Aqiyə Naxçıvanlı: “Cənub Qaz Dəhlizi layihəsinin reallaşması Azərbaycanın beynəlxalq nüfuzunu və dünya siyasətinə təsir imkanlarını artıracaq”

Tarix: 12-02-2021, 16:34 / Oxunub: 379
 
Aqiyə Naxçıvanlı:


"Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan mühüm beynəlxalq layihələrin ən etibarlı və əsas iştirakçılarından birinə, bir çox hallarda isə həm də təşəbbüskarına çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin fevralın 11-də keçirilmiş videokonfrans formatında növbəti iclasın iştirakçıları da öz çıxışlarında bu həqiqəti bir daha təsdiq etdilər” – bu fikirləri Cənub Qaz Dəhlizi layihəsinin başa çatması ilə bağlı saytımıza verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı ifadə edib.

Millət vəkili inşası başa çatmış Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayaraq deyib ki, bundan sonra Azərbaycan Avropa dövlətlərinin enerji təminatında əsas rol oynayan ölkə kimi həm regional, həm də beynəlxalq miqyasda daha geniş imkanlara sahib olacaq: "Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi o deməkdir ki, Azərbaycan artıq sadəcə regional deyil, həm də ümumdünyəvi əhəmiyyət kəsb edən, qlobal miqyaslı layihələrin həm təşəbbüskarı, həm də ən vacib iştirakçısı kimi dünya dövlətləri tərəfindən qəbul edilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin fevralın 11-də keçirilmiş videokonfrans formatında növbəti iclasın iştirakçıları da öz çıxışlarında bu həqiqəti bir daha təsdiq etdilər. Bunun ölkəmiz üçün əhəmiyyətini düzgün qiymətləndirə bilmək üçün Azərbaycanın cəmi bir neçə ay bundan öncə apardığı və qələbə ilə başa çatdırdığı Vətən müharibəsinin gedişinə və nəticələrinə bir daha nəzər salmaq kifayətdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz siyasi suverenliyimizi təmin edə bilməzdik. Əgər bizim siyasi suverenliyimiz olmasaydı, o zaman bizə müharibə aparmağa və xüsusən də onu zəfərlə başa çatdırmağa imkan verməzdilər. İqtisadi müstəqillik isə ilk növbədə məhz Cənub Qaz Dəhlizi kimi möhtəşəm layihələrin reallaşdırılması ilə əldə olunur. Lyihənin son seqmenti olan TAP-ın istismara verilməsilə Azərbaycan bundan sonra daha geniş iqtisadi-siyasi imkanlar əldə edəcək. Artıq ölkəmiz sadəcə Cənubi Qafqaz regionunda deyil, dünyada lider dövlətlər tərəfindən yürüdülən siyasətə təsir göstərmək üçün daha çox imkanlara sahib olacaq. Bu da Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin növbəti təntənəsidir.”
Daha sonra Aqiyə Naxçıvanlı Azərbaycanın qlobal enerji sektorunda bu gün imza atdığı uğurların əsasının 1994-cü ildə imzalanmış "Əsrin Müqaviəsi” ilə qoyulduğunu da qeyd etdi: "Məşvərət Şurası çərçivəsində keçirilmiş iclasda etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın bugünkü uğurlarının əsası hələ 1994-cü ildə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və səyləri nəticəsində imzalanmış "Əsrin Müqaviləsi” ilə qoyulub. Məhz həmin sənəd ölkəmizin neft strategiyasını müəyyənləşdirdi və ondan sonra Azərbaycan sürətli iqtisadi inkişaf yoluna qədəm qoydu. 1996-cı ildə Azərbaycan və beynəlxalq enerji şirkətlərindən ibarət konsorsium arasında "Şahdəniz” yatağı ilə bağlı müqavilə imzalandı və hazırda məhz həmin yataq Cənub Qaz Dəhlizinin yeganə təbii ehtiyat mənbəyidir. 1997-ci ildə ilk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə neftin hasil edilməsinə başlanıldı. İki il sonra, 1999-cu ildə biz Bakıdan Gürcüstanın Supsa liman şəhərinədək uzanan boru kəməri istifadəyə verildi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft boru kəməri istifadəyə verildi və bununla da Xəzər dənizinin Aralıq dənizi ilə birləşdirilməsi baş tutdu. 2012-ci ildə Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP layihəsinin inşası ilə bağlı müqavilə imzalandı. Nəhayət 2018-ci ildə TANAP-ın icrası başa çatdı, 2020-ci ildə isə TAP layihəsi yekunlaşdırıldı.”
Həmçinin millət vəkili Cənub Qaz Dəhlizinin təhlükəsizliyinin təmin olunması baxımından Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin mühüm əhəmiyyət kəsb etdiyini də xüsusi olaraq vurğuladı: "Məlumdur ki, heç bir beynəlxalq konsorsium riskli, xüsusən də terror təhlükəsi olan ərazilərə investisiya yatırmaz. Heç bir dövlət münaqişə zonalarında strateji layihələrin reallaşmasına şərik olmaq istəməz. Məhz bu baxımdan Azərbaycan torpaqlarında 30 ilə yaxın davam edən erməni işğalı səbəb olduğu bütün digər faciələrlə yanaşı Cənub Qaz Dəhlizi layihəsinə də əsil təhdid idi. Lakin Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu problemi də kökündən həll etdi. Ölkəmiz öz ərazilərini işğaldan azad etməklə enerji dəhlizinin fiziki təhlükəsizliyini təmin etdi və bu layihəyə hərbi hədələri aradan qaldırdı. Nəzərə almaq lazımdır ki, bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə start verilib. Bu isə həmin ərazilərin malik olduğu imkanlardan həm də iqtisadiyyatın şaxələndirilməsi məqsədilə istifadəyə yol açır. Beləliklə də, cəmi bir neçə ay bundan öncəyə qədər işğal altında olan bölgələrimiz artıq sabah mühüm beynəlxalq layihələrin iştirakçısına çevriləcək.”

Abbas Abbasov


Axtarış
Xəbər lenti
Reklam