"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü? - MÜSAHİBƏ

Tarix: 19-08-2021, 11:00 / Oxunub: 3725

"Taliban”ın bütün ölkəni ələ keçirmək ehtimalı böyük deyil", - deyə  ABŞ prezidenti Co Bayden iyulun 8-də məlumat vermişdi. Amma cəmi bir ay sonra, avqustun 15-də hərəkat dəstələri Kabilə daxil oldu. Keçmiş hökumət üzvlərinin, amerikalılarla əməkdaşlıq edən əfqanların və taliblərin hakimiyyəti altında yaşamaq istəməyən adi insanların Əfqanıstanın paytaxtından xaotik qaçışı başladı.

2016-18-ci illərdə Rusiyanın Kabildəki səfirliyinin birinci katibi, 2019-cu ildə BMT-nin Əfqanıstandakı missiyasının baş siyasi müşaviri işləmiş Vasili Kravtsov "Arqumentı i faktı” qəzetinə verdiyi müsahibədə taliblərin ölkəyə nəzarəti niyə bu qədər tez ələ keçirdiklərini izah edib. Moderator.az həmin söhbəti oxucularına təqdim edir.- Vasili Borisoviç, hökumət ordusuna nə oldu? Niyə Amerika yönümlü rejim bu qədər tez çökdü?

- May ayına qədər "Taliban” hərəkatında 45 min silahlı var idi. Mayın sonu-iyunun əvvəlində bu rəqəm 80 minə çatdı.Bu qüvvə reallıqda Amerikayönlü siyasi rejimi devirməyə qadir deyildi.

Amma buna baxmayaraq, "Taliban” hücumu planlaşdırırdı. Bu əməliyyatı sona çatdırmaq üçün bölgədə fəaliyyət göstərən bütün beynəlxalq terror təşkilatları "Taliban” qüvvələrinin maraqlarına tabe olaraq gücləndirilmək üçün onlara təhvil verilmişdi: qondarma "Ubeyda Karvanları" hərəkatı - "İslam Dövləti”nin birləşmiş qərargahı, "Əl-Qaidə” və "Taliban". Bu hərəkətin ilk əlamətlərini keçən ilin iyun ayında ABŞ, NATO və BMT-nin 29 fevral 2020 ci ildə Dohada Əfqanıstanda tam və qeyd-şərtsiz təslim olma aktını imzaladıqdan qısa müddət sonra gördüm.

Və keçən ilin iyun ayından etibarən bu "Ubeyda Karvanları" bir-birinə yaxınlaşaraq taktiki planı razılaşaraq tərtib edirdilər. Bu ilin iyun ayına qədər onlar artıq birgə fəaliyyətə tam hazır idilər. İslam Dövləti və "Əl-Qaidə” Filippindən Mərakeşə qədər bütün müsəlman ölkələrindən silahlıları toplayaraq Əfqanıstana göndərdi. Əməliyyatda əvvəlcə əyalətləri, sonra isə ölkənin əyalət mərkəzlərini ələ keçirən əsas aparıcı qüvvə məhz bu xarici muzdlular idi. Deyə bilərik ki, diplomatiya taliblərə qələbə qazandırdı. Onlar hücum planlarına yardım barədə digər terror qrupları ilə razılığa gələ bildilər.

- Amerikalılar və Əfqanıstan hökuməti "Taliban” qüvvələrinin güc topladığından şübhələnmirdilər?

- Rusiya və Çini sıralarına qəbul etməyən Qərb ölkələrini təmsil edən "dünya birliyi" kifayət qədər zəif kəşfiyyat qabiliyyətinə malik idi. Əfqanıstanda terror yolunda nələrin baş verdiyindən xəbərsiz idilər.

Ardından hadisələr Baydenin Amerika qoşunlarını bölgədən təcili olaraq çıxarması ilə davam etdi. Bu mövzu dərhal səsləndirilmədi. Vaşinqton NATO tərəfdaşları ilə müzakirələr apardı. NATO və İngiltərə əleyhinə oldu. Merkel də sona qədər əleyhinə çıxdı. Sonda Bayden heç kimlə və hətta Pentaqonla belə məsləhətləşmədən Amerika qoşunlarının bölgədən təcili çıxarılmasını elan etdi. Bu əməliyyat zamanı hər şey ortada qaldı. Məsələn, Əfqanıstan qoşunları amerikalıların Baqramdakı nəhəng bazanı tərk etdikləri barədə xəbərdarlıq belə etmədilər. Amerikalılar uçandan sonra oradakı hərbi texnika talan edildi. Bu, əfqanlar üçün son dərəcə ağır idi, çünki böyük miqdarda silah, döyüş sursatı, hərbi texnika və hətta qutulara yığılmış Amerika pilotsuz uçuş təyyarələri "Taliban”ın əlinə keçdi. Kifayət qədər vaxt olmasına baxmayaraq, çıxarma əməliyyatı qətiyyən düşünülməmişdi.

Bunun nəticəsini indi görürük, ümidsiz əfqanlar ölkədən uçmaq və "Taliban”dan qaçmaq üçün şassidən yapışırlar. Bu, sovet qoşunlarını geri çəkmək əməliyyatı fonunda xüsusilə ziddiyyətli görünür. Əllərində qaldırılmış bayraqlarla ölkəni mütəşəkkil şəkildə tərk edən əsgərlərimizin çıxarılması və ya tanklardan yapışaraq onları aparmağı xahiş edən əfqan qaçqınların geri çəkilməsi ilə bağlı heç bir problemimiz olmadı. Çünki geridə qoyduğumuz hökumət canlı idi və bizsiz daha bir neçə il duruş gətirdi.

- Görünür, amerikalılar Kabilin bir neçə gün ərzində alınacağını gözləmirdilər. Niyə belə oldu?

- Kabilin başına gələnlər Ağ evin təhriki ilə oldu. Nə "Taliban” 14-15 avqustda Kabili ələ keçirməyi planlaşdırırdı, nə də hökumət və amerikalılar onu təslim edəcəklərini düşünmürdülər.

Avqustun 14-də müvəqqəti hökumətin qurulduğu və onun nəzdində 10 aylıq barışığın elan edildiyi bir sxem razılaşdırıldı. Şərtlərə görə, bu müddət ərzində "Taliban” silahla Kabilə girə bilməz. Onlar şəhərə yalnız silahlarını təhlükəsizlik postuna təhvil verərək daxil ola bilərlər.

Ertəsi gün Bayden Vaşinqtonda Əfqanıstanla əlaqədar təcili toplantı keçirdi. Və bu görüşdə heç kimlə razılaşmadan (axı onlar möhtəşəmdilər, niyə də kimlərləsə məsləhətləşməlidilər) Kabil hava limanına amerikalıların və guya onlarla əməkdaşlıq edən əfqanların çıxarımasını təmi etmək üçün göndəriləcək desant kontingentinin üç mindən beş minə qaldırılmasına qərar verildi.Sonradan bu say altı minə çatdırıldı.

Taliblər çaşqın vəziyyətdəydi. Necə olur ki, min dörd yüz Amerika vətəndaşını təxliyə etmək üçün altı min dəniz piyadası lazım gəlir? Bir nəfərin təxliyyəsi üçün beş desant? "Taliban” bunu təhdid kimi qəbul etdi. Onlar hesab etdilər ki, amerikalılar Kabili nəzarətə götürmək və taliblərin ora girməsinə mane olmaq və eyni zamanda amerikalıları çox da qane etməyən müvəqqəti hökumətin qarşısını almaq istəyirlər. Belədə "Taliban” birləşmələrinə dərhal Kabilə doğru irəliləməyi əmr etdi.

Artıq şənbə günü axşam ilk dəstələr təhlükəsizlik postlarını əzib keçərək şəhərətrafı ərazilərə daxil oldular. Şəhərdə qarışıqlıq başladı. Nəticədə bütün hökumət qüvvələri postlarını və silahlarını tərk edərək qaçmağa başladılar.

Vəziyyəti "CNN”-in bazar günü günün sonuna qədər ilk beş min amerikalı əsgərin bölgəyə atılması ilə bağlı xəbəri qızışdırdı. Bu, "Taliban”ın narahatlığını daha da artırdı. Təəccüblüdür ki, Ağ evdə altı min desantın atılması haqqında məlumatın mediaya sızdırılmaması lazım olduğunu deyə biləcək bir adam tapılmadı. Əgər bu məlumatlar mediaya sızmasaydı, onlar gəlib hava limanına yerləşdirilər və bundan sonra artıq orada olduqlarını elan edərdilər. Amma sonda nə baş verməliydisə, o da oldu.

İndi isə Əfqanıstanda baş verənlər istər-istəməz radikal islamçılığın artmasına səbəb olacaq. İrandakı İslam inqilabında olduğu, Kabilə mücahidlərin gəlişi kimi. Bu, qaçılmazdır. "Taliban”ın oradakı kimsə üzərində deyil, ən möhtəşəm hərbi güc üzərində qələbəsi, şübhəsiz ki, bütün müsəlman aləmində radikal islamçılığa təkan verəcək.

Tərcümə və təqdim etdi: Miraslan



Axtarış
Xəbər lenti
Reklam