(18-01-2021, 15:02)

Artıq xəbər verildiyi kimi, yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. İlk növbədə qeyd olunmalıdır ki, möhtərəm dövlət başçımızın indiyədək işğaldan azad edilmiş dügər rayon və şəhərlərimizə etdiyi səfərləri kimi, Şuşaya bu səfəri də Ali Baş Komandanın ürəyində yaşatdığı sonsuz Vətən sevgisinin və xalqa olan bağlılığının daha bir təcəssümüdür. Eyni zamanda da Ölkə Prezidentinin yanvarın 11-də keçirilmiş məlum Moskva görüşündən dərhal sonra ailəsilə birlikdə Şuşaya səfər etməsi Qarabağın əsl sahibinin kim olduğuna dair bütün dünyaya ünvanlanmış növbəti mesaj kimi qiymətləndirilməlidir.
Otuz il Azərbaycan ərazilərini işğal altında saxlamış erməni qəsbkarları bütün dünyaya Qarabağın, o cümlədən Şuşanın erməni torpaqları olduğuna dair saxta məlumatlar yaymaqla məşğul oldular. Lakin möhtərəm Prezidentimizin də öz çıxışında qeyd etdiyi kimi, onlar bütün bu müddət ərzində bu torpaqlarda bir daşı belə daş üstünə qoymadılar. Əksinə, uzun illər boyunca xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Çünki bu yerlərin onlara aid olmadığını və gec-tez buralardan qovulacaqlarını hamıdan yaxşı elə ermənilər özləri bilirdilər. Əlbəttə ki, torpağın əsl sahibi belə etmir. Torpağın əsl sahibi həmin torpaqda yollar çəkir, binalar tikir, qurur, yaradır, layihələr həyata keçirir, insanların firavan gələciyini təmin etmək üçün iş görür. Necə ki, Prezident İlham Əliyev Şuşa şəhərinə səfərindən öncə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu. Möhtərəm Prezidentimiz dedi ki, Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Yəni, çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək.
Budur torpağın əsl sahibinin yanaşma tərzi! Dövlətimizin başçısı sadəcə yol çəkilişi, infrastruktur layihələrinin icrası barədə göstərişlər verməklə kifayətlənmir. Ən xırda məqamlar, ən kiçik incəliklər belə Ölkə Prezidentinin diqqətindən yayınmır.
Vətən müharibəsinin Azərbaycanın tarixi qələbəsilə başa çatmasından cəmi iki ay vaxt keçməsinə baxmayaraq, artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki, Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də artıq Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Prezident İlham Əliyev çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri də artıq reallığa çevrilib.
Ümumiyyətlə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Bu reallıqlardan ən önəmlisi də budur ki, Azərbaycan xalqı artıq öz torpaqlarına qayıdıb və bu qayıdış əbədidir. Bu reallıqla barışmaq istəməyən, hələ də tarixin təkərini geri döndərmək kimi boş ümidlərindən əl çəkməyən ünsürlərə isə ən gözəl cavabı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müqəddəs üçrəngli bayrağımızı qaldırdığı Şuşa şəhərində etdiyi çıxışlarında vermişdir: "Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik.” "Əgər kimsə revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Azərbaycanın dəmir yumruğu düşmənin belini qırıb, lazım olarsa, bir daha qırar.”
Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Səttar Möhbalıyev
Milli Məclisin deputatı,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
(18-01-2021, 14:00)


(16-01-2021, 09:30)
(16-01-2021, 08:00)
Musa Urud: "Bu, həm də qədim mədəniyyət mərkəzimizə qayıdışımızın fərəhli başlanğıcıdır”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinə səfər edib. Səfər əsnasında daha Üzeyir Hacıbəyovun, Bülbülün, Xurşidbanu Natəvanın "güllələnmiş heykəlləri” də Şuşaya gətirilib, öz əzəli məkanında yerləşdirilib. Şuşadakı tarixi binaları ziyarət edən ölkə başçısı, Şuşanın və bütövlükdə Qarabağın gələcəyi ilə bağlı mühüm mesajlar səsləndirib.
Moderator.az-a açıqlamasında ölkə başçısının Şuşa səfərini şərh edən millət vəkili Musa Urud, bu səfərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
"Bu gün Azərbaycan Respublikasının prezidenti, o cümlədən I vitse-prezident Şuşanı ziyarət etdi. Cənab prezident səfər əsnasında bizim qədim mədəniyyət mərkəzimizdə müqəddəs yerlərə - Şuşa məscidinə, Vaqifin məqbərəsinə, Bülbülün ev muzeyinin qalıqları olan həyətə baş çəkdi. Cənab prezident həmçinin, Cıdır düzünə getdi, xalqa müraciət ünvanladı.
Ölkə başçısının Şuşa səfəri, məlum səfər əsnasında "güllələnmiş heykəllər”in Şuşaya qaytarılması tarixi ədalətin bərpası demək idi. Cənab prezidentin söylədiyi kimi, biz artıq Şuşaya qayıtdıq və Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik. Ermənilər tərəfindən güllələnmiş heykəllərin - sadəcə Azərbaycan mədəniyyətinə deyil, ümumilikdə dünya mədəniyyətinə böyük töhfələr verən Üzeyir bəyin, Bülbülün büstlərinin Şuşaya qaytarılması çox böyük tarixi-mədəni bir hadisədir.
Cənab prezident Şuşadan bütün dünyaya bəyan etdi ki, biz Şuşanı dirçəldəcəyik, onu bərpa edəcəyik. Onu dünyanın incisinə çevirəcəyik.
Bu səfərin həm böyük tarixi, həm siyasi, həm də mənəvi əhəmiyyəti var. Biz Şuşaya artıq həsrətlə baxmırıq. Ölkə başçısı bildirdi ki, biz Şuşaya daha rahat gedib-gələcəyik.
Cənab prezidentin gecəni Şuşada qalmasının da böyük rəmzi mənası var. Azərbaycanın Ali Baş Komandanının, Azərbaycan xalqının liderinin Şuşada qalması, səhər günəşi məhz Şuşadan salamlaması tariximizə, mədəniyyətimizə, Şuşa uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımıza olan sevgi və ehtiramın təzahürüdür.
Cənab prezident Şuşada ciddi siyasi əhəmiyyət daşıyan mesajlar da verdi, yaxın tarixdəki bir sıra olaylara diqqət çəkdi. Müstəqilliyimizin ilk illərində AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti, Şuşa kimi gözəl bir şəhərin yaramaz insanlar tərəfindən ermənilərə təslim edilməsi acı bir tarixdir. Bu tarixi gərək heç vaxt unutmayaq.
Cənab prezidentin səsləndirdiyi fikirlərdən biri də bu oldu ki, lideri güclü olan xalq həmşə qalib xalqdır. Lideri öz xalqına güvənən xalq hər zaman qalibdir. Xalqda nə qədər birlik, həmrəylik olarsa, xalq bir o qədər yenilməz olar. Ölkə başçısı vurğuladı ki, "dəmir yumruq” həm birliyimizin, həm də gücümüzün rəmzidir.
Bir sözlə, ölkə başçısının Şuşa səfəri bizim qədim mədəniyyət mərkəzimizə qayıdışımızın fərəhli başlanğıcıdır”.

1990-cı ilin 20 yanvarında törədilmiş qanlı hadisələrdən 31 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur.
Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutmuş, müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə həmvətənlərimiz vəhşicəsinə qətlə yetirilmişdi. Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər il olduğu kimi, 15 yanvar 2021-ci il tarixdə İcraiyyə Komitəsinin 13.01.2021-ci il tarixli qərarına əsasən 20 yanvar şəhidlərinin ailələrinin (102 ailə) hər birinə 200 (iki yüz) manat məbləğində, ümumilikdə 20400 (iyirmi min dörd yüz) manat yardımı poçt vasitəsilə ünvanlarına göndərmişdir.
Eyni zamanda AHİK-in üzv təşkilatları tərəfindən şəhid ailələrinə yardım göstərilməsi, pulsuz yollayışlarla təmin olunması, onlarla görüşlərin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə birgə Bəyanatın imzalanması Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilməlidir. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
Məlum olduğu kimi, görüşün məqsədi Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək idi.
Görüşün gündəliyi əvvəlcədən təxmin edilsə də, Ermənistanda, eləcə də təəssüf ki, Azərbaycanda bəzi qüvvələr bu tədbirin keçirilməsi faktından öz məqsədləri üçün manipulyasiya etməyə çalışırdılar. Erməni tərəfi görüşün N.Paşinyan üçün ölüm-dirim xarakteri daşıdığını daim vurğulayır və onun Moskvadan əliboş qayıdacağının fəlakət olacağı fikirlərini daim ictimailəşdirərək danışıqlar prosesinə təsir göstərməyə çalışırdı.
Azərbaycanda isə radikal müxalifət bu görüşün ölkəmizin guya güzəştlərə məcbur ediləcəyi barədə "dərin mənalı” öncəgörmələr tirajlayırdı.
Nəticə göz qabağındadır. Dörd saata yaxın davam edən görüşün təfərrüatı tam açıqlanmasa da, bu görüş nəticəsində imzalanmış sənəd – üçtərəfli bəyanat ortadadır. Bəyanat, gözlədiyimiz kimi, tam olaraq 10 noyabr Bəyanaməsinin 9-cu maddəsinin icrasına, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və bütün bu işlərin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılmasına xidmət edir.
Başqa sözlə, söhbət Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizindən gedir. Əslində, Paşinyan həm 10 noyabr, həm də 11 yanvar sənədlərinə imza atmaqla sübut elədi ki, Ermənistanın yaranmış şəraitdə heç bir alternativ çıxış yolu qalmamışdır. Elementar məntiq qanunları da göstərir ki, hərbi, iqtisadi və xüsusilə psixoloji durumu bərbad vəziyyətdə olan Ermənistanın bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır.
Azərbaycan bu görüşdən nə qazandı? Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.
Əldə edilmiş razılaşmaya əsasən, Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar. Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
İmzalanan bəyanatdan da göründüyü kimi, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.
Bu qənaəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm üçtərəfli görüş zamanı və həm də görüşün yekunlarına dair fikir bildirərkən xüsusi şəkildə vurğuladı. Dövlətimizin başçısı bəyan etdi ki, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir və bu proses regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcəkdir. Prezidentimiz xüsusi olaraq qeyd etdi ki,
Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.
Prezident İlham Əliyev bu görüşə yüksək qiymət verərək bildirdi ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. ”Biz nəticə əldə etmək, sentyabrda - noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik”.
Tam inamla demək olar ki, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olmuşdur və əldə edilən razılıq birmənalı şəkildə onun mənafeyinə uyğundur. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, şübhəsiz ki, üçtərəfli əməkdaşlıq formatı da olmayacaqdı.
Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələbləri birmənalı şəkildə regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Bu, faktiki olaraq "Mehri dəhlizinin” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlanılması deməkdir.
Yeni açılacaq kommunikasiya xətləri "Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaqdır.
Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, Tükiyə ilə, eləcə də bütün dünya ilə iqtisadi, nəqliyyat-logistik əlaqələri genişlənəcək, ölkəmizin geoiqtsadi əhəmiyyəti durmadan artacaqdır.
Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin də qüvvədə olduğunu bir daha xatırlatmış oldu.
Növbəti dəfə fiaskoya uğrayacağını hiss edən Paşinyan hökuməti isə erməni cəmiyyətində itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.
Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, lakin heç bir ölkə, hətta Fransa belə bu məsələdə onu dəstəkləməyə cəsarət etmir. Ona görə də bu məsələyə haqlı olaraq əhəmiyyət və fikir belə verilmədi.
Paşinyan administrasiyası məntiqsiz bir şəkildə kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzində 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.
Lakin bu cəhdlər də heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.
Qeyd etdiyimiz kimi, Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar. O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib - Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.
Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, bu gün yeganə çıxış yolu qonşu ölkələrlə və ilk növbədə Azərbaycanla normal münasibətlər qurmaqdır.
Lakin bu üçtərəfli görüşün sonunda dövlət başçılarının keçirdiyi mətbuat konfransında Paşinyan dövlət başçısına yaraşmayan çıxışı ilə göstərdi ki, sanki o, yaranmış reallığı axıra qədər adekvat qiymətləndirə bilmir. Belə ki, həmin mətbuat konfransında həm Rusiya prezidentinin, həm də cənab İlham Əliyevin yüksək siyasi etika və diplomatik mədəniyyət nümayiş etdirərək görüşün gedişi haqqında verdikləri ümumi məlumata baxmayaraq, Paşinyan yenə də keçmiş Dağlıq Qarabağın "statusundan”, guya hərbi əsir olan erməni terrorçularının azad olunması məsələsindən danışdı, özünü gülünc vəziyyətdə qoydu və Ermənistana qayıtdıqdan sonra isə etiraf etdi ki, hər iki məsələdə onun dediklərinə əhəmiyyət verən olmayıb.
Vacib bir məqamı qeyd etmək istərdim. Özünün ermənipərəst mövqeyinə baxmayaraq, rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi. Hətta bəzi media strukturları bu görüşdən yalnız Azərbaycanın maksimum səmərə ilə ayrıldığını xüsusi qeyd etdilər...
Kamaləddin QAFAROV,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
(14-01-2021, 18:00)


























