Kamaləddin Qafarov: “Azərbaycanda əhalinin vaksinasiyası planlı şəkildə və ədalət prinsipləri gözlənilməklə həyata keçirilir”

Tarix: 5-02-2021, 12:12 / Oxunub: 357
 
Kamaləddin Qafarov:


"Respublikamız bu məsələdə də öz lider mövqelərini qoruyaraq Cənubi Qafqazda vakasinasiyaya birinci başlamış ölkə oldu. Eyni zamanda da bir çox Avropa və dünya dövlətlərindən fərqli olaraq, Azərbaycanda vətəndaşların COVİD-19-a qarşı peyvənd olunmaları prosesi şəffaflıq və ədalət prinsiplərinin qorunması şəraitində həyata keçirilir”. Bu sözləri yap.org. az. saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili ötən ilin sonlarından bəzi ölkələrdə başlanmış vaksinasiya ilə bağlı dünyada gedən proseslərə münasibət bildirərkən qeyd edib ki, müşahidələr bu zəmində ciddi problemlərin yaşana biləcəyini deməyə əsas verir. Kamaləddin Qafarov bəzi böyük dövlətlərin öz iqtisadi imkanlarından sui-istifadə edərək dünyada süni şəkildə vaksin defisiti yaratmaq cəhdlərini bütün bəşəriyyətə qarşı yönəlmiş addım kimi dəyərləndirib: "Çox təəssüflər olsun ki, hələ də özlərini dünyanı idarə etmək istəklərinin əsirliyindən qurtara bilməyən bəzi qüvvələr hətta bütün insanlıq üçün qlobal təhlükə olan koronavirus infeksiyası ilə bağlı yaranmış vəziyyətdən də dərs ala bilmədilər. Əksinə, baş verən prosesləri izləməklə bu qənaətə gəlmək olur ki, bəzi dünya gücləri yaranmış vəziyyəti özlərinin müstəmləkəçi ambisiyalarını təmin edə bilmək üçün bir şans olaraq dəyərləndirirlər. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimindən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də bu məsələyə toxunaraq vaksinasiya ilə bağlı dünyada gedən proseslərin ciddi narahatlığa əsas verdiyini söyləmişdir. Həqiqətən də bu gün biz məsələn, Böyük Britaniya tərəfindən dünyada vaksin defisiti yaradılması məqsədilə konkret addımların atıldığını müşahidə edirik. Həmçinin Kanada dövləti də ölkə əhalisinə tələb olunandan 4 dəfə artıq vaksin sifariş etməklə öz müttəfiqinin cəhdlərinə dəstək verməkdədir. Yaranmış vəziyyətdə dünyada çoxluq təşkil edən kasıb dövlətlərin əhalisinin həmin vaksinlərlə təmin olunmaları məsələsi böyük bir sual altına düşür. Möhtərəm Prezidentimiz də problemin məhz bu tərəfini əsas götürərək dünya dövlətlərinin liderlərinə açıq və net şəkildə vaksinlərin bölüşdürülməsi məsələsində ədalət prinsiplərinin gözlənilməsinə dair çağırış mesajı vermişdir. Prezident cənab İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən demişdi ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək. Bu gün biz yenə də Azərbaycan Prezidentinin öz prinsiplərinə sadiq qaldığını və Qoşulmama Hərəkatına üzv olan bütün digər ölkələrin liderlərini də insanlıq və ədalət naminə daha mübariz olmağa çağırdığını görürük. Mən xüsusi olaraq bir məqamı da diqqət mərkəzinə çəkmək istəyirəm ki, Azərbaycan Prezidentinin bu mövqeyi qətiyyən ölkəmizin vaksinasiya ilə bağlı qarşılaşdığı hər hansı bir problemlə əlaqəli deyil. Çünki Azərbaycan dövləti bu məsələ ilə bağlı bütün lazım olan addımları vaxtında atıb. Azərbaycan COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə müxtəlif vaksinlər ölkəmizə gətirilir. Dövlət tərəfindən artıq 4 milyon doz vaksin sifariş edilib və onların Azərbaycana gətirilməsi də təmin olunub. Məhz bu tədbirlər sayəsində Azərbaycan Cənubi Qafqazda birinci olaraq artıq vaksinasiya işlərinə start verib.”
Daha sonra işğaldan azad edilmiş ərazilərimizdə gedən quruculuq işlərinə dair fikirlərini bildirən millət vəkili deyib ki, həmin bölgələrdə erməni vandallarının törətdikləri dağıntılar bütün dünyada erməni faşizmini və separatizmini dəstəkləyən qüvvələr üçün bir dərs olmalıdır. Bu qüvvələrin əslində sadəcə bir bölgəni deyil, hətta bütün bəşəriyyəti belə məhvə sürükləyə biləcək qədər böyük bir təhlükəni bəslədiklərini deyən Kamaləddin Qafarov Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin əsl xilaskarlıq missisiyası olduğunu da vurğulamışdır: "Erməni vandalları 30 il ərzində işğal altında saxladqları Azərbaycan ərazilərində yerləşən bütün rayon və kəndləri dağıtdılar, bütöv rayonlar viran qoyuldu. Bütün kommunikasiyalar, infrastruktur dağıdıldı. Mədəni, tarixi abidələr qarət edildi, təbii sərvətlər talandı. Bəlkə də bəşəriyyət indiyədək heç bir işğal dönəmində belə vandallıqla üz-üzə gəlməmişdi. Bu da təbiidir, çünki indiyədək erməni faşizminə heç zaman bu qədər imkan verilməmişdi. İndi təsəvvür edin ki, Ermənistan bu gün bir qədər daha çox gücə, daha böyük imkanlara malik olsa, sadəcə yerləşdiyi region üçün deyil, bütün dünya üçün necə bir təhdid olar. İşğaldan azad edilmiş ərazilərdə müşahidə etdiyimiz dağıntılar Azərbaycanın necə böyük bir bəlaya qarşı mübarizə apardığını və bəşəriyyəti necə böyük təhlükədən xilas etdiyini açıq-aşkar göstərir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər. Lakin bu gün vəziyyət kökündən dəyişib. Bu gün artıq hər kəs ermənilərin törətdikləri talançılıq, vəhşilik və düşmənçiliyi görə biləcək. Məhz bu məqsədlə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həmin bölgələrə beynəlxalq jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət olunurlar. Artıq hər kəs etiraf etməlidir ki, Azərbaycan Vətən müharibəsindəki qələbəsilə erməni faşizmini məhv edib ki, bu da sadəcə Cənubi Qafqaz regionu üçün deyil, bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Viran qoyulmuş şəhər və kəndlərimiz isə ən qısa zamanda bərpa olunacaq. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki, Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də artıq Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Əbəs yerə deyil ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibəsində Şuşanın tezliklə sadəcə Azərbaycanın deyil, həmçinin bütün dünyanın ən gözəl mədəniyyət paytaxtlarından birinə çevriləcəyini bəyan etmişdir. Əminəm ki, artıq çox az bir zamandan sonra biz hamımız bütün bu gözəllikləri doğma Qarabağımızda seyr edə biləcəyik.”


Axtarış
Xəbər lenti
Reklam