"Moskva Abramyan kartını ortaya atmaqla “Soros uşağı“nı "rus uşağı” etməyə çalışır..."

Tarix: 29-03-2021, 13:30 / Oxunub: 318

Tanınmış ermənişünas alim, Türkiyənin Ərciyəs Universitetinin professoru, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlı Ermənistandakı son durumu Moderator.az-a şərh edib:
 
"Müxaliflərin baş nazir Nikol Paşinyanı hər hansı şəkildə kreslosundan etmək cəhdləri nəticə vermədi. Ermənistanda fövqəladə seçkilərin iyun ayında keçirilməsi ilə bağlı qərar qəbul ediləndən sonra Paşinyanın yenidən hakimiyyəti əlində saxlayacağı ilə bağlı ona qarşı olan qüvvələrin narahatçılığı artmışdır. İndi yollar aranmaqdadır. Erməni siyasətində indi elə bir fuqur yoxdur ki, seçkilərdə üstünlük qazansın. Paşinyanın öz partiyası "Mənim addımım” da önəmli ölçüdə zərbələr almışdır. Bundan yararlanmaq üçün Rusiyanın əlinə, əslində ciddi bir şans düşmüş sayıla bilər. Rusiya öz adamını Ermənistana bundan əvvəl də Ermənistanın başına gətirmək, yerləşdirmək istəmişdi. Koçaryanın geri qaytarılması üçün Ermənistanda nəbzi yoxlamışdı, onun özü ilə bir neçə dəfə açıq və gizli danışıqlar da aparılmışdı və Ermənistan mətbuatına bunlar sızarkən Koçaryana qarşı  çox böyük nifrət olduğu ortaya çıxınca Rusiya bu plandan vaz keçdi. İndi Rusiya özünün yeni adamını sınamaq istəyir. Ara Abrahamyan ömrü boyu Rusiya xüsusi xidmət orqanlarına işləmiş və Rusiya elitasının, konkret olaraq Putinin iradəsi doğrultusunda fəaliyyət göstərən birisidir. Onun namizəd kimi göstərilməsi birbaşa Putin hakimiyyətinin proyektidir, başarılı olacağına inanılır. Amma müharibə sonrası Ermənistandakı durum o qədər qəlizdir ki, Abrahamyanın milyonları ola bilsin ki, burada elə də ciddi bir rol oynamasın.  Ermənistandakı xalqın bir hissəsi Rusiyaya qarşıdır və Rusiyanın bu ölkədə möhkəmlənməsini istəmir, bir çox siyasi qüvvələr bunu açıq söyləyir və sahədə Qərblə əməkdaşlıq edirlər. İkinci tərəfdən Rusiyanın açıq şəkildə öz adamını Ermənistanın başına gətirməsini Qərb ölkələri həzm edə bilməzlər və bu aylar içərisində ciddi "demokratik” müdaxilələrin olacağı da istisna deyil. Üçüncü tərəfdən bu adamın Ermənistanda elə də ciddi sosyal dayağı yoxdur və həm də Ermənistanın özü ilə , Qarabağla bağlı plana malik deyil. Ermənistan iqtisadiyyatının və ordusunun çöküşünü önləmək üçün və əhalinin ümidsiz durumdan çıxarmaq üçün Qərbə açılmaqdan başqa bir yolun olmadığını dərk etmir. O bütün ümidləri Rusiyaya bağlanmaqda görür. Bunu  isə bəzi politoloqlar Ermənistanın gələcəyi üçün təhlükəli hesab edirlər. İndi Ermənistanı düşdüyü böhrandan çıxarmaq üçün Ara Abrahamyanın pullarının da köməyi dəyməyəcək.  
 
Moskva Ara Abramyan kartını ortaya atmaqla Paşinyanı özünə daha çox yaxınlaşdırmaq istəyir, onsuz da Paşinyan "Soros uşağı "deyil, "rus uşağı” olmaq seçənəyi qarşısında ikinciyə üstünlük vermişdir.  Seçkilərdə Ara Abrahamyan millət vəkili mandatı ala bilər, bu da Rusiya üçün başqa işləri görmək baxımından önəmli olacaq. Amma onun Paşinyanın alternativi olacağı inandırıcı deyil. Hesab edirəm ki, seçkilərdən sonra da Ermənistanda xaos uzun müddət davam edəcək".


Axtarış
Xəbər lenti
Reklam