Sabahın hava proqnozu açıqlandı
Bakıda və Abşeron yarımadasında fevralın 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcəyədək şaxta, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 4-7 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 12-16, gündüz 0-5 dərəcə şaxta olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Qənirə Paşayeva bir qrup şəhid ailəsi üzvü ilə görüşüb - FOTO
Q.Paşayeva Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri İB Tovuz rayon şöbəsinin sədri və bir qrup şəhid ailəsi üzvü ilə görüşüb.
 
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağ müharibəsi əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin (QMƏVŞİB) Tovuz rayon şöbəsibinin sədri Əli Əliyev və bir qrup şəhid ailəsi üzvü ilə Milli Məclisdə görüşüb. 
 
Q.Paşayeva şəhid ailələrinin hər kəs üçün doğma olduğunu deyərək, ürək sözlərini bölüşüb: "Sizin kədəriniz kədərimiz, sevinciniz sevincimizdir, qayğınız qayğımızdır. Vətənimiz, dövlətimiz, xalqımız üçün öz canını fəda edən oğullar böyüdən hər ailə əzizimizdir".
 
Q.Paşayeva Tovuzda 2020-ci ilin İyul Döyüşləri və 44 günlük Vətən Müharibəsi dövründə əhalinin doğru bilgiləndirilməsində iştirak edən, yerli dövlət orqanları ilə, şəhid ailələri, yaralı qazilərlə sıx təmasda olan və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində öz töhfələri ilə seçilən QMƏVŞİB Tovuz rayon şöbəsinə, ümumən Tovuz rayon veteranlarına öz təşəkkürünü bildirib.
QMƏVŞİB Tovuz rayon şöbəsibinin sədri Əli Əliyev müharibə Tovuzdan seçilmiş Millət vəkili və Komitə sədri olaraq Q.Paşayevanın şəhid ailələri, yaralı qazilərlə apardığı işə vurğu edərək, ona "Təşəkkürnamə" təqdim edib.
 
Komitə sədri "Təşəkkürnamə"yə görə minnətdarlığını bildirərək, "Vətənə xidmət hər birimizin müqəddəs borcudur. Şəhid ailələrinə, yaralı qazilərə diqqət-qayğının ən yaxşı örnəjklərini ali dövlət rəhbərliyimiz yaradıb, bizlər də o örnəkləri özümüzçün rəhbər tuturuq.
 
Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə can sağlığı diləyirəm. Xahiş edirəm, bizim salamlarımızı QMƏVŞİB Tovuz rayon şöbəsibinin bütün üzvlərinə çatdırasız" deyib.
 
 
 

Selçuk Universitetindən ATU-ya kitablar hədiyyə olunub - FOTO
Türkiyənin Selçuk Universiteti tərəfindən Azərbaycan Tibb Universitetinə (ATU) 30 kitab hədiyyə olunub.
 
Bu kitablar ATU-da yeni tədris olunmağa başlanılan Tibb bacısı ixtisası ilə bağlı dərs proqramını əhatə edən dərsliklərdir. ATU-da tədris prosesinə böyük töhfə olan bu kitablar artıq tələbələrin istifadəsi üçün universitetin kitabxanasına verilib.
 
Qeyd edək ki, Selçuk Universiteti ilə ATU arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa dair memorandum hazırlanacaq. Bu barədə bir müddət əvvəl iki ali məktəbin rəhbərliyi arasında keçirilən onlayn görüş zamanı razılıq əldə olunmuşdu. Gələcəkdə iki ali məktəb atasında tələbə, rezident və müəllim mübadilələrinnin aparılması, müştərək elmi işlərin və qarşılıqlı layihələrin icrası planlaşdırılır.
 
 

 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürüb


Azərbaycan Həmkarlar İttifaqları şəhid ailələrinin sosial problemlərinin həllini həmişə diqqətdə saxlamaqdadır. AHİK-in İcraiyyə Komitəsinin 22 fevral 2021-ci il tarixli qərarı ilə daha 23 şəhid ailəsi himayəyə götürülmüşdür. Bununla da himayəyə götürülmüş şəhid ailələrinin ümumi sayı 139-a çatmışdır.


İcraiyyə Komitəsi bundan əvvəl Vətən müharibəsində şəhid olmuş 116 əsgər və zabitlərin ailəsinin himayəyə götürülməsi barədə qərar qəbul etmişdir.
AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə götürüb. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla təmin olunurlar. Təkcə bu yardımlara xərclənəcək məbləğin miqdarı isə 885 min 600 manat olacaqdır.

Məlumat üçün bildirək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir. O cümlədən, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 350 min manat ianə edilmiş, Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 150 min manat köçürülmüşdür. Orduya, şəhid ailələrinə və yaralılara 1 milyon 380 min 687 manatlıq maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon 005 min 875 manat, aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı verilməsi məqsədilə "Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min manat vəsait köçürülmüşdür. "Yaşat” Fonduna 537 min 750 manat ianə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılan "Qarabağ Dirçəliş Fondu”na 19 yanvar 2021-ci il də 100 min manat məbləğində vəsait köçürülmüşdür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq addımların davam etdirilməsini nəzərdə tutur.

Köçkün yataqxanasında yanğında zərər dəymiş bəzi ailələr dövlət hesabına kirayə mənzillə təmin olunacaq
Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında baş verən yanğın nəticəsində müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.
 
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda qeyd olunub ki, az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.
 
Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.
 
Digər yaşayış sahələri yanğından mühafizə olunub.
 
İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.
 
Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.
 
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq. 
Hazırda Bakıda 6 dərəcə şaxta var - FAKTİKİ HAVA
Faktiki hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, fevralın 24-ü saat 15:00-a olan məlumata əsasən Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.
 
Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Ağsu, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Şabran, Altıağacda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Göyçay, Astarada 2 sm, Şəki, Xaçmaz, Zərdab, Yardımlıda 1 sm, Bakıda 23 sm, Sumqayıtda 8 sm, Binədə 7 sm,  Maştağada 5 sm olub. 
 
Şimal-qərb küləyi Neftçalada 28 m/s, Naftalanda 24 m/s, Salyanda 23 m/s, Hacıqabul, Ceyrançöldə 20 m/s, Mingəçevir, Tərtərdə 18 m/s, Ağstafa, Xaçmaz, Beyləqan, Tovuzda 16 m/s, Biləsuvarda 15 m/s, Qum adası, Maştağada 28 m/s, Neft Daşları, Pirallahı, Bakıda 25 m/s, Sumqayıtda 23 m/s, Binədə 22 m/s, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına  əsasən dalğanın hündürlüyü 6.4 metrə çatıb. 
 
Hazırda Bakıda havanın temperaturu 6 dərəcə şaxtadır.

Son iki gündə Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə 6 nəfər yerləşdirilib
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə son iki gündə daha 6 nəfər yerləşdirilib. 
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar hazırda Müəssisə gücləndirilmiş iş rejimində işləyir. Aidiyyatı qurumlardan və vətəndaşlardan müəyyən yaşayış yeri olmayan, baxımsız, kimsəsiz, sosial təhlükəli vəziyyətdə olan şəxslərlə qarşılaşdıqda Sosial Xidmətlər Agentliyinin hər gün və 24 saat fəaliyyət göstərən (012) 550 39 08 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
 
Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 4-18 yaşa qədər və 18 yaşdan yuxarı şəxslər üçün bölmələr, həmçinin pandemiya ilə əlaqədar karantin bölməsi fəaliyyət göstərir. 
 
Hazırda sığınacaqda 61 sakin var. Onlardan 52 nəfər 18 yaşdan yuxarı,  9 nəfər isə 4-18 yaş qrupunda olanlardır.  
 
Müəssisəyə qəbul olunanlar burada yaşayış yeri, gündə 3 dəfə qidalanma və reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar.

"Qarabağ çox şükür ki, işğaldan azad edildi, Azərbaycan oldu. Amma bunun heç biri bizi arxayınlaşdıra bilməz. Bizim Xocalı kimi sağalmaz bir yaramız var”

 Bunu  açıqlamasında "Azəri-Türk” Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. Qurum sədri 1993-cü ildən bu istiqamətdə təbliğat işlərinə başladıqlarını və indi də bunu davam etdirdiklərini bildirib:

 "Xocalı faciəsi ilə bağlı ilk kofransları Türkiyədə rəhbərlik etdiyim "Azəri Türk” Qadınları Birliyi keçirib. İlk dəfə 1993-cü ildə Türkiyədə bu faciəylə bağlı konfrans keçirmişik. Bu ənənə indiyi kimi davam edir. Bununla bağlı bir çox təşkilatlarla partnyorluq etmişik. İstanbulda, Ankarada və bir sözlə, bütün bölgələrində Xocalıyla bağlı tədbirlərimiz olub. Ortada 20 ildən çox bir dönəmdə bu işlər görülüb. Ötən il də bizim İstanbul, Ankara və İzmirdə konfranslarımız oldu. İndi də pandemiyaya görə bir az məhdudiyyətlər var, amma buna baxmayaraq bizim sabah Avropa Azərbaycanlılar Konqresi və Avropanın bir çox şəhərlərində olan nümayəndəliklərinin iştirakı və Sahil Qasımovun rəhbərliyi ilə onlayn konfransımız olacaq. 

 Qarabağ çox şükür ki, işğaldan azad edildi, Azərbaycan oldu. Amma bunun heç biri bizi arxayınlaşdıra bilməz. Bizim Xocalı kimi sağalmaz bir yaramız var. İndi Xocalını daha da tanıtmaq lazımdır. Bu qisas yerdə qalmamalı və bunu törədənlər cəzalandırılmalıdır. O torpaqlar bizimdir, inşallah dövlətimiz o torpaqları abadlaşdıracaq. Ermənilər otuz il boyunca o torpaqlardan azərbaycanlıların izini silmək üçün əllərindən gələni ediblər. Amma cənab prezident İlham Əliyevin dediyi kimi biz o torpaqları cənnət-məkan edəcəyik. Ən gözəl turizm məkanlarından  biri olacaq. Xüsusilə dövlətimiz Şuşamızı mədəniyyət mərkəzlərimizdən birinə çevirəcək. Amma bütün bunlarla yanaşı, Xocalı faciəmiz unudulmamalıdır. Qarabağımızın hər bir bölgəsində günahsız insanlarımız öldürülüb. Biz bunları gələcəyimiz üçün unutmamalıyıq. Çünki heç kim bizə zəmanət verə bilməz ki, gələcəkdə ermənilər eyni şeyi bir də törətməyəcəklər. Ona görə də Xocalı əlbəttə, öz qiymətini almalıdır. Bunun üçün isə dövlətimiz də, ictimai qurumlarımız da, diaspora komitəsi çox ciddi işlər görür. Biz də ictimai qurum olaraq 30 ilə yaxındır ki, Qarabağımız və Xocalıyla bağlı təbliğat işləri aparırıq. Düşünürəm ki, bu proses bundan sonra da davam edəcək”.


Azərbaycanda son sutkada 145 nəfər COVID-19-dan sağalıb, 220 nəfər yoluxub, 2 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

DYP: Avtomobil idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.
 
İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev "Report”a bildirib ki, yollarun buz bağlaması səbəbindən hər iki oxu aparıcı olan, qış şinləri ilə təchis olunan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə edilir.
 
"Eyni zamanda sürücülər yollarda hərəkətdə olarkən sürət həddini minumuma endirsinlər, normadan artıq ara məsafəsi saxlasınlar ki, qəfil dayanmaq lazım olanda toqquşmanın qarısını almaq mümkün olsun.
 
Bundan başqa, tövsiyə edirik ki, belə hava şəraitində, qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan sürücülər yola çıxmasınlar. Həm özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar”.
Axtarış
Xəbər lenti
Reklam