnalist Adnan Akfırat Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Adnan bəy, artıq bir neçə ildir ki, Çində yaşayırsınız. Müşahidənizə görə, Çin xalqının Amerikaya, Qərbə, Türk dünyasına münasibəti necədir?

- Əvvəllər - 1992-2002-ci illər arasında Çində Amerikaya qarşı bir heyranlıq vardı. Məsələn, gənclər amerikalılara bənzəməyə çalışırdı, onlar kimi hərəkət edirdilər. Amma 2002-ci ildə Amerikanın Əfqanıstana hücumundan sonra  Çin xalqı Amerika mövzusunda oyandı. Bu gün Çin xalqı Amerikanı bir təhlükə olaraq görür. Çində "Amerika Çinin düşmənidir” mövzusundakı bir sorğunun nəticəsinə görə, demək olar ki, hər kəs həmfikirdir. Əvvəllər amerikalılar Çində rahat şəkildə hər yerə gedə bilirdi. Universitetlərdə dərs deyən müəllimləri, partiyalarda öz adamları vardı. İndi isə Çin dövləti bir intizam yaradıb. Amerikalıların dövlət qurumlarına, təhsil sahələrinə rahatlıqla girməsinin və manipulyasiya etməsinin qarşısını alıblar. Ən vacibi də bununla bağlı xalqı düzgün istiqamətləndirə biliblər. İndi burada avropalılar və amerikalılar kimi yaşamağa yanlış baxırlar, tutumlu olmağı, sadə yaşamaq kimi dəyərləri insanlara öyrədirlər.  
Çini Türkiyə və Azərbaycana qarşı bir təhdid olaraq göstərmək həqiqətə söykənə bilməz. Çinin güclənməsi Türk dünyasındakı ölkələrin daha da inkşafını sürətləndirəcək. Çünki bizlərə qarşı ən çox basqı Amerika, İngiltərə, İsrail kimi ölkələrdən gəlir. Türkiyə NATO-ya girdikdən sonra iqtisadi və siyasi müstəqilliyini demək olar ki, itirdi. Ona görə də müstəqil siyasət üçün özünə yeni müttəfiqlər tapmalıdır. Azərbaycan və ya Türkiyənin Çindən qorxmasına gərək yoxdur. Çinin güclənməsi bizim güclənməyimizə də xidmət edir.

 

- Çində xalq hakimiyyət qarşısında azad fikirlərini ifadə edə bilirmi, bunun üçün hansısa məhdudiyyətlər var?

 

- Mən on ildir ki, Çində yaşayıram. Çinin yarısından çoxunu gəzmişəm. Getmədiyim sadəcə dörd əyalət qalıb. Çində xalq hakimiyyətə qarışa, öz fikirlərini azad şəkildə ifadə bilir. Amma Qərb mediasında belə bir fikir var ki, Çin xalqının fikri sıxışdırılır, onları hakimiyyət dinləmir. Bu, tamamilə yanlışdır. Çində xalq təşkilatlanmış şəkildədir. Bu təşkilatlanma da seçimlə müəyyənləşir. Mən burada yeddi bloku olan məhəllədə qalıram, hər bir blokun öz nəzarətçisi var. Bunu da məhəllə sakinləri seçir. Bu idarəetmələr sayəsində Çin hazırki vəziyyətdədir, pandemiyanın qarşısını ala bildi. Çində səkkiz partiya var, amma Çin Kommunist Partiyası ən böyük partiyadır və iqtidarın əsas sahibidir. Burada ildə bir dəfə toplanma olur, qanun təklifləri verilir. Sovetlər zamanı istifadə olunan şura modeli tətbiq edilir. Amma Sovetlərdən fərqli olaraq bu şuralar canlıdır. İnsanlar gedib orada dərdlərini deyə bilirlər. Danışarsan deyə, səni həbsə atmaq kimi bir şey yoxdur. Düzdür, dövlət buna nəzarət edir, amma insanlar dövlət başçısının yanlışlıqlarını rahatlıqla deyə bilir. Bununla birlikdə Çin dövləti də sizi dinləyir. Hər hansısa bir vətəndaş doğru bir şey deyərsə, siyasi fikirlərinə baxmayaraq, dedikləri nəzərə alınır.

 

- Bəs Çində jurnalistika üçün hansı əngəllər var, jurnalistika xalqın təmsilçisi ola bilirmi?

 

- Hazırda Çində jurnalistika üçün bəzi əngəllər var. Bütün media demək olar ki, dövlətin nəzarəti altındadır, özəl jurnalistika Çində yoxdur. Qaynağı da çox çeşidli deyil, amma fikirlərini yaza bilirlər. Çin Kommunist Partiyası da çox canlı bir partiyadır, amma "bütün Çini parçalayaq, Çini sosializmdən kapitalizmə keçirək, Çin faşist olsun” kimi fikirləri yaza bilmirsiniz, bunlar qadağandır. Çin dövlət başçısını tənqid etmək, parçalanmasını müdafiə etmək də olmaz.

 

- Dünyada böyük qüvvələr Çinə qarşı birlik nümayiş etdirir. Avropa və Amerika Çinə qarşı birləşir. Biz deyə bilərikmi ki, gələcəkdə Amerikanın yerini Çin tutacaq?

 

- Amerika hazırda dünyanın "yaramazıdır”. Heç bir şey istehsal etmədən, dollar basaraq, qarşılığında dünyadan hörmət gözləyir.  Hamımız bu mövzuda Amerikaya xidmət edirik. Çinin güclənməsi ilə bərabər, Amerikanın dollar layihəsi də iflasa uğrayır. Çin beynəlxalq əlaqələrdə dolları istifadə etmir, öz bazarına buraxmır. Belə bir davranışı Rusiya da etməyə çalışır. Əslində Amerikanın qorxusunun səbəbi budur. Öz ağalığını davam etdirə bilməyəcək deyə, təzyiqlərə əl atır. Hazırkı  vəziyyətdə Amerika və Avropanın sistemi çökmək astanasındadır. Onların sistemi artıq gələcəyə bir ümid  daşımır, istehsal yox, insanlar narkotik, şiddət içindədir. Bu gün kapitalizm arxa-arxaya riskləri qarşılayır. Dünyaya qarşı etdikləri müharibələrin pulunu insanları aldadaraq, çıxarmağa çalışırlar. Bu sistem iflas etməkdədir. Ona görə də Çinlə yarışmağa çalışırlar. Ən son NATO Çinə qarşı birləşmişdi, amma düşünürəm ki, bunu tətbiq edəcək bir imkanı yoxdur. NATO həqiqətən də Fransa dövlət başçısı Makronun dediyi kimi "beyin ölümünü” gerçəkləşdirməyə çalışır. Hazırda ən böyük müttəfiqi olduğunu iddia etdiyi Türkiyəyə qarşı iddialar irəli sürür, PKK-ya silah verir. Belə anlaya bilərik, NATO-nun özünə bir dərmanı yoxdur ki, Çinə qarşı da nəsə etsin. Dünyanın azad, iqtisadi sahədə inkşaf etməsi üçün Amerika və İsraildən qurtulması lazımdır. Çin də bizə bu qurtulmanı həyata keçirmək üçün imkan yaradır.

 

- Sizcə gələcək sağlam dünya üçün ölkələr hansı sistemi tətbiq etməlidir?

 

- Hazırda sosializm Çinə aid bir sistemdir. Hər ölkə öz idarəetmə quruluşuna uyğun bir sistem yaratmalıdır. Birinin başqasını kopya etməsinin bir mənası yoxdur. Amma baxaq ki, hazırda kapitalizm insanları necə məhv edir.  Kapitalizmin əsası özəl mülkiyyətin müqəddəsləşdirilməsidir və insanlar şəxsi mənafeələri üçün hərəkət edirlər. Şəxsi maraqların cəmiyyəti bitirdiyini ən son virus mövzusunda gördük. Dünyada virusdan ən çox insan təlafatının olduğu ölkə Amerika və Avropa ölkələridir. Çində kollektiv bir sistem olduğu üçün çox böyük nəticələr əldə etdilər. Buna görə də gələcəkdə xalqı, insanı mərkəzə alan idarəetmə sistemləri olacaq. Özəl cəhdləri qadağan etmək doğru deyil, bu, rəqabəti azalda bilər. Amma planlı, xalqın ehtiyaclarını təməl alan sistem olacaq. Çünki bunu etməzsək, ölkələrin gələcəyi olmayacaq. O zaman dünyanın iqlim dəyişikliyi bütün dünyanı alt-üst edər. Ancaq belə bir anlayış içində öz maraqlarını yox, dünyanı, insanlığı, təbiəti düşünən sistemlər qurmalıyıq. Həyat bizi buna məcbur edəcək.

 

- Son prosesləri izləsək, görərik ki, NATO Türkiyəni hədəf alıb. Bundan sonra Türkiyə nə etməlidir, Çin kimi bir güclə birləşə bilərmi?

- Amerika hazırda Türkiyəni silahla təhdid edir. Türkiyənin bu təhdidləri aradan qaldıra bilməsi üçün bəzi ölkələrlə işbirliyi içində olması lazımdır. Amma bunu da bilməliyik ki, qarşımızdakı düşmənlər də böyükdür. Buna görə də Türkiyənin onların gücləri ilə mübarizə apara biləcək birlik yaratması lazımdır. Bunlar isə Rusiya və Çindir. Buna görə də həmin ölkələrlə əməkdaşlıq etməlidir. Çünki Türkiyə zərər görərsə, həmin ölkələr də bundan ziyan ala bilər. Burada təbii ki, Azərbaycan da pis nəticələr əldə edə bilər. Türkiyə əslində indi Şanxay Əməkdaşlıq Təşkilatına qoşula da bilər. Bu da Türkiyənin Hindistanı, Asiyanın digər ölkələrini yanına çəkməsinə yardımçı olacaq. Hazırda Türkiyə NATO-da olan siyasi hadisələri izləyir, orada qərarlar səs çoxluğu ilə verilir.  Mənim gördüyüm NATO toplanıb, sonda Türkiyəni qrupdan atacaq. Onların siyasətlərinin birləşməsi bundan sonra mümkün deyil. Bizim hansı silahı alacağımıza NATO qərar verir, düşmənimizə silah verir, Yunanıstanı Türkiyəyə qarşı edir. Türkiyə bu vəziyyətdə azad siyasət yeritmək üçün Çin, İran və Rusiya ilə birləşməlidir.


- Çində yaşayan Uyğur türklərini ziyarət etmisinizmi, vəziyyət Qərb mediasında canlandırılan kimidir?

 

- Mən həmin bölgəyə ilk dəfə 2004-ci ildə getmişəm. İndiyə qədər isə 21 dəfə ziyarətim olub. Bunu deyə bilərəm ki, bu bölgələr Çinin ən böyük əyalətidir, amma böyük bir hissəsi dağlar və çöldür. Bir tərəfində Əfqanıstan, bir tərəfində isə Qırğızıstan, Qazaxıstan var. Qırğızıstanda da uyğurlar yaşayır. Biz ilk gedib Qırğızıstandakı uyğurları, sonra Çində yaşayan uyğurları ziyarət etsək, görərik ki, arada yüz il fərq var. Buna həm iqtisadi, həm də insani dəyişiklik daxildir. Çin çox irəlidədir. On il əvvəl mən həmin yerlərə gedəndə yoxsul bir bölgə idi, şəhərlər kirli idi. İndi isə başqa bir şəhərlə qarşılaşdım, insanların yaşayış səviyyəsi artıb. Çində yoxsulluğu bitiriblər, yoxsul əhali artıq yoxdur. Gəzdiyimiz bir neçə yerdə də onlar üçün ayı-seçkilik yoxdur. Çinin Milli Bankının adını belə iki dildə yazıblar. Metroya minirsən, həm uyğur, həm də Çin dilində anonslar verilir. Amma insanlar təqib edilir. Bunun da səbəbi Çin hökümətinin terror təşkilatlarına qarşı çox ciddi izlənmə başlatmasıdır.  Həmin bölgədə yeddi dildə televiziya yayımı verilir, məscidlər açıqdır. Onlar barədə deyilən xəbərlərin çoxusu yalandır.

 

- Dünyada belə bir fikir formalaşıb ki, Çin bilərəkdən koronavirusu yayıb, Çin xalqı bu barədə nə düşünür?

- Çində virusa ilk yoluxma Vuhan əyalətində qeydə alınmışdı. Əslində Çində bütün araşdırmalar göstərdi ki, Vuhan əyalətinə virusu amerikalı əsgərlər gətirib. 2019-cu ildə keçirilən hərbi tədbirlərlər zamanı oraya gələn amerikalı əsgərin müalicə olunduğu dövlət tərəfindən rəsmi qeydə alınıb. Bu virusun Çinin yaydığı xəbərləri tamamilə yalandır.


Nərmin Səfərova: "Səlis nitq uğurunuzun zəmanətidir”

 

Son illər uşaqlar arasında nitq probleminin kifayət qədər aktuallaşdığı, bu problemin xeyli sayda valideyni narahat etdiyi hər kəsə məlumdur.

 

Moderator.az olaraq tanınmış defektoloq-loqoped Nərmin Səfərova ilə müsahibəmizdə bu problemi doğuran səbəblərlə yanaşı, onu ortadan qaldırmağın yollarını müzakirə etməyə çalışdıq.

 

-Nərmin xanım, ilk öncə bilmək istərdik ki, nitq ləngiməsi nədir və onun doğuran səbəblər hansılardır?

 

-Nitq ləngiməsi uşağın nitqinin yaş səviyyəsinə uyğun olmaması və nitq inkişafı baxımından yaşıdlarından geri qalması halıdır. Nitq ləngiməsi zamanı bunun zamanla həll olmasını gözləmək və ya bu halı genetika ilə əlaqələndirib (atası, əmisi və.s. də gec danışıb) mütəxəssisə müraciət etməmək olmaz. Çünki uşağın nitqinin inkişafı üçün aktual dövrlər erkən yaşlar hesab olunur. Nitqin ləngiməsi uşaqda başqa problemlərin yaranmasına gətirib çıxara bilər. Əqli gerilik də bunlar arasındadır. Təfəkkür və nitq bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Nitqin ləngiməsi öz növbəsində təfəkkürün də inkişafını ləngidir. Bununla yanaşı, nitqin olmaması aqressiyanın da yaranmasına səbəb olur. Fikrini sözlərlə ifadə edə bilməyən uşaq gərginləşir və vurma, ağlama, özünü yerə çırpma kimi davranışlar nümayiş etdirir. Nitq ləngiməsi uşaqların sosial münasibətlərinə də mənfi təsir göstərir. Danışa bilmədiyi üçün digər uşaqlar onlarla oynamaqdan imtina edə bilərlər. Nitq ləngiməsini yaradan səbəblərə isə bətndaxili problemlərin olması, ananın hamiləlik dönəmində yaşadığı stressi, oksigen çatışmazlığını, ananın keçridiyi infeksion xəstəlikləri aid etmək olar. Bunlarla yanaşı, uşağın nitq inkişafı zamanı uşqlara laqeyd davranma (telefon, televizor verilməsi), valideyn tərəfindən pedaqoji baxımsızlıq, uşaqla uşaq dilində danışmaq və s. də ünsiyyətsizliyə gətirib çıxardır və nəticədə hər hansı uşağın nitqi yaşıdlarından gecikmiş sayılır.

 

-Bəzi valideynlər övladlarının danışmamasına, yaxud nitqindəki problemlərə görə narahat olmur, buna "zamanla düzələn” problem kimi baxırlar. Məlum problemi zamanın öhdəsinə buraxmaq, bunun zamanla həllinə ümid etmək nə dərəcədə məntiqlidir?

 

-Təəssüf hissi ilə bildirməliyəm ki, nitq problemləri hal-hazırda dövrümüzün ən qlobal məsələsinə şevrilmişdir. Lakin buna baxmayaraq bəzi valideynlərimiz vardır ki, bu problemləri problem kimi görmür, zamanla düzələcəyini düşünürlər. Əgər bir uşağın 3 yaşı varsa və hələ də yalnız "baba”, "nənə” kəlməsindən başqa heç nə söyləmirsə, artıq valideyn həyəcan təbili çalmalıdır. Çünki bu sahə həm uzunmüddətli, həm də səbr tələb edən bir işdir. Valideyn uşağın bu yaşında narahat olmursa, məktəbəqədər və ya məktəb yaş dövründə uşağın necə çətinlik çəkəcəyinin şahid olacaqdır. Bu, özünü psixoloji hal kimi də büruzə verəcəkdir. Nitqi gecikmiş uşaqlarda məktəb yaş dövründə mütləq ki, hər hansı səs problemləri qalacaqdır. Bu halın yaranmaması üçün vaxtında mütəxəssisə müraciət etmək vacibdir.

 

- Uşaq hansı yaşda danışmalıdır, yaxud uşağın hansı yaş həddinə çatdığı təqdirdə danışmaması valideyni narahat etməlidir?

 

-Uşağın nitqi yaşlıların nitqinin təsiri altında formalaşır və həyatının ilk günlərindən başlayaraq nitq praktikasından, normal nitq mühitindən, təlimindən və tərbiyəsindən asılı olur. Nitq anadangəlmə olmur. O, uşağın ümumi inkişafının göstəricisi olaraq fiziki və əqli inkişafla paralel ontogenez prosesində inkişaf edir. Tədqiqatçılar uşaqların nitqinin təşkkül mərhələlərini müxtəlif cür adlandırırlar və hər mərhələdə müxtəlif yaş həddi göstərirlər. Leontyev uşaqların nitqinin təşəkkülünü 4 mərhələyə ayırmışdır. 1-ci hazırlıq mərhələsi – 1 yaşa qədərki dövrü əhatə edir. 2-ci mərhələ kiçik məktəbəqədər mərhələ - dilin ilk mənimsənilməsi müddətidir və 3 yaşa qədərki dövrlə məhdudlaşır.  3-cü mərhələ məktəbəqədər mərhələ-7 yaşa qədər olan dövrü əhatə edir. 4-cü isə məktəb dövrüdür.

 

Baxın, 1-ci mərhələdə, yəni uşaq anadan olduğu andan etibarən 1 yaşına qədər olan dövrdə nitqi mənimsəməyə hazırlıq prosesi egdir. Səs reaksiyaları yaranır: çığırtı, ağlamaq. Bunlar insanın nitq səslərinə çox uzaq olsa da, artikulyasiya aparatının 3 şöbəsində çox incə və müxtəlif hərəkətlərin inkişafına kömək edir. Təxminən 2 aylığında uğultu, 3 aylığında vağ-vuğ başlayır. Bunlar qeyri-müəyyən səs birləşmələridir. Zaman keçdikcə, ay ötdükcə artıq uşaqların səslərində müxtəlif növ dəyişikliklər rast gəlmək mümkündür.

 

2-ci mərhələdə söhbət kiçik məktəbəqədər yaş dövründən gedir. (1 yaşdan 3 yaşa qədər olan dövr). Uşaqda ilk sözün yaranması ilə nitqin hazırlıq mərhələsi tamamlanır və aktiv nitqin təşəkkülü mərhələsi başlayır. Bu vaxt uşaqda ətrafdakıların artikulyasiyasına xüsusi diqqət yaranır. O, danışanı çox həvəslə təkrarlayır. Bu zaman körpə səsləri qarışdırır, yerlərini dəyişdirir, təhrif edir.

 

Kiçik məktəbəqədər yaş dövründə uşaqların söz ehtiyatının artması hqqında çox geniş yayılmış məlumatı nümunə gətirə bilərik: 1 yaş 6 ay 10-15 söz, 2 yaşın sonu – 300 söz, 3 yaşda – 1000 söz, 4-6 yaşlı uşaqlara 3000-4000 söz çatır.  Bu dövrdə fonematik qavrama çox təkmilləşir. Əvvəlcə sait və samit səsləri, sonra kar və cingiltili, daha sonra fısıltı və fısıltılı səslər formalaşır. 4 yaşına qədər uşaq bütün səsləri differensialaşdırmağa çalışır. Və təbii ki, həm də fonematik qavrama tam formalaşmış olur.

 

Uşaqların ümumiyyətlə nitq inkişafı prosesinin vaxtında və düzgün keçməsi üçün müəyyən şərtlər lazımdır. Bunlara aşaıdakılar aiddir.

 

1.Psixi və somatik cəhətdən sağlam olmalıdır.

2.Normal əqli qabiliyyəti olmalıdır.

3.Eşitmə və görməsi normal olmalıdır.

4.Lazımınca psixi aktivliyə sahib olmalıdır.

5.Nitq ünsiyyətinə tələbatı olmalıdır.

6.Sağlam nitq mühiti olmalıdır.

 

- Nərmin xanım, bu gün uşaqlarla, onların nitq problemləri ilə məşğul olan mərkəz və mütəxəssislər kifayət qədər çoxdur. Lakin reallıq bundan ibarətdir ki, onların heç də hamısı yüksək xidmət ortaya qoymur. Sizcə valideyn övladının nitq probleminin həllinə kömək edəcək mütəxəssis və ya mərkəz seçəndə hansı amilləri nəzərə almalıdır?

 

- Təəssüf ki, hal-hazırda çox bu sahəyə uyğun olmayan, daha çox biznes xatirinə çalışmaq istəyən insanların sayı çoxalıb. Təbii ki, valideynlərə keyfiyyət daha önəmlidir. Mən hər zaman valideynlərə bildirirəm ki, çalışın bu sahənin əsl mütəxəssisinə müraciət edin, araşdırın və ucuz reklamın qurbanı olmayın. Qeyri-mütəxəssisə üz tutanda təbii ki, həm valideyn, həm də uşaq zaman itirmiş olur. Bu isə uşağın gələcək inkişafında çox mühüm rol oynayır.

 

- Nitq problemi olan uşaqların müalicəsində loqopedlə yanaşı, valideynlərin üzərinə hansısa öhdəliklər düşür? Bu məsələdə mütəxəssis-valideyn əməkdaşlığı nə dərəcədə önəmlidir?

 

-Bu sual ətrafında çox geniş müzakirələr aparmaq mümkündür. Əgər bir uşağın nitqi problemlidirsə, bu uşaq haqqında düzgün anamnez toplanıb qərar verilməlidir. Bizim işimiz bir çox sahələrdə vəhdət təşkil edir və sıx bağlıdır. Valideyn bilməlidir ki, mütləq şəkildə nevropotoloq müayinəsi, psixoloq müayinəsi və sonra qərarən düzgün verilməsi üçün loqoped müayinəsi vacibdir. Nitq problemlərinin arxasında mühüm səbəblər dayana bilər. Belə olan təqdirdə valideynin uşaqdan müsbət nəticə alması mümkündür.

 

Hər zaman bildirirəm ki, ən yaxşı mütəxəssis ananın özüdür. Ana+loqoped birgə iş prosesi aparırsa, iş müddəti uzanmaz və uğurlu inkişaf təmin olunar. Ev tapşırıqları vacibdir və ona mütləq əməl edilməlidir. Əziz analar, unutmayın, səlis nitq uğurunuzun zəmanətidir! Bu yolda çalışan bütün valideynlərə səbr arzulayıram.

"Taliban”ın bütün ölkəni ələ keçirmək ehtimalı böyük deyil", - deyə  ABŞ prezidenti Co Bayden iyulun 8-də məlumat vermişdi. Amma cəmi bir ay sonra, avqustun 15-də hərəkat dəstələri Kabilə daxil oldu. Keçmiş hökumət üzvlərinin, amerikalılarla əməkdaşlıq edən əfqanların və taliblərin hakimiyyəti altında yaşamaq istəməyən adi insanların Əfqanıstanın paytaxtından xaotik qaçışı başladı.

2016-18-ci illərdə Rusiyanın Kabildəki səfirliyinin birinci katibi, 2019-cu ildə BMT-nin Əfqanıstandakı missiyasının baş siyasi müşaviri işləmiş Vasili Kravtsov "Arqumentı i faktı” qəzetinə verdiyi müsahibədə taliblərin ölkəyə nəzarəti niyə bu qədər tez ələ keçirdiklərini izah edib. Moderator.az həmin söhbəti oxucularına təqdim edir.- Vasili Borisoviç, hökumət ordusuna nə oldu? Niyə Amerika yönümlü rejim bu qədər tez çökdü?

- May ayına qədər "Taliban” hərəkatında 45 min silahlı var idi. Mayın sonu-iyunun əvvəlində bu rəqəm 80 minə çatdı.Bu qüvvə reallıqda Amerikayönlü siyasi rejimi devirməyə qadir deyildi.

Amma buna baxmayaraq, "Taliban” hücumu planlaşdırırdı. Bu əməliyyatı sona çatdırmaq üçün bölgədə fəaliyyət göstərən bütün beynəlxalq terror təşkilatları "Taliban” qüvvələrinin maraqlarına tabe olaraq gücləndirilmək üçün onlara təhvil verilmişdi: qondarma "Ubeyda Karvanları" hərəkatı - "İslam Dövləti”nin birləşmiş qərargahı, "Əl-Qaidə” və "Taliban". Bu hərəkətin ilk əlamətlərini keçən ilin iyun ayında ABŞ, NATO və BMT-nin 29 fevral 2020 ci ildə Dohada Əfqanıstanda tam və qeyd-şərtsiz təslim olma aktını imzaladıqdan qısa müddət sonra gördüm.

Və keçən ilin iyun ayından etibarən bu "Ubeyda Karvanları" bir-birinə yaxınlaşaraq taktiki planı razılaşaraq tərtib edirdilər. Bu ilin iyun ayına qədər onlar artıq birgə fəaliyyətə tam hazır idilər. İslam Dövləti və "Əl-Qaidə” Filippindən Mərakeşə qədər bütün müsəlman ölkələrindən silahlıları toplayaraq Əfqanıstana göndərdi. Əməliyyatda əvvəlcə əyalətləri, sonra isə ölkənin əyalət mərkəzlərini ələ keçirən əsas aparıcı qüvvə məhz bu xarici muzdlular idi. Deyə bilərik ki, diplomatiya taliblərə qələbə qazandırdı. Onlar hücum planlarına yardım barədə digər terror qrupları ilə razılığa gələ bildilər.

- Amerikalılar və Əfqanıstan hökuməti "Taliban” qüvvələrinin güc topladığından şübhələnmirdilər?

- Rusiya və Çini sıralarına qəbul etməyən Qərb ölkələrini təmsil edən "dünya birliyi" kifayət qədər zəif kəşfiyyat qabiliyyətinə malik idi. Əfqanıstanda terror yolunda nələrin baş verdiyindən xəbərsiz idilər.

Ardından hadisələr Baydenin Amerika qoşunlarını bölgədən təcili olaraq çıxarması ilə davam etdi. Bu mövzu dərhal səsləndirilmədi. Vaşinqton NATO tərəfdaşları ilə müzakirələr apardı. NATO və İngiltərə əleyhinə oldu. Merkel də sona qədər əleyhinə çıxdı. Sonda Bayden heç kimlə və hətta Pentaqonla belə məsləhətləşmədən Amerika qoşunlarının bölgədən təcili çıxarılmasını elan etdi. Bu əməliyyat zamanı hər şey ortada qaldı. Məsələn, Əfqanıstan qoşunları amerikalıların Baqramdakı nəhəng bazanı tərk etdikləri barədə xəbərdarlıq belə etmədilər. Amerikalılar uçandan sonra oradakı hərbi texnika talan edildi. Bu, əfqanlar üçün son dərəcə ağır idi, çünki böyük miqdarda silah, döyüş sursatı, hərbi texnika və hətta qutulara yığılmış Amerika pilotsuz uçuş təyyarələri "Taliban”ın əlinə keçdi. Kifayət qədər vaxt olmasına baxmayaraq, çıxarma əməliyyatı qətiyyən düşünülməmişdi.

Bunun nəticəsini indi görürük, ümidsiz əfqanlar ölkədən uçmaq və "Taliban”dan qaçmaq üçün şassidən yapışırlar. Bu, sovet qoşunlarını geri çəkmək əməliyyatı fonunda xüsusilə ziddiyyətli görünür. Əllərində qaldırılmış bayraqlarla ölkəni mütəşəkkil şəkildə tərk edən əsgərlərimizin çıxarılması və ya tanklardan yapışaraq onları aparmağı xahiş edən əfqan qaçqınların geri çəkilməsi ilə bağlı heç bir problemimiz olmadı. Çünki geridə qoyduğumuz hökumət canlı idi və bizsiz daha bir neçə il duruş gətirdi.

- Görünür, amerikalılar Kabilin bir neçə gün ərzində alınacağını gözləmirdilər. Niyə belə oldu?

- Kabilin başına gələnlər Ağ evin təhriki ilə oldu. Nə "Taliban” 14-15 avqustda Kabili ələ keçirməyi planlaşdırırdı, nə də hökumət və amerikalılar onu təslim edəcəklərini düşünmürdülər.

Avqustun 14-də müvəqqəti hökumətin qurulduğu və onun nəzdində 10 aylıq barışığın elan edildiyi bir sxem razılaşdırıldı. Şərtlərə görə, bu müddət ərzində "Taliban” silahla Kabilə girə bilməz. Onlar şəhərə yalnız silahlarını təhlükəsizlik postuna təhvil verərək daxil ola bilərlər.

Ertəsi gün Bayden Vaşinqtonda Əfqanıstanla əlaqədar təcili toplantı keçirdi. Və bu görüşdə heç kimlə razılaşmadan (axı onlar möhtəşəmdilər, niyə də kimlərləsə məsləhətləşməlidilər) Kabil hava limanına amerikalıların və guya onlarla əməkdaşlıq edən əfqanların çıxarımasını təmi etmək üçün göndəriləcək desant kontingentinin üç mindən beş minə qaldırılmasına qərar verildi.Sonradan bu say altı minə çatdırıldı.

Taliblər çaşqın vəziyyətdəydi. Necə olur ki, min dörd yüz Amerika vətəndaşını təxliyə etmək üçün altı min dəniz piyadası lazım gəlir? Bir nəfərin təxliyyəsi üçün beş desant? "Taliban” bunu təhdid kimi qəbul etdi. Onlar hesab etdilər ki, amerikalılar Kabili nəzarətə götürmək və taliblərin ora girməsinə mane olmaq və eyni zamanda amerikalıları çox da qane etməyən müvəqqəti hökumətin qarşısını almaq istəyirlər. Belədə "Taliban” birləşmələrinə dərhal Kabilə doğru irəliləməyi əmr etdi.

Artıq şənbə günü axşam ilk dəstələr təhlükəsizlik postlarını əzib keçərək şəhərətrafı ərazilərə daxil oldular. Şəhərdə qarışıqlıq başladı. Nəticədə bütün hökumət qüvvələri postlarını və silahlarını tərk edərək qaçmağa başladılar.

Vəziyyəti "CNN”-in bazar günü günün sonuna qədər ilk beş min amerikalı əsgərin bölgəyə atılması ilə bağlı xəbəri qızışdırdı. Bu, "Taliban”ın narahatlığını daha da artırdı. Təəccüblüdür ki, Ağ evdə altı min desantın atılması haqqında məlumatın mediaya sızdırılmaması lazım olduğunu deyə biləcək bir adam tapılmadı. Əgər bu məlumatlar mediaya sızmasaydı, onlar gəlib hava limanına yerləşdirilər və bundan sonra artıq orada olduqlarını elan edərdilər. Amma sonda nə baş verməliydisə, o da oldu.

İndi isə Əfqanıstanda baş verənlər istər-istəməz radikal islamçılığın artmasına səbəb olacaq. İrandakı İslam inqilabında olduğu, Kabilə mücahidlərin gəlişi kimi. Bu, qaçılmazdır. "Taliban”ın oradakı kimsə üzərində deyil, ən möhtəşəm hərbi güc üzərində qələbəsi, şübhəsiz ki, bütün müsəlman aləmində radikal islamçılığa təkan verəcək.

Tərcümə və təqdim etdi: Miraslan

"Xosrov və Şirin"in aktyorundan şok etiraf: "Poemanı oxumasam da..."Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə əməkdaşlığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilən "Xosrov və Şirin” bədii-serialı çəkilir.

Serialda Xosrov obrazını canlandıran model Rüstəm Cəbrayılov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Rüstəm bəy, "Xosrov və Şirin" serialının çəkilişləri başlayıb. Çəkilişlər necə davam edir?

- "Xosrov və Şirin" serialı 12 seriyadan ibarət olacaq. Çəkilişlərimiz fərqli məkanlarda - Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində və s. baş tutur.

- Serial təklifini necə qarşıladınız?

- Çox məsuliyyətli bir işə razılıq verdiyimin fərqindəyəm. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını müasir tərzdə təqdim edəcəyik. Hadisələr bu gün ilə səsləşəcək. Yəni "Xosrov"un müasir obrazını təqdim edəcəyik.

- "Xosrov və Şirin" poemasını nə zaman oxumusunuz, əsər əsasında çəkilən serialda nələri görəcəyik?

- "Xosrov və Şirin" poemasını oxumamışam. Ssenari ilə tanış olmuşam.

Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında sonluq faciə ilə bitir, qəhrəmanlar Xosrov, Şirin və Fərhad ölür. Amma serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev ssenariyə dəyişiklik ediblər. Filmdə tarixi obrazlarda çıxış edirik. Serial təkliflərini qəbul etmirdim, çünki Azərbaycanda serial sahəsi yaxşı deyil. Amma bu komanda çox peşəkardır.

- Tərəf müqabiliniz Kəmalə Piriyeva Şirin obrazını canlandıracaq. O, necə tərəf müqabilidir? Çəkiliş zamanı hər hansı problem yaşayırsınızmı?

- Kəmalə Piriyeva çox gözəl aktrisadır. Konkret işini bilən bir insandır. Tərəf müqabillərimin hər biri çox peşəkar insanlardırlar. Düşünürəm ki, ortaya çox yaxşı iş qoyacağıq. Amma serial sahəsi bir az çətindir. Çünki hər hansı məkan götürülür, 15 epizod çəkilir. Epizod həmin gün ərzində çəkilməlidir, ona görə ağırdır. Bu serial film kimi çəkilir. Serial üzərində çox professional kollektiv çalışır. Hələ ki uyğunlaşmağa çalışırıq. Çəkiliş meydançaları tez-tez dəyişir, məkana uyğunlaşmaq və s. Məsələn, daş karxanasında çəkilişlərimiz olub, çöllük, günəş, toz-torpaq və s. Dünən çəkiliş zamanı nə qədər toz udmuşam. Düşünürəm ki, "Xosrov və Şirin" Azərbaycanda çəkilən ən professional seriallardan biri olacaq.

- Sizi model kimi tanıyırıq, necə düşünürsünüz, "Xosrov" obrazının öhdəsindən gələcəksinizmi?

- Mən dörd filmə çəkilmişəm, yaxın zamanlarda təqdim ediləcək. Filmlər 20 Yanvar faciəsi, Xocalı faciəsindən bəhs edir. Filmlər hələ ki, təqdim edilmədiyinə görə Azərbaycanda aktyor kimi tanınmıram. Ona görə serial təklifini qəbul etdim, özümə kənardan baxmaq istədim.

- Azərbaycanda yazıçı Elçinin "Mahmud və Məryəm" romanı əsasında eyniadlı film çəkildi. Film tənqidlərə məruz qaldı. Sizcə, bu serialla bağlı da tənqidi fikirlər ola bilərmi? Obrazınız necə qarşılana bilər?

- Mən kino sahəsindən təklif gələn zaman kastinqdə iştirak etmirəm. 16 ildir ki, bu sahədəyəm. Tənqidi normal qarşılayıram, təhqiri yox. Tənqidi fikrin də olması normal haldır. Bəzi insanlar paxıllıq hissindən doğan fikirlər bildirirlər. Bunu da anlamağa çalışıram.

- Sizi Xosrov kimi sizi qəbul edəcəklərmi?

- Kim məni görürsə, hamı deyir ki, Xosrov obrazı sənin üçündür. Bu obrazda sənin kimi insan təsəvvür edirdik. Mənim qazancım o qədər deyil. Yaxın günlərdə Maliyyə naziri Samir Şərifov parlamentdə deputatların suallarını cavablandırırkən Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrıldığını və nəticədə keyfiyyətli kino əsərlərini görmədiyini bildirib. Bəlkə bu serialdan sonra bu sahəyə baxış dəyişəcək.

Serial təklifini qəbul etməkdə məqsədim odur ki, "Xosrov və Şirin" uğurlu alınsa, bu sahədə davam edəcəyəm. Uğurlu alınmasa, film və serial sahəsindən gedəcəm. Görək necə olacaq?!

- Toy mərasiminiz nə zaman baş tutacaq?

- İyulun 9-da toyun olacaq. Mərasim məkanların birində baş tutacaq və 100-ə yaxın qonaq dəvət etmişəm. Toyum qanunlar çərçivəsində olacaq.



Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev Moderator.az-ın suallarını cavablandırıb.
 
- Əliqismət müəllim, bu gün sizin doğum gününüzdür. Sizi kollektivimiz adından ürəkdən təbrik edirik. Adətən doğum günlərinizi necə qeyd edirsiz?
- Məsələ elə gətirib ki, ad günlərimdə mən hər zaman işdə olmuşam. Axşamlar isə ad günümü ailə üzvlərimlə birlikdə qeyd etmişəm. Heç vaxt, nə 50, nə 60 yaşımda, nə də sonrakı illərdə böyük əhatədə doğum günü keçirməmişəm. Sadəcə olaraq doğmalarım, ailə üzvlərimlə bir yerdə olmuşuq. Bu mənim üçün ən böyük hədiyyə olub.
 
- Bəs ümumiyyətlə sizin üçün bu günün özəlliyi nədir?
 
- Bu günün heç bir özəlliyi yoxdur, sadəcə olaraq yaşın üstünə yaş gəlir. Övladlarım bu günü çox sevinclə qeyd etməyə çalışırlar. Təbii ki, mən də onların sevincinə şərik oluram. Özüm üçün heç bir sevinc kəsb etmir.
 
- Geriyə dönüb baxanda hansı illəri xatırlayıb, hansını xatırlamaq istəmirsiz?
- "Xatırlamaq istəmirsiz” deyiləcək bir şey yoxdur. Xatırlamaq istəmirsənsə demək ki, hələ də xatirindədir. O ki, qaldı xatırlamaq istədiyim illərə , mən belə düşünürəm ki, atalı-analı günlərimdə daha çox xoşbəxt olmuşam. Allaha min şükür, övladlarım, nəvələrim var, hərəsinin öz yeri, öz sevgisi var, hərəsi ilə bir başqa cür nəfəs alıram. Amma geriyə dönmə şansım olsa hərhalda valideynlərimə görə geri dönərəm.
 
- Sizin atanız Hümmət Lalayev Salyanda ziyalı şəxs, ictimai-siyasi xadim olub. İstərdim o illərdən danışaq.
 
- Mən Salyanda çox gözəl bir ailədə böyümüşəm. Atam Hümmət Mədət oğlu Lalayev Salyanın ən tanınmış ziyalılarından, ən tanınmış xeyriyyəçilərindən biri olub. Onun haqqında yazılan kitablardan birində belə qeyd edilir ki, salyanlıları müharibədə aclıqdan  qurtaran  şəxslərdən biri və birincisi Hümmət Lalayev olub. Müharibə illərində onun Salyanda 3-4 vəzifəsi olub, hərbi komissarlığa - müharibəyə  çagırış  komissiyasina  rəhbərlik   edib , eyni zamanda  çörək zavodunun direktoru  olub. Çörək zavodu bilirsiniz müharibə illərində nə deməkdir?  Atam sonra şəhər sovetinin sədri, rayon ticarət təşkilatının - raykom ittifaqın rəhbəri, rayonlararası satış  bazasının direktoru olub. Baza 17 rayonu əhatə edib. Bir ucu Astara,Yardımlı, Lerik digər ucu da Fizuliyə qədər. Həmin rayonların rəhbərləri atama hər zaman diqqətlə, sevgi ilə yanaşıblar. Mən onun dəfnini xatırlayıram, bütün rayonların partiya katibləri hamısı gəlmişdilər. Biz atamızla həmişə fəxr etmişik, o zaman da, elə indi də. Salyanda onun adına küçə var, övladlarımla, nəvələrimlə o küçədən çox böyük qürurla keçirik. Düşünürəm ki, hər bir övlada belə valideyn nəsib olmur. Hamı onu rəhmətlə, böyük sevgi  ilə xatırlayır.
 
- Bəs ailədə neçə övlad olmusuz?
 
- Ailədə 6 övlad - iki qardaş, dörd bacı olmuşuq. 18 il atamın övladı olmayıb. Sonra mənim anamla ailə həyatı qurub və  biz olmuşuq.
- Deməli atanız iki dəfə ailə həyatı qurub.
 
- Bəli. Biz gözümüzü açıb elə atamın birinci xanımını da evdə görmüşük. Əsl adı da Xanım idi. Bəy qız idi. Çox böyük insan idi. Bizi analığımız böyüdüb. Biz onda bilmirdik analıq və ana kimdir? Bizim evimiz demək olar ki, ailənin, nəslin ocağı olub. Bütün əmi, bibi, dayıuşaqlarım hamısı bu evdə böyüyüb. Hamısına da analığım baxıb. Sonuncu da bizə baxıb. Biz ona həmişə Püstə demişik. Rəhmətlik bizi  cox  sevirdi. Eyni zamanda mənim anam - Əzizə anam da əsl xanım-xatun olub.  Qayğımızı analığım çəksə də dərslərimizlə, tərbiyəmizlə anam məşğul olurdu.
 
- İncəsənətə, teatra sizdə necə həvəs yarandı?
 
- Salyanda yaşayanda bizim evə çox ziyalı insanlar gəlirdi, onlar da gəldikləri evdə ən azı oturub  bir tikə  çörək kəsirdilər. Ola bilməzdi ki, Salyana elə bir incəsənət xadimi gəlsin, bizim evdə qonaq olmasın. Mən çox gözəl xatırlayıram ki, qonaq gəlirdi, böyük süfrələr açılırdı. İncənət adamları ilə hər görüş məni teatra, incəsənətə yaxınlaşdırırdı. Mən də  qonaqlar üçun gözəl şeirlər deyirdim. O zamanlar dram dərnəklərinə gedirdim,  tamaşalarda iştirak edirdim, müxtəlif rollarda çıxış edirdim.
 
- İlk çalışdığınız sənət ocağı səhv etmirəmsə Naxçıvan  Dövlət Musiqili Dram teatrı olub.
- Öncə mən Naxçıvanda Mədəniyyət Nazirliyində çalışırdım, orda işləyə-işləyə eyni zamanda teatrda da fəaliyyət göstərirdim. Teatrda əvvəl aktyor, sonra isə rejissor kimi fəaliyyətə başladım. Mən indi də xatırlayıram ki, rejissoru olduğum tamaşaların bir çoxuna görə böyük mükafatlar  almışdım. Çox uğurlu tamaşalarım var idi.
 
- Hətta indi xalq artisti adını almış bir çox aktyorlar ilk dəfə məhz sizin tamaşalarda səhnəyə çıxıb.
 
- Bəli, sizin yaxşı tanıdığınız Xalq artisti Naibə Allahverdiyeva  peşəkar  səhnədə  ilk rolunu məhz mənim quruluşumdakı tamaşada oynayıb. Bundan başqa Xalq artistləri Rövşən Hüseynov, Kamran  Quliyev, Həsən Ağayev, Yasəmən Ramazanova, Bəhruz Haqverdiyev, Şirzad Abutalıbov və başqa  aktyorlar da  ilk rollarını  mənim quruluşumdakı tamaşalarda oynayıblar. Mən Naxçıvanda İbrahim ve Zəroş Hemzəyevlər, Zemfira Əliyeva, Bəxşi Qələndərli, Əkbər Qardaşbəyov, Aydın Şahsuvarov, Sofya Hüseynova, Roza Cəfərxanova kimi böyük sənətkarlarla  işləmişəm, onlardan çox şey öyrənmişəm. Naxçıvan teatrı mənim üçün əsil Akademiya  olub.
 
- Yəqin ki, o illərin daha çox xiffətini çəkirsiz.
- Mən çox duyğusal  adamam, amma geriyə baxmağı sevmirəm. Artıq o  illər yaşandı getdi. Naxçıvan mənim arzularımın və gəncliyimin şəhəri oldu. İndi o illər və Naxçıvan  mənim üçün  ayrılıq  dənizindəki uzaq, yaşıl  adadır. 
 
- Azərbaycan teatrında Hüseyn Cavidin obrazını da ilk dəfə siz yaratmısız. Təbii ki, daha sonra digər teatrlarda da bu obraz oynanıldı. Sizin Hüseyn Cavidiniz nəyi ilə seçilirdi?
 
- Sözün düzü, digər teatrlarda mən Hüseyn Cavidin obrazını görməmişəm. İlk dəfə olaraq bu obrazı biz səhnəyə gətirdik. Naxçıvanda Hüseyn Cavid poeziya teatrında "Mənim tanrım gözəllikdir, sevgidir” tamaşası hazırlandı və bu tamaşa ədibin 100 illiyinə həsr olunmuşdu. Bu o zaman idi ki, Hüseyn Cavidin nəşi  Azərbaycana gətirilib, Naxçıvanda dəfn olunmuşdu. Hüseyn Cavidin qızı Turan Cavid atasının obrazını mənim  ifaımda görəndə göz yaşlarını saxlaya bilmədi. Onun dediyi  "Əliqismət, sən şəhanəsən”- sözlərini  indi də yaxşı  xatırlayıram. 
 
- Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktorusuz. Yəqin ki, aktyor və rejissor olduğunuza görə onları daha yaxşı başa düşürsüz.
- Mən həmişə tapşırılan vəzifənin öhdəsindən layiqincə və ləyaqətlə gəlməyə çalışmışam. Çiynimdə olan məsuliyyətin nədən ibarət olduğunu  hər zaman  yaxşı bilirəm, işimə məsuliyyətlə yanaşıram. İndi  gördüyüm  bu işlərin nəticəsi olaraq kollektivim mənim həm yaradıcılığımda, həm rəhbər kimi fəaliyyətimdə hansısa nüansları  qiymətləndirirlərsə, dəyərləndirirlərsə demək ki, mən o məsuliyyətdən doğan işin öhdəsindən gəlmişəm. Başqa deyə bilmərəm ki, elə edirəm, belə edirəm. Mən heç bilmirəm necə edirəm?! ( Gülür  ). Onu bilirəm ki, gördüyüm iş teatrın inkişafına, təbliğinə, kollektivimizin  yenidən formalaşmasına səbəb olur. Bu teatr artıq 15 il bundan öncəki Musiqili Komediya Teatrı deyil,  Akademik Musiqili Teatrıdır. Həm repertuarı ilə, həm  kollektivi ilə. Təbii ki,  teatr köhnə ənənələrin üzərində formalaşıb. Bu teatrda görün kimlər  çalışıb?!Biz bu gün onların varisləriyik. Varis kimi də ümidləri doğrultmağa çalışırıq.
 
- Bəzən insanlar deyir ki, heyf deyildi Muskomediyanın o vaxtkı tamaşaları? Gedib baxırdıq. Amma bəlkə də bir çox tamaşaçılarım xəbəri yoxdur ki, teatrda bu gün də bir-birindən maraqlı tamaşalar hazırlanır. Bu fikrə münasibətiniz necədir?
 
- Bu sualın cavabını artıq siz özünüz verdiniz. Onların həqiqətən də teatrda gedən prosseslərdən xəbərləri yoxdur. Bu gün teatr haqda pis fikir yaradan insanlar var. Söhbət təkcə Akademik Musiqili Teatrdan getmir. "Azərbaycanda teatr yoxdur” sözünü o insanlar işlədir ki, onlar heç vaxt teatrda olmayıb, tamaşalara baxmayıblar, aktyorları tanımırlar. Onlar televiziyadan - daha çox seriallardan qəbul ediblər teatrı. Düşünürlər ki, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Lütfəli Abdullayev  var idi, amma bu gün onlar yoxdur. Bəli, bu gün adını sadaladığım sənətkarlar həyatda deyil. Amma bu gün bizim teatrda da tanınmış simalar var, Bəşir Səfəroğlu yoxdursa, Afaq Bəşirqızı,  İlham Namiq Kamal var. Nə qədər cavan, gənc aktyorlarımız var ki, onların tamaşalarında teatrallar ön sırada əyləşib, onları sevgi ilə  izləyirlər. Kim ki, teatrı sevir, teatra gəlir, onlar üçün teatr yaşayır. Kim ki, teatra getmir, teatr haqda ümumiyyətlə heç bir informasiyası yoxdur, onlar üçün təbii ki, teatr yoxdur!
 
- Özünüz bəs seyirci qismində hansı teatrlara gedirsiz?
 
- Tamaşaçı qismində mən daha çox  Akademik Milli Dram Teatrına gedirəm. Təbii ki, bu da ondan irəli gəlir ki, o tamaşalarda oynayan, bu gün teatrın aparıcı siması olan sənətkarların demək olar ki, əksəriyyəti ilə bir vaxtda oxumuşuq. Bəzən eyni tamaşaya 3-4 nəfərdən dəvət alıram.
 
- İstərdim teatrın pandemiya, daha sonra isə müharibə illərindəki fəaliyyətindən danışaq.
 
- Pandemiya dövründə teatr bağlananda öncə çox çaşqınlıq içərisində qaldıq ki, necə olacaq, nə  təhər olacaq? Pandemiyanın çox gözəl cəhəti oldu ki, biz texnologiya ilə, texniki vasitələrlə işləməyi öyrəndik. Hazırda rejissor Cavid İmamverdiyev teatrda "Bəxtiyar” tamaşasının məşqlərini də onlayn həyata keçirir. Bundan başqa 44 günlük müharibəmiz bizim millətin, xalqın başına elə tac qoydu ki , bunu  sözlə  ifadə  etmək də asan məsəle  deyil. Ali Baş Komandanımız İlham Əliyevin və müzəffər ordumuzun xalqımıza  başucalığı gətirən qələbəsı, 44 günlük müharibənin zəfərlə başa çatması bizim yaradıcılığımızda  artıq ilkin rüşeymlərini göstərdi. Biz müharibə mövzusunda müəyyən  video- çarxlar etdik, "Döyüşən teatr" adında film hazırladıq. Bizim teatrımızda çalışan işıqçımız Əliağa Məmmədov da şəhid oldu. Ona ithaf etdiyimiz "İşıq adam” filmi sosial şəbəkələrdə boyük maraqla qarşılandı. Bundan başqa , Xocalı və 20 yanvar faciələrinin ildönümü münasibəti ilə video -çarxlar lentə aldıq. Teatr kino təşkilatı deyil, filmlər çəkməklə məşğul olan yaradıcı kollektiv deyil, amma hər  halda bizim düşündüyümüz layihələrin müəyyən parçaları burada öz əksini tapdı. Biz öz studiyamızı yaratdıq, texniki vəsaitlər, ləvazimlar aldıq. Çəkiliş üçün nə lazımdırsa bu studiyada cəmlənib. Bunların hamısı ona xidmət edirdi ki, biz tamaşaçı ilə ünsiyyətimizi itirməyək, tamaşaçımız bilsin ki, biz fəaliyyətdəyik, varıq. Təbii ki, çox istəyirik ki, teatrlar açılsın, tamaşaçılarla görüşək. Çox istəyirik ki, həkimlərimizə,  qalib əsgərlərimizə - qəhrəmanlarımıza aid tamaşalarımız olsun. İndiyə qədər teatrlarda Qarabağ mövzusuna  həsr olunmuş əsərlərimiz var idi, amma qalib əsgər  obrazımız yox idi. Qalib əsgər yoxdursa nə ilə öyünə bilərdik?! Qələbə bizim deyildi!Amma müharibənin ilk günlərində, artıq 2-3 rayon alınanda teatrımızın xoreoqrafı Emin  Əliyev "Qalib əsgər” xoreoqrafik kompozisiyanı hazırladı. Bu gunlərdə pandemiya və müharibə günlərində teatrda  aparılan işlərdə fəal iştirak edən heyəti müxtəlif nominassiyalar üzrə mükafatlandırdıq. Biz inanırıq ki, bundan sonra da teatrımızdakı yeniliklərlə tamaşaçılarımızın  görüşünə gələcəyik.
Bakıda bu xəstəxanada pasiyentləri itlər müalicə edir:
İtlərlə müalicə - yəni kanisterapiya dünyada geniş yayılıb. Nə qədər qəribə səslənsə də bu müalicə üsulunda xəstələri itlər müalicə edir. Ölkəmizdə 1 saylı Respublika Psixioterapiya xəstəxanasında bu müalicə üsulundan çox istifadə edilir.
 
Xəstəxananın həkim-psixiatrı Ayşən İsgəndərova  sualları cavablandırıb.
 
- Ayşən xanım, sizin 1 saylı Respublika Psixiatriya xəstəxanasında itlərlə müalicə üsulu tətbiq olunur. Bu müalicəni ölkəmizdə ilk siz tətbiq etmisiz. Məqsədiniz nə idi?
 
- Bu kanisterapiyanı (itlərlə müalicə üsulu) bizim xəstəxanamızda tətbiq edəndə əvvəlcə heç bir məqsədim yox idi. Çox anidən baş verdi. Biz kollektivlə iş arxasınca getmişdik, yolda mənim qarşıma bir balaca it balası çıxdı. Mən sözün düzü ondan qorxub çəkindim ki, küçə itidir, onu qovmağa başladım. Lakin mənim bu itə çox yazığım gəldi, çünki heyvan heç yerə getmirdi, gözü ilə mənə baxırdı. Qərara gəldik ki, biz bu balaca iti bir-iki günlük şöbəmizə gətirib, ona yem verək, bir az özünə gəlsin. Çünki çox arıq idi. Bu heyvanı şöbəyə gətirdik, qulluq etdik və bir həftə sonra mən pasiyentlərdə bir dəyişiklik hiss etməyə başladım. Gördüm ki, pasiyentlərimizin hamısı heyvanla maraqlanır, biri gəlib soruşur, o biri gedir, bu cür müşahidələr etdik. Mən gördüm ki, bizim pasiyentlərimiz çox sevinir  və bir həftədən sonra qərar verdik ki, bu iti şöbə daxilində saxlayaq. Mən bundan sonra internetdə baxıb maraqlandım ki, ola bilərmi ki, adi bir heyvan insanların ruhi vəziyyətinə təsir etsin? Mən bu metodikanı internetdə aşkarladım və gördüm ki, bu xüsusən də ruhi xəstələrə çox müsbət təsir göstərir, bunu başladım yavaş-yavaş öz xəstəxanamızda tətbiq etməyə. Bizim cəmiyyətdə ruhi xəstələri adi xəstələrdən ayırırlar və həmçinin də sahibli itlərlə, sahibsiz itlərə münasibət eyni deyil. Buna görə də düşündüm ki, bu iki kontingent bir-birinə mütləq şəkildə kömək, dayaq və sevgi verməlidir, ona görə də bu metodikanı yaratdıq. Hal-hazırda bu iki kontingent bir-birinə kömək edir, özlərini tənha hiss etmirlər. Artıq onlar dostdurlar, sirdaşdılar. Heyvan ruhi pasiyenti, ruhi pasiyent də heyvanı necə varsa elə də qəbul edir.
 
- İtlərlə müalicə üsulundan daha çox kimlər yararlana bilər?
 
- Kanisterapiyadan bir neçə qrup pasiyentlər müalicə alır. Məsələn ürək-damar sistemində problemi olanlar, kimdəsə infarkt varsa, xüsusilə də yaşlı pasiyentlərə bu metodika yaxşı təsir göstərir. Bu cür pasiyentlərdə fiziki reabilitasiya çox yaxşı olur. O insanların daim təmiz havada itlərlə təmasda olmaları mütləqdir. Xüsusən bizim ruhi pasiyentlərimiz kanisterapiya müalicə qrupuna daxildir. Belə pasiyentlərin ümumi emosional fonu yaxşılaşır, bizim pasiyentlərin həmçinin də ünsiyyət bacarığı çox kasaddır, bu baxımdan kanisterapiyanın rolu böyükdür. Bundan başqa itlərlə müalicə üsulu şizofreniya, alkoqolizm, depressiya və travmadan əziyyət çəkən xəstələrə tətbiq olnur.
 
- İnsanlar itlərlə necə müalicə alır?
- Bu növ müalicə üsulu psixoterapevtik müalicəyə aiddir. İtlərlə müalicə pasiyentin reabilitasiyasına və sosial adaptasiyasına kömək edir, bundan əlavə də qeyd etdiyim kimi emosional fonu yaxşılaşdırır. Həkimə və tibb işçisinə kömək edən heyvan yəni it  sakit temperamentə malik olmalıdır, aqressiyaya meylli olmamalıdır. Həmçinin  də pasiyent öz istəyi ilə, heyvanlardan qorxmamaq şərtilə bu terapiyaya cəlb olunur. Bu əsas amillərdir. Pasiyentlə itin ünsiyyəti əsasən nədən asılıdır? Onlar birgə oyunlar oynaya bilərlər və yaxud pasiyent onu sığallaya, daraya, yem verə bilər. Hətta ilk günlərdə pasiyent heyvandan çəkinə bilər, çünki onlar bir-birlərinə öyrəşməlidir. Kənardan kimisə müşahidə edə bilər. Tədqiqatlar onu da göstərir ki, itləri kənardan müşahidə etmək insana müsbət əhval-ruhiyyənin qayıtmasına kömək edir. Ümumiyyətlə çətin emosional vəziyyətlərdə, krizis vəziyyətlərində itlərlə əlaqə insanı çox sakitləşdirir, insanın psixi vəziyyətini normallaşdırır. Bundan əlavə itlərlə müalicə motivasiya verir, insanın hərəki aktivliyini yaxşılaşdırır. 
 
- Bu müalicə üsulunun müsbət göstəriciləri varmı?
 
- Bəli, müsbət göstəriciləri var. Heyvanlarla müalicə pasiyentlərdə xəstəliklə bağlı yaranan ümidsizliyin və depressiyanın üzərində qalib gəlməyə kömək edir. Bundan əlavə heyvanların pasiyentlərlə ünsiyyətində dostluq yaranır. Həmçinin də pasiyentlərin pasiyentlərlə ünsiyyəti daha da yaxşılaşır, dostcasına bir mühit yaranır. 
 
- Bəs indiyə qədər hansı diaqonuzlu xəstə müalicə alıb? Sayını bilmək olar?
 
- İndiyə qədər 60-dan çox pasiyent bu müalicə üsulundan yararlanıb. Diaqnozlar müxtəlif olub, məsələn şizofreniya, alkoloqilizmdən əziyyət çəkən pasiyentlər, orqanik psixi pozuntusu olanlar, şəxsiyyət pozuntuları, ümumiyyətlə müxtəlif pozuntularda pasiyentlər bu metodikadan yararlanıb.
 
- Müalicə üsulunu gələcəkdə genişləndirmək istərdiniz?
 
- Biz artıq fəaliyyətimizi genişləndirmişik. Əgər bu müalicəyə başlayanda terapevtik itlərimizin sayı 3-4 idisə, biz kimsəsiz itlər üçün sığınacaq tikmişik, hal-hazırda bizim sığınacaqda 11 kimsəsiz heyvan, daha dəqiq desək it xidmət edir, pasiyentlərlə işləyir.
Axtarış
Xəbər lenti
Reklam