“Fərruxda itkin düşənlərin yaxınlarından DNK analizi götürülməlidir, bundan sonra isə...” - ekspert

Tarix: 31-03-2022, 14:09 / Oxunub: 3143

Üzeyir Cəfərov: "İtkin düşənlərlə bağlı iş sürətləndirilməlidir, vaxt keçir, şahidlər dünyasını dəyişir”

İlham Dadaşov Adil oğlu Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olub. Anası Elmira xanım illərdir ki, bir ümidlə yaşayır, oğlunun heç olmasa nəşi tapılsın.  

"Dövlətin verdiyi ”qan pulu" ilə oğluma yalançı məzar düzəltdim. Təsəlli olsun deyə, yarım metr kəfənə şəklini və köynəyini büküb basdırdım" deyən ana illərdir ki, 19 yaşında şəhid olan oğlunun xiffətini çəkir. İndi isə o, Fərrux kəndində kütləvi məzarlığın aşkarlandığını eşidib, ümid edir ki, 30 il sonra oğlunun heç olmasa gerçək bir məzarı olacaq...

Tək Elmira ana deyil, nəşi tapılmayan yüzlərlə şəhidimizin əzizlərinin gözü yoldadır...

Yada salaq ki, yaxın günlərdə Xocalının Fərrux kəndində Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olduğu ehtimal edilən vətəndaşlara aid insan qalıqları tapılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 4000-ə yaxın insanın itkin düşməsi və onlar haqqında məlumatlar Ermənistan tərəfindən həyasızcasına gizlədilib.

Fərruxda tapılan insan qalıqlarının Birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlılara məxsus olduğu deyilir. Digər versiya da budur ki, bu qalıqlar Xocalı faciəsi zamanı qətlə yetirilən insanların, həmçinin itkin düşmüş hərbçilərin də sümükləri ola bilər.

Üzeyir Cəfərov

Mövzu ilə bağlı hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov "Yeni Müsavat”a danışarkən dedi ki, istənilən halda DNK analizi mütləq aparılmalıdır: "Birinci Qarabağ savaşında, xüsusilə o istiqamətdə döyüşlərdə itkin düşən əsgər və zabitlərimiz, o cümlədən mülki vətəndaşlarımız olub. Onların yaxınlarından mütləq DNK analizi götürülməlidir. DNK analizi keçirilməlidir ki, hələ də övladı ilə bağlı gözü yolda olan analar, bacılar, doğmalar dəqiq məlumat alsınlar. Birinci Qarabağ savaşında itkin düşən, əsirlikdə olanlarla bağlı iş sürətləndirilməlidir. Vaxt keçir, insanlar dünyasını dəyişir. Mən  Birinci Qarabağ savaşında Füzuli istiqamətində döyüşlərdə iştirak etmişəm. Döyüşlərdə cəhənnəmə vasil edilmiş erməni əsgərlərinin, zabitlərinin cəsədlərini biz basdırmışıq. Biz bilirik harada basdırmışıq. Bunu nəyə görə deyirəm. Biz get-gedə yaşa doluruq, azalırıq. Nə qədər gec deyil, həll olunmalıdır. Ən azından bilirəm ki, Füzuli rayonunun Aşağı Seyidəhmədli və Aşağı Əbdürrəhmanlı kəndləri istiqamətində döyüşlərdə öldürülən erməni əsgər və zabitlərini harada basdırmışıq. O cümlədən də yəqin ki, 90-cı illərdə o istiqamətdə xidmət edən erməni əsgər və zabitlər bilirlər ki, hansı ərazidə Azərbaycan əsgəri şəhid olub, onları haradasa basdırıblar. Fərrux kəndi azad olunmasaydı, ermənilər heç məlumat vermirdilər. Bəlkə də belə yerlər onlarladır. O ki qaldı muzeyin olmasına, vaxtı, zamanı gələndə, vətəndaşlarımız öz ata-baba ocağına dönəndən sonra sözsüz ki, orada tarixi yerləri sənədləşdirməliyik. Tarixi abidə kimi, yaxud da muzey kompleksi kimi hazırlamalıyıq ki, gələcək nəsil bilsin, bədnam qonşularımız başımıza hansı fəlakəti, hansı müsibəti gətirib”. 

Qeyd edək ki, Prezident İlham Əliyev bu il fevralın 4-də fransalı həmkarı Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə də itkin düşən azərbaycanlılar barədə məsələ qaldırmışdı.



Axtarış
Xəbər lenti
Reklam