"Bizi buna ruslar öyrətmişdilər, ermənilər də buna öyrəşmişdilər..."

Tarix: 5-03-2021, 11:00 / Oxunub: 338

Məşhur heykəltəraş, Azərbaycan Respublikasının xalq rəssamı, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Teleqraf.com-a müsahibə verib. Müsahibəni təqdim edirik.

Əvvəli burada: //moderator.az/musahibe/367633/kamran-bairovun-kabinetine-iceri-giren-kimi-grdum-ki-heyder-eliyev-de-burda-oturub/

 
 
 
 
 
Mars

 

– Şəhidlər Xiyabanındakı "Əbədi məşəl” abidə kompleksi sizin layihəniz əsasında hazırlanmasa da çox az adam bilir ki, kompleksin yeri də sizin məhz bu yanaşmanız əsasında seçilib. Zəhmət olmasa, bu barədə bir qədər məlumat verin...

 

– Hə, bəlkə də Azərbaycanda bunu çox adam bilmir. 1998-ci ildə "Əbədi məşəl” abidə kompleksi yaradılanda təklif olunurdu ki, kompleks Şəhidlər Xiyabanının lap girişindəki alovun yanında qoyulsun. Mən dedim girişdə yaxşı deyil, qoy bir az uzaqda olsun. "Yox, Heydər Əliyev gəlib bu qədər uzaq yol gedəcək?”, – deyə mənə bildirdilər. Mən dedim, bəli, Heydər Əliyev gedəcək. Çünki onun maşından düşüb iki addım ataraq əklili qoyub geri qayıtması yaxşı deyil. Daha doğrusu, bu artıq təntənəli olmur. Dedilər ki, yox, ola bilməz. Yəni mənim təklifim qəbul olunmadı. Heydər Əliyevin özünə bu barədə məruzə ediblər. Deyiblər ki, "Əbədi məşəl” kompleksini Şəhidlər Xiyabanının girişində qoymaq istəyirik. O isə qəti şəkildə deyib ki, olmaz! Deyib ki, yox, kompleks xiyabanın lap axırında qoyulmalıdır. Söyləyib ki, 20 Yanvar günü mən öndə gedəcəm, siz də arxamca gələrsiniz. Qoy, belə bir ritual olsun. Yəni Heydər Əliyev 1983-cü ildə Naxçıvan şəhərində Heydər Əliyevin büstünün ucaldılması zamanı mənim təklif etdiyim yanaşmada olduğu sayaq mövqe ortaya qoymuşdu. Biz həmin yanaşmanın nədən ibarət olmasından az öncə bəhs etdik.

 

– Ömər müəllim, tarixi hadisələrdən çox dəqiqliklə bəhs edirsiniz. Yaşınızın bu çağına rəğmən, maşallah, yaddaşınız yaxşıdır...

 

– Yaddaşım hələ koronavirusdan sonra pisləşib. Mən bərk naxoşlamışdım, lap bərk... Az qalmışdı ki, bu həyatla vidalaşım. Mən bu yaşımadək belə dəhşətli xəstəlik görməmişdim.

 

– İndi özünüzü necə hiss edirsiniz?

 

– Təngnəfəslik var, yoruluram, yaddaşım korlanıb.

 

– Bu hələ də qalır, hə?

 

– Qalır, hələ çox qalacaq. Deyirlər 6-7 ay qalacaq.

 

– Hansı şəraitdə yoluxmuşdunuz?

 

– Bilmirəm. Mən təcrid olunmuş adamam. Özümün tikdiyim dördmərtəbəli evdə tamamilə tək, heç kim olmadan yaşayıram. Ümumiyyətlə, heç kimlə ünsiyyətdə olmurdum. Yenə də xəstələndim. Heç nə yadımda deyil. Yalnız xəstəxanadan çıxarıldığımı xatırlayıram. Güzgüyə baxdım və özümü tanıya bilmədim. 15-17 kilo itirmişəm. Çox ağır xəstəlikdir. Məsələ ondadır ki, xəstəlik keçdi, ancaq simptomlar qalmaqda davam edir. Bu, çox pisdir. 94 yaşında belə bir xəstəlik keçirmək çox ağırdır.

 

– Neçə müddət xəstə yatdınız?

 

– Hardasa ay yarım, iki ay xəstəxanada oldum. Sonra bir ay qızımın mənzilində qaldım. Tək yaşaya bilməzdim, tamamilə zəifləmişəm.

 

– Ömər müəllim, mən adətən müsahiblərimə şəxsi zəmində suallar verməyi xoşlamıram, amma sizdən soruşmağa məcburam: nə üçün tək yaşayırsınız?

 

– Yoldaşım rəhmətə gedəndən sonra tək qaldım. Artıq iki ildir. İki doğma qızım var. Oğlum çoxdan onkoloji xəstəlikdən vəfat edib. Qızlarım dedilər ki, hərəmiz növbə ilə bir həftə gəlib sənin yanında qalaq. Mən dedim ki, nəyə lazımdır? Bu, çox çətin bir haldır. Mən heç nəyi gizlətməyəcəm. Sadəcə, tanıdığım bir qızı dəvət etdim. Onun 30 yaşı var. Çünki mən başa düşdüm ki, xəstəlikdən sağalandan sonra tək yaşaya bilmərəm. Mənə həkimlər deyiblər ki, heç bir halda tək qalmaq olmaz. Kimsə yanında olmalıdır. Mən ahıl insanam. Mənə heç nə lazım deyil, amma mənə tək olmaz. Yalnız nəsə hazırlamaq-filan... Belə bir qız tapdım. O da razılaşdı.

 

– O sizin evinizdə yaşayır?

 

– Bəli, mənim evimdə yaşayır. Ayrıca otağı var, orada qalır. Əgər bir şey baş versə, o, kömək çağıracaq, qızlarıma zəng edəcək, nə etmək lazım olduğunu soruşacaq. Əgər mən tək yaşasam, hətta nə etmək lazım olduğunu belə bilməyəcəm. Məsələn, mən yıxılsam, elə orada da qala bilərəm (kövrəlir).

 

– Sizin ümumilikdə 3 övladınız olub?

 

– Üç olub. Oğlum çox yaxşı heykəltəraş, ümumiyyətə çox uğurlu insan idi. Amma onun da həyatı belə gətirdi...

 

– İstənilən ata üçün oğul itkisi, əlbəttə, böyük faciədir. Sözsüz ki, yenidən toparlanmaq sizin üçün də çox çətin olub.

 

– O vaxtlar yoldaşım sağ idi. Bir az o mənə, bir az mən ona kömək etdim və biz ikimiz... Faciədir, əlbəttə. Nə edə bilərik... Ağır dərddir. Özü o qədər uğurlu, enerjili insan idi ki... Mən evdə, ikinci mərtəbədə onun əsərlərindən ibarət kiçik bir muzey yaratmışam.

 

– Ömər müəllim, pandemiya dövründə akademiyada tədris necə təşkil olunub?Burada tədris olunan ixtisaslar və distant təhsil bir-biri ilə nə dərəcədə düz mütənasibdir?

 

– Mən Təhsil Nazirliyinə dərhal belə bir təklif verdim ki, bizim işimiz yaradıcılıq işidir, onlayn olmayacaq. Ona görə də mən dedim nəzəri fənlər onlayn keçirilsin, amma heykəltəraşlıq, rəngkarlıq kimi ixtisaslar üzrə təhsil alan tələbələrə imkan yaradın, akademiyaya gəlsinlər. İndi auditoriyalar çoxdur. Onlayn tədrisə keçildiyi üçün auditoriyaların çoxu boşdur. Üç nəfəri bir auditoriyaya yerləşdirə bilərik. Beləliklə, sosial məsafə təmin olunar. Biz elə bir şərait yarada bilərik ki, o şərait karantin rejiminin tələblərinə cavab verər. Yaxın dayanmamaq, tünlük olmamaq üçün çoxlu otaqlar var. Biz belə bir şərait yaratmışıq. Tələbələr gəlirlər, işləyirlər. Biz də baxırıq. Tələbələrə toxunmuruq, onlarla məsafə saxlayırıq, sadəcə işlərinə baxırıq.

– Sizin yeniyetməlik illəriniz Böyük Vətən müharibəsi, ahıl çağlarınız isə Vətən müharibəsi dövrünə təsadüf etdi. Bu istiqamətdə fikirlərinizi bilmək istərdik...

– Heç bir şişirtməyə yol vermədən deməliyəm ki, Böyük Vətən müharibəsi ağır illər idi, çox ağır... Mən həmin illərdə yeniyetməlik dövrümü yaşayırdım. Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsində oxuyurdum. Bütün ölkədə (SSRİ nəzərdə tutulur) aclıq idi, əsl aclıq... Leninqradın blokadasında olduğu kimi... Bütün ölkə ac idi. Çox ağır dövr idi. Mən orduya yaşımın çatmaması ilə əlaqədar olaraq çağrılmamışam. Buna görə də Bakıda qalmalı olmuşam. Hamı ac idi. Əsasən də kişilər, xüsusilə də kök kişilər üçün ağır idi. Aydın məsələdir ki, arıq adamlar az, kök insanlar daha çox yeyir. Mən az yeməli idim, o isə çox. Ona görə də kök kişilər çox əziyyət çəkirdilər. İnsanlar aclıqdan ölürdülər. Mən yeniyetmə idim. Bəlkə də buna görə orqanizm müqavimət göstərə bilirdi. Mənimlə eyni ildə doğulanların demək olar ki, hamısı bəstəboy idi, bir neçəsi hündür idi. Çünki müharibə illərində təbiət özü tələb edirdi ki, onlar böyüməsin. Bunu təbiət özü edirdi. Biz istəsək də, istəməsək də.

– Dediklərinizdən belə anlaşılır ki, sizin də bəstəboy olmağınız bundan irəli gəlir...

– Böyük qardaşım məndən hündür idi, ancaq o da çox hündür deyildi. Oğlum da hündürboy idi – 1,90 santimetr. Qızlarım isə bəstəboydur.

– Vətən müharibəsi ilə bağlı da fikirlərinizi bilmək istərdik...

– Keçən il yaşadığımız Vətən müharibəsinə gəldikdə isə... Mən bunu dəqiq bilirəm, özüm şahidiyəm ki, indiyədək ermənilər öyrəşmişdilər biz çıxaq, onlar gəlsinlər. Laçın işğal olunanda mən orada idim. Bakı şəhərinin baş memarı Akif Abdullayevlə Zəngilana gedirdik. Akif Bakıya dorğu hərəkət edən yüklə yüklənmiş 30 maşın saydı. Biz maşını saxladıb soruşduq ki, hara gedirsiniz? Bizə cavab verdilər ki, Laçından çıxırıq, gəlmişik Zəngilana. Heç bir atışma-filan yoxdur. Zəngilanlılar deyirlər ki, biz heç yerə getməyəcəyik. Bizi Zəngilana 1991-ci il noyabrın 20-də Qarakənddə vurulan Mi-8 vertolyotunda həlak olan əslən zəngilanlı generalın heykəlini hazırlamaq üçün çağırıblar. Demək istədiyim odur ki, əgər o dövrdə torpaqların müdafiəsini təşkil edən olsaydı, heç kim heç yana çıxmazdı. Biz çıxırdıq, ermənilər gəlirdi. Ondan əvvəl İrəvandan çıxdıq, ermənilər gəldi, Zəngəzurdan çıxdıq, ermənilər gəldi. Bizi buna ruslar öyrətmişdilər. Ermənilər buna öyrəşmişdilər.

İlk dəfə keçən il biz qəfildən bu yanaşmanı dəyişdirə bildik. Sübut etdik ki, başqa cür də ola bilər. Öz torpaqları uğrunda döyüşüb onu ermənilərdən geri almaq olar. Onlar bunu gözləmədikləri üçün bütün texnikalarını qoyub qaçdılar.

– Sovet dövründə istər-istəməz ermənilərlə ünsiyyətdə olurdunuz. Həmin dövrdə onların münasibəti necə idi?

– Biz həmin dövrdə eyni ölkənin vətəndaşları idik və yaxın dostluq edirdik. Onlar özlərini mənfi nöqteyi-nəzərdən nümayiş etdirmirdilər. Onların belə keyfiyyəti var idi; öz iddialarını gizlətməyi bacarırdılar, lazımi məqam yetişənədək onu ortaya qoymurdular. Onlarda kollektivçilik güclü idi. Kollektiv qərar qəbul etmək lazım gələndə, ortaya mövqe qoymağı bacarırdılar. Biz orta məktəbdə oxuyanda iki erməni oğlan oxuyurdu. Onlarla ünsiyyət, dostluq etmək asan idi. Yaxud rəssamlar arasında 3-4 erməni – Manqasarov, Avanesov, Mantaşov və digərləri var idi. Onlar hamısı eyni cür – loyal, mehriban. Söhbət ərazi məsələsinin həllinə gəldikdə isə onlar aqressiv idilər.

– O illərdə ermənilər hər vəchlə azərbaycanlıların irəli getməsinin qarşısını almağa çalışırdılar. Siz də onların yaratdığı hansısa problemlə üzləşmisinizmi?

– Burda – Bakıda heç vaxt elə şey ola bilməzdi. Moskvada da olmayıb. Bir neçə erməni ilə mənim tanışlığım olub, məsələn Nalbandyanla. Amma qeyd etdiyiniz kimi hal yaşanmayıb.

– Ömər müəllim, Prezident İlham Əliyev dekabr ayının 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Mədəniyyət Nazirliyi də bununla bağlı müsabiqə elan edib. Siz bu prosesdə iştirak edirsinizmi?

– Yox. Mən hazırda tək, çox təcrid edilmiş şəraitdə yaşayıram. Ümumiyyətlə, çox şeydən xəbər tuta bilmirəm. Məsələn, cənab prezident yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Mənim bundan xəbərim olmayıb. Xəbərim olsaydı, mütləq o mətbuat konfransına baxardım.

Qeyd etdiyiniz müsabiqədən də xəbərsizəm. Hətta xəbərim olsa belə mən orada iştirak etməzdim. Qoy, gənclər işləsin!

– Bəs akademiyanın əməkdaşları, tələbələri müsabiqəyə qatılıblarmı?

– Bilmirəm, təəssüf ki, xəbərim yoxdur. Mən indi yarısağlam vəziyyətdəyəm.

– Siz Vətən müharibəsi memorial kompleksinin necə olmasını istərdiniz? Məsələn, ABŞ-da mövcud olan ən mühüm hərbi memoriallardan biri Vaşinqtonda Dəniz Piyadaları Korpusunun şərəfinə ucaldılmış memorial kompleksidir. Bu kompleks dəniz piyadalarının 1945-ci iln fevralında Sakit okeandakı İvodzima adasına bayraq sancmalarını özündə əks etdirir və az qala bütün dünyada məşhurdur. Siz Vətən müharibəsinin iştirakçılarının şərəfinə necə bir abidə qoyulmasını istərdiniz?

– Bilirsiniz, bu barədə bir qədər fikirləşmək lazımdır. Bu abidəni hazırlamaq çox çətindir. Onu yaratmaq çox böyük zəhmət tələb edir. Şəxsən mənim üçün bu çox çətin iş olardı.

– Niyə?

– Çünki Vətən müharibəsi elə elə böyük bir hadisədir ki, onu abidədə hərtərəfli əks etdirmək lazımdır. Bəlkə abstrakt formada nəsə yaratmaq olar. Bəlkə məqbərə kimi, sütünlu nəsə hazırlamaq mümkündür. Amma insan amili ilə çətindir, çox çətindir.

– Hazırda əlinizdə hansısa iş, eskiz varmı?

– Mən indi Arif Məlikovun abidəsinin üzərində işləyirəm. Layihəni başa çatdırmışam. Bu abidə şəhərdə ucaldılacaq.

– Sonda istərdim masanızın üzərindəki diqqəti cəlb edən bu foto barədə məlumat verəsiniz...

– Bu fotoda Atatürk və onun mənəvi qızı Ülkü Adatepe əks olunub. Bunu mənə illər öncə rəssam Nahit Kabakçı bağışlayıb.



Axtarış
Xəbər lenti
Reklam