Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəb koronavirusa görə distant təhsilə keçib.
 
Məktəbdən verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə təhsil müəssisəsi martın 1-də fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
 
Buna səbəb təhsil müəssisəsində çalışan əməkdaşın evində COVID-19-lu xəstələrin olmasıdır: "Lakin məktəbdə müəllim və ya şagirdlər arasında yoluxma faktı olmayıb. Növbəti həftədən - martın 9-dan məktəbdə tədrisin bərpası nəzərdə tutulur”.

DİN Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib:
Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib.
 
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”un sorğusuna cavab olaraq deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib.
 
E.Zahidov vurğulayıb ki, həmin şəxslərlə profilaktik söhbət aparılıb və sərbəst buraxılıb:
 
"Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin mərkəzində quzu gəzdirmək olmaz”.
 
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları Polis Bölməsinə aparıb.
FHN əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur
Fövqəladə Hallar Nazirliyi əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur. 
 
Fevralın 25-də başlayan vaksinasiya nəticəsində artıq 300 nəfərdən artıq şəxs peyvənd olunub. 
 
Fövqəladə Hallar Nazirliyinin tibb mərkəzinin rəis müavini Vəfa Dadaşova deyib ki, vaksinasiya prosesi başlayandan peyvənd edilmiş hər hansı əməkdaşın səhhətində dəyişiklik müşahidə olunmayıb: "Vaksinasiya prosesi könüllü şəkildə həyata keçirilir. Ən müasir tibbi avadanlıqlarla təmin edilən mərkəzdə peyvəndləmə əvvəlcədən müəyyən edilmiş qrafiklə, növbəli şəkildə aparılır”.
Qarabağda yeni həyat...
Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan başa düşülür ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər Prezidentin də vurğuladığı kimi layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.
 
Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb. Dekabrın 23-də Prezidentin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-nın açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk "ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb. Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir. İlk növbədə bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. Hazırda baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli komissiya bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması və daha da genişləndirilməsi üzrə məsləhətləşmələr aparır və ən qısa zamanda həyata keçiriləcək layihələr təsdiq olunur. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq. Bütün bu tədbirlərin həyata keçməsi ölkənin infrastur orqanizmini canlandırmaqla yanaşı həm də Cənubi Qafqazı yeni simalı geopolitik regiona çevirəcək. Azərbaycanın Qərblə Şərq və Şimalla Cənub arasındakı geostrateji mövqeyi və əhəmiyyəti daha da güclənəcək.
 
Qarabağın 30 il ərzində dağıntılara və qarətlərə məruz qalmış əraziləri bərpa olunduqca bölgədə insanlar arası kommunikasiyaların canlanması və ərazidə yaşayan milli azlıqların multikultural Azərbaycan cəmiyyətinə reinteqrasiyası da öz həllini tapacaq. Bütün məcburi köçkünlər əvvəl yaşadıqları məntəqələrə, o cümlədən Xankəndiyə, Xocavəndə, Ağdərəyə və Xocalıya da öz doğma evlərinə qayıdacaqlar.
 
Bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. "Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı yeni məşğulluq növlərinin yaradlılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir. Ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istifadə olunmuş torpaqların reabilitasiyası üzrə tədbirlərə artıq başlanıb və hətta 7 min ha sahədə dənli bitkilərin əkilməsi də həyata keçirilib. Lakin torpaqların böyük bir qisminin minalardan təmizlənməsi gələcəkdə yüz min hektarlarla ərazinin əhalinin istifadəsinə verilməsinə şərait yaradacaq. Azad olunmuş ərazilərin yaxın gələcəkdə ölkənin iqtisadi fəaliyyət dövriyyəsinə cəlb edilməsi, bir tərəfdən yeni iş yerlərinin açılmasına və digər tərəfdən ümumdaxili məhsulun həcminin kifayət qədər artmasına imkan verəcək.
 
Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçiriləcək. Şuşa öz gözəlliyi və əzəməti ilə dünyanın bütün bölgələrindən gələn turistləri yenidən heyran edəcək.
 
Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu və bir məqsədlə - işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədi ilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq.
 
Cavanşir Feyziyev
3 mart 2021.
Bakıda küçəyə atılan dörd yaşlı qızla bağlı araşdırma başladı - RƏSMİ
"Dünən gətirilən uşağın valideynlərinin müəyyən olunması barədə artıq araşdırma aparılır”. 
 
Bu barədə Oxu.Az-a "Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
 
O bildirib ki, ilkin məlumata görə, uşaq tapıldığı ərazidə yaşamır:
 
"Qızın təxminən 4 yaşı var. Adının Nərgiz olduğunu deyir. Uşaq Xətai Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru tərəfindən bizə gətirilib. Uşaqla söhbət zamanı bildirib ki, onu anası həmin ərazidə qoyub, gedib. 
 
Lakin uşağı görənlər deyir ki, onu qucağında körpə uşaq olan yaşlı bir qadın həmin əraziyə gətirib. Uşağın tapıldığı ərazidə heç kim onu tanımayıb. Hazırda ərazidəki təhlükəsizlik kameralarına baxılır, araşdırma aparılacaq. Daxili İşlər Nazirliyinin müvafiq şöbəsindən mənimlə əlaqə saxlanıldı”.
 
Oxu.Az-ın hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, uşaq tapılan zaman çox baxımsız vəziyyətdə olub:
 
"Faktla bağlı araşdırma aparılır”.
Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 115 299 852 nəfərdə koronavirus aşkarlanıb.
 
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
 
Virusdan 2 560 602 xəstə ölüb, 91 117 369 nəfər sağalıb.
 
Avropada 34 316 150, Şimali Amerikada 33 706 458, Asiyada 25 153 397, Cənubi Amerikada 18 129 092, Afrikada isə 3 942 711 nəfərdə koronavirus aşkarlanıb.
 
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (29 370 705 nəfər), Hindistan (11 139 516 nəfər), Braziliya (10 647 845), Rusiya (4 268 215 nəfər) və Böyük Britaniyadır (4 188 400 nəfər).
 
Türkiyədə 2 723 316, İranda 1 648 174, Gürcüstanda 271 379, Ermənistanda isə 172 456 nəfərdə koronavirus müəyyən edilib.
 
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (86 896 nəfər), İranda (60 267 nəfər) və Türkiyədədir (28 706 nəfər).
 
Azərbaycanda koronavirusa yoluxan 235 014 nəfərin 3 225-i ölüb, 228 982-si sağalıb.

Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Bu ilin fevral ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.
 
Ötən ay uşaqlara qoyulan adlar arasında ilk onluq müəyyənləşib.
 
Belə ki, cari ilin yanvar ayında oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olsa da, fevralda ilk birincilikdə Hüseyn adı qərarlaşıb.
 
Beləliklə, ötən ay doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 112 uşağa Hüseyn, 111 uşağa Uğur, 99 uşağa Əli, 101 uşağa Yusif, 72 uşağa Məhəmməd, 60 uşağa Murad, 64 uşağa Ömər və 40 uşağa isə Ayxan adı verilib.
 
Bundan əlavə, bu ilin iki ayında Raul adı verilən uşaqların sayı 71-ə, Tunar adı verilən uşaqların sayı isə 62-yə çatıb. Beləliklə, bu iki ad fevral ayında daha da populyarlaşıb. Yanvar ayında populyar olan Adəm və Tuncay adları isə fevral ayında uşaqlara ən çox qoyulan adlar sırasındakı ilk onluğa düşməyib.
 
Həmçinin fevral ayında qızlar arasında Zəhra adı birinciliyi qoruyub. Belə ki, ötən ay doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 138 uaşağa Zəhra, 98 uşağa Aylin, 90 uşağa Zeynəb, 89 uşağa Fatimə, 88 uşağa Mələk, 83 uşağa Məryəm, 79 uşağa Nuray, 74 uşağa Nilay, 63 uşağa İnci və 54 uşağa isə Mədinə adı qoyulub.
 
Qeyd edək ki, cari ilin yanvar ayında uşaqlar arasında ən çox qoyulan ad Əli və Zəhra olub.
Baş infeksionist:
"COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır”.
 
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
 
Baş infeksionist bildirib ki, digər infeksion xəstəliklərdə olduğu kimi koronavirus zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir: "Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır”.
 
Mütəxəssis eyni zamanda immuniteti necə dəstəkləmək lazım olduğunu və gücləndirmənin yollarını da açıqlayıb: "İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr var. Bura illik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmamaq, qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət etmək, normal bir gecə yuxusunu təmin etmək daxildir. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stressdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.

İşdən çıxarılan polis rəisi yeni vəzifəyə təyin olundu
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
 
"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, polis polkovnik-leytenantı Elmir Hüseynov Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.
 
Qeyd edək ki, E.Hüseynov bu təyinata qədər Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Şəhid ailələri və qazilərin mənzillə təminatı 5 dəfəyə yaxın genişlənəcək
Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50% çox olmaqla 934 mənzil və fərdi ev verilib. 
 
Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70%-ə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. 
 
2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram 5 dəfəyə yaxın genişlənəcək. Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək. Ümumilikdə bu vaxta qədər 9200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.
Axtarış
Xəbər lenti
Reklam