“Bu klip Albertin timsalında bütün Milli Qəhrəmanlarımıza həsr olunub...”

Tarix: 1-02-2020, 17:00 / Oxunub: 310

 


 

Müğənni Dua Muradın Moderator.az-a müsahibəsini təqdim edirik:
- Dua xanım, siz Milli Qəhrəman Albert Aqarunovun qohumusunuz. Onun haqqında nə bilirsiniz?
- Albert yaşca məndən çox böyükdü və uşaqlıq dövrünü xatırlamıram. Onun haqqında ən çox bizə anası Liza xanım danışıb. Liza xanım deyirdi ki, Albert dostcanlı, şən uşaq olub. Bilirsiniz ki, Albert Suraxanı qəsəbəsində doğulub boya-başa çatmışdı. O, özü də yeddi ilik musiqi məktəbində təhsil alıb.
- Albert haqqında çəkdirdiyiniz klipiniz tamaşaçılar tərəfindən maraqla qarşılandı. Bəs bu ideya sizdə hardan yarandı?
- Bu klip Albertin timsalında bütün milli qəhrəmanlarımıza həsr olunub. Mahnının sözləri və musiqisi də özümə aiddir. Bu gün bizim Mübariz İbrahimov kimi də Milli Qəhrəmanımız var. İndi mənə təklif olunub ki, Mübarizlə bağlı çəkilən filmə musiqi yazım alınsa, onu da edəcəm. Klipi isə Albertin əlli illik yubileyinə həsr etdim. 
- Ümumiyyətlə, vətənpərvərliklə bağlı mahnılarınız kifayət qədər varmı?
- Əlbəttə, var. Musiqisi və sözləri özümə aid olan “Azərbaycan” adlı mahnım da var ki, ölkəmizə həsr olunub. Həmçinin başqa mahnılarım da var. Özüm peşəkar musiqiçi olduğum üçün mahnılarımı da özüm bəstələyirəm. 
- Siz Albert haqqında yazdığınız mahnının sözlərində belə bir yer var ki, “sən yəhudi olsan da, Azərbaycan üçün döyüşdün”.
- Düzdür. Onun haqqında yazdığım mahnı birbaşa öz dilindən gələn sözlərdir. Albertin bu günə kimi bir müsahibəsi olub və ona da hamı baxıb. 
- Bəs Albertə heykəl qoyulmasını sizə və onun ailə üzvləri necə qarşıladı?
- Təbii ki, dövlətimizə təşəkkür edirik. Bu gün dövlətimiz şəhidlərimizə və onların ailələrinə yüksək qiymət verir. Qızım orta məktəb şagirdidir və onların dərsliklərinə də bütün milli qəhrəmanlar, həmçinin Albert də salınıb. 
- Albertin qohumları İsraildə yaşayır deyirsiniz. Bəs burda kimləri yaşayır?
- Bakıda ancaq qohumu olaraq biz yaşayırıq və onunla bağlı nə olursa, bizə müraciət edirlər. 
- Bəs İsraildə Albertin adının əbədiləşdirilməsi üçün hansısa işlər görülürmü?
- Əlbəttə, Albertin qardaşı Rantik müəllim Akko şəhərində yaşayır və orda tədbirlər təşkil olunur. Tədbirlərdə azərbaycanlılar və dağ yəhudiləri iştirak edirlər. Albertgil ailədə iki bacı və iki qardaş olublar. Evin sonbeşiyi isə Albert olub və o, 23 yaşında şəhid olub. 
- Dua xanım, xarici mahnılarla yanaşı, bizim mahnıları da çox gözəl ifa edirsiniz...
- Mənim üçün Azərbaycan dili öz doğma dilimdir. Bakıda doğulub böyümüşəm. Atam da Bakıda doğulub. 
- Bəs bizim bəstəkarlardan kiminlə işləyirsiniz?
- Özüm musiqişunas olduğum üçün heç bir bəstəkara müraciət etməmişəm və ancaq mahnılarımı özüm bəstələmişəm. İndi bir müddət müəyyən işlərə görə fasilə vermişəm, amma yeni mahnılarım olacaq. Özüm bəstəkar Xəyyam Mirzəzadənin sinifində oxumuşam. 
- Bəs hansısa albomunuz çıxıbmı?
- İndi disk və ya albom çıxarmaq dəbdə deyil. Uşaq vaxtından musiqiylə məşğul olsam da, son dövrlər 
efirlərə çıxmağa başladım. AzTV-də verilişlərdə çox iştirak etmişəm.
- Dua xanım, müğənni var özünü qalmaqallardan qoruyur, amma müğənni də var nəsə edir ki, gündəmə gəlsin. Sizin buna münasibətiniz necədir?
- Mən qalmaqallardan çox uzağam. Sənətimə güvənirəm və ona görə də qalmaqallara ehtiyac yoxdur. 
- Bizim şairlərdən kiminsə şeirlərinə mahnı bəstələmisinizmi?
- Musa Yaqubun şeirinə mahnı bəstələmişəm və onun yubileyində də o mahnını oxumuşam. İki şeirinə mahnı bəstələmişdim. Bununla yanaşı, Baba Vəziroğlunun şeirlərini də çox bəyənirəm.
- Oxumaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğulsunuz...
- Bəli. On bir illik musiqi məktəbində müəlliməyəm. Ümid edirəm ki, təbələrimdən də gələcəkdə hansısa ölkənin ən tanınmış müğənnisi olacaq. 
- Sizcə, bir müğənni kimi kifayət qədər ölkədə tanınmısınızmı?
 
- Xeyr. Bu mənim özümdən asılı olan şeydir və ona görə də arxasınca düşmürəm. Bu gün şou-biznesdə baş verən elə şeylər var ki, xarakterimə zidd şeylərdir və ona görə də özümü orda görmürəm. 
- Bu qədər tanınmamağınıza görə özünüzü qınamamasınız?
- Xeyr, çünki mənim öz həyat prinsipim var və elə şeylər var ki, ona gedirəm, elə şeylər də var ki, yox. Elə adamlar var ki, məqsədlərinə çatmaq üçün hər şeyə gedirlər, amma bu mənim üçün vacib bir şey deyil ki, həyat prinsiplərimin üstündən xətt çəkim və onları edim.
- Müğənnilər var ki, sənəti bəzən ailədə problem yaradır. Bəs sizdə necədir?
- Bizdə elə bir problem yoxdur. Ailəmdə məni bir insan kimi tanıyırlar, güvənirlər və xahsiyyətimə də bələddirlər. 
- Toylara gedirsinizmi?
- Olanda iştirak edirəm. Doğrudan da musiqiyə düzgün qiymət verən insanların səviyyəli toyu olanda iştirak edirəm. Çünki bizdə bəzən müğənni və musiqiçi ciddi qəbul olunmur, amma hansı ki, musiqiyə ömrümü həsr etmişəm. Mənim öz repetuarım var və toy mahnıları oxumuram. Məclisinə getdiyim adam da mənim repertuarımı dinləyib, bəyənən adam olmalıdır. 
- Bu gün müğənnilərdən kimləri bəyənirsiniz?
- Alim Qasımovu, Aygün Bəyləri, Sevda Ələkbərzadəni dinləyib və bəyənirəm. Sevda xanım dünya musiqisini Azərbaycan musiqisi ilə sintez etməyi bacarır. İşinin peşəkarı olmalısan. Hər kəs öz işinin peşəkarı olsa, yaxşıdır.
- Bu gün kütlə tərəfindən dinlənilən müğənnilər də var. Məsələn, Damla, Üzeyir... Siz bu müğənniləri bəyənirsinizmi?
- Onlar məndən uzaq olan bir müğənnidirlər. Heç bir şəxsi qərəzliyim yoxdur və sadəcə bəyənmirəm. Bu gün mənə heç kim deyə bilməz ki, Damlanı hamı bəyənir, bəs siz niyə bəyənmirsiniz? Hamı bəyənir deyəndə kim bəyənir? Mənim üçün kəmiyyət yox, keyfiyyət önəmlidir. 
 
- Efirlərimizdə hansı verilişlərdən zəng vurub sizi dəvət edirlər?
- Bilirsiniz ki, özəl kanalların çoxu ödənişlidir. Onlar zəng vurub deyirlər ki, gəlin də verilişimizə. Mən də deyirəm ki, dəvət edin gəlim. İki dəvə “Beşdə-beş” verilişində qonaq oldum və sonra mənə zəng vurub dedilər ki, biz hələ Zaur Kamalı belə ciddi görməmişdik. Bu gün efirlərimizi toyxanaya çevirirlər, amma belə olmaz.
- Ümumiyyətlə, Azərbaycan telekanallarına baxırsınızmı?
- Vaxt olduqca baxıram. Bəziləri onu bəyənmir, amma mən Kamran Həsənlinin fikirlərini çox bəyənirəm. Çünki elə aparıcılarımız var ki, heç danışa bilmirlər. Bu gün efirlərimizdə aləmi bir-birinə qatırlar. Musiqiçi olaraq mən də bezirəm belə şeylərdən. Xaricdən gələn qonaqlarımız var ki, mənə deyirlər ki, sizdə oxumaqdan başqa bir şey bilmirlər?


Axtarış
Xəbər lenti
Reklam