Brüssel görüşlərinin nəticələrinə mane olan erməni bəhanələri - ŞƏRH + FOTO

Tarix: 9-07-2022, 15:58 / Oxunub: 362
Brüssel görüşlərinin nəticələrinə mane olan erməni bəhanələri - ŞƏRH + FOTO

Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdıqdan sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb. Bu fonda Qərbin, xüsusən Avropa İttifaqının regiona marağı daha da artıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə ötən il dekabrın 13-də, cari il aprelin 6-da və mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşlərin keçirilməsi buna əyani misaldır.

Mövzu ilə bağlı "Kaspi” qəzetinin yazısını təqdim edirik:

Bakı istənilən danışıqlar formatına müsbət yanaşır

İyulun 4-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib. Maraqlıdır, Şarl Mişelin bu zəngi nəyə hesablanıb? Məhz onun vasitəçiliyi ilə Brüsseldə keçirilən üçtərəfli görüşlər yaxın gələcəkdə təkrarlana bilərmi? Ümumiyyətlə, bu görüşlər silsiləsi niyə dayandırıldı? Politoloq İlyas Hüseynov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Avropa İttifaqı postmünaqişə reallıqları kontekstində regionda öz mövcudluğunu qoruyub saxlamaq, inkişaf etdirmək üçün bir sıra təşəbbüslərlə çıxış edir.

Onun sözlərinə görə, artıq tarixə qovuşmuş ATƏT-in Minsk qrupu formatını Avropa İttifaqı əvəz etməkdə maraqlıdır:

"Azərbaycan üçün əsas olan budur ki, yeni baxış bucağı ilə yanaşı, həm də milli maraq və mənafelərimizin təmin olunduğu bir mənzərə formalaşdırılsın. Ona görə də, rəsmi Bakı istənilən danışıqlar formatına müsbət yanaşır. Əsas budur ki, sülhün və təhlükəsizliyin dayanıqlılığı daha da genişləndirilsin.

Bu xüsusda Şarl Mişelin şəxsi təşəbbüsləri nəzərə çarpır. Avropa İttifaqının prezidenti Cənubi Qafqaz regionunda sülhün güclənməsinə xidmət edən praktiki addımlar atıb. Ötən ilin dekabrında "Sülh gündəliyi” adı alan danışıqlar prosesində mühüm siyasi razılıqlar əldə olunub. Sonrakı iki görüş də konstruktiv sonluqla başa çatdırılıb”.

Bu sərmayələr çox vacibdir

Politoloq deyib ki, Avropa İttifaqı balanslaşdırılmış mövqe sərgiləməklə yanaşı, həm də buna qədər olan xətti davam etdirməyə üstünlük verməli, bəyanatlarda "ATƏT-in Minsk qrupu”, "Qarabağın statusu”, "müharibə və münaqişə” kimi müəyyən terminalogiyalardan istifadə etməməlidir:

"Şarl Mişelin mayın 22-dəki görüşdən sonra verdiyi açıqlamada səsləndirdiyi "erməni əhalisi” ifadəsi terminalogiyası xətti davam etdirilməlidir. Buna böyük ehtiyac var. Yanlış fikirlərin səsləndirilməsi Avropa İttifaqını, ümumiyyətlə regiondan kənarlaşdıra bilər. İndiki durumda Avropa İttifaqının bu bölgədə üstünlüyünün səbəbi investisiya imkanlarının olmasıdır.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi kontekstində bu sərmayələr Azərbaycana və Ermənistana çox lazımdır. Bu dəhliz vasitəsilə nəqliyyat yükdaşımalarının perspektivi çox yüksəkdir. Avropa İttifaqı Azərbaycana münasibətdə yol verdiyi səhvi məhz sərmayələri paritet əsasda müəyyənləşdirməklə aradan qaldırmaqda maraqlıdır. Aİ çərçivəsində aparılan danışıqların məhsuldar olduğunu, səmərəli keçdiyini nəzərə alaraq bu görüşlərin davam etdirilməsini zəruri sayıram”.

Erməni tərəfinin yeni-yeni bəhanələri

Politoloq Əlimusa İbrahimov isə qəzetimizə açıqlamasında söyləyib ki, aprelin 6-da Brüsseldə keçirilən görüşdən sonra bu təmasların Azərbaycanla Ermənistan arasında münasibətlərdə nəticə alınana qədər davam etdirilməsi planlaşdırılıb.

Onun sözlərinə görə, bu görüşlərin nəticəsi olaraq kommunikasiya xətlərinin açılışı, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, nəhayət sülh müqaviləsinin imzalanması nəzərdə tutulub:

"Aprel ayında baş tutan görüşdən sonra iyul ayında növbəti görüşün keçirilməsi və yeni hədəflərə çatmağın yollarının müəyyən olunması nəzərdə tutulurdu. İyul ayının birinci ongünlüyü artıq bitmək üzrədir və Avropa İttifaqının vasitəçiliyi ilə keçiriləcək növbəti görüşdən hələ xəbər yoxdur. Əslinə qalsa, aprelin 6-da keçirilən görüş zamanı nəzərdə tutulan məsələlərin həyata keçirilməsi haqqında da müsbət fikir söyləmək çətindir.

Dəhlizin açılması gecikdirilir, avtomobil yolunun haradan keçəcəyi razılaşdırılmayıb, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də danışıqlar səviyyəsindən uzağa getməyib, sülh müqaviləsini imzalamamaq üçün erməni tərəfi yeni-yeni bəhanələr ortalığa atır. Rusiya Avropa İttifaqının vasitəçiliyini boşa çıxarmaq üçün bütün gücü ilə Ermənistana təzyiq edir”.

Nailiyyət yoxdursa, görüşə ehtiyac varmı?

Politoloq qeyd edib ki, Ermənistan yenə də danışıqlar naminə danışıqlar taktikasına sadiq qalır, real nəticələr əldə etmək üçün nəinki təşəbbüs göstərmir, hətta göstərilən təşəbbüslərin qarşısını alır:

"Buraya Rusiya tərəfinin apardığı anti-Avropa siyasətini də əlavə etsək, Brüsselin vasitəçilik missiyasının istənilən nəticəni vermədiyinin şahidi oluruq. Bununla da Şarl Mişelin Prezident İlham Əliyevlə telefon söhbəti zamanı müzakirə etdiyi məsələlərin konturları məlum olur. Avropalı siyasətçinin eyni mövzunu Ermənistan baş naziri ilə müzakirə etməsi barədə məlumat yoxdur. Avropalı diplomatların İlham Əliyevlə regionda gedən digər prosesləri də müzakirə etməsi barədə artıq dəfələrlə məlumat verilib.

İlham Əliyevin regiondakı prosesləri dərindən bilən dövlət xadimi olması, artıq bütün dünyada məlumdur və hökumət başçıları, diplomatlar xüsusilə Rusiyanın apardığı siyasəti müzakirə etmək üçün tez-tez ona müraciət edirlər. Şarl Mişel Avropa İttifaqının vasitəçiliyi ilə növbəti Brüssel görüşünün təşkil olunması ilə bağlı müzakirələr də apara bilərdi.

Amma bu görüşün baş tutacağı haqqında anonsun verilməməsi razılaşmanın əldə olunmadığına işarədir. Təbii ki, növbəti görüş əldə olunan nailiyyətləri müzakirə etmək üçün nəzərdə tutulurdu. Əgər heç bir nailiyyət yoxdursa, görüşün keçirilməsinə ehtiyac varmı? Məhz buna görə də Avropa İttifaqı rəsmisinin nəzərdə tutulan məsələlərin nədən həyata keçirilmədiyini aydınlaşdırmaq üçün İlham Əliyevlə müzakirələr apardığını düşünürəm”.



Axtarış
Xəbər lenti
Reklam