Ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu,  Tağıyev Nurlan Əliağa oğlu,  Həşimov Qismət Razim oğlu,  Həsənov Bəxdiyar Dilqəm oğlu,  Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
 
Fonddan APA-ya verilən məlumata görə, ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
 
"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
 
Fond tərəfindən bu günə qədər 23 qazi müalicə üçün Türkiyəyə göndərilib.
 
Xatırladaq ki, "YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
 
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau 
 
Həmçinin Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Vətən müharibəmizin qəhrəman oğullarından biri də Masallı rayon Təklə kənd sakini Tərlan Abbasovdur. Dörd ildir ki, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edən qazimiz Vətən müharibəsində ağır yaralanıb. 

O, bütün bunları Moderator.az-a belə nəql edib:

"1988-ci ildə Masallı rayon Təklə kəndində anadan olmuşam. Ailəliyəm, iki övladım var. Sentyabrın 27-də döyüş başladı və biz Füzuliyə girdik. Mən sürücü-mxanikəm. Laçına qədər döyüşə-döyüşə getdik. Oktyabrın 9-da tankımız vuruldu və ağır yaralandım.  Üç hərbçi yoldaşımla birlikdə yanan tankdan çıxdıq. Əllərim, başım, üzüm və gözlərim yanmışdı. Gözlərimdə çoxlu qəlpələr var idi. Həkimlər əməliyyat edib həmin qəlpələrin çoxunu çıxardılar. Bakıda hospitalda bir həftə gözlərim görmədi və sonra açıldı. Amma indi sol gözüm görmür, bir qulağım isə zəif eşidir”.

Qazimiz Masallı rayon İcra Hakimiyyətinin indiyə kimi bir dəfə də olsun onunla maraqlanmadığını bildirib:

"İndi məzuniyyətdəyəm. Səhhətimdə hələ də problemlərim var. Bir dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları gəlib məni qeydiyyata aldılar. Amma Masallı rayon İcra Hakimiyyətindən bir nəfər də olsun gəlib qapımı açan olmayıb. Mənzil şəraitimin yaxşılaşdırılması üçün həll olunası bir neçə problemim var. Onlardan biri də evimə qaz xəttinin çəkilməsi məsələsidir. Evimdə qaz xətti yoxdur. Xahiş edirəm ki, mənə bununla bağlı köməklik göstərsinlər”.


Bu gün İqtisadiyyat Nazirliyinə məxsus "Azərlotereya" ASC-nin Türkiyənin "Demirören Holdinq”inə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb.
 
Bunu nazir Mikayıl Cabbarov bildirib.
 
"Yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq", - deyə o, qeyd edib.

ADU-da İngilis jurnalisti İan Pirtsin iştirakı ilə Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin təşkilatçılığı ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası "XOCALI SOYQIRIMI - QAN YADDAŞIMIZ!” adlı tədbir keçirib. Tədbiri giriş sözü ilə İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Aytən Hacıyeva açaraq qeyd edib ki, bu il Xocalı soyqırımının anımı əvvəlki illərlə müqayisədə fərqlidir. 44 günlük Vətən müharibəsi və torpaqlarımızın geri qaytarılması fonunda Xocalı qurbanlarının qisası alınıb.
 
Daha sonra, tədbirin qonağı, ingilis jurnalisti İan Pirts müəllifi olduğu "Xocalı faciəsi” filmi haqqında danışıb və öz təəssüratlarını bölüşüb. O, Azərbaycana olan məhəbbətindən, Şuşada və Xocalıda olmaq arzularından, eləcə də Azərbaycanı öz vətəni kimi qəbul etdiyindən danışıb.
 
Tədbirdə iştirak edən ADU-nun Tədris məsələləri üzrə prorektoru, professor Sevinc Zeynalova Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət olduğunu qeyd edib.
 
Kafedranın əməkdaşları dosent Aytən Allahverdiyeva "Qan yaddaşımız Xocalı”, filologiya üzrə fəlsəfə doktoru Nigar Mədətova "Xocalı soyqırımı-əsrin faciəsi”, baş müəllim Nüşabə Əbdülrəhimova "Unudulmayan acımız”, müəllim Səbinə Nurəliyeva "Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi” mövzularında Azərbaycan və ingilis dillərində çıxış ediblər və videoyazılar, eləcə də təqdimatlar nümayiş etdiriblər.
 
Daha sonra, Filologiya fakültəsinin tələbələri Ləman Rövşənova və Fidan Əsədli Xocalı soyqırımı, bu faciənin səbəbləri, nəticələri və beynəlxalq səviyyədə tanınması barədə danışıblar. 236-cı qrup tələbələri isə hazırlayıb "YouTube” kanalında paylaşdıqları "Xocalı soyqırımı - Unudulmayan acımız” ("Khojali Genocide-A Pain that We Can Never Forget”) videoyazısını nümayiş etdiriblər.
 
Sonda Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov və Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli Xocalı faciəsinin bütün dünyaya tanıdılmasının vacibliyindən və bu cür tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Prezident Füzulidə inşa ediləcək aeroportdan danışdı
"Əgər hər şey planlı şəkildə getsə, Füzulidə inşa olunan aeroportun bu il payızın əvvəlində istifadəyə verilməsi planlaşdırılır”.
 
Bu barədə Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
Prezident qeyd edib ki, bu beynəlxalq aeroport olacaq və bütün növ təyyarələrin qəbulu üçün uyğun olacaq.
 
"Aeroport həm xaricdən gələn yüklərin qəbulu, həm də qonşu ölkədən gələn turistlərin rahat formada Şuşaya səfər edə bilməsi üçün istifadə olunacaq”, - deyə dövlət başçısı bildirib.
 
"Hər şeydən əvvəl hava limanının uçuş zolağı və hava naviqasiya sistemlərini istismara verəcəyik.
 
Bu, həm ərazilərin bərpasına, həm də vətəndaşların Şuşaya rahat gedişinə imkan verəcək. Hava limanı ilə eyni vaxtda Şuşaya iki yol çəkirik. Birini mən "Zəfər Yolu” adlandırmışam - məhz bu, Azərbaycan xüsusi təyinatlılarının meşə və vadilərdən Şuşa şəhərinə getdiyi yoldur.
 
Hava limanlarının inşası ilə bağlı planlarımız yalnız Füzuli ilə məhdudlaşmır, Laçın və Zəngilanda hava limanlarının inşası ilə bağlı da planlarımız var”, - deyə İ.Əliyev vurğulayıb.

"Hacı sözü cəmiyyətdə heç bir titulu olmayan, başqalarından özünü hər hansı bir formada fərqləndirməyə çalışan insanların adlarının qarşısına qoyduqları din adı altında bir titul kimi təqdim olunan yanaşmadır”

 

Bunu Moderator.az-a açıqlamasında ilahiyatçı Elşad Miri deyib. O, İslamda Hacı titulunun olmadığını bildirib:

 

"İslamda ümumiyyətlə, Hacılıq deyilən bir anlayış varmı? Yaxud özünü müsəlman adlandıran şəxslərin başqa titul anlayışı varmı? Bunların heç biri İslamda yoxdur. Məhəmməd Peyğəmbər ömründə bircə dəfə Həcc ziyarətinə gedib, amma ona Hacı Məhəmməd Peyğəmbər deyildiyini eşitmisinizmi? Yaxud da peyğəmbərin səhabələrindən Həcc ziyarətinə dəfələrlə gedəni olub, hansısa birini adında Hacı sözünü eşitmişikmi? Şiəlikdə 12 imam anlayışı var, hansısa bir yerdə həmin imamların Hacı adıyla adlandırılmasının şahidi olmuşuqmu, xeyir. Bəs bu zaman Hacı adını hardan çıxarırıq? Bunun Quranda əsası varmı? Peyğəmbərin özünün rəvayətlərindən gələn məsələlərdə öz əksini tapıbmı, əlbəttə yox. 

Hacı sözü cəmiyyətdə heç bir titulu olmayan, başqalarından özünü hər hansı bir formada fərqləndirməyə çalışan insanların adlarının qarşısına qoyduqları din adı altında bir titul kimi təqdim olunan yanaşmadır. Bunun dinlə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bu adla kimsə hansısa formada istifadə edirsə, bu tamam başqa məsələdir. Mən özüm də Həcc ziyarətindən qayıtdıqdan sonra bir jurnalistdən xahiş etdim ki, bir daha Hacı adını adımın qarşısında işlətməsin. Çünki bu mənim Allah qarşısında borcumdur. Yəni bu gün ona qalsa, namaz qılan insanlara "namaz qılan filankəs”, zəkat verənə "zəkat filankəs” deyilməlidir? Bunlar doğru yanaşma deyil. Əgər Həcc ziyarətinə gedən adama bu məntiqlə yanaşılırsa, onda sabah Taylanda gedən bir şəxsə də "Taylandi filankəs” deyilməlidir. Bunlar əsası olmayan, natamamlıq kompleksi yaşayan insanların özlərinin adlarının qarşısına bu anlayışı gətirmələrindən qaynaqlanır. Hətta sizə bir məqamı da qeyd edim ki, Həcc ziyarətində bizim yanımızda olan vəzifəli bir məmurun atasına dedik ki, Azərbaycana qayıdandan sonra özünüzə çalışın Hacı dedizdirməyin. Çünki siz bura ibadət məqsədi ilə gəlmisinizsə, bunun başqa tərəflərə çəkilməsinin bir əhəmiyyəti yoxdur. Amma o, adam əlini açıb Allaha dua edirdi ki, "Ey Allahım mən bura gəlmişəm ki, qayıdandan sonra hamı mənə Hacı desin”. Bu günə qədər də o, özünə Hacı dedizdirir. Buna neyləmək olar?”.

 

Qeyd edək ki, telejurnalist Rövşanə Ağasəfqızı saytımıza açıqlamasında cəmiyyətimizdə Hacı adını gözdən salan şəxslərlə bağlı tədbir görülməsinin vacibliyini vurğulamışdı.

Məcburi köçkünlərin vahid aylıq müavinətindən
"Sosial şəbəkələrdə və bəzi internet media resurslarında məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən "YAŞAT” Fonduna 5 manat məbləğində pul tutulması barədə xəbər yayılıb".
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bu xəbər həqiqəti əks etdirmir, məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən  "YAŞAT” Fondu üçün vəsait tutulmayıb: "Müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailənin başçısının adına açılan bank hesab kartına köçürülür. Müqavilə öhdəliyinə görə, bank tərəfindən yalnız kart hesabına illik xidmət haqqı ödənilməsi nəzərdə tutulub. 
 
Dövlət Komitəsi vətəndaşlardan və media qurumlarından cəmiyyətin həssas təbəqəsi olan məcburi köçkünlərlə bağlı yanlış məlumatları  yaymaqdan çəkinməyi xahiş edir”.
 
Millət vəkili Aqiyə Naxçıvanlı:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqiyə Naxçıvanlının təşəbbüsü ilə Oğuz rayonunda məskunlaşmış Xocalı sakinləri ilə pandemiya qaydaları nəzərə alınmaqla fərdi şəkildə görüşlər keçirilmiş, Xocalı sakinlərinə yaxınlarını faciədə itirmiş xocalılara dərin hüznlə başsağlığı verilmişdir. Bildirilmişdir ki, ötən 10 ildə olduğu kimi bu il də Oğuz rayonunun deputatı Xocalı sakinlərini diqqət mərkəzində saxlamış, onların sosial və digər problemlərinin həllində yaxından köməklik göstərmişdir. Çünki Oğuzda məskunlaşmış hər bir xocalı sakini ona oğuzlular qədər əzizdir.

Qeyd olunmuşdur ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda üzləşmiş və xalqımızın yaddaşına "qara səhifə” kimi əbədi həkk olunmuşdur. Bu dəhşətli hadisəyə siyasi-hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ulu Öndər Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görmüşdür. Erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə start vermişdir. Bu gün də həmin siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərilir. Erməni vəhşiliyi siyasi arenalarda müzakirə mövzusu kimi qabardılaraq onların iç üzünü acmaq, necə cinayətkar olduqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə tribunalardan səsləndirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırım törədənləri dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Xocalı faciəsi 1992-ci ildən bu yana hər il ölkəmizdə və ölkəmizdən kənarda, bütün türk dünyasında geniş tədbirlərlə anılır. Bu faciə ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri tərəfindən tədbirlər planı təsdiqlənir və müntəzəm olaraq şəhərlərdə, rayonlarda həyata keçirilir. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini əziz tutur, onları ehtiramla yad edir.

Hər kəsə məlum olduğu kimi 2020-ci ilin sonlarında Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan dövlətinin hərbi-siyasi tarixinin şanlı səhifəsi yazıldı. Müzəffər Ordumuz düşmənə qarşı 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Azərbaycan xalqı son 2 əsrlik tarixində ərazi bütövlüyünü bərpa edərək uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad etdi. Bu qələbə Azərbaycan xalqının özünə inamını geri qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u ölkəmiz üçün qızıl hərflərlə yazılmış tarixi bir gün oldu. Əziz xocalılar, artıq əmin ola bilərsiniz ki, qısa müddətdə siz o tarixi yerlərə qayıdacaq, tarixin ağrılı-acılı günlərini geridə qoyacaqsınız. Cənab Prezidentimizin rəhbərliyi altında o torpaqların hər daşı, hər qayası çiçək açacaqdır.

Oğuzda məskunlaşmış Xocalı ailələri Aqiyə Naxçıvanlının deputat seçildiyi dövrdən bu günə qədər onlara göstərdiyi diqqətə, isti münasibətə, qayğıya, etdiyi köməkliklərə görə minnətdarlıq etmiş, tezliklə onunla Xocalıda görüşmək arzusunda olduqlarını bildirmişlər.

aia.az




 


Xocalı soyqırımından 29 il ötür
Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
 
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
 
1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
 
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
 
2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
 
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
 
Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.
 
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.
 
Məlumat verilib ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.
 
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb.
 
Dövlətimizin başçısı görüşdə çıxış edib.
 
Sonda xatirə şəkli çəkdirilib.
Axtarış
Xəbər lenti
Reklam