Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin koronavirus əleyhinə kütləvi vaksinasiyasına başlanılması barədə göstəriş verib. 

"RİA novosti” xəbər verir ki, dövlət başçısı hökümətə müvafiq infrastrukturun hazırlanmasını tapşırıb.

Rusiyada hər kəs dekabr ayından etibarən "Sputnuk 18” peyvəndi vurdurmaq imkanı qazanıb. Bu vaksin yalnız yaşı 18-dən yuxarı olan və son bir ay ərzində kəskin respirator viruslu infeksion xəstəliklər keçirməyənlərə vurulur. Hamilə qadınlar üçün vaksin əks göstərişlidir.

 
 


 

İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Üçtərəfli Görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub.

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

 
 


 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündən əvvəl tərəflər masaya yatıracaqları prioritet mövzularını ortaya qoymuşdular. Ermənistan Baş nazirinin portfelində əsasən iki məsələ vardı: Dağlıq Qarabağın statusu və erməni terrorçularının azadlığa buraxılması. Paşinyan onun Moskvaya getməsini istəməyən tənqidçilərinə verdiyi məşhur cavabında deyirdi: ""Əsir”lərin azad olunması üçün mən hətta şeytanla da görüşə bilərəm”. 

Erməni baş naziri Naxçıvan-Mehri dəhlizinin açılması üçün irəli sürdüyü bir başqa şərti isə Dağlıq Qarabağın statusu ilə bağlı idi: "Status müəyyən olunmadan kommunikasiyaların açılmasından danışmağa dəyməz”.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı Qarabağ döyüşlərini yekun nəticəsinə çatmadan hərbi müdaxilə ilə dayandıran Rusiya isə bir neçə öncəlik orta qoymuşdu. Başlıca öncəliklər "rus sülhməramlı” statusu, Dağlıq Qarabağa "humanitar yardım”ların daşınması, tarixi abidələrin qorunması, sərhədlərin demarkasiyası məsələri idi. Göründüyü kimi, bütün bu prioritetlərin hamısı rus "sülhməramlı”larının fəaliyyət sahəsinə aiddir. Deməli Rusiyanın əsas öncəliyi "sülhməramlı”ların statusu idi.
 
Azərbaycanın əsas öncəliyi öncəliyi isə ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağda suverenliyinin bərpası idi. Bunun üçün də erməni hərbi birləşmələri Dağlıq Qarabağdan çıxmalı, Ermənistandan bölgəyə gedən rəsmi şəxslərin səfərləri dayandırılmalı, Xankəndi və digər rayonlar Azərbaycanın tam nəzarətinə keçməlidir və s.

 
Bu qədər çox məsələlərin müzakirə olunduğu Moskva görüşündən yalnız bir qərar çıxdı: Azərbaycan və Ermənistan arasındakı kommunikasiya xətlərinin açılması. Görünən budur ki, liderlər yalnız bir tərəfin maraqlarına xidmət edən məsələlərdə ortaq məxrəcə gələ bilməmiş, yalnız regional inteqrasiyanı məhkəmləndirən ümumi maraqlarda ümumi razılıq əldə etmişlər.
 
Bizi maraqlandıran ən vacib sual isə budur: Azərbaycan prezidenti İlham Əliyev Moskva görüşündə hansı mövqeyi sərgiləmiş, xüsusilə erməni tərəfinin şərtlərini hansı arqumentlərlə geri çevirmişdir?
 
Moskva görüşünün detalları konfidensial saxlanıldığından müxaliflərin bütün hücumlarına baxmayaraq, rəsmi Bakı bu suala aydınlıq gətirmək istəmir. Amma Rusiya nəşrlərinin üçtərəfli görüş barədə açıqladığı məlumatlar rəsmi Bakının danışıqlar zamanı əldə rəhbər tutduğu bəzi arqumentlərə işıq tutur.
 
Ovqat.com-un məlumatına görə, Valday beynəlxalq müzakirə klubunun mütəxəssisi Fərhad Məmmədov "Kommersant” qəzetinə verdiyi açıqlamada bildirib ki, Ermənistanın qaldırdığı heç bir məsələ rəsmi Bakı üçün müzakirə predmetinə çevriləcək mahiyyətdə olmayıb.
 
Əvvəla, Paşinyanın hərbi əsir kimi azadlığını tələb etdiyi 62 erməni, əsir yox, terrorçu olduğundan onların 9-10 noyabr tarixli Bəyanata əsasən azadlığa buraxılmasından söhbət gedə bilməz.

 
"Münaqişə zamanı və öncəsi tutulan insanlar artıq ekstradisiya edilib. İndi isə Ermənistan dekabr ayında Hadrut yaxınlığında Azərbaycan ordusunun tərksilah etdiyi 62 nəfəri geri qaytarmaq istəyir. Həmin adamlar atəşkəs bəyannaməsi imzalandıqdan sonra, noyabr ayının axırlarında Ermənistanın Şirak bölgəsindən maşınlarına oturub Dağlıq Qarabağa gəliblər və beş Azərbaycan vətəndaşını öldürüblər. Buna görə də onlar təxribatçı kimi qəbul edilirlər, hərbi əsir kimi yox",-Məmmədov belə deyib.
 
Paşinyanın digər öncəliyi olan Dağlıq Qarabağın statusuna və ya orada yaşayan ermənilərin taleyinə gəlincə, Fərhad Məmmədova görə, Bakının mövqeyi bu məsələdə daha qətidir. "Azərbaycan Ermənistanla müstəsna dövlətlərarası məsələləri müzakirə edə bilər. Dağlıq Qarabağ münaqişəsi isə artıq bitib və Qarabağ ermənilərinin gələcəyi İrəvanla deyil, yalnız beynəlxalq təşkilatlarla və digər vasitəçilərlə müzakirə oluna bilər”.
 
Başqa sözlə, Dağlıq Qarabağın statusu və bu bölgədə yaşayan ermənilərin taleyi Ermənistanla müzakirə ediləcək "müstəsna dövlətlərarası məsələlərə” daxil deyil.
 
O ki qaldı Rusiyanın prioritetlərinə, bu məsələyə də Carnegie Europe mərkəzinin baş tədqiqatçısı və Dağlıq Qarabağ münaqişəsi tarixinə dair fundamental kitablardan sayılan "Qara bağ"ın müəllifi Tomas de Val (Thomas de Waal) qismən aydınlıq gətirib. Moskva danışıqlarında "ən maraqlı" məsələlərin "qapalı qaldığını", iqtisadi gündəmin ön plana çıxdığını düşünən tədqiqatçı deyib: "Paşinyan, şübhəsiz ki, məhkumlar və itkin düşənlər barəsində razılığa gəlmək istədi, lakin Əliyev hələ ki, bununla heç maraqlanmır da. Əliyev, böyük ehtimalla, sülhməramlı missiyanın işindən narazıdır, lakin Putin bu məsələdə güzəştə getməyə hazır deyil. Nə qalır? Avtomobil və dəmir yollarının bərpasında səmimi və ortaq maraqlar”. 

 
Valın fikrincə, bu plan uzunmüddətlidir, onu həyata keçirmək üçün yalnız infrastruktur deyil, həm də hazırda mövcud olmayan baza səviyyəsində siyasi iradə və sazişlər” lazımdır.
 
Carnegie Europe mərkəzinin baş tədqiqatçısının qısa şəkildə ifadə etdiyi bu fikirlərin altında gizlənən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycan prezidenti İlham Əliyev rus "sülhməramlı”larının Dağlıq Qarabağdakı fəaliyyətindən razı deyil. Həqiqətən də ölkə başçısı bu narazılığını üstüörtülü şəkildə və diplomatik nəzakət çərçivəsində dəfələrlə dilə gətirib. Onun 6 yanvar müşavirəsində səsləndirdiyi aşağıdakı fikirlər də rus "sülhməramlı”larının fəaliyyətinə münasibətini əks etdirir: "Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq”.
 
Moksva görüşünün protokolu hesab etdiyimiz Bəyanatda rus "sülhməramlı”larının statusunun təsbit olunmaması, zənnimizcə, İlham Əliyevin bu mövqeyinin nəticəsidir. Statusu müəyyənləşməyən "sülhməramlı” qoşun isə işğal ordusundan başqa bir şey deyil. Bu isə yaxın gələcəkdə  Azərbaycana Dağlıq Qarabağın rus işğalına məruz qaldığı iddiası ilə beynəlxalq aləm qarşısında məsələ qaldırmasına hüquqi əsas yarada bilər.
 
Təsadüfi deyil ki, Moskva görüşündən əvvəl Azərbaycan Müdafiə Nazirliyi guya Türkiyə ordusunu nəzərdə tutaraq, ölkəmizin Qoşulmayanlar Hərəkatına üzv olduğunu xatırlatmış və açıq şəkildə Azərbaycanda başqa dövlətin Silahlı Qüvvələrinin hərbi baza yarada bilməyəcəyini vurğulamışdı. Zənnimizcə, Müdafiə Nazirliyinin bu mesajı əslində gəlinə çatdırmaq istədiyi sözü qızına deyən Azərbaycan mentalitetinin bir göstəricisidir. Nədən ki, 44 günlük müharibə Azərbaycan və Türkiyə ordularının bir-birinə nə qədər sıx bağlı olduqlarını sübut etdi. Məlum oldu ki, yeri gələndə Türkiyə ordusu Azərbaycan üçün yad hərbi qüvvə deyil.
 

Moskva görüşünü nəticələrindən görünən budur ki, xalqa açıq məkanlarda nəzakət qaydalarını gözləyən rəsmi Bakı diplomatik danışıqlarda açıq mövqe ortaya qoymaqdan  çəkinmir. Sözsüz ki, Azərbaycan hakimiyyəti ortaya konkret iradə qoyarkən öz güclü tərəfdaşlarına güvənir. Azərbaycanın güclü müttəfiqləri son Qarabağ döyüşlərində məlum oldu: hərbi qüvvə sahəsində Türkiyə, Pakistan, İsrail, siyasi sahədə həm də İngiltərə. 11 Yanvar görüşünün rəsmi protokolu sayılan məlum Bəyanat bu baxımdan rəsmi Bakının Türkiyənin razı olmadığı məsələlərdə Moskvaya güzəştə getdiyini irəli sürən çevrələrə verilmiş ən tutarlı cavabdır. 
 
Moskva görüşündə yalnız kommunikasiya məsələsinin müzakirə edilməsi də Azərbaycanın müzakirələrdə Türkiyə ilə bərabər hərəkət etdiyinin dəlillərindəndir. Zira bu dəhliz regionun digər dövlətlərindən daha çox, Orta Asiyaya açılmaq istəyən Türkiyənin maraqlarına cavab verir. 

 
Səttar Möhbalıyev: Moskva Bəyanatı regional inkişafın müsbət dinamikasını təmin edəcək




2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən bölgədə nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələsinə bu sənəddə xüsusi diqqət ayrılıb. Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu da o deməkdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.


2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də iki ay öncə imzalanmış üçtərəfli bəyanatın müddəalarından irəli gələrək, regionda dinc həyatın və iqtisadi inkişafın təmin olunması istiqamətində atılacaq növbəti addımların birlikdə müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Moskva görüşünün nəticəsi olaraq imzalanmış yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Görüşün mühüm nəticələrindən biri "Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi "Mehri dəhlizi”nin açılması olacaq ki, bu da ilk növbədə Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Əlbəttə ki, bu layihələrin reallaşması ilə Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Təsadüfi deyil ki, üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.”

Beləliklə, yanvarın 11-də Moskva görüşünün nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindəndən imzalanmış Bəyanat Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması yönümündə tamamilə yeni perspektivlər açmış oldu.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Vüqar Zifəroğlu: "Yaxın gələcəkdə bu qurumun ona olan ümidləri doğrudacağına inanıram”

"Əhməd İsmayılov media sahəsində mütərəqqi, yenilikçi baxışlara sahib olan kadrdır”


 

Xəbər verdiyimiz kimi, ölkə başçısının 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.

 

Medianın İnkişafı Agentliyinin yaradılması mediamızın bu günü və gələcəyinə nə vəd edir? Ekspertlərin məlum dəyişikliklərədn gözləntiləri nədən ibarətdir?

 

Moderator.az-a açıqlama verən Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu,Medianın İnkişafı Agentliyinin yaradılmasının medianın inkişafına böyük töhfə verəcəyini qeyd edib:

 

"Ölkə başçısının məlum fərmanı olduqca əhəmiyyətli bir fərmandır. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə böyük töhfələr verəcək.

 

Fərmanda da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir.

Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını dəyişir və s. Bu gün biz XIX əsrdəki jurnalistika iləXX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XX əsr jurnalistikası ilə XXI əsr jurnalistikası arasında o qədər böyük fərq var. Bu fərq getdikdə daha qabarıq şəkildə özünü göstərir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması son dərəcə əhəmiyyətli və ciddidir.

 

Bu baxımdan hesab edirəm ki, cənab prezidentimizin imzaladığı bu fərman mediamızın bu günü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Odur ki, məlum yenilik mediamız və jurnalistlərimiz üçün xeyirli-uğurlu olsun deyirəm. İnanıram və əminəm ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın inkişafına çox böyük dəstək verəcək.

Ölkə başçısının sərəncamı ilə Əhməd İsmayılovun Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsinə təyin edilməsi də təqdirəlayiqdir. Əhməd müəllim media və jurnalistika sahəsində mütərəqqi, yenilikçi baxışlara sahib olan, mediamızın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq potensialına malik olan bir kadrdır. İnanıram ki, biz yaxın gələcəkdə Əhməd müəllimin və onun rəhbərlik etdiyi Agentliyə olan ümidləri artıqlaması ilə doğruldacağına şahid olacağıq.

 

Mən Medianın İnkişafı Agentliyinə, onun bütün kollektivinə və hörmətli Əhməd müəllimə bu mühüm fəaliyyətdə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.


 
 


 

Ermənistan polisinin sabiq rəisi Arman Sarkisyan müdafiə nazirinin müavini təyin edilib.

Bununla bağlı baş nazir Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Qeyd edək ki, Arman Sarkisyan 8 iyun 2020-ci ildə polis rəisi vəzifəsindən azad edilib.

 
 


 

Ermənistanda müxalif siyasi dairələrin yanvarın 11-də gözlənilən Moskva görüşü ilə bağlı müxtəlif şayiələr əsasında yaratdıqları ajiotaj hər şeydən əvvəl Paşinyana təzyiq göstərmək və onun istefasına nail olmağa xidmət edirdi. 

Buna baxmayaraq Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan və Rusiya prezidentləri, Ermənistan Baş naziri ilk dəfə üzbəüz görüşdülər. Görüşün gündəliyi əvvəlcədən açıqlanmasa da, günün sonunda üç ölkənin rəhbərləri tərəfindən səsləndirilən bəyanatlar danışıqların gedişini və mahiyyətini açıqlayır. Belə görünür ki, Ermənistan Baş naziri birləşmiş müxalifətin onun əleyhinə istifadə etdiyi bütün iddiaları bu görüşdə müzakirə etməyə cəhd göstərib. Xüsusilə 9 noyabr tarixli Birgə Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovların dəyişdirilməsi ilə bağlı, eləcə də həmin Bəyanatda yer almayan "Qarabağın statusu” ilə bağlı məsələ Baş nazirin təkid etdiyi əsas məsələlər olub. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni Birgə Bəyanatda bu iki məsələ ilə bağlı bir kəlmənin də yer almaması onu göstərir ki, Paşinyanın qaldırdığı məsələlər üzrə heç bir razılıq əldə olunmayıb.

Hələ görüşdən əvvəl Prezident İlham Əliyev Ermənistanın hərbi əsir hesab etdiyi 62 erməni əsgərini hərbi əməliyyatların rəsmən dayandırılmasından Azərbaycanın suveren ərazilərinə soxulmuş terrorçular hesab etdiyini açıqlamışdı. Ona görə də 9 noyabr tarixli Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin qarşılıqlı olaraq dəyişdirilməsi haqqında razılaşma bu hərbiçilərə şamil edilə bilməz. Beləliklə, Ermənistan siyasilərinin demaqogiyası İlham Əliyevin qəti prinsipiallığı ilə üzləşərək növbəti dəfə məhv olub.

Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin davam etdirilməsi ilə bağlı məsələ isə ümumiyyətlə atəşkəs bəyanatında yer almayıb. Pezident Əliyevin və prezident Putinin görüş sonrası bəyanatlarında bu məsələ ilə bağlı heç bir fikir səsləndirməməsi onu göstərir ki, Paşinyanın bu təklifi də müzakirə üçün məqbul hesab olunmayıb. Bu barədə də prezident İlham Əliyev öz qəti mövqeyini bu görüşdən xeyli əvvəl bildirib: "Heç bir status yoxdur və olmayacaq”

Prezidentlərin mediaya açıqlamalarından belə başa düşülür ki, müzakirələrin əsas mövzusu 9 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ilə bağlı olub. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınacağı barədə Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqlamalar onu göstərir ki, danışıqlarda mövqe üstünlüyü birmənalı olaraq Azərbaycan tərəfindədir. Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə regionda sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi olaraq prezident İlham Əliyev tərəfindən hələ münaqişə dövründə dəfələrlə səsləndirilmişdi. Bu günkü üçtərəfli görüşdə də məhz bu məsələlər üzrə razılığın əldə olunması danışıqlar prosesində məhz Azərbaycanın mövqeyinin aparıcı olduğunu üzə çıxarır.

Beləliklə, 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ daha böyük çoxsaylı qələbələrimiz olacaq.

 
 


 

Milli Məclisin İşlər İdarəsinin əməkdaşı Fazil Səfərəliyevin qardaşları Nadir və Tofiq Səfərəliyev eyni gündə vəfat edib.

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

Qardaşların ölüm səbəbi açıqlanmayıb.

Allah rəhmət eləsin...

 
Kamaləddin Qafarov:” Azərbaycan xalqını yeni ildə yeni möhtəşəm vəzifələr və uğurlar gözləyir”




"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədəki nitqi, ötən ilin parlaq qələbələrinin xalqa hesabatı və 2021-ci il üçün qarşıda duran möhtəşəm vəzifələrin müəyyənləşdirilməsi, strateji hədəflərimizin dəqiq açıqlanması baxımından tarixi bir sənəd kimi dəyərləndirilə bilər”. Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.

K.Qafarov qeyd etmişdir ki, ölkə Prezidentinin müşavirədə ictimai həyatın bir çox sahələrinə -iqtisadiyyat, sosial siyasət, mədəni quruculuğa dair mülahizələri və qarşıya qoyduğu vəzifələr yeni inkişaf və çiçəklənmə dövrünə qədəm qoymuş Azərbaycanın daha qüdrətli olmasına hesablanmış dəqiq strateji yol xəritəsidir.

Millət vəkili, dövlət başçısının da qeyd etdiyi kimi, son illər müstəqil Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığını xüsusi vurğulamışdır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bildik. "Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

K.Qafarov bildirmişdir ki, 2021-ci ildə ölkə qarşısında daha məsul vəzifələr durur. Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 3.4% inkişaf edəcəyi nəzərdə tutulur. Eyni zamanda, inflyasiyanın 3%, əhalinin real gəlirlərinin isə xeyli artacağı proqnozlaşdırılır. 2021-ci ilin dövlət büdcəsi manat ifadəsində son illərin ən böyük büdcəsidir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır.

Cari ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün 2.2 milyard manat ayrılıb. Görüləcək işlərin həcmi və miqyası çox böyükdür. Təbii olaraq bu işlər ölkə iqtisadiyyatının daha da canlanmasına səbəb olacaqdır. Bu layihələr həm də böhrandan sürətlə çıxmaq üçün mühüm bir imkandır.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı bir neçə istiqamətdə qiymətləndirilir. Xeyli sayda əkinə yararlı torpaqların, su ehtiyatlarının və əlverişli iqlim şəraitinin olması ərazinin aqrar potensialının böyük olmasını göstərir. Faydalı qazıntılar, qiyməti metal və inşaat materialları ilə zəngin yataqların olması bu sahədə iqtisadiyyatın xeyli gəlir əldə etməsinə imkan verəcək. Regionun geniş turizm potensialına sahib olması da son zamanlar ölkəmiz üçün mühüm valyuta gətirən mənbələrin birinə çevrilən bu sahənin imkanlarının dəfələrlə artmasına imkan yaradacaqdır.

İşğaldan azad olunmuş rayon və kəndlərdə nəqliyyat və turizm infrastrukturunun inkişafı, yeni aeroportların inşası, əkin sahələrinin yaradılması, bölgənin faunasının bərpası kimi uzunmüddətli layihələrin reallaşdırılması da nəzərdə tutulur.

Millət vəkili sonda bildirmişdir ki, dahi Nizaminin anadan olmasının 880-ci ildönümü münasibətilə 2021-ci ilin "Nizami İli” elan olunması böyük mütəffəkirə bir daha minnətdarlıq deməkdir. Bu qədər möhtəşəm layihələrin reallaşdırılacağı bir ildə böyük Nizamini unutmamaq, ona öz haqqını qaytarmaq həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha xüsusi dəyər verməsinin növbəti əyani təsdiqi və göstəricidir.


 
 


 

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin bütün sutka ərzində monitorinqini davam etdirir, atəşkəs rejimi bütün təmas xəttində gözlənilir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Müşahidə məntəqələrində Rusiya sülhməramlıları bütün sutka ərzində vəziyyətin monitorinqini və atəşkəsə riayət olunmasına nəzarəti həyata keçirir. Bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət olunur”, - deyə Rusiya MN-dən bildirilib.

Axtarış
Xəbər lenti
Reklam