Bu gün erməni informasiya mənbələri Qarabağla bağlı yaydıqları xəbərlərlə əslində özlərini işfa etdilər.

İlk məlumat Qarabağda yerləşən "hərbi hissələrdən birində” 18 yaşlı "erməni əsgərin” ürək çatışmazlığından ölməsi barədədir.

Digər xəbər isə Azərbaycan Ordusunun guya "atəşkəsi kobudcasına” pozması və nəticədə "erməni əsgərin” ağır yaralanmasıdır. Erməni mediası ölən və yaralanan "əsgərlərin” keçmiş və qondarma "dqr”ə aid olduğu haqda yalanı elə bu qondarma qurumun rus sülhməramlılarının arxasında gizlənərək Xankəndidə "fəaliyyət göstərən” separatçı-terrorçu liderlərinə istinadla tirajlamışdı.

İnanılmaz bir informasiya şousu nümayiş etdirən erməni separatçı-terrorçuları mediaya açıqlamalarında "həqiqi hərbi xidmət keçən” 20 yaşlı Vardan Kirokasyanın "mövqedə olarkən qarşı tərəfdən açılan atəşlə” yaralandığını bildirdilər.

Az öncə isə rəsmən elan edildi ki, Ermənistan İstintaq Komitəsi Qarabağda yaralanan "əsgər”lə bağlı cinayət işi açıb, araşdırmalar aparır.

Təzadlı, bir-birini təkzib və Ermənistanın və ermənilərin iç üzünü, oyunlarını açan olduqca diqqətçəkən informasiyalardır.

Birinci məlumat Qarabağda "erməni hərbi hissəsi” olduğu haqdadırsa, ikinci xəbər erməni "əsgərin” hətta cəsarət edib, Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə dayanmasıdır.

Əvvəla, Ermənistan hansı əsasla Qarabağda "hərbi hissə” saxlayır? Niyə Azərbaycan ərazisini tərk etməyib bu hərbi hissə?

İkincisi, erməni "əsgər” Azərbaycan Ordusu ilə necə və hansı "bəyanat”la "üzbəüz mövqedə” dayanır?

10 noyabr 2020-ci il Bəyanatına əsasən, Ermənistan öz ordusunu Azərbaycan torpaqlarından çıxarmalı, Qarabağda silahlı əsgərlər olmamalıdır. Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə yalnız rus sülhməramlıları yerləşməlidir və erməni ordusunun da çıxması rus sülhməramlılarının yerləşməsi ilə paralel aparılmalıdır (Bəyanatın 4-cü bəndi: 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır).

Əvəzində isə biz nəyi müşahidə edirik: Ermənistan nəinki Qarabağda hərbçilər və hərbi hissələr saxlayır, eyni zamanda, onlar Azərbaycan Ordusu ilə üzbəüz mövqelərə yerləşdiriliblər. Belə olmasaydı, Qarabağda "erməni əsgərin” yaralanmasına görə məhz Ermənistanın İstintaq Komitəsi cinayət işi açmazdı.

Göründüyü kimi, Ermənistan 10 noyabr Bəyanatının şərtlərini və tələblərini ciddi şəkildə pozur.

Xatırladaq ki, hələ bir müddət öncə rusiyalı politoloq və hərbi ekspert Oleq Kuznetsov Azərbaycanın İsrail təcürbəsindən istifadə edərək, hətta rus sülhməramlılarının arxasında gizlənməyə çalışan erməni hərbi hissələrinə - 10 noyabr Bəyanatından sonra terrorçulara çevrilən silahlılara zərbə endirmək hüququnun olduğunu açıqlamışdı. "Bundan sonra İsrailin terrorçularla mübarizə təcrübəsini yada salaraq, rus sülhməramlılarının post xətti arxasında olsa belə, yaraqlıların məskunlaşdığı yerlərə qabaqlayıcı raket-artilleriya zərbələri endirilməlidir. Azərbaycan öz ərazisində öz təhlükəsizliyini təmin etmək üçün suveren hüquqa malikdir, sülhməramlılar bu məsələdə ona mane olmağa deyil, kömək etməyə çağırılıblar. Əminəm ki, belə bir nümunəvi qətliam əməliyyatı hələ də Xankəndidə oturan erməni separatçılarının və Rusiya sülhməramlılarının ağlını başına toplayacaq, çünki Kreml ona reaksiya verməyə məcbur olacaq”.

Rus sülhməramlıları mülki erməniləri qorumaqla bərabər, erməni hərbçilərinin və silahlılarının Ermənistana geri çəkilməsi, başıpozuq dəstə və ya komandanlığın qərarından imtina edənlərin isə terrorçu kimi zərərsizləşdirilməsi prosesinə dəstək verməlidir. Buna görə də Azərbaycan Ordusunun rus sülhməramlılarının arxasında gizlənən erməni terrorçu birliklərinə zərbə endirməsinə şərait yaratmalıdırlar.

10 noyabr Bəyanatından sonra Qarabağda qalan silahlı ermənilərin artıq terrorçu olduğu və onların hərbi əsir hesab edilməsinin mümkünsüzlüyü barədə Prezident İlham Əliyev iki dəfə ardıcıl bəyanat verib və açıq, prinsipial mövqe ortaya qoyub. Buna görə də Ermənistanın bu oyunu çox ciddi fəsadlara rəvac verə bilər.

Rus sülhməramlıları da ən qısa müddətdə erməni əsgərin Qarabağda "xidmət keçməsi"nə, həm də Azərbaycan Ordusu ilə "üzbəüz mövqedə” dayanmasına aydınlıq gətirməlidir.

Əks halda Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı artıq suverenliyimiz və təhlükəsizliyimiz səbəbindən məcburi addıma çevrilir. (Axar.az)

 
 


 

Ermənistanın rəsmi qurumları İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş bir çox hərbçilərin adlarını hələ də ictimaiyyətədən gizlədir.

"Razm.info" saytı bununla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində 27 sentyabrdan başlayan müharibədə ölmüş, amma rəsmi siyahıda açıqlanmayan bir neçə hərbçinin kimliyi məlum olub.
Həmin siyahıda "Şirak” futbol klubunun yetirməsi və eyni gündə ölən iki qardaşın da adı var.

Sayt 25 nəfərdən ibarət olan siyahını sosial şəbəkələrdə ölmüş hərbçilərin yaxınlarının yaydığı məlumatlar əsasında hazırlayıb.

 
 


 

Bəzi siyasi analitiklər iddia edir ki, Azərbaycan Ordusunun Xankəndinə girməməsinin səbəbkarı əslində Rusiya deyil, Qərbdir. Çünki bu əməliyyat baş tutsaydı, BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul ediləcəkdi. Həmçinin "etnik təmizləmə” adıyla Avropa institutlarından, ABŞ-dan da Azərbaycana qarşı eyni davranışların olacağı istisna deyildi. Bunun ardınca beynəlxalq birlik ordumuzun Şuşadan və Hadrutdan çıxmasını tələb edəcəkdi. Azərbaycan əlverişsiz duruma düşəcəkdi. Sanksiyalar tətbiq ediləcəkdi. Prezident İlham Əliyev isə mümkün ən yaxşı variantı seçib, Rusiyaya sülhməramlı mandatın verilməsinə nail olub. Bununla da Qərbdən gələn məlum dalğanın qarşısını almış oldu. Paralel də Türkiyənin Azərbaycana yerləşməsini təmin etdi. Bu olduqca incə bir proses idi ki, Azərbaycan lideri bunu uğurla bacardı. Qərb tamamilə neytrallaşdırıldı.

Deputat Aydın Mirzəzadə Musavat.com-a açıqlamasındabu fərziyyələrin əsas məqsədinin Azərbaycanın təkbaşına Vətən müharibəsində qələbə çalmasının əhəmiyyətini azaltmaq təəssüratı yaratmağa hesablandığını bildirib.

"Belə bir təəssürat yaratmağa çalışırlar ki, Azərbaycana kənardan hərbi kömək edildi, Azərbaycan nədənsə ehtiyatlandı dayandı və sair. Ancaq əslində Azərbaycan Dağlıq Qarabağ probleminin siyasi yolla yanaşı hərb yolla həlli variantını da gündəmdə saxladığını daim açıq şəkildə bildirirdi. Hansı mərhələdə hansı siyasəti yeridəcəyini Azərbaycan dövləti öz milli maraqlarına uyğun olaraq həyata keçirir. Xarici analitik mərkəzlərin, xarici mətbuat orqanlarının hesabatlarında, yazılarında Azərbaycanın daim müstəqil siyasət yeritdiyi, hər hansı böyük dövlətin forpostuna çevrilmədiyi və bütün dünya ilə bərabər, normal əlaqə saxladığı xüsusi vurğulanır. Bunu etmək çətindir, amma Azərbaycan dövləti son 30 illik tarixi ilə bunu sübut edib. Açıq şəkildə silahlı qüvvələrimiz möhkəmləndirilirdi, hərbi təlimlər keçirilirdi və 2016-cı ilin aprel döyüşləri də Azərbaycan Ordusunun qüdrətini, Azərbaycan siyasi rəhbərliyinin siyasi qətiyyətini göstərdi. Dağlıq Qarabağ probleminin birinci mərhələdə hərbi yolla həllinə üstünlük verildi, işğal altında olan torpaqlarımızın böyük bir hissəsi döyüşlərlə azad edildi və həmin ərəfədə Ali Baş Komandan cənab İlham Əliyev xaricdən gələn çağırışlara cavab olaraq dəfələrlə bildirdi ki, döyüşlər o vaxt dayandırıla bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və qoşunların çıxarılma qrafikini versin, eyni zamanda Şuşanın azad edilməsi məsələsi xüsusi bir bəndlə qabarıq şəkildə bildirilirdi.

Rusiyanın vasitəçiliyi ilə gedən danışıqlar nəticəsində Ermənistan Şuşanın işğaldan azad edilməsindın sonra müqavimətin artıq əhəmiyyətsiz olduğunu görərək 3 böyük rayondan qoşunların çıxarılmasına və Azərbaycan-Ermənistan xəritəsinin SSRİ dövründəki xəritəyə əsasən qurulmasına razılıq verdi. Bu, əslində Azərbaycanın həm apardığı siyasətin, həm də hərbisinin qələbəsi idi. Burada hansısa bir xarici mərkəzlərin Azərbaycana təzyiqi və yaxud da Azərbaycanın nədənsə ehtiyatlanması barədə danışmağın əsası yoxdur. Azərbaycan ərazi bütövlüyünü, sərhədlərinin bütövlüyünü təmin etdi. Azərbaycan döyüşlərin müəyyən bir mərhələsində hesab etdi ki, buradan o tərəfə problemin qalan hissəsi artıq siyasi yolla həll edilə bilər. Ona görə də bu varianta üstünlük verdi. Eyni zamanda tək torpaqlarımız işğaldan azad edilmədi, Dağlıq Qarabağ probleminin həllində birinci mərhələ-hərb mərhələsi bitərək siyasi mərhələyə keçildi. Burada vacib məqamlardan biri az sayda erməni millətindən olan əhalinin yaşadığı bölgənin statusunun artıq gündəlikdən çıxarılması idi. Çünki hələ sovet dövründən ermənilər həmin torpaqları Azərbaycandan qoparmağa çalışırdılar, müstəqillik dövründə isə işğal etdilər və sonradan onu müstəqil etməyə çalışırdılar. Ancaq Azərbaycan bəyan etdi ki, işğala son qoyulub və həmin bölgənin statusundan söhbət gedə bilməz”, - deputat əlavə edib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, kimin nə deməyindən asılı olmayaraq 44 günlük hərbi əməliyyat ondan sonrakı dekabrın 1-nə qədər siyasi, diplomatik yolla Ağdam, Kəlbəcər və Laçının azad edilməsinin memarı Prezident İlham Əliyevdir:

"Müharibənin başlamasından sonra dünyanın güc mərkəzlərinin diqqəti təbii olaraq Cənubi Qafqaza, daha dəqiq desək, Azərbaycana və Ermənistana hədəfləndi. Bu prosesdə bu və ya digər şəkildə iştirak etmək istəyən hər bir ölkə heç də bəzilərinin düşündüyü kimi, sülh göyərçini missiyasını yerinə yetirmirdi. Burada onların özünün ciddi maraqları var idi. Çalışırdılar ki, yaranmış situasiyadan istifadə edib öz maraqlarını reallaşdıra bilsinlər. Xüsusi olaraq bu prosesdə Rusiya, Amerika və Fransa münaqişə başlayandan bu günə qədər öz maraqlarını qorumaqdaydılar. Ona görə də işğaldakı torpaqların danışıqlar yolu ilə azad olunması reallaşmadı. Prezident İlham Əliyev dünya səviyyəli peşəkar diplomatdır, beynəlxalq hüququn ustadıdır. Həm də bu 44 günlük döyüşlər göstərdi ki, İlham Əliyev çox uğurlu, yüksək səviyyəli strateqdir. Cənab Prezident az itki ilə 44 günlük qələbəni təmin etdi. Bu qələbə dövründə bütün maraqlı olan dövlətlərin maraqlarının reallaşmasını neytrallaşdıra bildi. Əlverişli zaman seçdi. Budur reallıq. Yaranmış olan çətin anda, yəni artıq Azərbaycan Ordusu Xankəndinin 3 kilometrliyində olanda təbii ki, olduqca ölçülüb biçilmiş addım atılmalıydı ki, sonrakı dönəmdə pusquda yatıb Azərbaycanın buraxa biləcəyi ”səhvlərdən" qüvvələrin əlinə bəhanə düşməsin. Bu, son dərəcə vacib idi. Ölkə Prezidenti bilirdi ki, Xankəndinə girib oradakı erməni ordusunu məhv etdikdən sonra orada bir nəfər də olsun erməni qalmayacaqdı. Bu zaman isə ermənilər bütün dünyaya car çəkəcəkdilər ki, ermənilər ikinci dəfə soyqırıma məruz qaldılar. Bundan sonra isə başda Fransa olmaqla ermənipərəst bütün güclər, o cümlədən ABŞ, Hollandiya, Belçika və digər ölkələr Azərbaycana qarşı ciddi hərəkətə keçəcəkdilər. BMT-ni məcbur edəcəkdilər ki, Azərbaycana qarşı sanksiyalar tətbiq olunsun. Ayrı-ayrı ölkələr isə 907-ci düzəlişdə də sərt qətnamə qəbul edib Azərbaycanla iqtisadi, siyasi əlaqələrə son qoyacaqdılar. Prezident İlham Əliyev diplomatik məharətlə bütün məkrli planların bizə qarşı həyata keçirilməsinin üstündən xətt çəkdi. Kimsə Azərbaycan Ordusunun Xankəndinə girməməsinin əsas səbəbi kimi Qərbi, Rusiyanı önə çəkirsə, bu, doğru deyil. Əslində ölkəmizin Prezidenti pislərin içərisində ən doğrusunu-yaxşısını seçə bildi. Sadəcə olaraq, Ermənistan üzərində Rusiyanın böyük təsirini düzgün qiymətləndirərək, eyni zamanda Minsk Qrupunun içərisində parçalanma yaradaraq və Rusiyanın onlara qarşı dayanmasını təmin edərək BMT Təhlükəsizlik Şurasında Rusiyanın imkanlarından istifadə etməsini önə çəkərək məhz Rusiya ilə danışıqlar oldu. Bu, Rusiya tərəfindən edilən təşəbbüs idi. Ölkəmizin lideri çox böyük ustalıqla 10 noyabrda məlum bəyanatın qəbul edilməsinə nail ola bildi. Beləliklə, 3 rayon şəhid verilmədən azad edildi və digər məsələlər də artıq göründüyü kimi reallaşmağa başlayıb".

 
 


 

Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin koronavirus əleyhinə kütləvi vaksinasiyasına başlanılması barədə göstəriş verib. 

"RİA novosti” xəbər verir ki, dövlət başçısı hökümətə müvafiq infrastrukturun hazırlanmasını tapşırıb.

Rusiyada hər kəs dekabr ayından etibarən "Sputnuk 18” peyvəndi vurdurmaq imkanı qazanıb. Bu vaksin yalnız yaşı 18-dən yuxarı olan və son bir ay ərzində kəskin respirator viruslu infeksion xəstəliklər keçirməyənlərə vurulur. Hamilə qadınlar üçün vaksin əks göstərişlidir.

 
 


 

İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İkinci Üçtərəfli Görüşü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Üçtərəfli Görüş zamanı dövlətlər arasında strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin mövcud inkişafından məmnunluq ifadə olunub.

Tərəflər dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörməti bir daha bəyan ediblər.

 
 


 

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündən əvvəl tərəflər masaya yatıracaqları prioritet mövzularını ortaya qoymuşdular. Ermənistan Baş nazirinin portfelində əsasən iki məsələ vardı: Dağlıq Qarabağın statusu və erməni terrorçularının azadlığa buraxılması. Paşinyan onun Moskvaya getməsini istəməyən tənqidçilərinə verdiyi məşhur cavabında deyirdi: ""Əsir”lərin azad olunması üçün mən hətta şeytanla da görüşə bilərəm”. 

Erməni baş naziri Naxçıvan-Mehri dəhlizinin açılması üçün irəli sürdüyü bir başqa şərti isə Dağlıq Qarabağın statusu ilə bağlı idi: "Status müəyyən olunmadan kommunikasiyaların açılmasından danışmağa dəyməz”.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün apardığı Qarabağ döyüşlərini yekun nəticəsinə çatmadan hərbi müdaxilə ilə dayandıran Rusiya isə bir neçə öncəlik orta qoymuşdu. Başlıca öncəliklər "rus sülhməramlı” statusu, Dağlıq Qarabağa "humanitar yardım”ların daşınması, tarixi abidələrin qorunması, sərhədlərin demarkasiyası məsələri idi. Göründüyü kimi, bütün bu prioritetlərin hamısı rus "sülhməramlı”larının fəaliyyət sahəsinə aiddir. Deməli Rusiyanın əsas öncəliyi "sülhməramlı”ların statusu idi.
 
Azərbaycanın əsas öncəliyi öncəliyi isə ərazi bütövlüyünü təmin etmək, Dağlıq Qarabağda suverenliyinin bərpası idi. Bunun üçün də erməni hərbi birləşmələri Dağlıq Qarabağdan çıxmalı, Ermənistandan bölgəyə gedən rəsmi şəxslərin səfərləri dayandırılmalı, Xankəndi və digər rayonlar Azərbaycanın tam nəzarətinə keçməlidir və s.

 
Bu qədər çox məsələlərin müzakirə olunduğu Moskva görüşündən yalnız bir qərar çıxdı: Azərbaycan və Ermənistan arasındakı kommunikasiya xətlərinin açılması. Görünən budur ki, liderlər yalnız bir tərəfin maraqlarına xidmət edən məsələlərdə ortaq məxrəcə gələ bilməmiş, yalnız regional inteqrasiyanı məhkəmləndirən ümumi maraqlarda ümumi razılıq əldə etmişlər.
 
Bizi maraqlandıran ən vacib sual isə budur: Azərbaycan prezidenti İlham Əliyev Moskva görüşündə hansı mövqeyi sərgiləmiş, xüsusilə erməni tərəfinin şərtlərini hansı arqumentlərlə geri çevirmişdir?
 
Moskva görüşünün detalları konfidensial saxlanıldığından müxaliflərin bütün hücumlarına baxmayaraq, rəsmi Bakı bu suala aydınlıq gətirmək istəmir. Amma Rusiya nəşrlərinin üçtərəfli görüş barədə açıqladığı məlumatlar rəsmi Bakının danışıqlar zamanı əldə rəhbər tutduğu bəzi arqumentlərə işıq tutur.
 
Ovqat.com-un məlumatına görə, Valday beynəlxalq müzakirə klubunun mütəxəssisi Fərhad Məmmədov "Kommersant” qəzetinə verdiyi açıqlamada bildirib ki, Ermənistanın qaldırdığı heç bir məsələ rəsmi Bakı üçün müzakirə predmetinə çevriləcək mahiyyətdə olmayıb.
 
Əvvəla, Paşinyanın hərbi əsir kimi azadlığını tələb etdiyi 62 erməni, əsir yox, terrorçu olduğundan onların 9-10 noyabr tarixli Bəyanata əsasən azadlığa buraxılmasından söhbət gedə bilməz.

 
"Münaqişə zamanı və öncəsi tutulan insanlar artıq ekstradisiya edilib. İndi isə Ermənistan dekabr ayında Hadrut yaxınlığında Azərbaycan ordusunun tərksilah etdiyi 62 nəfəri geri qaytarmaq istəyir. Həmin adamlar atəşkəs bəyannaməsi imzalandıqdan sonra, noyabr ayının axırlarında Ermənistanın Şirak bölgəsindən maşınlarına oturub Dağlıq Qarabağa gəliblər və beş Azərbaycan vətəndaşını öldürüblər. Buna görə də onlar təxribatçı kimi qəbul edilirlər, hərbi əsir kimi yox",-Məmmədov belə deyib.
 
Paşinyanın digər öncəliyi olan Dağlıq Qarabağın statusuna və ya orada yaşayan ermənilərin taleyinə gəlincə, Fərhad Məmmədova görə, Bakının mövqeyi bu məsələdə daha qətidir. "Azərbaycan Ermənistanla müstəsna dövlətlərarası məsələləri müzakirə edə bilər. Dağlıq Qarabağ münaqişəsi isə artıq bitib və Qarabağ ermənilərinin gələcəyi İrəvanla deyil, yalnız beynəlxalq təşkilatlarla və digər vasitəçilərlə müzakirə oluna bilər”.
 
Başqa sözlə, Dağlıq Qarabağın statusu və bu bölgədə yaşayan ermənilərin taleyi Ermənistanla müzakirə ediləcək "müstəsna dövlətlərarası məsələlərə” daxil deyil.
 
O ki qaldı Rusiyanın prioritetlərinə, bu məsələyə də Carnegie Europe mərkəzinin baş tədqiqatçısı və Dağlıq Qarabağ münaqişəsi tarixinə dair fundamental kitablardan sayılan "Qara bağ"ın müəllifi Tomas de Val (Thomas de Waal) qismən aydınlıq gətirib. Moskva danışıqlarında "ən maraqlı" məsələlərin "qapalı qaldığını", iqtisadi gündəmin ön plana çıxdığını düşünən tədqiqatçı deyib: "Paşinyan, şübhəsiz ki, məhkumlar və itkin düşənlər barəsində razılığa gəlmək istədi, lakin Əliyev hələ ki, bununla heç maraqlanmır da. Əliyev, böyük ehtimalla, sülhməramlı missiyanın işindən narazıdır, lakin Putin bu məsələdə güzəştə getməyə hazır deyil. Nə qalır? Avtomobil və dəmir yollarının bərpasında səmimi və ortaq maraqlar”. 

 
Valın fikrincə, bu plan uzunmüddətlidir, onu həyata keçirmək üçün yalnız infrastruktur deyil, həm də hazırda mövcud olmayan baza səviyyəsində siyasi iradə və sazişlər” lazımdır.
 
Carnegie Europe mərkəzinin baş tədqiqatçısının qısa şəkildə ifadə etdiyi bu fikirlərin altında gizlənən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycan prezidenti İlham Əliyev rus "sülhməramlı”larının Dağlıq Qarabağdakı fəaliyyətindən razı deyil. Həqiqətən də ölkə başçısı bu narazılığını üstüörtülü şəkildə və diplomatik nəzakət çərçivəsində dəfələrlə dilə gətirib. Onun 6 yanvar müşavirəsində səsləndirdiyi aşağıdakı fikirlər də rus "sülhməramlı”larının fəaliyyətinə münasibətini əks etdirir: "Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi. Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış Bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq”.
 
Moksva görüşünün protokolu hesab etdiyimiz Bəyanatda rus "sülhməramlı”larının statusunun təsbit olunmaması, zənnimizcə, İlham Əliyevin bu mövqeyinin nəticəsidir. Statusu müəyyənləşməyən "sülhməramlı” qoşun isə işğal ordusundan başqa bir şey deyil. Bu isə yaxın gələcəkdə  Azərbaycana Dağlıq Qarabağın rus işğalına məruz qaldığı iddiası ilə beynəlxalq aləm qarşısında məsələ qaldırmasına hüquqi əsas yarada bilər.
 
Təsadüfi deyil ki, Moskva görüşündən əvvəl Azərbaycan Müdafiə Nazirliyi guya Türkiyə ordusunu nəzərdə tutaraq, ölkəmizin Qoşulmayanlar Hərəkatına üzv olduğunu xatırlatmış və açıq şəkildə Azərbaycanda başqa dövlətin Silahlı Qüvvələrinin hərbi baza yarada bilməyəcəyini vurğulamışdı. Zənnimizcə, Müdafiə Nazirliyinin bu mesajı əslində gəlinə çatdırmaq istədiyi sözü qızına deyən Azərbaycan mentalitetinin bir göstəricisidir. Nədən ki, 44 günlük müharibə Azərbaycan və Türkiyə ordularının bir-birinə nə qədər sıx bağlı olduqlarını sübut etdi. Məlum oldu ki, yeri gələndə Türkiyə ordusu Azərbaycan üçün yad hərbi qüvvə deyil.
 

Moskva görüşünü nəticələrindən görünən budur ki, xalqa açıq məkanlarda nəzakət qaydalarını gözləyən rəsmi Bakı diplomatik danışıqlarda açıq mövqe ortaya qoymaqdan  çəkinmir. Sözsüz ki, Azərbaycan hakimiyyəti ortaya konkret iradə qoyarkən öz güclü tərəfdaşlarına güvənir. Azərbaycanın güclü müttəfiqləri son Qarabağ döyüşlərində məlum oldu: hərbi qüvvə sahəsində Türkiyə, Pakistan, İsrail, siyasi sahədə həm də İngiltərə. 11 Yanvar görüşünün rəsmi protokolu sayılan məlum Bəyanat bu baxımdan rəsmi Bakının Türkiyənin razı olmadığı məsələlərdə Moskvaya güzəştə getdiyini irəli sürən çevrələrə verilmiş ən tutarlı cavabdır. 
 
Moskva görüşündə yalnız kommunikasiya məsələsinin müzakirə edilməsi də Azərbaycanın müzakirələrdə Türkiyə ilə bərabər hərəkət etdiyinin dəlillərindəndir. Zira bu dəhliz regionun digər dövlətlərindən daha çox, Orta Asiyaya açılmaq istəyən Türkiyənin maraqlarına cavab verir. 

 
Səttar Möhbalıyev: Moskva Bəyanatı regional inkişafın müsbət dinamikasını təmin edəcək




2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən bölgədə nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələsinə bu sənəddə xüsusi diqqət ayrılıb. Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu da o deməkdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.


2021-ci il yanvarın 11-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş də iki ay öncə imzalanmış üçtərəfli bəyanatın müddəalarından irəli gələrək, regionda dinc həyatın və iqtisadi inkişafın təmin olunması istiqamətində atılacaq növbəti addımların birlikdə müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir.

Moskva görüşünün nəticəsi olaraq imzalanmış yeni bəyanat sözsüz ki, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək. Görüşün mühüm nəticələrindən biri "Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi "Mehri dəhlizi”nin açılması olacaq ki, bu da ilk növbədə Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Əlbəttə ki, bu layihələrin reallaşması ilə Azərbaycanın geoiqtisadi mövqeləri daha da güclənəcək. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Təsadüfi deyil ki, üçtərəfli görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda bu məqamı xüsusi vurğulayaraq demişdir: "Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.”

Beləliklə, yanvarın 11-də Moskva görüşünün nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindəndən imzalanmış Bəyanat Cənubi Qafqazda vəziyyətin stabilləşməsi və iqtisadi inkişafın müsbət dinamikasının təmin olunması yönümündə tamamilə yeni perspektivlər açmış oldu.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Vüqar Zifəroğlu: "Yaxın gələcəkdə bu qurumun ona olan ümidləri doğrudacağına inanıram”

"Əhməd İsmayılov media sahəsində mütərəqqi, yenilikçi baxışlara sahib olan kadrdır”


 

Xəbər verdiyimiz kimi, ölkə başçısının 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.

 

Medianın İnkişafı Agentliyinin yaradılması mediamızın bu günü və gələcəyinə nə vəd edir? Ekspertlərin məlum dəyişikliklərədn gözləntiləri nədən ibarətdir?

 

Moderator.az-a açıqlama verən Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu,Medianın İnkişafı Agentliyinin yaradılmasının medianın inkişafına böyük töhfə verəcəyini qeyd edib:

 

"Ölkə başçısının məlum fərmanı olduqca əhəmiyyətli bir fərmandır. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə böyük töhfələr verəcək.

 

Fərmanda da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir.

Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını dəyişir və s. Bu gün biz XIX əsrdəki jurnalistika iləXX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XX əsr jurnalistikası ilə XXI əsr jurnalistikası arasında o qədər böyük fərq var. Bu fərq getdikdə daha qabarıq şəkildə özünü göstərir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması son dərəcə əhəmiyyətli və ciddidir.

 

Bu baxımdan hesab edirəm ki, cənab prezidentimizin imzaladığı bu fərman mediamızın bu günü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Odur ki, məlum yenilik mediamız və jurnalistlərimiz üçün xeyirli-uğurlu olsun deyirəm. İnanıram və əminəm ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın inkişafına çox böyük dəstək verəcək.

Ölkə başçısının sərəncamı ilə Əhməd İsmayılovun Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsinə təyin edilməsi də təqdirəlayiqdir. Əhməd müəllim media və jurnalistika sahəsində mütərəqqi, yenilikçi baxışlara sahib olan, mediamızın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq potensialına malik olan bir kadrdır. İnanıram ki, biz yaxın gələcəkdə Əhməd müəllimin və onun rəhbərlik etdiyi Agentliyə olan ümidləri artıqlaması ilə doğruldacağına şahid olacağıq.

 

Mən Medianın İnkişafı Agentliyinə, onun bütün kollektivinə və hörmətli Əhməd müəllimə bu mühüm fəaliyyətdə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.


 
 


 

Ermənistan polisinin sabiq rəisi Arman Sarkisyan müdafiə nazirinin müavini təyin edilib.

Bununla bağlı baş nazir Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Qeyd edək ki, Arman Sarkisyan 8 iyun 2020-ci ildə polis rəisi vəzifəsindən azad edilib.

 
 


 

Ermənistanda müxalif siyasi dairələrin yanvarın 11-də gözlənilən Moskva görüşü ilə bağlı müxtəlif şayiələr əsasında yaratdıqları ajiotaj hər şeydən əvvəl Paşinyana təzyiq göstərmək və onun istefasına nail olmağa xidmət edirdi. 

Buna baxmayaraq Qarabağ bölgəsində hərbi əməliyyatlar Azərbaycanın tam qələbəsi ilə başa çatdıqdan sonra Azərbaycan və Rusiya prezidentləri, Ermənistan Baş naziri ilk dəfə üzbəüz görüşdülər. Görüşün gündəliyi əvvəlcədən açıqlanmasa da, günün sonunda üç ölkənin rəhbərləri tərəfindən səsləndirilən bəyanatlar danışıqların gedişini və mahiyyətini açıqlayır. Belə görünür ki, Ermənistan Baş naziri birləşmiş müxalifətin onun əleyhinə istifadə etdiyi bütün iddiaları bu görüşdə müzakirə etməyə cəhd göstərib. Xüsusilə 9 noyabr tarixli Birgə Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin və girovların dəyişdirilməsi ilə bağlı, eləcə də həmin Bəyanatda yer almayan "Qarabağın statusu” ilə bağlı məsələ Baş nazirin təkid etdiyi əsas məsələlər olub. Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni Birgə Bəyanatda bu iki məsələ ilə bağlı bir kəlmənin də yer almaması onu göstərir ki, Paşinyanın qaldırdığı məsələlər üzrə heç bir razılıq əldə olunmayıb.

Hələ görüşdən əvvəl Prezident İlham Əliyev Ermənistanın hərbi əsir hesab etdiyi 62 erməni əsgərini hərbi əməliyyatların rəsmən dayandırılmasından Azərbaycanın suveren ərazilərinə soxulmuş terrorçular hesab etdiyini açıqlamışdı. Ona görə də 9 noyabr tarixli Bəyanatın 8-ci bəndində nəzərdə tutulan hərbi əsirlərin qarşılıqlı olaraq dəyişdirilməsi haqqında razılaşma bu hərbiçilərə şamil edilə bilməz. Beləliklə, Ermənistan siyasilərinin demaqogiyası İlham Əliyevin qəti prinsipiallığı ilə üzləşərək növbəti dəfə məhv olub.

Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin davam etdirilməsi ilə bağlı məsələ isə ümumiyyətlə atəşkəs bəyanatında yer almayıb. Pezident Əliyevin və prezident Putinin görüş sonrası bəyanatlarında bu məsələ ilə bağlı heç bir fikir səsləndirməməsi onu göstərir ki, Paşinyanın bu təklifi də müzakirə üçün məqbul hesab olunmayıb. Bu barədə də prezident İlham Əliyev öz qəti mövqeyini bu görüşdən xeyli əvvəl bildirib: "Heç bir status yoxdur və olmayacaq”

Prezidentlərin mediaya açıqlamalarından belə başa düşülür ki, müzakirələrin əsas mövzusu 9 noyabr Bəyanatının 9-cu bəndində nəzərdə tutulan nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin bərpası ilə bağlı olub. Yaxın zamanlarda Ermənistan vasitəsilə Azərbaycan-Naxçıvan-Türkiyə və Ermənistan-Azərbaycan-Rusiya, eləcə də Ermənistan-Azərbaycan-İran marşrutları üzrə nəqliyyat dəhlizlərinin işə salınacağı barədə Azərbaycan və Rusiya rəhbərlərinin verdiyi açıqlamalar onu göstərir ki, danışıqlarda mövqe üstünlüyü birmənalı olaraq Azərbaycan tərəfindədir. Regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası yolu ilə regionda sülhə və sabitliyə nail olunması ideyası məhz Azərbaycanın mövqeyi olaraq prezident İlham Əliyev tərəfindən hələ münaqişə dövründə dəfələrlə səsləndirilmişdi. Bu günkü üçtərəfli görüşdə də məhz bu məsələlər üzrə razılığın əldə olunması danışıqlar prosesində məhz Azərbaycanın mövqeyinin aparıcı olduğunu üzə çıxarır.

Beləliklə, 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ daha böyük çoxsaylı qələbələrimiz olacaq.
Axtarış
Xəbər lenti
Reklam