Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə verilən məlumatdan sonra "Azəriqaz” İstehsalat Birliyi fevral ayının 17-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
 
Növbəti daha kəskin soyuq qış günlərinin fevral ayının 23-dən müşahidə ediləcəyini nəzərə alaraq Birliyin müvafiq strukturlarına bir daha işlərinə məsuliyyətli yanaşmaları barədə baş direktor Ruslan Əliyev tərəfindən tapşırıqlar verilib. Təbii qazın təlabata uyğun normal rejimlərdə paylanılması, növbəli iş rejimlərinin düzgün təşkili diqqətdə saxlanılacaq. Qaz şəbəkəsində vacib təmir prosesləri bu günlərdə təxirə salınıb. Qəza, qaz sızması, qaz sayğacları ilə bağlı nasazlıqlar ortaya çıxarsa, operativ şəkildə aradan qaldırılacaq. 
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə, sosial şəbəkə ünvanlarımıza mesajlarını göndərə bilərlər.
 
Əlavə olaraq qeyd etmək istərdik ki, fevral ayının 17-dən bu günə qədər sutkalıq təbii qaz qəbulunda artım müşahidə edilməkdədir. Təqribən qəbul olunan qazın həcmi sutkalıq 32-35 milyon kubmetr arasında dəyişir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hətta sutkalıq 8 milyon kubmetrədək artımın müşahidə olunduğu günlər var. Bu həcmdə qazın qəbulu artan təlabatdan irəli gəlir. Belə ki, 2 milyon 400 minə yaxın əhali abonentinin istifadəsində olan qaz cihazlarının soyuq vaxtlarda işlək saatlarının müddəti uzanır və bu da, sonda abonentin ümumi sərfiyyatında artım kimi qaz sayğaclarında qeydə alınır.
Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsinə başlanılıb - FOTO
Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.
 
"Report”un əldə etdiyi məlumata görə, yeni sürücülük vəsiqəsi motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün "İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir.
 
Sürücülərə A, A1, B, B1, C, C1, D, D1, BE, CE, DE, C1E, D1E, tramvay və trolleybus katerqoriya və altkateqoriyası üzrə vəsiqələr verilir.
 
85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.
 
Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında "AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında "SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində "Republic of Azerbaijan” və "Driving licence” sözləri yazılıb. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunub.
 
Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunub.
 
Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılıb.
 
 
Ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - "AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, "Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) "göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, "Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 "buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən, bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.
 

Qənirə Paşayeva qəhrəman şəhidimiz Vüsal Şirinovun atası ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Vüsal Şirinovun atası, Qusar rayonunun Ləgərqışlaq kənd sakini Novruz Şirinovla  Milli Məclisdə görüşüb. Görüşdə Axıska Türklərinin "Vətən" İctimai Birliyinin başqanı İsmayıl Rəhimov, Birliyin Şimal bölgə başqanı Səlimcan Rizmanov iştirak edib.
Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş 18 yaşlı əsgərin atasına müraciət edən Q.Paşayeva, əsgərin döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, öz ürək sözlərini bölüşüb:
"İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərkən şəhid olan oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə və Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Vüsal kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşmən ağır məğlubiyyətə uğradılıb. Bu  tarixi zəfər münasibəti ilə Sizi, doğmalarınızı bir daha təbrik edir, vətənpərvər övlad böyütdüyünüz üçün Sizə təşəkkür edirik"!
Şəhid atasına Komitə adından Məktub və xatirə hədiyyələri təqdim edilib.

Polis cəriməsini yerində ödəməyən şəxsi bölməyə apara bilər? - VİDEO
Avtobusda maskanı çənəsinə endirib telefonla danışarkən, polis əməkdaşı Samir Cəfərova protokol yazıb. Daha sonra cəriməni yerində ödəmək tələb olunub. Samir bundan imtina etdiyi üçün onu yaxınlıqdakı polis bölməsinə aparıblar.
 
Vətəndaşdan yerində ödəmə tələb etmək, bu alınmadıqda onun bölməyə aparılmasının hüquqi əsası varmı?
 
Nağdız hesablaşmalar haqqında qanuna əsasən inzibati cərimələrin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.
 
İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə görə, cərimə 30 gündən gec olmayaraq ödənilməlidir. Qanunvericilikdə cərimənin yerindəcə ödənilməsi ilə bağlı heç bir qeyd yoxdur.
 
Hüquqşünas Şəmsəddin Əliyev bildirir ki, vətəndaşın üzərində 100 manat olmaya bilər və buna görə polis onu bölməyə apara bilməz:
 
"Polis maskasız şəxsə protokol tərtib edir. Protokolun bir surətini vətəndaşa verir. Vətəndaş da həmin protokola əsasən gedib o cəriməni ödəməlidir".
Sabah Novruzun ilk çərşənbəsidir
Sabah Azərbaycanda Novruzun ilk çərşənbəsidir.
 
Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.
 
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
 
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.
 
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
 
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
 
Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
 
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37:00 ölkəyə qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
 
Xatırladaq ki, Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 21-29 mart qeyri-iş günü olacaq.

Əfv Komissiyasında baxılan müraciətlərin sayı 200-ü ötüb
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.
 
İclasda komissiyaya daxil olan müraciətlərdən 100-dən çoxuna baxılıb.
 
Bununla da komissiyaya daxil olan müraciətlərdən baxılanların sayı 200-ü ötüb.
Dövlət Komitəsi yanında İctimai şuranın 11 nəfərdən ibarət yeni tərkibi açıqlandı - SİYAHI
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın 11 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün İctimai Şuraya seçkilər keçirilib.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 21 namizəd rəsmi qeydiyyata alınıb. Seçkinin təşkili məqsədilə ötən il Dövlət Komitəsi nümayəndələrindən 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət Seçki komissiyası yaradılıb və Komissiyanın protokoluna əsasən şuraya üzvlüyün say həddi 11 olaraq təsdiq edilib.
 
Seçkilərin keçirilməsi ilə bağlı səsvermədə iştirak etmək üçün 26 yanvar - 9 fevral tarixində  Dövlət Komitəsi tərəfindən elan verilib və müraciət edən 98 vətəndaş cəmiyyəti institutu qeydiyyata alınıb. Onlardan 87 nəfər səsvermədə iştirak edib.
 
Seçki prosesinin sonunda səslər müvafiq komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq İctimai Şuranın 11 nəfərdən ibarət yeni tərkibi seçilib.
 
Həmin şəxslər aşağıdakılardır:
 
1. Sahib Məmmədov - "Vətəndaşların əmək hüquqlarını müdafiəsi liqası”
 
2. Kəmalə Aşumova - Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi
 
3. Mehriban Zeynalova - "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi
 
4. Fariz Əkbərov - "Azərbaycan Uşaqları” İctimai Birliyi
 
5. Nailə İsmayılova - "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi
 
6. Vəfa Abbasova - "Azərbaycan Qadınları Respublika Cəmiyyəti”
 
7. Əliməmməd Nuriyev - "Konstitusiya” Araşdırmalar Fondu
 
8. Rahilə Mehtiyeva -"Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi
 
9. Fəridə Vəliyeva - "Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi
 
10. Məmmədhəsən Həsənov - "Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyi
 
11. Elnarə Məhərrəmova - "Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi
 
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq İctimai Şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.
 
İctimai Şura Dövlət Komitəsinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, Komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
 
Seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük akt zalında keçirilib.

Şəhid hərbçimiz dəfn olundu — FOTO
44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 
 
Moderator.az APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, 5 aydan çoxdur ki, itkin sayılan R. Qulamovun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb. 
 
Allah rəhmət eləsin!
 


Novruz bayramında karantin rejimi yenidən sərtləşdirilə bilər - AÇIQLAMA
Son günlər yoluxanların sayında azalma dinamikası davam etsə də, sərtləşmələrlə bağlı fikirlər də səsləndirilir. Belə ki, mart ayında karantin rejimində yenidən sərtləşmələrin olması ilə iddialar var. Novruz bayramında Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
 
Bununla bağlı a danışan dosent Ədalət Rüstəm bildirib ki, Novruz bayramına kimi karantin rejimi yenidən sərtləşə bilər:
 
"Mart ayında bayramlar çox olduğu üçün, karantin rejiminin sərtləşdirilməsi gözələniləndir. İnsanlar bayram günlərində karantin rejiminə baxmayaraq yenə də bir-birilərinin evinə gedib gəlirlər. Bayram günlərində yoluxma və ölüm saylarının artmaması üçün yenidən məhdudiyyətlər ola bilər. Əlbəttə vaksinasiyadan və insanlarımızın 3 qızıl şərtə əməl etməsindən də çox şey asılı olacaq. Sevincidirici haldır ki, insanlarımız qaydalara əməl edirlər. Demək olar ki, əvvəlki dövrlə müqayisədə maskasız insan yoxdur. Qapalı yerlərdə də insanlarımız maskadan düzgün istifadə edirlər. Düşünürəm ki, əldə edilən müsbət nəticəni qorunmaq məqsədilə martda bayramlara görə sərtləşmələrə gedilə bilər".

Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

 Bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Aynişan "Sizi sıxışdıran suallar verən insanlara qarşı münasibətiniz necədir?" sözlərinə "Məni kimsə sualları ilə sıxışdıra bilməz. İstəmədiyim suala cavab vermirəm" cavabını verib.

 Bloqqer daha sonra "Artıq məndə darıxma duyğusu yoxdur. Güclü olmaq yaxşıdır, amma güclü olmaq üçün insan çox əziyyət çəkməli olur. Heç kim xoş günündən güclü olmur. Çətinlik bizi güclü edir. Kaş ki, hamı güclü deyil, xoşbəxt olsa" sözlərini əlavə edib.

 Aynişan evliliyi bitirən amilləri sadalayıb. "Sevgini evlilik bitirmir. Sevgini güvənsizlik, yalanlar, nankorluq və xəyanət bitirir" sözlərini söyləyib.

 "Ayrılan qadın qisas hissi ilə yaşayır" fikrinə bloqqer "Ortada sevgi varsa, məncə, ola bilər. Əks halda heç vecinə də deyil" reaksiyasını verib.

Axtarış
Xəbər lenti
Reklam