Milli Məclisin İşlər İdarəsinin əməkdaşı Fazil Səfərəliyevin qardaşları Nadir və Tofiq Səfərəliyev eyni gündə vəfat edib.

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

Qardaşların ölüm səbəbi açıqlanmayıb.

Allah rəhmət eləsin...

 
Kamaləddin Qafarov:” Azərbaycan xalqını yeni ildə yeni möhtəşəm vəzifələr və uğurlar gözləyir”




"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilmiş müşavirədəki nitqi, ötən ilin parlaq qələbələrinin xalqa hesabatı və 2021-ci il üçün qarşıda duran möhtəşəm vəzifələrin müəyyənləşdirilməsi, strateji hədəflərimizin dəqiq açıqlanması baxımından tarixi bir sənəd kimi dəyərləndirilə bilər”. Bu sözləri yap.org.az saytına müsahibəsində millət vəkili Kamaləddin Qafarov bildirmişdir.

K.Qafarov qeyd etmişdir ki, ölkə Prezidentinin müşavirədə ictimai həyatın bir çox sahələrinə -iqtisadiyyat, sosial siyasət, mədəni quruculuğa dair mülahizələri və qarşıya qoyduğu vəzifələr yeni inkişaf və çiçəklənmə dövrünə qədəm qoymuş Azərbaycanın daha qüdrətli olmasına hesablanmış dəqiq strateji yol xəritəsidir.

Millət vəkili, dövlət başçısının da qeyd etdiyi kimi, son illər müstəqil Azərbaycan dövlətinin özünün ən şanlı dövrünü yaşadığını xüsusi vurğulamışdır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu, həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, demək olar ki, Ermənistan ordusu yoxdur. Müharibədən sonra müşahidə olunan mənzərə onu göstərir ki, bu gün Ermənistan silahlı qüvvələri faktiki olaraq tam dağıdılıb. Ermənistan məğlub edilib və biz istədiyimizə 44 gün ərzində nail ola bildik. "Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, keçmiş Hadrut rayonunu, Xocavənd rayonunun böyük hissəsini, Suqovuşan qəsəbəsini, Murovdağ silsiləsini və Şuşa şəhərini hərbi yollarla azad etdik. Bütövlükdə 300-dən çox yaşayış məntəqəsi hərbi yollarla işğaldan azad edildi. Bunun nəticəsində Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı”.

K.Qafarov bildirmişdir ki, 2021-ci ildə ölkə qarşısında daha məsul vəzifələr durur. Azərbaycan iqtisadiyyatının 2021-ci ildə 3.4% inkişaf edəcəyi nəzərdə tutulur. Eyni zamanda, inflyasiyanın 3%, əhalinin real gəlirlərinin isə xeyli artacağı proqnozlaşdırılır. 2021-ci ilin dövlət büdcəsi manat ifadəsində son illərin ən böyük büdcəsidir. Sürətli iqtisadi artımı təmin edəcək özəl sektor üçün stimullaşdırıcı və dəstək verici tədbirlərin gücləndirilməsi bu ildə qeyri-neft sektorunun daha da artmasına gətirib çıxaracaqdır.

Cari ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri üçün 2.2 milyard manat ayrılıb. Görüləcək işlərin həcmi və miqyası çox böyükdür. Təbii olaraq bu işlər ölkə iqtisadiyyatının daha da canlanmasına səbəb olacaqdır. Bu layihələr həm də böhrandan sürətlə çıxmaq üçün mühüm bir imkandır.

İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı bir neçə istiqamətdə qiymətləndirilir. Xeyli sayda əkinə yararlı torpaqların, su ehtiyatlarının və əlverişli iqlim şəraitinin olması ərazinin aqrar potensialının böyük olmasını göstərir. Faydalı qazıntılar, qiyməti metal və inşaat materialları ilə zəngin yataqların olması bu sahədə iqtisadiyyatın xeyli gəlir əldə etməsinə imkan verəcək. Regionun geniş turizm potensialına sahib olması da son zamanlar ölkəmiz üçün mühüm valyuta gətirən mənbələrin birinə çevrilən bu sahənin imkanlarının dəfələrlə artmasına imkan yaradacaqdır.

İşğaldan azad olunmuş rayon və kəndlərdə nəqliyyat və turizm infrastrukturunun inkişafı, yeni aeroportların inşası, əkin sahələrinin yaradılması, bölgənin faunasının bərpası kimi uzunmüddətli layihələrin reallaşdırılması da nəzərdə tutulur.

Millət vəkili sonda bildirmişdir ki, dahi Nizaminin anadan olmasının 880-ci ildönümü münasibətilə 2021-ci ilin "Nizami İli” elan olunması böyük mütəffəkirə bir daha minnətdarlıq deməkdir. Bu qədər möhtəşəm layihələrin reallaşdırılacağı bir ildə böyük Nizamini unutmamaq, ona öz haqqını qaytarmaq həm də dövlətin, dövlət rəhbərinin sözə, ədəbiyyata bir daha xüsusi dəyər verməsinin növbəti əyani təsdiqi və göstəricidir.


 
 


 

Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı vəziyyətin bütün sutka ərzində monitorinqini davam etdirir, atəşkəs rejimi bütün təmas xəttində gözlənilir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

"Müşahidə məntəqələrində Rusiya sülhməramlıları bütün sutka ərzində vəziyyətin monitorinqini və atəşkəsə riayət olunmasına nəzarəti həyata keçirir. Bütün təmas xətti boyunca atəşkəs rejiminə riayət olunur”, - deyə Rusiya MN-dən bildirilib.


 
 


 

Qazaxstan Xalqları Assambleyası VII çağırış parlamentdə təmsil olunacaq deputat siyahısını tərtib edib.

Assamlbeyanın 9 üzvü parlamentə daxil olacaq.
 
Yeni seçilmiş deputtalar arasında Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov da var. 

Xatırladaq ki, Qazaxıstanbda partiya siyahıları üzrə yanvarın 10-u keçirilən parlament seçkilərində ilkin məlumatlara görə, "Nur Otan” partiyası qələbə qazanıb. Növbəti yerlərdə "Ak Jol” və Qazaxıstan Xalq Partiyası gəlir. 

Qazaxıstan parlamentində 107 deputat seçilir. Onlardan 98-i ümumxalq səsverməsi yolu ilə, 9-u isə Qazaxıstan Xalqlar Assambleyası tərəfindən seçilir.

 
 


 

Yanvarın 10-da Aydınlar Partiyasının videokonfrans formatında növbəti qurultayı keçirilib.

Qurultayda partiyanın fəaliyyəti haqqında sədr Qulamhüseyn Əlibəylinin məruzəsi dinlənilib. Müzakirələrdə partiya sədrinin birinci müavini Qorxmaz İbrahimli, təşkilat məsələləri üzrə müavini Xanoğlan Əhmədov, siyasi məsələlər üzrə müavini Fuad Məmmədov, Nəzarət Təftiş Komissiyasının sədri Ramiz Nəcəfli, Abşeron rayon təşkilatının sədri Araz Kazımlı, Şamaxı rayon təşkilatının sədri Ədalət Sübhanverdiyev, Masallı təşkilatının sədri Arif İbrahimli, Gədəbəy rayon təşkilatının sədri Vaqif Quliyev və digər qurultay nümayəndələri çıxış ediblər. 

Müzakirələrin sonunda hesabat dövründə partiyanın mərkəzi orqanlarının fəaliyyəti qənaətbəxş hesab olunub. Partiyanın təşkilati strukturlarının möhkəmləndirilməsi, mərkəzi orqanların fəaliyyətinin daha da gücləndirilməsi tövsiyə edilib.

Açıq səsvermə yolu ilə Qulamhüseyn Əlibəyli yenidən Aydınlar Partiyasının sədri seçilib. Partiyanın Ali Məclisinin tərkibi təsdiq olunub və Nəzarət Təftiş Komissiyası yaradılıb. 

Qurultaydan sonra Aydınlar Partiyası Ali Məclisinin yeni tərkibdə ilk iclası keçirilib.

Ramiz Nəcəfli Ali Məclisin sədri, Əfqan Əsədov sədrin müavini, Arzu Əbdülova Ali Məclisin katibi seçilib.

Partiya sədrinin təqdimatına əsasən Qorxmaz İbrahimli Aydınlar Partiyası sədrinin birinci müavini, Fuad Məmmədov siyasi məsələlər üzrə müavini, Xanoğlan Əhmədov təşkilat məsələləri üzrə müavini, Qadir İbrahimli iqtisadi məsələlər üzrə müavini, Afaq Quliyeva partiyanın Qadınlar Şurasının sədri, Selcan Araz Gənclər Komitəsinin sədri təyin edilib, partiyanın Siyasi Şurası formalaşdırılıb.

 
Putin Qarabağı Makronla niyə müzakirə edir?


 

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı və erməni həmkarıyla Moskva görüşündən bir gün əvvəl Fransa prezidenti Emmanuel Makrona niyə zəng edib? Əlbəttə, Kremlin izahı belədir ki, Fransa Minsk Qrupunun 3 həmsədrindən biridir və Moskva Dağlıq Qarabağ münaqişəsinin həlli gedişi ilə bağlı Parisi məlumatlandırmalıdır. Ona qalsa Putin gərək üçüncü həmsədr ölkənin paytaxtına – Vaşinqtona da zəng edərdi. Ancaq belə bir zəng olmayıb və bunu təsəvvür etmək çətindir. Putin amerikalı həmkarı Trampa zəng edib onunla Qarabağı müzakirə edərmi? Söhbət yalnız Donald Trampın ölkəsində mövqeyinin zəifləməsi və ya Ağ Evi tərk etməyə hazırlaşmasıyla bağlı deyil. Moskvadakı görüş Amerikada andiçmə mərasimindən sonra keçirilsəydi belə Putinin Vaşinqtona zəng edib yeni prezident Cozef Baydenlə Qarabağ mövzusunun müzakirəsini təsəvvür etmək mümkün deyil. Bəs onda Putin Makronla niyə Qarabağ mövzusunu daima müzakirə edir? Axı Fransa Amerika qədər olmasa da, Rusiyaya qarşı müxtəlif sanksiyalarda yer alıb. Görünür, Parisə zənglər heç də Putinin "digər həmsədrlə məsləhətləməliyəm” arqumenti ilə bağlı deyil. Əsas səbəb Türkiyədir.
Putin Suriya, Liviya mövzularında türkiyə həmkarı Rəcəb Təyyub Ərdoğanla dialoq içindədir. Çünki Türkiyənin və Rusiyanın həm Suriya, həm də Liviyada maraqları var və bu maraqların kəsişməməsi üçün Moskva ilə Ankara dialoqa üstünlük verirlər. Moskva 44 günlük müharibə zamanı və ondan sonra Türkiyənin Cənubi Qafqazda, o cümlədən Qarabağda da varlığını qəbul etmək məcburiyyətində qalıb. Ancaq Moskva Türkiyənin Cənubi Qafqazda və Qarabağda möhkəmlənməsini də istəmir. Moskva özü buna qarşı açıq şəkildə çıxa bilmədiyinə görə yanında anti-Türkiyə mövqeyində dayanan Fransanı  görmək istəyir, bu məqsədlə Parisə zənglər edilir və guya Qarabağ münaqişəsinin həlli müzakirə edilir. Halbuki, Kreml 10 bəyanatını hazırlayarkən heç Parislə məsləhətləşməyə ehtiyac duymamışdı.
Biz Kremlin bu oyununa getməməliyik. Dövlət başçısı İlham Əliyev açıq deyib ki, masada Türkiyə də olmalıdır. Buna çalışmalı və daima Kremlin diqqətinə çatdırmalıyıq. Fransa müharibə günlərində və ondan sonra sərgilədiyi ermənipərəst mövqeyə görə bizə məsləhət verə bilməz, biz bunu qəbul etməməliyik.

Elxan Şahinoğlu, Politoloq

 
 


 

Araz Şəhrilinin "Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər...” əsərindəki faktlar əsasında

Azərbaycanın tarixi torpaqlarında qondarılmış Hayastanın 47 şəhərinin hazırkı və keçmiş adlarından 38-nin eynisi və ya çox oxşarı Afrika və Cənub-Şərqi Asiya ölkələrində mövcuddur. Nəzərə almaq lazımdır ki, yerdə qalan 9 şəhərdən –

1)Byureqavan 1945-ci ildə salınmış, indiki adını 1974-cü ildə almışdır;

2)Çarentsavan 1948-ci ildə salınmış, 1967-ci ildə hay şairi Çarentsin adı veilmişdir;

3)Martuni 1830-cu ildə salınmış, ilk adı Aşağı Qaranlıq olmuş, 1926-cı ildə dəyişdirilmişdir;

4)Metsamor 1969-cu ildə salınmışdır;

5)Stepanavan 1810-cu ildə salınmış, əvvəlki adı Cəlaloğlu olmuş, 1924-cü ildə dəyişdirilmiş, bolşevik Stepan Şaumyanın adı verilmişdir;

6)Spitak şəhərinin əvvəlki adı Hamamlı olmuş, 1949-cu ildə dəyişdirilmişdir;

7)Zaxqadzor şəhərinin əvvəlki adı Dərəçiçək olmuş, 1920-ci ildə Dərəçiçək toponimini hay dilinə tərcümə edərək, Zaxqadzora çevirmişlər.

Qondarma Hayastanın yalnız Artaşat və Yeğvard şəhər adlarının paralelləri barədə məlumat əldə olunmamışdır. 

Beləliklə, son iki əsr ərzində salınmış Byureqavan, Çarentsavan, Martuni, Metsamor, Spitak, Stepanavan, Zaxqadzor şəhərlərinin adlarını istisna etsək, Hayastanda paralel toponimlərinin faizinin 95 olduğunu görərik. Bu, Qafqazda ən yüksək göstərici olmaqla, müasir hayların böyük əksəriyyətinin əcdadının Qərbi Azərbaycan torpaqlarına Cənub-Şərqi Asiyadan və Afrikadan gəldiyini göstərir. 
Orta əsr hay tarixçisi Movses Xorenatsinin və gürcü əsilli müasir ABŞ tarixçisi Kirill Tumanovun məlumatlarına görə, hayların 89 feodal nəslindən otuz beşi Manna–Midiya, Əhəməni–Parfiya, alan–bulqar, yunan–Roma mənşəlidir. Apardığımız araşdırmaya görə, həmin 89 nəsildən 37-nin adının eynisi və ya bənzəri Cənub-Şərqi Asiya və Afrika ölkələrində mövcuddur. Şübhəsiz ki, əsl rəqəmlər bundan da yüksəkdir. 

Haşiyə. Bir məsələni də qeyd edək ki, Movses Xorenatsi etibarlı mənbə hesab olunmur. Belə ki, o, təmiz Əhəməni əsilli və Zərdüşt etiqadlı sülalələri – Orontidləri və Artaksiadları haylara bağlamaq üçün uğursuz cəhdlər göstərmiş, Ərsakilərin IV əsrədək zərdüşti olmuş bir qolunu haylaşdırmağa çalışmışdır. Neilson Debevoise (ABŞ) və Robert William Thomson (Böyük Britaniya) kimi nüfuzlu tarixçilər Movsesin adından təqdim olunan məlumatların səhihliyini şübhə altına almışlar. Tarixçi Əjdər Tağıoğlu "Moisey Xorenatsi anonim keşiş müəllifidir” əsərində onun hay kilsəsi tərəfindən uydurulmuş bir obraz olduğunu göstərmişdir.

Faktiki olaraq, hayların feodal nəsillərinin əhəmiyyətli bir hissəsi etnik cəhətdən hay deyildir. Ümumiyyətlə isə apardığımız təhlil onu söyləməyə imkan verir ki, hayların etnik tərkibinin bir neçə komponentdən ibarətdir və bu xalq, əslində, monoetnik deyildir. Sözügedən nəsillərin bir hissəsi Sibir, Altay, Pamir və Hindistandan, digər hissəsi ilə aşağı təbəqələri isə, çox güman ki, Efiopiyadan və semit xalqlarının yaşadıqları başqa ərazilərdən gəlmişlar. Belə ki, qondarma Hayastanın Ararat, Areq, Artik, Ağin, Balak, Baqaran, Bavra, Berd, Bjni, Erivan, Gorus, Gümrü, Qarni, Qapan, Qavar, Lori, Mehri, Sevan, Sisian, Talin, Ucan, Vanand, Vank və s. yer adları Sibirdə, Altayda, Hindistanda, Nepalda və Efiopiyada (əsasən bu ölkənin Amhara bölgəsində) təkrarlanır. Hayların mifik əcdadı "Hayk”ın adı Efiopiyanın Amhara bölgəsində, onun törəmələri "Ara”nın, "Aram”ın, "Aramais”in, "Arma”nın, "Gegam”ın adları isə həm Efiopiyanın, həm də Hindistanın toponomikasında əks olunmuşdur. Paralellərdən bəzilərini Dara–Qaumata qarşıdurmasından sonrakı köçlərlə, yaxud "Tövrat”ın təsiri ilə əlaqələndirsək belə, onların hamısını, xüsusilə Efiopiya ilə bağlı olanlarını bu amillərlə izah etmək mümkün deyil.

HAYASTANIN EFİOPİYA İLƏ ƏLAQƏLİ TOPONİMLƏRİ

1)Ağin (Hayastanda hay kəndi) – Agin (Efiopiyanın Somali ştatında bölgə);

2)Ara (mifik hay çarı, digər mifik hay çarı Aramın oğlu) – Ara (Hayastanda kənd, əvvəlki adı Bazarcıq olmuş, 1828-ci ildən sonra Türkiyədən gəlmiş haylar tərəfindən dəyişdirilmişdir) – Ara (Hayastanda əvvəlki adı Qarnıyarıq olmuş dağ) – Ara Shetan, Ara Terra (Efiopiyada göl və ərazi) – Ara (Efiopiyanın Tigray vilayətində yer adı);

3)Areq (Hayastanda kənd, əsl adı Pirmələk, köklü əhalisi azərbaycanlılar olmuş, 1918-ci ildə gəlmə haylar yerli sakinləri qırıb kənddə məskunlaşmış, adını Areq qoymuşlar) – Areg Mariam (Efiopiyanın Amhara bölgəsində yer adı);

4)Arma (hayların mifik əcdadı Haykın nəticəsi) – Arma (Nigeriyada və Malidə xalq);

5)Aştarak (Hayastanda şəhər) – Ashtar, Astar (İordaniyanın qərbində mövcud olmuş qədim Moab ölkəsində və Efiopiya ilə Eritreyanın ərazilərində mövcud olmuş Aksum krallığında ən çox pərəstiş edilmiş tanrılardan biri);

6)Aqarak, Aqarakavan (Hayastanda iki şəhər) – Agaro, Haggaro (Efiopiyanın Oromia bölgəsində şəhər);

7)Berd (Hayastanda şəhər) – Bug Berd (Efiopiyanın Somali bölgəsində kənd);

8)Hayk və ya Haig (gəlmə hayların mifik əcdadı) – Hayq və ya Haik (Efiopiyanın Amhara bölgəsində göl və şəhər);

9)Qavar (Hayastanda şəhər) – Gawar (Efiopiyada və Cənubi Sudanda yaşayan nuer xalqının dörd qolundan biri);

10)Lori (Hayastanda vilayət) – Lori (Efiopiyanın Amhara bölgəsindəki Simien milli parkında kənd);

11)Masis (Hayastanda şəhər və kənd, qədim adı Uluxanlı olmuş, gəlmə haylar tərəfindən qəyişdirilmişdir) – Masisa (Sierra-Leonenin Şimal vilayətində yaşayış məntəqəsi) – Masisa (Konqonun Kouilou bölgəsində yer adı);

12)Mazazatsi (hayların feodal nəsli) – Mazaza (Zambiyada kənd) – Mazaza (Namibiyada kənd) – Mazaza (Konqoda çay);

13)Mexnuni (gəlmə hayların feodal nəsli) – Mekhnun (XVI əsrədək Efiopiya krallığının tərkibində olmuş, bu dövlətdən, əslində, 1993-cü ildə ayrılmış Eritreyada soyad);

Hay–Efiopiya əlaqələrindən danışarkən belə bir məsələyə də toxunmaq yerinə düşərdi: haylar uzun illərdən bəri bütün dünyaya göstərmək istəyirlər ki, hay əlifbasını guya Mesrop Maştots yaratmışdır. Lakin SSRİ-nin görkəmli dilçi alimlərindən biri olan akademik Dmitri Olderoqqenin hələ 1975-ci ildə dərc edilmiş "erməni–Efiopiya əlaqələri tarixindən” adlı məqaləsində göstərildiyi kimi, hay əlifbası Efiopiya (amhar) əlifbası əsasında düzəldilmişdir.  Onu da qeyd edək ki, hayların Mesrop Maştots barəsində uydurmaları Efiopiyanın özündə də etirazlar doğurmuşdur. Efiopiya alimləri açıq şəkildə bildirmişlər ki, Mesrop Maştotsun adı ilə bağlanan əlifba əslində amhar əlifbasının eynidir. 
Beləliklə, toponim paralellərini də nəzərə alaraq deyə bilərik ki, haylar hələ Efiopiya ərazilərində yaşadıqları dövrdə oğurladıqları amhar əlifbasını da götürüb Azərbaycana və dünyanın digər yerlərinə köç etmişlər.
P.S. Çox güman ki, bu zahiri bənzərliklər heç də təsadüfi deyildir. İranın Ziyarilər xanədanının son hökmdarı Ünsürülməali Keykavus ibn İskəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyarın 1082–1083-cü illərdə yazdığı və oğlu Gilanşaha bir «vəsiyyətnamə», ya «nəsihətnamə» kimi yadigar qoyduğu əsərdə ermənilər «qara qullar» zümrəsinə aid edilmişdir.

1Сборник «Древний Восток», выпуск 1, с. 205, Д.А.Ольдерогге. «Из истории ар¬мя¬но¬-эфиопских связей». Москва – 1975.

Ardı var...

 
 


 

1920-ci ilin yanvarın 11-də Azərbaycan Cümhuriyyəti tarixdə ilk dəfə olaraq dünyada tanındı.Bu həqiqətən böyük tarixi hadisə idi. M.Ə.Rəsulzadə yazırdı:"Cümhuriyyətlərin dövlətlər tərəfindən tanınması Qafqasiyalı xalq kütlələrində böyük bir sevinc doğurdu. Azərbaycan ilə Gürcüstanda bütün xalq günlərlə şadlıq nümayişləri etdi”.
       
Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.
    
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. 
Bəs bu tanınma prosesi necə baş verdi və Azərbaycan Cümhuriyytəinin ilk atdığı addımlar hansı oldu? 
1918-ci ilin avqustunda Nazirlər Kabinetinin sədri F.X.Xoyskinin verdiyi 1144 saylı qərar bu məzmunda idi: "Azərbaycan Sülh Nümayəndə heyətinin  cənab sədrinə. Hökumətin 1918-ci ilin 20 avqust tarixli qərarına əsasən Azərbaycan Respublikası hökumətinin üzvü, nazir Əlimərdan bəy Topçubaşov Azərbaycan Respublikasının maraqlarına aid olan bütün məsələlərlə bağlı fövqəladə səlahiyyətlə Osmanlı hökuməti imperatorluğuna göndərilir. Hökumət qərara aldı ki, sədrlik etdiyiniz nümayəndələri məlumatlandıraq ki, əgər Beynəlxalq konfrans baş tutarsa, Ə.M.Topçubaşovla əlaqədə olun və o, Azərbaycan Sülh Nümayəndəliyinin tamhüquqlu üzvü kimi orada iştirak etmək hüququna malikdir”.
O, Bir müddət Tiflisdə qalıb əhəmiyyətli görüşlər keçirdikdən sonra o, İstanbula getdi.
Ə.M.Topçubaşov fövqəladə nümayəndə və səlahiyyətli nazir kimi 1918-ci il sentyabrın 28-də İstanbula gəldiyindən bir neçə gün sonra rəsmi görüşlərə başlayır. Maraqlıdır ki, o, bu görüşləri ilə bağlı daima qeydlər aparırdı. Həmin qeydlərdən məlum olur ki, Ə.M.Topçubaşov burada Azərbaycan dövləti üçün çox vacib görüşlər keçirmişdir.
Ə.M.Topçubaşovun qeydlərindən məlum olur ki, o, İstanbulda ilk görüşünü Türkiyənin Sədrəzəmi (Baş Naziri) Tələt Paşa ilə keçirir. Tələt Paşa həmin görüşdə Berlinə olan səfəri haqqında məlumat verir və orada Azərbaycanın maraqlarından çıxış etdiyini söyləyir. O, deyir ki, Avstriya-Macarıstan, Almaniya hələlik Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəmirlər. Tələt Paşa Rusiyanın mövqeyini açıqlayan səfir İoffenin isə "Müsəlmanlar Qafqazda Türkiyənin təzyiqi ilə müstəqil dövlətlərini yaradırlar” fikrini diqqətə çatdırır.
Ə.M.Topçubaşov cavabda deyir: "Mən bir qədər Rus bolşevizmi ilə tanışam, Sizi inandırıram ki, indiki Rusiya hökuməti də müsəlmanlara yaxşı münasibətdə deyil. Bunu bolşeviklər, tanınmış millətçi-şovinistlər olan və bir gündə bolşeviklərə çevrilən erməni daşnaklarını Bakıda özlərinə köməyə dəvət edərkən sübut etdilər”.
Sonra Ə.M.Topçubaşov Bakının azad olunmasında göstərilən köməyə görə Türkiyə hökumətinə təşəkkürünü bildiri.
Ə.M.Topçubaşov oktyabrın 2-də eyni gündə Türkiyənin Xarici İşlər Naziri Əhməd Nəsimi bəylə də görüş keçirir. Bu görüşdə də Əhməd bəy Ə.M.Topçubaşova Ə.M.Topçubaşova Türkiyənin Azərbaycana kömək etməyə hər zaman hazır olduğunu qeyd edir və ölkənin erməni və gürcülərlə sərhədləri məsələsinə toxunur .
Ə.M.Topçubaşov İstanbulda uğurlu görüşlərini davam etdirir. Eyni gündə iki görüş keçirir, Türkiyənin dövlət rəsmilərində Azərbaycana diqqəti artırmağa çalışır. Həmin görüşlərin ümumi xronologiyasından: "1) 1918-ci il, 3 oktyabr, 3-cü gün, saat 12:40-da Türkiyənin Ədliyyə Naziri Xəlil bəylə görüş; 2) Eyni gündə saat 12:50-də Hərbi Nazir Ənvər Paşa ilə görüş; 3) 1918-ci il, 21 oktyabr, birinci gün, saat 14:15-də Türkiyənin yeni Sədrəzəmi (Baş Naziri) İzzət Paşa ilə görüş; 4) 1918-ci il, 27 oktyabr, bazar günü, saat 12-də Türkiyənin yeni Xarici İşlər Naziri Nəbi bəylə görüş; 5) 1918-ci il, 28 oktyabr, birinci gün, saat 12:15 dəqiqədə Türkiyənin Xalq Maarif Nazirinin yardımçısı ilə görüş; 6) Eyni gündə Türkiyənin yeni Şeyxülislamı ilə görüş; 7) 1918-ci il, 3 noyabr, saat 21:30-da Türkiyənin Dəniz Naziri və Türkiyənin Batum və Trapezund konfransındakı nümayəndə heyətinin sədri Rauf  bəylə görüş; 8) 1918-ci il, 4 noyabr, saat 12:10-da Türkiyə Xarici İşlər Nazirinin yardımçısı Rişad Hikmət bəylə görüş; 9) 1918-ci il, 5 noyabr, saat 11:20-də Türkiyə Xarici İşlər Nazirliyinə Nəbi bəylə görüş; 10) 1918-ci il, 8 noyabr, saat 14-də, Türkiyənin Maliyyə naziri Hüseyn Cavid bəylə görüş”. 
Ə.M.Topçubaşov İstanbulda müxtəlif xarici ölkələrin təmsilçiləri ilə də görüşlər keçirir: Ukraynanın Türkiyədəki təmsilçisi Sukovkin, İranın Türkiyədəki təmsilçisi Mirzə Mahmud xan, ingilis polkovniki (albayı) Tamp, Rusiya Müvəqqəti hökumətinin keçmiş Xarici İşlər Naziri P.N.Milyukov, Amerika rəsmisi, Prezident Vilsonla yaxınlığı ilə seçilən cənab Braun, İtaliya Krallığının Türkiyədəki nümayəndəliyinin katibi qraf Sfort, İsveçin Türkiyə təmsilçisi Ankarxberd, Rusiya imperiyasının keçmiş Xarici İşlər Naziri S.D.Sazonov, Amerikanın Türkiyədəki diplomatik təmsilçisi Heyk, İranın Xarici İşlər Naziri Muşavərəl Məmalək xan, Hollandiyanın Türkiyə təmsilçisi (naziri) Van Der Does de Villebua, Ukraynanın Bolqarıstan təmsilçisi A.Sulqin, Erməni Milli Şurasının sədri və Erməni nümayəndələrinin Paris Sülh Konfransındakı başçısı A.Aqoronyan”.
Ə.M.Topçubaşov bu görüşlərdə həmin ölkə təmsilçilərinə Azərbaycanla bağlı məlumatlar verir, onların münasibət və yanaşmalarını öyrənir. İngilis polkovniki Tampla görüşdə o, deyir: "Admiral Londondan formal tapşırıq alıb ki, Rusiya imperiyasından ayrılmış dövlətlərin təmsilçilərini qəbul etməmək”.
Görüşdə Rusiya imperiyasının keçmiş Xarici İşlər Naziri S.D.Sazonov bu fikri Ə.M.Topçubaşova çatdırır: "Mən Sizə deməliyəm ki, eşitdiyimə görə Qafqaz müsəlmanları ruslara çoz yaxındırlar və Rusiyadan ayrılmaq istəmirlər”.
Ə.M.Topçubaşovun keçirdiyi digər görüşdə İranın Xarici İşlər Naziri Muavərəl  Məmalək Əli Qulu xan belə demişdi: "Bu da doğrudur ki, Azərbaycan bizim şahların hakimiyyətinə tabe olmuşdu”.
Bu görüş və söhbətlərdən Ə.M.Topçubaşova aydın olurdu ki, Azərbaycanın dünyada müstəqil dövlət kimi tanınmasında ciddi problemlər olacaq. 
1918-ci ilin 23 dekabrında Ə.M.Topçubaşovun Fransa Respublikasının Türkiyədəki diplomatik təmsilçisinə, Fransa Fransa hökumətinə memorandumun çatdırılması ilə bağlı məktubu çatdırılır. Həmin məktub ABŞ-ın və İtaliyanın Türkiyədəki təmsilçilərinə də verilir. O, bu məktuba əlavə olunmuş memorandum haqqında məlumat verir. Qeyd edir ki, memorandumda Qafqaz Azərbaycanı ilə bağlı, onun bolşeviklərə qarşı apardığı mübarizə, Müstəqil Azərbaycan Respublikası, əhalisi, ərazisi, gələcək quruluşu haqqında məlumatlar vardır. Ə.M.Topçubaşov məktubunda Fransa Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyacağına ümid etdiyini bildirir.
Qeyd edək ki, Ə.M.Topçubaşov Türkiyədə olarkən, 1918-ci ilin dekabrın 7-də açılan Azərbaycan Parlamentində sədr vəzifəsinə seçilmişdi.
Ə.M.Topçubaşovun və onun başçılıq etdiyi nümayəndə heyətinin Parisə buraxılmaması onlarda və Azərbaycan hökumətində narahatlıq yaradırdı. Ə.M.Topçubaşovun 1919-cu ilin 22 fevralında göndərdiyi teleqramda yazılırdı: "Konstantinopoldan Bakıya − İngilis Qərargahına teleqramma. Hökumətin sədrinə çatdırmağı xahiş edirəm ki, icazə verilmədiyindən hələ Parisə gedə bilməmişəm”.
Ə.M.Topçubaşovun Azərbaycan Nazirlər Sovetinin sədri F.X.Xoyskiyə yazdığı 1919-cu il, 17 mart tarixliməktubundan məlum olur ki, Müttəfiq qüvvələrin təmsilçiləri Azərbaycan Nümayəndə Heyətinin Paris Sülh Konfransına getməsinə maneçilik yaradırlar. Fransa rəsmiləri ilə aparılan danışıqlar nəticəsində martın 29-da Azərbaycan Nümayəndə Heyətindən yalnız iki yaxud 3 nəfərin Parisə getməsinə icazə verildiyi bildirilir.
Azərbaycan Nümayəndə Heyətinin Parisə − Sülh Konfransına getməsi ciddi problemə çevrilmişdi. İngilis nümayəndəliyi Ə.M.Topçubaşovun Londona getməsinə də icazə vermir, Fransa nümayəndəliyi isə yalnız fransızların müəyyən etdikləri üç nəfərin Parisə getməyinə razılaşırdı.
Həmin dövrdə gözlənilmədən Azərbaycan Nümayəndə Heyətinin Parisə getməsi mümkün olur. ABŞ prezidenti Vudro Vilsonun rəsmi şəkildə Versal konfransında Qafqaz məsələsini qoymasını nəzərə alıb, nümayəndələrin Parisə getməsinə icazə verildi.
Azərbaycan nümayəndə heyəti Parisə gəldiyi ilk gündən gərgin fəaliyyətə başladı. İlk görülən işlərdən biri Ə.M.Topçubaşov, Ə.Ağayev və C.Hacıbəylinin birgə hazırladıqları "Qafqaz Azərbaycanı Respublikasının Paris Sülh Konfransına memorandumu” adlı sənəd fransız və ingilis dillərində nəşrə hazırlandı. Azərbaycanın tanıdılması baxımından nümayəndə heyətinin hazırladığı "Qafqaz Azərbaycanı əhalisinin etnik və antropoloji tərkibi, "Qafqaz Azərbaycanının iqtisadi və maliyyə vəziyyəti” adlı sənədlər də (onradan kitabça kimi nəşr olundu) əhəmiyyətli rol oynadı.
1919-cu ilinmay ayında Ə.M.Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Polşa, Gürcüstan, Dağlılar Respublikası, Ermənistan və İran nümayəndə heyətləri ilə görüşmüşdülər (qısa müddətdə).
Eyni zamanda nümayəndə heyəti 12 informasiya bülleteni hazırlayıb nəşr etdi.
1919-cu ilin sonunda C.Hacıbəylinin fransız jurnalı olan "Revyu dyu Mond Myuzyulman”da "İlk müsəlman respublikası Azərbaycan” məqaləsi çap olundu. Bu məqalədə Azərbaycanın tarixi coğrafiyası və inkişafı işıqlandırılırdı.
Nümayəndə heyətinin nəşr etdiyi bülletenlərdə erməni işğalçılarının Naxçıvanda azərbaycanlıları sıxışdırması, Ermənistandakı müsəlman əhalinin vəziyyəti, general Denikinin Qafqaza doğru irəliləməsi (Bülleten №3) ilə bağlı yazılar çap edilib.
Bülletenin 7-ci sayında Britaniya siyasi xadimi S.Lidellin Bakıya səfəri və sonda Rusiya, eləcə də dünya mətbuatının Azərbaycanla bağlı məlumatların icmalı verilib.
Bülletenin 9-cu sayında 1919-cu ilin dekabrında Bakıda keçirilən Azərbaycan-İran konfransı haqqında məlumat və Azərbaycan Cümhuriyyətinin bir illik fəaliyyəti haqqında yazılar vardır.
Bülletenin 10-cu sayında Rusiyanın Xarici İşlər Komissarı Çiçerinin F.Xoyskiyə 1920-ci ilin yanvarın 2-də göndərdiyi nota haqqında məlumat, Parisdə Zaqafqaziya ilə bağlı keçirilən konfransın materialları, Azərbaycanın Cənub-Qərbində qaçqınların vəziyyəti ilə bağlı yazılar dərc olunub.
Bülletenin 11-ci sayında Azərbaycanın Xarici ölkələr tərəfindən tanınması ilə bağlı materialları, 12-ci sayda isə Qars hadisələri ilə bağlı məlumatlar, F.X.Xoyskinin Ermənistanın xarici İşlər Nazirinə notası, Çiçerinə isə üçüncü notası çap edilib.
Qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyətinin fransız dilində hazırladığı mətnlərin tərtibində və redaktəsində fransız şərqşünası Lyusen Byuvanın (1877-1942) böyük rolu olmuşdu.
Azərbaycan nümayəndə heyətinin Azərbaycanın tanınması istiqamətində gördüyü ən əhəmiyyətli çalışmalardan biri də ABŞ prezidenti V.Vilsonla görüş oldu. 1919-cu ilin Mayın 28-də günün ikinci yarısı V.Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı Ə.M.Topçubaşov ABŞ Prezidentinə müraciət etdi.
 Ə.M.Topçubaşov çıxışından sonra Qafqaz Azərbaycan Respublikası nümayəndələrinin memorandumunu ABŞ Prezidentinə təqdim etmişdi.
V.Vilsonla görüşdə Azərbaycan nümayəndə heyətinin altı bənddən ibarət olan tələbləri ABŞ Prezidentinə təqdim edildi: 1) Azərbaycanın müstəqilliyi tanınsın; 2) Vilson prinsipləri Azərbaycana da şamil edilsin; 3) Azərbaycan nümayəndələri Sülh Konfransına buraxılsın; 4) Azərbaycan Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilsin; 5) ABŞ-ın hərbi departamentliyi Azərbaycana hərbi yardım göstərsin; 6) ABŞ-la Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılsın”.
Ə.M.Topçubaşov Prezidentə bildirdi ki, bu tələblər qəbul olunarsa, Azərbaycan keçmişdə tərkibində olduğu Çar Rusiyasının borclarından öz payına düşəni tədricən ödəyəcəyinə təminat verirdi.
ABŞ Prezidenti V.Vilson söhbətdə bu fikirləri diqqətə çatdırdı: "1) Amerikalılar dünyanı kiçik hissələrə bölmək istəmirlər; 2) Azərbaycan məsələsi "rus məsələsi”ndən əvvəl həll edilə bilməz”.
Ə.M.Topçubaşovun Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə Parisdən 1919-cu ilin 22-25 sentyabrında göndərdiyi məktubda Azərbaycanın tanınması ilə bağlı ciddi çətinliklərin olduğu qeyd edilir: "Müttəfiqlər bizim müstəqilliyimizlə bağlı məsələni nəinki müzakirəyə çıxarmaq, hər şeydən göründüyü kimi, heç bunu etmək belə istəmirlər”.
Ə.M.Topçubaşovun Azərbaycanın tanıdılması istiqamətindəki fəaliyyətini onun Parisdən Azərbaycan Respublikası Nazirlər Şurasının sədrinə göndərdiyi məktublardan oxumaq mümkündür. O, bu məktublarda həm də demokratik Azərbaycan dövləti quruculuğunun mütləq vacibliyini qeyd edirdi. 
Ə.M.Topçubaşovun 1919-cu ilin 6-10 noyabr tarixli göndərdiyi məktubda yazılıb: "...Doğrudur, bizi hələ dövlət kimi tanımırlar. Lakin getdiyimiz hər yerdə və hamıya artıq ilyarımdan bəri bir dövlət kimi faktiki mövcudluğumuzu bildirir, öz Parlamenti, hökuməti, inzibatçılığı, məhkəməsi,məktəbləri, ordusu olan Azərbaycanın müstəqil yaşadığını göstəririk. Bu Azərbaycan bolşeviklərlə amansız mübarizəyə tab gətirib. Deməli, azərbaycanlılar həyat qabiliyyətinə malikdirlər və özlərinin müstəqil dövlətini qura bilərlər. Gücümüz çatdığı qədər, hətta gücümüz çatmasa belə, bu vəziyyəti qoruyub saxlamaq, bu özünütəsdiqi mühafizə etmək lazımdır. Biz istərdik ki, hamı, bütün xalqımız indi özümüzün müstəqil ictimai-siyasi və iqtisadi həyata qabil olduğumuzu sübut etmək üçün imtahan verdiyimizi yaxşı başa düşsün. İnanıram ki, buna gücümüz çatacaq. Çünki, xalqımız doğrudan da qabiliyyətlidir, ölkəmiz isə təbii sərvətlərlə zəngindir. Lakin bizdə indiyə qədər əxlaqi başlanğıca əsaslanan siyasi məktəb olmadığından geniş xalq kütlələrinin öz gənc dövlətinin müəssisələrindən, qurumlarından nümunə götürməsi və yaşadığımız indiki sınaq anının bütün ciddiyyətini dərk etmsəi çox zəruridir. Paytaxt və rəhbər xadimlər bax, Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini geniş xalq kütlələrinə onlar göstərməlidirlər. Çünki, biz artıq şüurlarda geriyə dönüş üçün yer olmadığına və ola bilməyəcəyinə əminik. 
Qarşımızda yalnız bir yol var − bu da Azərbaycanın müstəqilliyinə aparan yoldur! Bu yolu təhlükəsiz şəkildə keçmək üçün ilk növbədə ölkənin daxili vəziyyətini sahmana salmaq və möhkəmləndirmək zəruridir. Ölkənin özündə, onun inzibati qurumlarında və məhkəmələrində qayda-qanun yaratmaq və ümumən qanunçuluğa hörmət zəruridir. Ümumi mənafelərə qayğı və onlara sevgi hissi ilə yanaşmaq zəruridir. Dövlət mənafelərini qorumaq yolunda xalqın mütəşəkkilliyi və birliyi zəruridir. Azərbaycan yalnız öz daxili həyatını bu şəkildə nizamlayacağı təqdirdə dövlət ola bilər. Həm də elə bir dövlət ola bilər ki, artıq heç kəsin onu tanımasına möhtac qalmaz. Çünki, daxilən güclü, sabit Azərbaycan artıq öz-özlüyündə real və inkaredilməz bir fakt kimi tanınmış olacaqdır. Daxildə dövlətçilik baxımından möhkəmləndikdə o, xaricdən gələn hər cür təhdidə layiqli cavab vermək üçün fiziki və mənəvi qüvvə əldə edəcəkdir. 
Biz əminik ki, hökumət özünün mövcud qüvvələrini dövlət quruculuğunun bütün sahələrində Azərbaycanın daxili vəziyyətinin möhkəmləndirilməsinə sərf edəcəkdir. Biz hökumətimizdən onun məhz ölkənin daxili həyatını nizama salmaq yolunda atdığı hər yeni addım, verdiyi hər yeni sərəncam barəsində xəbərlər almaq arzusu ilə yaşayırıq. Hökumət yalnız bu yolla indiki vaxtda xalqın rəğbətini qazanmaq, eyni zamanda bizim də müstəqil dövlətçilik şəraitində yaşamağa qabil olduğumuzu nümayiş etdirmək iqtidarına malikdir. Yalnız daxildən güclü Azərbaycanın mövcudluğu şəraitində Nümayəndə heyətinin buradakı fəaliyyətinin səmərə verəcəyinə ümid bəsləmək olar. Nümayəndə heyəti isə öz növbəsində qarşıya qoyulan məqsədə çatmaq yolunda hər cür fədakarlığa hazırdır”.
Vəziyyətin belə gərginliyinə baxmayaraq, Azərbaycan Nümayəndə heyəti çalışmalarını davam etdirirdi. Bu fəaliyyətlər və yaranmış beynəlxalq ictimai-siyasi şərtlər, Cənubi Qafqazda Denikin təhlükəsi, bolşevik işğalının reallaşması Azərbaycanın, eləcə də Gürcüstanın müstəqilliyinin tanınmasına şərait yaradırdı.
1920-ci ilin yanvar ayının 10-da İngiltərənin təşəbbüsü ilə Paris Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı və burada Cənubi Qafqaz respublikalarının məsələsi geniş müzakirə olundu. Yanvarın 11-də Müttəfiqlərin Ali Şurası İngiltərənin Xarici İşlər naziri lord Kerzonun təklifi ilə belə bir qərar qəbul etdi: "Müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar”. 
1920-ci ilin yanvarın 11-i Azərbaycanın müstəqil bir dövlət olaraq tanınması günü olaraq tarixə yazıldı.

 
 


 

Vaşinqtonda baş verən son olaylar ABŞ-ın yeni administrasiyasının Rusiyaya qarşı daha sərt siyasət aparmasına səbəb ola bilər.

Bu sözləri "Valday” klubunun eksperti Dmitri Suslov deyib.

"Son hadisələrə qədər məlum idi ki, Bayden administrasiyası gələcəkdə Rusiyaya qarşı sərt siyasi kurs həyata keçirəcək. Olanları nəzərə alsaq, bundan sonra daha şiddətli siyasət tətbiq ediləcəyini düşünmək olar. Ona görə də Rusiyaya qarşı ritorika daha davamlı hala gələcək və Rusiya və onun rəhbərliyi "iblisləşdiriləcək”, - deyə Suslov bildirib.

Ekspert yeni administrasiyanın Moskvaya qarşı düşməncə addımlar atacağını da istisna etməyib.

 
 


 

Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçov Qarabağ münaqişəsinə toxunub. 

O, bu gün Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev arasında keçiriləcək üçtərəfli görüş barədə gözləntilərini bölüşüb. 

"Ümid edirəm ki, Rusiya kömək edə biləcək. Amma əsas rol münaqişə tərəflərinin üzərinə düşür. Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı danışıq aparmağı üzərlərinə götürüb. Nizamlanma hər iki tərəfin maraqları çərçivəsində, qalib və məğlub tərəf olmadan baş tutmalıdır”. 

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putin 10 noyabr üçtərəfli razılaşmasının bəndlərini reallaşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla Moskvada danışıqlar aparacaq.
Axtarış
Xəbər lenti
Reklam