Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
Bakıda qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır.
 
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
 
Qeyd olunub ki, bu, İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.
 
Memoranduma əsasən, şəhərin müxtəlif 4-5 yerində xüsusi çadırların quraşdırılmasına başlanılıb:
 
"Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çayviçə, həm yemək yeyə, həm də dincələ biləcəklər. Bunun üçün bütün şərait yaradılacaq. Çadırlar qarlı hava şəraitinin bütün günlərində açıq olacaq. Bu işə nəzarəti RİİB-in könüllüləri və icra hakimiyyətinin əməkdaşları edəcək”.

Bakıda qar nəqliyyatı iflic etdi - VİDEO
Bakıya yağan güclü qar fəsadlara səbəb olub.
 
Oxu.Az-ın məlumatına görə, qarın yağması nəqliyyatın fəaliyyətini iflic edib. 
 
Yollara yağan qarın təmizlənməməsi, maşınlarla yanaşı piyadaların da gediş-gəlişinə mane olub. 
 
Texnika əvəzinə Mənzil Kommunal və Texniki Xidmət Sahələrinin işçiləri yollara çıxarılaraq, səkilər təmizlədilir. 
 
Qeyd edək ki, hava şəraitinin dəyişkən olacağı, qarın yağması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya xidməti bir neçə gün əvvəl məlumat verib.
 

 

 

 

Daha bir itkin hərbçimizin şəhid xəbəri gəldi - FOTO
Vətən müharibəsində itkin düşən hərbçilərin siyahısında adı olan Rajapov Əmrah XXX-in şəhid olduğu təsdiqlənib.
 
5 aydan sonra şəhid olduğu təsdiqlənən Əmrah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
 
Qeyd edək ki, Əmrah 2000-ci ildə Gəncədə anadan olub. Kiçik yaşlarında atasını itirən Əmrah, sonradan anası tərəfindən Gəncə şəhərində yerləşən Uşaq Evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.
 
Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb.  Onun itkin siyahasında adının olmasına gəlincə, bunun Əmrahın tibbi-ekspertizasının hələ də davam etməsi ilə bağlı olduğu bildirilirdi. Məlumata görə, heç bir yaxını olmadığı üçün ekspertizanın nəticələri bu səbəbdən gecikirdi (qafqazinfo).

Bakıda bu məktəb koronavirusa görə bağlandı - müəllimlər və şagirdlər yoluxdu
Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.
 
APA-nın əldə etdiyi məlumata görə, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin COVİD testi müsbət çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
 
Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
 
Qeyd edək ki, bundan əvvəl Nərimanov rayonundakı 82 nömrəli məktəb də eyni səbəbdən iki həftəlik bağlanıb.

DYP hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib
DİN Baş DYP İdarəsi sürücülərə və piyadalara müraciət edib.
 
Müraciətdə qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib:
 
"Bunları nəzərə alaraq, sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər.
 
Piyadalar da yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük versinlər və binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.
 
Eyni zamanda güclü küləkli hava şəraitində nəqliyyat vasitələrinin çoxmərtəbəli binaların yaxınlığında, eyvanların altında saxlanılması və aşmağa meyilli ağacların ətrafında park edilməsi də təhlükəlidir".
 
Vətəndaşların həyat və sağlamlığının qorunması, avtomobillərinə ziyan dəyməməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.

Koronavirusla bağlı SON STATİSTİKA
Dünyada 112 263 022 nəfərdə koronavirus aşkarlanıb.
 
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
 
Virusdan 2 485 384 xəstə ölüb, 87 788 837 nəfər sağalıb.
 
Avropada 33 248 494, Şimali Amerikada 33 050 196, Asiyada 24 567 447, Cənubi Amerikada 17 481 247, Afrikada isə 3 864 060 nəfərdə koronavirus aşkarlanıb.
 
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (28 826 307 nəfər), Hindistan (11 016 434 nəfər), Braziliya (10 197 531 nəfər), Rusiya (4 177 330 nəfər) və Böyük Britaniyadır (4 126 150 nəfər).
 
Doqquzuncu sırada olan Türkiyədə 2 646 526, İranda 1 582 275, Gürcüstanda 268 502, Ermənistanda isə 170 506 nəfərdə koronavirus müəyyən edilib.
 
Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (83 630 nəfər), İranda (59 572 nəfər) və Türkiyədədir (28 138 nəfər).
 
Azərbaycanda koronavirusa yoluxan 233 201 nəfərin 3 202-si ölüb, 227 836-sı sağalıb.

Siyavuş Novruzov: "Bu, sadəcə Şuşanın deyil, xalqımızın tarixinin, mədəniyyətəinin təbliği deməkdir”

 

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq miqyasda təbliği, onun dünyaya layiq olduğu şəkildə tanıdılması qarşıda duran əsas məsələlərdən biridir. Hansı ki, ölkə başçısı da Şuşa ilə bağlı xarici ölkələrdə sərgi və təqdimatların keçirilməsinin vacibliyini vurğulayıb, bu məsələni diqqət mərkəzində saxlamağın əhəmiyyətini qeyd edib.

 

Məlumat üçün qeyd edək ki, artıq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Şuşanın təbliği, o cümlədən Azərbaycan mədəniyyətinin təbliği istiqamətində ciddi addımlar atmaqdadır. Bu addımlardan biri kimi Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə Özbəkistan KİV-ləri arasında Azərbaycanla bağlı keçirilən müsabiqəyə "Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiyanın da daxil edilməsini göstərmək olar.

 

Moderator.az-a açıqlamasında bu kimi addımların Şuşanın təbliği baxımından mühüm rol oynadığına diqqət çəkən millət vəkili Siyavuş Novruzov, bütövlükdə Azərbaycan mədəniyyətinin, tarixinin təbliğinin vacib olduğunu qeyd etdi:

 

"Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizlə bağlı keçirdiyi bu cür müsabiqələr, bu müsabiqələrə Şuşaya da diqqətin ayrılması şübhəsiz ki, mühüm əhəmiyyətə malikdir. O dövlətlərdə ki, bizim səfirliklərimiz var, onların bir çoxunda bizim Mədəniyyət Mərkəzlərimiz də var. Mədəniyyət Mərkəzlərimizin olmadığı ölkələrdə isə həm diaspor təşkilatlarımız, həm səfirliklərimiz, həm də Mədəniyyət Nazirliyimiz Azərbaycanın tanıdılması üçün təqdimatlar keçirməlidir.

 

Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tanıdılması üçün Fransanın, İtaliyanın müxtəlif şəhərlərində Azərbaycan muğamı, Azərbaycan mətbəxi, Azərbaycan incəsənəti mütəmadi şəkildə təbliğ olunub. Hətta Kann festivalında da "Azərbaycan günləri” keçirilib. Mən öz gözlərimlə görmüşəm ki, insanlar "Azərbaycan günləri”nə necə maraq göstərirdi. Bu baxımdan, Şuşanın tanıdılması olduqca zəruridir.

 

Şuşanı dünyaya tanıtmaq və sevdirmək üçün zəngin materiallarımız mövcuddur. Biz bu materiallardan istifadə edərə çalışmalıyıq ki, qoy beynəlxalq ictimaiyyət Şuşanın dünənini də, keçmişini də görsünlər, gələcəkdə Şuşanın bərpasını da görsünlər. Onlar görsünlər ki, Şuşa erməni işğalı altında olanda hansı vəziyyətdə idi, erməni faşistləri tərfindən hansı dağıntılara məruz qalmışdı, Azərbaycan tərəfindən azad ediləndən sonra necə dirçəldi, hansı bərpa işləri aparıldı. Bütün bunlar, Şuşanın, onun timsalında dövlətimizin, xalqımızın tarix və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan atılan hər bir addım, o cümlədən Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlər alqışlanmalıdır”.

Salyanın İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçısına vəzifə verildi
Salyanda Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin edilib.
 
Prezident İlham Əliyevin "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik edilməsi haqqında müvafiq Fərmanına əsasən Salyan Rayon İcra hakimiyyətində yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Kərimov Rəşad Malik oğlu təyin edilib.
 
Qeyd edək ki, R.Kərimov Salyan rayonunun Aşağı Kürkənd kəndində doğulub. O, müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib.

Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.
 
Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.
 
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə "təzə su", yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
 
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.
 
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
 
Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
 
Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.
 
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37:00 ölkəyə qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.
 
Xatırladaq ki, Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 21-29 mart qeyri-iş günü olacaq.
"Fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır. Lakin bu dəfə, Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək Azərbaycanı əhatə edəcək. Hazırda Mərkəzi Rusiyada havanın temperaturu normadan 10-15 dərəcə aşağı olmaqla 25-30 dərəcə şaxta qeydə alınır".
 
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
 
O qeyd edib ki, soyuq antisiklonun təsiri fevral ayının 23-ü axşam ölkənin əvvəlcə şimal və şərq rayonlarında özünü göstərəcək və daha çox qarın həmin rayonlara yağacağı gözlənilir: "Qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olacaq. Yollar buz bağlayacaq. Mərkəzi Rusiya üzərində olan antisiklonda atmosfer təzyiqi 780 mm civə sütunu təşkil edir. Atmosfer təzyiqinin Bakıda xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq".
 
U.Tağıyeva əlavə edib ki, bu qış dövrünün ən soyuq gününün fevralın 24-də olacağı gözlənilir: "Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir. Qışın bu soyuq və əlverişsiz gününə hazırlıqlı olaq".
Axtarış
Xəbər lenti
Reklam