Azərbaycanın Salyan rayonu ilə Taliban arasında hansı əlaqə var?..
"Əfqanıstanın oğuz xələc(!) türkləri orta əsrlərin ən döyüşkən və sərt xalqlarından biri sayılırdılar...”
 
"Tarixi mənbələrə görə, abdal tayfasının bir qolu XVI əsrin əvvəllərində Qarabağdan indiki Salyan rayonuna köçmüş və orada Qarabağlı kəndini salmışdır. Puştunların abdal tayfasının ən böyük qruplarından biri sarbani adlanır...”
 
Moderator.az  Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin "Salyan rayonu ilə Əfqanıstan arasında hansı əlaqə var?” adlı növbəti yazısını təqdim edir:
2021-ci il avqustun 15-də Taliban hərəkatı Kabil şəhərini ələ keçirdikdən sonra dünya ictimaiyyətinin diqqəti Əfqanıstana yönəldi. O cümlədən Azərbaycan vətəndaşları da Əfqanıstanda cərəyan edən hadisələrə biganə qalmadılar. Bunun da müəyyən səbəbləri var:
- Əfqanıstan coğrafi baxımdan Azərbaycan üçün çox da uzaq ölkə deyil;
- Əfqanıstan milyonlarla soydaşımızın yaşadığı İranla həmsərhəddir;
- Əfqanıstan Azərbaycanın strateji müttəfiqi Pakistanın qonşusudur;
- Əsrlər boyunca Əfqanıstan yüz minlərlə azərbaycanlının da vətəni olmuşdur və vətənidir;
- Əfqanıstanla Azərbaycan arasında tarixi və mədəni əlaqələrin kökü çox qədim zamanlara gedib çıxır;
- Əfqanıstanın coğrafi mövqeyi bölgənin gələcək taleyi baxımından həlledici rola malikdir.
Qeyd olunanlar kifayət qədər ciddi və diqqətəlayiq məsələlərdir. Lakin bu yazını qələmə almağımızın səbəbi başqadır.
 
Bir neçə gün əvvəl sosial şəbəkədə zarafat xarakterli bir paylaşım edilmiş, Talibanın hazırki lideri Mövləvi Heybətullah Axundzadənin (1961) əslən guya Salyan rayonunun Xələc kəndindən olduğu göstərilmişdir.
 
Bəri başdan qeyd edək ki, həmin yazının naməlum müəllifi, çox güman ki, tarixçi, yaxud tarixlə maraqlanan şəxsdir. Amma hədəfdən bir qədər yayınmışdır. Bu barədə az sonra...
 
Məsələ bundadır ki, Talibanın digər rəhbərləri kimi Mövləvi Heybətullah Axundzadə də puştundur. Puştunlar Əfqanıstanın əsas xalqıdır. Bu xalq bir neçə böyük qəbilədən ibarətdir. Ən iri puştun tayfası dürrani adlanır. Əfqanıstan dövlətçiliyinin əsasını 1747-ci ildə Nadir şah Əfşarın (1698–1747) sərkərdəsi, dürrani tayfasından olan Əhməd şah Abdalı (1722–1772) qoymuşdur. Həmin ilədək bu tayfanın adı abdalı idi. Ehtimala görə, abdalılar qədim eftalitlərin törəmələridir. Əski mənbələrdə eftalitlərin adı hepftallar, yeoptallar, ağ hunlar, hunlar, hionit hunları kimi keçir. Tədqiqatçıların əksəriyyətinin fikrincə, ağ hunlar türkdilli olmuşlar. Amma onları monqoldilli, yaxud irandilli hesab edənlər də vardır. Bəzi tarixçilər isə güman edirlər ki, eftalit tayfa ittifaqına həm türkdilli, həm monqoldilli, həm də irandilli tayfalar qoşulmuşdular. Bəllidir ki, eftalitlər 450-ci ildə Orta Asiyada və Əfqanıstanda nəhəng bir imperiya qurmuşdular. 563-cü ildə həmin dövləti indiki Monqolustandan gəlmiş göytürklər darmadağın etmişdilər. Hesab olunur ki, puştunların abdalı tayfası ilə yanaşı, türkmənlərin məşhur abdalı tayfası da eftalitlərin törəməsidir. Bugün türkmən abdalıları (özlərinə apdal deyirlər) əsasən Stavropol diyarında və Həştərxanda yaşayırlar.
 
Haşiyə. Abdallar (Laçın qəsəbəsinin qədim adı) – Abdaldağ (Zəngəzurda dağ) – Abdallar (Xocavənddə qışlaq) – Abdal (Ordubad rayonunda dağ) – Abdallı (Borçalıda kənd) – Abdal (Ağdam rayonunda kənd) – Abdal (Tovuz rayonunda dağ və çay) – Abdallı (Oğuz rayonunda kənd) – Abdallar-Ulya, Abdaloğlu (Qərbi Azərbaycanda kəndlər) – Avdal (Tovuz rayonunda kənd) – Avdalar (Qərbi Azərbaycanda kənd) – Boz Abdal (Qərbi Azərbaycanda dağ) – Abdal (Krımda tatar kəndi). Ehtimala əsasən, sadaladığımız yer adlarının əksəriyyəti eftalit etnoniminin müxtəlif formalarıdır. VII əsr alban tarixçisi Moisey Kalankatlının əsərində bu tayfanın adı heptal şəklindədir.4 
Qeyd. Tarixi mənbələrə görə, abdal tayfasının bir qolu XVI əsrin əvvəllərində Qarabağdan indiki Salyan rayonuna köçmüş və orada Qarabağlı kəndini salmışdır.
 
Puştunların abdal tayfasının ən böyük qruplarından biri sarbani adlanır. Tədqiqatçıların əksəriyyətinin fikrincə, bu qəbilənin mənşəyi bilavasitə eftalitlərə və qədim sakalara bağlıdır. 
 
Haşiyə. Sarvan (Salyan və Şabran rayonlarında iki kənd) – Sarvan (Borçalı şəhərinin köhnə adı və Borçalı mahalında kənd) – Sarvanlar (Ağcabədi rayonunda və Qərbi Azərbaycanın Zəngibasar mahalında iki kənd, Naxçıvanda məhəllə) – Sarban-e Damuyi (İranın Sistan və Bəlucistan ostanında kənd).
 
Qeyd. X əsr müəllifi əl-Məsudi yazır ki, "Qafqazda – alanların qonşuluğunda sarban adlı xalq yaşayır”.
 
Taliban liderlərinin əhəmiyyətli bir hissəsi, o cümlədən, Mövləvi Muhəmməd Axundzadədən sonra bu hərəkatın ikinci əsas rəhbəri sayılan Molla Əbdulqəni Bəradər (1968) puştunların abdalı tayfasındadır. Abdalılar Əfqanıstanda və Pakistanda məskunlaşmışlar. 
 
Azərbaycanın abdal tayfasının bir qolu Salyanın Qarabağlar kəndində yaşasa da, bu kəndlə həmin rayonun Xələc kəndi arasında birbaşa bağlılıq yoxdur. Məhz bunu nəzərdə tutaraq əvvəldə qeyd etdik ki, zarafat xarakterli paylaşımın müəllifi hədəfdən bir qədər yayınmışdır. Ümumiyyətlə isə, qədim abdallar və qədim xələclər ayrı-ayrı tayfalar, yaxud xalqlardır. Amma gəlin nəticə çıxarmağa tələsməyək.
 
Puştunların ikinci böyük tayfasının adı gilzaydır. Yeri gəlmişkən, Əfqanıstanın qərbpərəst sonuncu prezidenti Əşrəf Qəni Əhmədzay (1949) gilzay tayfasındandır. Taliblərin (abdalıların) hücumu nəticəsində süquta uğramış hökumət də əsasən gilzaylardan təşkil edilmişdi. Maraqlıdır ki, Əfqanıstanın oyuncaq kommunist rejiminin rəhbərləri – Nur Muhəmməd Tərəki (1917–1979), Həfizullah Əmin (1929–1979), Bəbrək Karməl (1929–1996) və Muhəmməd Nəcibullah (1947–1996) da gilzay tayfasından idilər. Həmçinin sovet işğalına qarşı müqavimət hərəkatının liderlərindən biri olmuş Gülbəddin Hikmətyar (1947) və Talibanın qurucusu, bu hərəkatın ilk rəhbəri Molla Muhəmməd Ömər (1960–2013) də gilzay tayfasının nümayəndələridir.
 
Gilzay bu etnonimin qərb dillərindəki yazılış formasıdır. Gilzaylar özləri isə onu ğilci şəklində tələffüz edirlər. Puştun ğilciləri XIV–XVI əsrlərədək türk dilinin xələc ləhcəsində danışmışlar. Sonra onların tam assimilyasiyası baş vermiş, Əfqanıstanda yaşayan xələclər hamılıqla puştu dilinə keçmişlər. Qeyd etmək lazımdır ki, Hindistanda xələc türklərinə xilci deyirdilər.  
 
Haşiyə.   Xələc (Salyan rayonunda üç kənd) – Xələc (Qubadlı, Şərur, Ucar rayonlarında və Zəngəzurda dörd kənd) – Xələc (İranda dörd kənd) – Xələc (Türkmənistanda inzibati-ərazi vahidi) – Xələclər (1290-cı ildən 1320-ci ilədək Hindistanı idarə etmiş türk sülaləsi) – xələc (Əfqanıstanda və Pakistanda yaşamış türk xalqı) – xələc (bugün İranda yaşayan kiçik türk tayfası).
Qeyd. Əfqanıstanın oğuz xələc türkləri orta əsrlərin ən döyüşkən və sərt xalqlarından biri sayılırdılar. Xələclərin həyatı müharibələrdə, arasıkəsilməyən basqın və döyüşlərdə keçirdi. Onlar soyuğa, istiyə, aclığa, susuzluğa dözümlü idilər. Ciddi və intizamlı döyüşçülər kimi tanınırdılar. Xələclər monqollara çox şiddətli müqavimət göstərmiş və sonda qalib gəlmişdilər. Yeri gəlmişkən, XIX əsrdə (1838–1842) Əfqanıstana soxulmuş Böyük Britaniya ordusunu da, faktiki olaraq, xələclərin (xilcilərin) törəmələri – ğilcilər məğlub etmişdilər. Bəzi salnaməçilərin ehtimalına görə, xələc sözü "qal ac” mənasını verir. Digər tarixçilər isə bu fikirdədirlər ki, o, əslində, "qılınc” sözüdür.
 
1722-ci il oktyabrın 23-də qızılbaşlara qarşı qiyam qaldırmış əfqan ğilciləri (assimilyasiyaya uğramış xələc türkləri – oğuzlar) İsfahan şəhərini ələ keçirdilər. Bu məşum hadisə Azərbaycan Səfəvilər imperiyasının süqutuna səbəb oldu. 1729-cu il sentyabrın 24-də şanlı sərkərdə Nadir şah Əfşar Şiraz yaxınlığında baş vermiş Zərgan döyüşündə ğilciləri darmadağın etdi.
 
Bəhsimizi burada yekunlaşdıra bilərdik. Amma daha bir maraqlı faktı oxucu ilə bölüşmək istədik.
 
XVIII əsr salnaməçilərindən biri yazır: "Əfqan tayfasının əsli Qafqazdan – Alan ölkəsindəndir. Onlar mənşəcə aqvandırlar (albanlardır). Bu günədək öz adlarını daşıyırlar. Əvvəllər xristian olublar. Sonra Əmir Teymur onları özünə tabe edib 25 tüstü sayında (yəqin ki, 25 ailəni və ya nəsli Əfqanıstana) köçürdü. Orada həmin aqvanlar İslam dinini qəbul etdilər və artıb-çoxaldılar”.
 
Bu məlumatla bağlı aşağıdakıları qeyd edə bilərik:
 
1. Məlumdur ki, puştunların ən iri qollarından biri sarbani adlanır. O da bəllidir ki, orta əsrlərdə Qafqazda – alanların qonşuluğunda sarban adlı xalq yaşamışdır.
 
2. Nəzərə almaq lazımdır ki, əfqan bu xalqın ekzoetnonimidir, yəni qonşu xalqların onlara qoyduğu addır. Əfqanlar özlərini pəştun və ya pəxtun adlandırırlar. Əfqan adı isə ilk dəfə VI əsrə aid hind mənbəyində avaqan formasında xatırlanmışdır.
 
3. Maraqlıdır ki, qədim eftalitlər arasında xristianlığın nestorian məzhəbi yayılmışdı. Eftalitlərin öz yepiskopu da var idi. Sasanilərlə apardıqları müharibələri isə xristian–zərdüşti qarşıdurması hesab edirdilər.
 
4. 1395-ci ilin payızında Əmir Teymur Alan ölkəsinə böyük yürüş təşkil etmiş, bundan sonra alan xalqı tarixin səhnəsindən tədricən itmişdir.
 
5. İyirmi beş ailə və ya nəsil üç əsr ərzində böyük bir xalqa çevrilə bilərdimi?
 
 
Məlumatın doğruluq dərəcəsi barədə mühakiməni qoy oxucu özü yürütsün.
 
P.S. Puştunlar qəbiləyə qövm deyirlər. Qövmə xan rəhbərlik edir. Hər bir qövm nəsillərə bölünür. Nəsil xel adlanır. Nəslin başçısı məlikdir. Hər bir nəsil ailələrdən ibarətdir. Ailənin böyüyü spinjiray (spin–ağ, jiray–saqqal), yəni ağsaqqaldır.
 
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili 
    
Bu
Hazırda hər növ yemək və içkiyə əlimizin çatması bir addımlıq məsafə qədər asandır. Ancaq eyni zamanda, gündəlik gərgin həyatımıza o qədər qərq olmuşuq ki, həqiqətən nəyi istehlak etdiyimizi çox nadir hallarda düşünürük.
 
Çox vaxt sağlamlığımızın fərqinə varmadan zərər verə biləcək vərdişlərə üstünlük veririk.
 
Alimlərin araşdırmaları geniş istifadə olunan bir içkinin alkoqoldan daha zərərli olduğunu sübut edib.
 
Söhbət Coca-Cola ilə bağlıdır. Hər hansı bir şirin və qazlı içki haqqında da belə demək olar: bir stəkan qazlı içki bədənə bir stəkan araqdan misilsiz dərəcədə daha çox zərər verir. Ancaq bir çox insan qazlı içkiyə üstünlük verir və hər gün içir.
 
Coca-Colanın ziyanı içkinin tərkibindəki çox miqdarda şəkərdədir. Kiçik bir şüşə qazlı su belə əsl zəhərdir.
 
Qaraciyər və mədəaltı vəz dərhal içkidəki şəkərə reaksiya verir. Çox miqdarda insulin sərbəst buraxılır, qanda şəkər və qan təzyiqi yüksəlir.
 
İçkidəki bütün qlükoza dərhal yağa çevrilir. Bir düşünün, bir şüşədə 10 çay qaşığı şəkər!
 
Bu içkini içmək şəkərli diabet və piylənməyə əsas səbəbidir. Bu da hamısı deyil...
 
Yeməklə bu içikini qəbul edərkən sümüklər kövrək olur və maddələr mübadiləsi pisləşir.
 
Potensial təhlükəli içkilərə bütün enerji içkilər və konservantlardan ibarət şəkərli şirələr daxildir. Bu içkilərlə müqayisədə, hətta pivə də sağlam bir məhsuldur!
 
Qazlı içkilərlə susuzluğunuzu yatırmadan əvvəl düşünün. Bir dəqiqəlik zövq sağlamlığınıza zərər verə bilər! (milli.az)
Eldar Əzizov haqqında çoxmilyonluq iddia - Bakı meri ilə Mehralıyevi nə bağlayır? — VİDEO
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev milyonları mənimsəyib.
 
Bu iddia ilə bloqer Mehman Hüseynov çıxış edib.
 
M.Hüseynovun araşdırmasını təqdim edirik:

 


Xərçəngə qarşı hər gün yeyilməli – 8 QİDA
Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar.
 
Medicina.az xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır.
 
1. Sarımsaq
Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağı qoxusuna görə yemirsizsə, onu bütün yeməklərinizə qatın
 
2. Brokkoli
 
O, kələm növüdür. İmmuniteti gücləndirən flavonoidlərlə zəngindir.
 
3. Braziliya qozu
 
Selen mənbəyidir, xərçəng hüceyrələrini dağıdır, prostat, süd vəzi, bağırsaq xərçəngindən qoruyur
 
4. Sitrus meyvələri, limon
 
Bütün növ şiş xəstəliklərinə qarşı lazımdır
 
5. Losos balığı
 
Həftədə bir dəfə yağlı balıq növlərindən yemək mütləqdir. Limfoma, leykemiya, leykoza qarşıdır
 
6. Qarağat
 
Tərkibində o qədər çox antioksidant var ki, bütün sərbəst radikalları zərərsizləşdirir.
 
7. Nar
 
Nar ən güclü antioksidanrdır. Qabığından tutmuş dənələrinə, şirəsinə kimi. Mövsümündə doyunca yeyin
 
8. Alma
 
Lifli qidadır, bağırsaqları təmizləyir. Tərkibindəki prosianidinlər şiş hüceyrələrini udur.

Ana südünün FAYDALARI
1-7 avqust Ümumdünya Ana Südü ilə Qidalandırma həftəsidir.
 
Səhiyyə Nazirliyindən verilən məlumata görə, ana südü körpələrə ilk 6 ay ərzində lazım olan bütün maddələri verə biləcək ən yaxşı qidadır:
 
"Ana südü və doğuşdan sonra ilk sarı süd körpə üçün çox əhəmiyyətlidir. Körpəni xəstəliklərə qarşı qoruduğu üçün körpənin ilk peyvəndi də adlandırılır.
 
Ana südü, körpənin ilk 6 ay ərzində ehtiyac duyduğu zülal, yağ, dəmir və vitaminlər kimi hər cür qida dəyərini ehtiva edən ideal qida mənbəyidir.
 
İçərisindəki qoruyucu maddələr səbəbiylə körpəni infeksiyalardan qoruyur. Ana südündə kifayət qədər su və vitamin olduğu üçün çox isti iqlimlərdə belə körpəyə əlavə su verməyə ehtiyac yoxdur. Bundan əlavə, ana südü körpənin anası ilə sevgi əlaqəsi qurması üçün ən yaxşı ünsiyyət vasitəsidir”.
 
Bildirilib ki, ana südü körpəni ishal və tənəffüs yolu infeksiyaları kimi xəstəliklərdən qoruyur, çənə və dişlərin inkişafında əhəmiyyətli rola malikdir. Ana südü ilə qidalanan uşaqlar astma, allergiya və uşaq diabeti kimi xəstəliklərə daha çox müqavimət göstərir.
 
Məndə bütün gənc analara və analığa namizəd xanımlara belə bir mesaj vermək istəyirəm: Sağlam nəsillər üçün ana südünün faydalarının fərqində olaq. 

Stalin dövrünün baş hakimi - Qolyakov da qəzəbə gəlib, ancaq güllələnməyib, dərs deməyə göndərilib
O, öz işinin mükəmməl bilicisi olub, vəzifəsinin icrasında çətinlik çəkməyib. Amma İvan Qolyakov bütün fəaliyyəti dövründə problemlərlə üzləşib, yüksək ranqlı dövlət məmurları ilə münasibətləri tənzimləmək problemi ilə...
 
 
 
 
Snickers
Əslində, SSRİ-də bu məsələ bütün dövlət məmurları üçün problemə çevrilib. İddialı Kreml məmurları ilə fikir ayrılığı yaradanlar, birincilərin iradəsinə əks fikir söyləyənlər, müstəqil qərar çıxaranlar, təşəbbüskarlar, təklif vermək istəyənlər Mərkəzi Komitə üçün "arzuolunmaz şəxs”ə çevriliblər. Bir çox hallarda isə, xüsusilə Stalin hakimiyyəti illərində onlar vəzifələri ilə yanaşı, həyatlarını da itiriblər. Amma bu baxımdan İvan Qolyakovun bəxti gətirib. SSRİ-nin ən ağır və mürəkkəb dövründə, 1938-1948-ci illərdə SSRİ Ali Məhkəməsinin sədri olan Qolyakov sovet liderinin "qara siyahı”sından qurtula bilib.
 
İvan Qolyakov 1888-ci ildə Moskva vilayətində, Dmitrovo rayonunun Peşkovo kəndində anadan olub. I dünya müharibəsində və vətəndaş savaşında iştirak edib. 1918-ci ildə bolşeviklər partiyasına üzv olub. 1919-cu ildən 9-cu orduda siyasi şöbədə xidmətə başlayıb, sonra həmin ordunun 14-cü diviziyasında hərbi tribunalın sədri vəzifəsinə təyin edilib. Xidmətdə olarkən o, Şimali Qafqaz universitetində ictimai fənnlər fakültəsinin hüquq bölməsində ali təhsil alıb.
 
Иван_Терентьевич_Голяков.jpg (49 KB)
 
1925-ci ildə Qolyakovun xidməti yeri dəyişdirilərək Belarusiyaya göndərilib və o, Belarusiya hərbi dairsində hərbi tribunalın sədr müavini vzivəsində çalışıb.
 
Bu illər ərzində İvan Qolyakov SSRİ Prokurorluğunda (1946-cı ildən Baş Prokurorluq) və SSRİ Ədliyyə Komissarlığında (nazirliyində) bacarıqlı mütəxəssis kimi tanınıb. Mütəmadi olaraq o, Moskvaya ayrı-ayrı istintaq işlərinin aparlmasına cəlb edilib.
 
Onu digər həmkarlarından fərqləndirən əsas cəhətlərdən biri o olub ki, Qolyakov xidməri iş zamanı, istintaq prosesində vəzifəcə özündən yüksək olanların fikirlərinə müticəsinə "bəli” deməyib, öz mövqeyini açıq söyləməyi bacarıb, fikirlərini əsaslandıra bilib. Bir tərəfdən onun məntiqli əsasları, hadisəyə düzgün qiymət vermək bacarığı "yuxarıların” xoşuna gəlsə də, digər tərəfdən bu "ötkəm”liyə qısqanclıqla yanaşılıb.
 
382458_73_i_127.jpg (49 KB)
 
1938-ci ildə Qolyakov SSRİ prokoruru Andrey Vışinskinin təqdimatı ilə Rusiya prokuroru təyin edilib. Qolyakov bu vəzifədə cəmi iki ay yarım işləyib. Bu kiçik müddətdən sonra Vışinski onu bu vəzifədən azad edib. Əsas kimi Qolyakovun başqa vəzifəyə keçməsi göstərilib. Bəzi araşdırmaçılar isə qeyd ediblər ki, xidməti iş prosesi zamanı Qolyakovla Vışinski arasında fikir ayrılığı yarandığına görə baş prokuror Qolyakovu öz yaxın ətrafında görmək istəməyib.
 
Həmin ərəfədə, 1938-ci ildə 14 il SSRİ Ali Məhkəməsini sədri olan Aleksandr Vinokurov Stalinin qəzəbinə düçar olaraq Səhiyyə Komissarlığına kiçik bir vəzifəyə göndəriləndə, Mərkəzi Komitədə Ali Məhkəməyə yeni sədr təyinatı müzakirə olunub. Yeddi namizəd arasında Stalin İvan Qolyakovun üzərində dayanıb. Bu təyinatda SSRİ ədliyyə komissarı Nikolay Rıçkovun böyük rolu olub.
Beləliklə, İvan Qolyakov 1938-ci ildə SSRİ Ali Məhkəməsinin sədri vəzifəsinə təyinat alıb və 10 il bu vəzifədə işləyib.
 
1341612418.jpg (133 KB)
 
Amma bu vəzifədə də Qolyakov üçün "yuxarılarla” münasibətlri tənzimləmək çətinlik yaradıb. Qolyakovla Rıçkov 1937-ci il repressiyasına düşənlərin qismən bəraət almasına cəhd ediblər. Daha sonra onlar heç bir istintaq aparılmadan "NKVD üçlüyü”nün verdiyi ən ağır cəzaları yüngülləşdirməyə çalışıblar, bunu "səhv və yanlış” addım kimi qiymətləndiriblər. Onlar bu məsələ ilə bağlı Stalinə və həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədri olan Vyaçeslav Molotova rəsmi məktub ünvanlayıblar. Müraciətə hər iki şəxs tərəfindən rədd cavabı verilib. Lavrenti Beriya isə bu təklifi "axmaq və absurd təklif” kimi dəyərləndirib.
 
Düzdür, Qolyakov Stalinin "böyük təmizlik” dövründə fəal iştirakçı kimi tanınıb, amma o, günahsız insanların "xalq düşməni”, "əks-inqilabçı” damğalarını çox vaxt qəbul edə bilməyib və məhkəmənin qərarlarını maksimum yüngül cəzalarla yekunlaşdırmağa çalışıb.
 
1001843178.jpg (59 KB)
 
Bu "yüngül”lük Qolyakovla ağır başa gəlib. 1948-ci ildə Qolyakov və Ali məhkəmənin digər altı üzvü vəzifədən sui-istifadədə, rüşvət qarşılığında cəza tətbiqlərinin azaldılmasında ittiham olunaraq vəzifələrindən uzaqlaşdırılıblar.
 
Vəzifəsindən birbaşa Stalinin göstərişi ilə uzaqlaşdırılan Qolyakov onu qarşıda nə gözlədiyini yaxşı dərk edib, güllələnmə, ən yaxşı halda isə sürgün. Amma sabiq baş hakimə heç bir cəza verilməyib. Stalin, Molotov və Beriyanın birgə qeyri-rəsmi görüşündə Beriya Stalindən Qolyakovun həbsinə icazə istəyəndə Stalin məsələyə birdəfəlik son qoyub:
 
- Lavrenti, sən bu "aktiv” fəaliyyətinlə bütün Moskvanı Sibirə köçürəcəksən. Oolyakova dəyməyin. Ona imkan vermək lazımdır ki, elmi yaradıcılıqla məşğul olsun. Qolyakov yaxşı hüquqşünasdır.
 
İvan Qolyakov sonrakı fəaliyyətini Ümumittifaq Hüquq Elmləri İnstitutunda davam etdirib, həmin institutun direktoru olub, Moskva Dövlət Universitetində professor kimi mühazirələr söyləyib, hüquq sahəsi ilə bağlı onlarla kitabı işıq üzü görüb.
 
golyakov_it.jpg (214 KB)
 
O, 1961-ci ildə, 72 yaşında vəfat edib. İvan Qolyakov Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(Musavat.com)
Şuşada erməniləri də Türk Ordusunu təntənə ilə qarşılamağa vadar etmiş komandanlar... - ARAŞDIRMA
"Ermənilər şəhərin komendantı Həsən Bəsri bəyin yanına gəlib təslim olduqlarını və Azərbaycan dövlətinin hakimiyyətini tanıdıqlarını bəyan etdi...”
"Şuşada Qafqaz İslam Ordusu hissələrinin rəsmi keçidi də təşkil edildi. Bu rəsmi keçid həm azərbaycanlılar, həm də ermənilər tərəfındən izlənildi...”
 
İyunun 15-də  Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə Şuşadakı möhtəşəm görüşü və hər iki lider tərəfindən onillər sonraya hesablanmış Şuşa Bəyannaməsinin imzalanması bu qədim Azərbaycan şəhərinin, bütövlükdə  Türk dünyası üçün tarixi və strateji əhəmiyyətini gündəmə gətirdi...
Bəs bu günədək daha hansı məşhur Türkiyə mənsubları Şuşanı ziyarət ediblər?
 
Əlbəttə, R.T. Ərdoğan Qarabağı, Şuşanı ziyarət etmiş ilk Türkiyə dövlət başçısıdır. Tarixə müraciət etdikdə isə məlum olur ki, hələ XVIII əsrin ikinci yarısında, əsasən, İbrahimxəlil xan dövründə Osmanlı İmperiyası ilə Qarabağ xanlığı arasında qarşılıqlı elçilər və məktub mübadilələri olmuşdur.  O dövrdə sultan hökuməti Rusiya əleyhinə bağlanacaq ittifaqda Qarabağ xanlığına böyük əhəmiyyət verirdi. 1776-cı ildə İbrаhimхəlil хаn öz vəziri Mоllа Həsəni Оsmаnlı sultаnından yardım almaq üçün İstanbula göndərmişdi, 1783-cü ilin pаyızındа isə Аzərbаycаn və Dаğıstаn feodаllаrı ilə Rusiyаyа və Kаrtli-Kахeti çarlığına qаrşı ittifаq yaratmaq məqsədilə Хəlil pаşаnın bаşçılığı ilə Cənubi Qafqazа göndərilən Оsmаnlı nümаyəndə hеyəti Qаrаbаğda İbrаhimхəlil хаnla görüşmüş və Şuşada öz qərаrgаhlarını yaratmışdı. 1784-cü ilin yanvarında toplanış mərkəzi olan Şuşaya artıq 8 min döyüşçü yığılmışdı və Şuşa şəhəri Osmanlı paşası Xəlil əfəndinin bir növ qərargahına çevrilmişdi...
Onu da deyək ki, Osmanlı dövləti və Rusiya imperiyasının Qarabağ Xanlığına münasibəti eyni deyildi. Əgər Osmanlı dövləti xanlığa qarşı heç bir ərazi iddiası irəli sürməyib, yalnız onun hərbi gücündən öz siyasi maraqlarını həyata keçirmək üçün istifadə etməyə çalışırdısa, Rusiya Cənubi Qafqazı, o cümlədən Qarabağ xanlığının ərazisini tutmaq niyyətində idi. Təəssüf ki,  XIX əsrin əvvəlindən başlayaraq Rusiya Qarabağ xanlığı da daxil olmaqla Quzey Azərbaycanın işğalını başa çatdıraraq bu niyyətinə nail oldu...
 
Nəhayət, XX əsrin əvvəlində Osmanlı Türkiyəsi Azərbaycanı həm Rusiyanın işğalından qurtarmaq, eyni zamanda məhz Kremlin dəstəyi ilə xalqımıza qarşı soyqırımı aparan erməni terrorçuluğuna son vermək üçün birbaşa hərbi gücü ilə bizə dəstək vermək imkanı əldə edə bildi.
 
Müxtəlif tarixi mənbələrdə 1918-ci ildə Bakının azad edilməsindən sonra Nuru Paşa başda olmaqla əsas özəyi Osmanlı Ordusundan ibarət  Qafqaz İslam Ordusunun Qarabağ, Şuşa səfəri və zəfəri barədə  maraqlı faktlar söylənilir...
 
"1918-ci il oktyabrın 1-də Nuru Paşa artıq Ağdama gəlmişdi. Döyüşə hazırlıq vəziyyəti yoxlanıldıqdan sonra, oktyabrın 4-də Qarabağ dəstəsi Şuşaya doğru hərəkətə başladı və elə həmin gün Əsgəran ətrafında güclü döyüşlər baş verdi. Əsgəran boğazının təbii şəraitindən istifadə edən ermənilər burada möhkəm müdafiə postları qurmuşdular. Üzbəüz döyüşlə bu mövqeləri yarıb-keçmək çətin olacağından, 2-ci Azərbaycan piyada alayı və bir süvari alayı Kətik-Daşbaşı istiqamətinə göndərildi. 9-cu Qafqaz piyada alayı isə Ağbulağa tərəf hərəkət etdi və bu məntəqəni ələ keçirərək ermənilərin cənuba doğru geri çəkilmək yolunu kəsdi. 9-cu alayın bu məntəqəni ələ keçirməsi və həmin alayın 25-ci taborunun cənubdan Əsgərana doğru hərəkəti ermənilərin müqavimətini tamamilə qırdı və onların geri çəkilməkdən başqa çarəsi qalmadı. Bununla da Şuşa yolunda əsas müqavimət səddi aradan qaldırıldı. Xramort, Xanabad, Daşbaşı, Aranzəmin, Qarakənd erməniləri də müqavimət göstərməyə çalışırdılar. Oktyabrın 6-da Əsgəranla Şuşa arasındakı Əyrikənd ətrafında növbəti döyüş baş verdi. Burada xeyli erməni qüvvəsi toplaşmışdı. 1-ci Azərbaycan diviziyasının sərəncamında olan topların sürəkli atəşindən sonra həmin qüvvələr qaçıb dağılışdılar. Xanabad, Qılınəbağı və Kətik kəndlərinin dağlara qaçmış əhalisi müqavimətin əbəs olduğunu anlayıb silahlarını təhvil verməyə başladılar...
Şuşa istiqamətində oktyabrın 6-dək davam edən döyüşlərdə bir zabit və 32 əsgər şəhid olmuş, 65 nəfər yaralanmış, 16 min güllə və 276 top mərmisi sərf edilmişdi. Ayın 7-də Şuşa istiqamətində irəliləyən əsas qüvvələr Xankəndinə doğru hərəkəti davam etdirdilər. Əsas qüvvələr irəli hərəkət etdikcə arxada qalan yolun və məntəqələrin mühafızəsi də təmin olunurdu. Bu məqsədlə bir piyada taboru Ağdamda saxlanıldı, bir piyada taboruna isə Şuşa-Ağdam yolunun mühafizəsi tapşırıldı. 1-ci Azərbaycan diviziyası və onun tabeliyinə verilmiş hissələr oktyabrın 4-də Ağdamdan hərəkət edərək ayın 8-də Şuşaya daxil oldular. Yalnız oktyabrın 4-də Əsgəran ətrafında döyüşə girən bu qüvvələr sonrakı günlərdə elə bir ciddi müqavimətlə rastlaşmadan yol üstündəki kəndlərdən silah toplamaqla məşğul idilər...
Şuşa əhalisi Qafqaz İslam Ordusu qüvvələrinin qarşılanması üçün Gövhər ağa məscidində könüllü 20 min rubl vəsait toplamışdı. Bu vəsait qoşun hissələrinin yerləşdirilməsinə, onların ərzaqla təchizatına sərf edildi. Şuşa bəylərindən biri şəhərə gələn qoşunların birgünlük bütün xərclərini öz üzərinə götürdü. Digər bəylər və imkanlı adamlar  qoşunların ərzaq təminatı üçün böyük miqdarda çörək, çay, şəkər və s. almışdılar.
 
Şuşada Qafqaz İslam Ordusu hissələrinin rəsmi keçidi də təşkil edildi. Bu rəsmi keçid həm azərbaycanlılar, həm də ermənilər tərəfındən izlənildi. Şəhərin həm azərbaycanlılar, həm də ermənilər yaşayan hissəsində postlar quruldu və asayişin təmin edilməsi onlara tapşırıldı.
 
1-ci Azərbaycan diviziyası qərargahının Şuşada yerləşdirilməsi planlaşdırılırdı. Diviziya bölgənin təhlükəsizliyini təmin etməli idi. Bölgədə əvvəlki vəziyyəti bərpa etmək üçün isə ermənilər təkcə öz qüvvələrini gücləndirmir, eyni zamanda, havadarları vasitəsilə Türkiyəyə güclü təzyiq göstərir və cidd-cəhdlə Qafqaz İslam Ordusu hissələrinin Qarabağdan çıxarılmasını tələb edirdilər. Yaranmış mürəkkəb beynəlxalq şərait və eyni zamanda, Mudros barışığının şərtlərinə görə, türk hərbi qüvvələrinin Azərbaycandan geri çağırılması Qarabağda yenidən baş qaldıran erməni-daşnak təcavüzünü birdəfəlik susdurmağa imkan vermədi. Qarabağdakı 9-cu və 106-cı türk alaylarının geri çağırılmasından sonra general-mayor Usubov diviziyanın komandiri təyin edildi və Qarabağda erməni təcavüzünə qarşı mübarizə aparmaq bütünlüklə Azərbaycan hissələrinin öhdəsinə düşdü...”.
(Mənbələr: Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999;
Birinci dünya harbinde türk harbi Kafkas cebhesi 3-cü ordu harekatı, c.2, Ankara, 1993;
Yüceer Nasir, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan harekatı, Ankara, 1996).
Digər məlumatlarda deyilir ki, Şuşaya daxil olandan sonra Nuru Paşa Gövhər ağa məscidində namaz qılıb və sonra şəhərdə hərbi keçid də təşkil edib. Ermənilərin və şuşalıların gözü qarşısında keçirilən hərbi parad azərbaycanlılara sevinc, ermənilərə isə dərd gətirib. Şuşalılar da Bakının azad olunması zamanı Nuru Paşanın şərəfinə oxunan "Küçələrə su səpmişəm” mahnısını ifa ediblər...
 
Azərbaycan Demokratik Respublikasının orqanı olan "Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru,  o dövrün tanınmış jurnalist, tənqidçi, teatrşünas və tərcüməçisi Xəlil İbrahimin həmin qəzetdə Qarabağda, Zəngəzurda bu günkü olayların da təhlili baxımından  çox dəyərli olan rusca və azərbaycanca "Qarışıq günlərdə Qarabağın vəziyyəti”nə dair silsilə reportajlar çap etdirib. 
 
X.İbrahimin bu silsilədən Moderator.az-da bir müddət öncə təqdim etdiyimiz   yazılarından birinin aktuallığını nəzərə alaraq təkrar nəzərinizə çatdırırıq:
 
Şuşada doğulmuş və 1938-ci ildə sovet repressiya maşını tərəfindən Nargin adasında güllələnmiş Xəlil bəy 1918-ci il noyabrın 1-də "Azərbaycan”  qəzetinin 24-cü sayındakı yazısında Əsgəran-Xankəndi istiqamətindən yolu kəsilən və demək olar ki, mühasirədə qalan Şuşada azərbaycanlılara qarşı vuruşan ermənilərin sonradan Azərbaycan dövlətinin varlığı qarşısında necə boyun əyməsindən, türk qoşunlarını təntənə ilə qarşılamasından bəhs edir. Bundan əvvəlki məqaləsində müəllif bildirir ki, əvvəlcə tezliklə Andranikin və Şahnazaryan soyadlı digər erməni sərkərdənin başçılığıyla Zəngəzurdan Şuşaya qoşunlar gəldiyini eşidən ermənilərin əksəriyyəti Azərbaycan dövlətini tanımaq haqda düşünmür. Yalnız az bir qismi gizli şəkildə Azərbaycan türkləriylə sülh danışıqları aparmağa cəhd edir. Lakin sonradan vəziyyət dəyişir...
 
"Şəhərdə (Şuşada - S.L.) son günlər çox əsəbi atmosfer yaranmışdı: hər an iğtişaş və qarşıdurmalar gözlənirdi. Xalq aclıq keçirirdi. Ac camaatın bir hissəsi ermənilərlə döyüşdən sonra yolun açılacağına ümid edərək döyüşə atılaraq mühasirəni yarmağı təklif edirdi. Başqa biriləri isə özləri üçün böyük ərzaq ehtiyatı toplamış varlıların malikanələrində axtarış aparılmasında təkid göstərirdi. Hər iki qərar qarşısıalınmaz qan tökülməsinə gətirib çıxara bilərdi. Xalq o qədər ruhdan düşmüşdü ki,  əsgərlərin Ağdama gəlməsi haqda yenidən yayılmış xəbərlərə də inanmırdı.
 
 Belə bir kritik məqamda şəhərə İsmail Haqqı bəyin (Türkiyə-Osmanlı sərkərdəsi - S.L.) Ağdama nümayəndələrini göndərmələri tələbi ilə ermənilərə ünvanladığı məktub çatdırıldı. Ermənilər tərəfindən 5 nümayəndə göndərildi. O biri gün onlardan ikisi Şuşaya qayıdıb xəbər verdi ki, onların yoldaşlarından 3-ü Ağdamda saxlanılıb, onlar isə türklərin şəhərin dərhal təslim edilməsi barədə tələbini çatdırmaq üçün göndərilib. Bu haqda oxşar məlumat Şuşa komendantı Həsən Bəsri bəyə də ünvanlanmışdı.
 Bu məsələnin həlli üçün ermənilər iclas çağırdılar. Yığıncaqda çox mübahisə və ixtilaflar yarandı. Lakin 5 gün ərzində onlar heç bir  cavab vermədilər.
 
 Şəhərin müsəlmanları isə türklərin tezliklə gələcəyini eşidərək tələsik azadlıq mücahidlərinin təntənəli qarşılanma mərasiminə hazırlaşmağa başladı. Şəhərin girişində triumfial tağbənd quraşdırıldı.  Oxşar tağbəndlər bazarın əvvəlindəki  Şah körpüsündə,  Meydana gedən yolda və bir çox digər yerlərdə də quraşdırıldı.
 
 Ermənilər isə hələ də heç bir qərar çıxarmamışdılar... Nəhayət, 5-ci gün axşam saat 9-da ermənilər – İnternasional Komitəsinin üzvləri təslim olmaları haqda bəyanatla gəldilər. 6-cı gün Ağdamda saxlanılmış 3 erməni nümayəndəsi Şuşaya gəldi və onlara 24 saat ərzində şəhəri təslim etmək təklif olunduğunu bəyan etdi.
 
 Elə həmin gün bir neçə erməni bir əldəqayırma top, bir pulemyot və 80 tüfənglə şəhərin komendantının yanına gəlib təslim olduqlarını və Azərbaycan dövlətinin hakimiyyətini tanıdıqlarını bəyan etdi...
 
 O biri gün Ağdama İsmayıl Haqqı bəyə və Cəmil Cihad bəyə(Türk- Osmanlı sərkərdəsi-S.L.) bu hadisə haqda xəbər çatdırmaq üçün çapar göndərildi.
 
 Elə həmin gündən ermənilər də şəhərin erməni hissəsini türklərin gəlişi üçün bəzəməyə başladılar; internasional komitəsi qarşısında, Yuxarı meydanda, eləcə də şəhərə girişdə tağbəndlər quraşdırdılar. Görüşün təşkilatçılığını və xərclərini müsəlman milli komitəsi öz üzərinə götürdü. Gövhər ağa məscidində əhalinin öz arzusu ilə bu məqsədlə 20 min rubl pul toplanıldı.
 
 Bundan əlavə, yerli bəylərdən biri tam bir gün ərzində türklərin bütün qəbul xərclərini öz üzərinə götürdü. Eyni məqsədlə bir çox şəxslər tərəfindən çay, qənd, qəhvə, çörək və s. ianə edildi.
 
 İki gündən sonra Türk Ordusu Şuşaya yaxınlaşdı. Onların gecikməsinə səbəb Əsgəran yaxınlığında dağın ətəyindəki erməni kəndlərinin qoşunlara müqavimət göstərərək onları ləngitməsi olmuşdu. Həmin kəndlər bunlar idi: Xoramurd, Xanabad, Daşbaş, Aranzəmin, Kənik, Ağbulaq, Qarakənd və bir sıra digərləri. Xaçınçay yaxınlığındakı kənddə də müqavimət göstərildi. Burada Ağdam qoşunları böyük igidlik və şücaət göstərdi...” (X.İbrahim. "Azərbaycan” qəzeti, 1 noyabr 1918-ci il.  №24).  
 
1918-ci ildə Osmanlı-Türk Ordusunun sərkərdə və əsgərlərinin Azərbaycan, Qarabağ, eləcə də Şuşa üçün göstərdikləri igidliklər haqda faktları saymaqla bitməz...
 
"Ümid edirik ki, Şuşa bəyannaməsindən sonra tolerant, multikultural siyasət yeridən Azərbaycan Dövləti Yuxarı Qarabağda yarımçıq qalmış ərazi bütövlüyümüzü də tam təmin edəcək...”
 
Bunu Moderator.az-a açıqlamasında qardaş Türkiyənin tarixən daim Azərbaycan üçün əlindən gələni etməyə çalışmasından bəhs edən  BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz  söyləyib.
"Türkiyə liderinin möhtəşəm Şuşa səfərindən danışarkən unutmayaq ki, 103 il öncə - 1918-ci ildə Xalq Cümhuriyyəti dönəmində də Osmanlı ordusu Nuru Paşa, Mürsəl Paşa, Cahid Cəmil bəy, İsmayıl Haqqı bəyin və b. rəhbərliyi ilə həm Azərbaycan xalqını erməni zülmündən və qətliamından qurtardı, eyni zamanda Bakını yadelli işğalçılardan azad edərək bu şəhərin ölkəmizin paytaxtı kimi qorunub-saxlanmasında AXC-yə həlledici kömək göstərdi. Türk qardaşlarımız bununla da kifayətlənməyərək  Qafqaz İslam Ordusu  tərkibində aparıcı güc kimi Qarabağa və Zəngəzura da müzəffər yürüş keçirərək ermənilərə həlledici zərbə vurdu, o cümlədən Şuşanın işğalçı ermənilərdən təmizlənməsində böyük rol oynadı. Həmin hərbi əməliyyatlar zamanı Nuru paşa başda olmaqla Türkiyə ordusu, o cümlədən Cahid Cəmil bəy, İsmayıl Haqqı bəy  Şuşaya da  daxil olaraq bu Azərbaycan şəhərində əmin-amanlıq yaradılmasına nail olublar. Yəni tariximiz boyu  indiyədək Şuşanı ziyarət etmiş ən rütbəli Türkiyə dövlət mənsubu  Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru paşa olmuşdu. Odur ki, bu nəhəng türk oğlunun da Bakı və Qarabağ, Şuşa zəfərlərini də unutmayaq...
 
Şükürlər olsun ki, nəhayət, ordumuzun 44 günlük savaşdakı qələbəsindən sonra 15 iyun 2021-ci ildə Türkiyə dövlətinin başçısı, Prezident Rəcəb Tayyib Ərdoğanın hələ 6 ay öncə vəd etdiyi  Qarabağı, Şuşanı ziyarəti baş tutdu. Bu, Qarabağın, Şuşanın tarixində ilk və çox böyük və qürurverici bir hadisədir...
Onu da deyim ki, Mudros müqaviləsinə əsasən I Dünya savaşının qalibləri Osmanlıdan Azərbaycan və Qafqazdan çıxmağı tələb etdiyindən türk ordusunun ölkəmizə o vaxtkı dəstəyi yarımçıq qaldı. Osmanlı ordusu Azərbaycanı tərk edəndə cəmi 1500 nəfərlik kiçik ordumuz var idi.  Buna rəğmən AXC hökuməti  qısa müddətdə bütün ölkəni səfərbər edərək həm Lənkəran, həm də Qarabağ, Zəngəzur istiqamətində Rusiya və Ermənistanla ağır döyüşlər apararaq ərazi bütövlüyümüzü bərpa edə bildi. Buna rəğmən 1920-ci ildəki Rusiya işğalı yenidən Qarabağdakı işlərimizi yarımçıq qoydu. Yəni Dağlıq Qarabağ Muxtar Vilayəti kimi qondarma bir qurum yaradıldı və bu, 70 il sonra başımıza bəla oldu...
 
İnşAllah, ümid edirik ki, Şuşa bəyannaməsindən sonra tolerant, multikultural siyasət yeridən  Azərbaycan dövləti Türkiyənin mənəvi və siyasi dəstəyindən də yararlanaraq  bu dəfə ölkəmizin Yuxarı Qarabağda yarımçıq qalmış ərazi bütövlüyünü tam təmin edəcək, separatizm və terrorçuluqla məşğul olan qüvvələri Respublika ərazisindən qovub çıxaracaqdır. Bununla da yalnız Azərbaycan xalqı yox, dinc erməni toplumuna da xoşbəxt və gözəl həyat bəxş olunacaqdır. Yəni güman edirik ki, yoxsul və zəhmətkeş erməniləri də  qatil və vandal həmsoylarının zülmündən xilas edə biləcək və Qafqazda "erməni məsələsi”nə birdəfəlik son qoyacağıq” - deyə tanınmış tarixçi alim vurğulayıb.
 


Azərbaycanlılar dünyada ən çox çay içən xalqlardandır
"Azərbaycan və Gürcüstanın çay sənayesində potensial imkanları" mövzusunda tədbir keçirilib.
 
Bu barədə "Report”a BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildirilib.
 
Məlumata görə, Azərbaycan və Gürcüstan çayları ikinci Beynəlxalq Çay Günü ərəfəsində onlayn təşkil olunan tədbirin əsas mövzusu olub.
 
FAO və Avropa Yenidənqurma və İnkişaf Bankı bu ölkələrin yüksək keyfiyyətli və xüsusi çay növlərinin istehsal etmə potensialını vurğulamaq üçün bu görüşə ev sahibliyi ediblər. Görüş zamanı iştirakçılar çay sənayelərinin dayanıqlı inkişaf etdirilməsi yollarını və çay sektoru icmallarından əldə etdikləri məlumatları bölüblər.
 
FAO Baş Direktorunun köməkçisi və Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Vladimir Raxmanin açılış nitqində Qafqazdakı çayın mədəni əhəmiyyətinə, Gürcüstan və Azərbaycanda çay istehsalının dərin tarixçəsi olduğunu vurğulayıb.
 
"Çay istehsalının hər iki ölkədə bir əsrdən çox keçmişi var. Bu irsin qorunub saxlanılması və yerli çayların həm ölkə daxilində, həm də xaricdə özünəməxsus xüsusiyyətlərinin yayılmasının təmin edilməsi təchizat zənciri boyunca keyfiyyəti artırmaq qədər vacibdir ”, o deyib.
 
Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi və Şərqi Avropa, Qafqaz və Türkiyə üzrə Regional rəhbəri Vojtek Boniasçuk deyib ki, çay üçün beynəlxalq rəqabət mühiti asan olmasa da, bilik və texnologiyaya doğru sərmayə qoyularaq təsərrüfat və emal keyfiyyətinin artılıması ilə Azərbaycan və Gürcüstan çayları keyfiyyət və dayanıqlılığın təsdiq olunmuş simvollarına çevrilə bilər.
 
Tədbirdə dövlət qurumları, tədqiqat təşkilatları, maliyyə qurumları və özəl sektor nümayəndələri ilə yanaşı, Azərbaycan və Gürcüstan çay istehsalçıları da daxil olmaqla 100-dən çox şəxs iştirak edib. Azərbaycan və Gürcüstan dünyada ən şimal bölgəsində yerləşən çay istehsal edən bölgəsinin bir hissəsidir. Hər iki ölkə 1980-ci illərdə keçmiş Sovet İttifaqında istehlak edilən çayın böyük bir hissəsini təmin edirdi və bu Sovet İttifaqını o dövrdə Hindistan, Çin və Şri-Lankadan sonra dünyada dördüncü ən böyük çay istehsalçısı edib.
 
Ancaq 1990-cı illərin əvvəllərində keçmiş Sovet İttifaqının dağılması hər iki ölkədə istehsalın böyük bir qismində azalmaya səbəb oldu. Hazırda burada istehsal olunan məhsul ümumi 3 000 ton civarında ümumi istehsal ilə, dünya çay istehsalının 0,05 %-dən az hissəsini təşkil edir.
 
Gürcüstan və Azərbaycan çaylarına maraq artmaqda davam edir, hökumətlər son illərdə əvvəlki illərdə olduqca inkişaf etmiş çay sektorlarını canlandırmaq üçün qətiyyətli addımlar atırlar.
 
Buna misal olaraq, Azərbaycan 2018-ci ildə çay istehsalını 2027-ci ilə qədər illik istehsal həcmi 8 500 ton olan 3000 hektara çatdırmağı hədəfləyən bir inkişaf proqramı təsdiqləyib, bu, 2018-ci ildə istehsal olunan məhsul həcmindən 8 qat çoxdur.
 
Gürcüstanda isə hökumət 2016-cı ildə 7000 hektara qədər tərk edilmiş çay plantasiyalarının gələcək illərdə bərpası üçün bir proqram qəbul edib.
 
Həm yerli, həm də beynəlxalq səviyyədə çaya tələbat artmaqdadır.
 
Azərbaycanlılar adətən adambaşına 2 kiloqramdan çox çay istehlak edir, araşdırmalara əsasən onlar Böyük Britaniya, Türkiyə və Mərakeşlə yanaşı ən çox çay istehlak edən ölkələr arasındadır.
 
Azərbaycan və Gürcüstan çayları, şimal mənşəli və Xəzər və Qara dəniz sahillərindəki spesifik böyümə şəraiti sayəsində özünəməxsus xüsusiyyətlərə malikdir. Məsələn, çaylar parlaq bir rəngə malikdir və kimyəvi maddələr istifadə olunmadan istehsal edilə bilər.
 
Bu, hər iki ölkədə təbii istehsal üçün yaxşı imkanlar yarada, çay ixrac bazarlarına çıxa və sağlamlıq və ətraf mühit məsələləri ilə maraqlanan istehlakçıların marağına səbəb ola bilər.
 
FAO İnvestisiya Mərkəzinin direktoru Məhəmməd Manssouri deyib ki, "dayanıqlı və perspektivli bir yanaşma, iqlim dəyişikliyi səbəb olduğu potensial risklər də nəzərə alınmaqla, Azərbaycan və Gürcüstan çay sektorunun uğurlu inkişafı üçün açar rolunu oynayır: "Artan temperatur və artan yağıntı miqdarı yeni zərərvericilərə səbəb ola bilər, bu da hazırda məhdud pestisid istifadəsi üçün təhlükə yaradır və iki ölkənin su ehtiyatlarına təsir göstərə bilər.
Gürcüstan və Azərbaycan çaylarının yerli istehlakçılar arasında və qonşu ölkələrdə aldığı müsbət dəyər və potensialı, lazımi dəstəklə beynəlxalq bazarda daha geniş yer tuta bilər".

Marketdə çipsi əzən general Orucovun oğlu həbsdən necə çıxıb? -TƏFƏRRÜAT
Bakıda marketlərin birində yanındakı xanımla çipsiləri qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkərək sosial şəbəkələrdə paylaşmağı ilə gündəm olan general oğlu həbsxanadan vaxtından əvvəl azadlığa buraxılıbmış.
 
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatdan aydın olurdu ki, Rüstəm Orucov və Xəyalə Vəliyeva sosial şəbəkədə etdikləri bu hərəkətə görə peşman olublar və üzr istəyiblər.
 
Bu hadisədən sonra Rüstəm Orucovun general-mayor Novruzəli Orucovun oğlu olduğu məlum oldu. Onun adı ictimaiyyətə bir neçə cinayət əməli ilə məlumdur.
 
Rüstəm Orucov 2017-cu ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü.
 
2021-05-05-10-58-13yiDHM6FE7V8gPRcTqCh6_file.jpg (33 KB)
 
Bu hadisədən sonra General-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edilmişdi.
 
Rüstəm Orucov xuliqanlıq əməlinə görə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun cəzası hələ bitməmiş sosial şəbəkələrdə videosu yayıldı. Məlum oldu ki, o, vaxtından əvvəl azadlığa buraxılıb.
 
Musavat.com dəqiqləşdirib ki, Rüstəm Orucovun cəzasının başa çatmasına bir neçə ay qalmış cəzaçəkmə müəssisəsinin qərarı ilə azadlığa buraxılıb. R.Orucov həbsxanada nizam-intizamlı olubmuş…
 
Qeyd edək ki, avtobus sürücüsünü döymək Rüstəm Orucovun ilk cinayət əməli deyildi.
 
Belə ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib və hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu. O, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilmişdi.

Ərəb şeyxlərinin quş ovunun sirri - şəhvəti artıran maddəyə qurban gedən baladoydaqlar
Azərbaycanda ərəblərin şikar ovlaması ciddi müzakirə olunmaqdadır. Ancaq bu, təkcə Azərbaycanla bağlı məsələ deyil. Bu barədə Qərb mətbuatında da mütəmadi məlumatlar yayılır. "BBC”nin yenicə yaydığı materiala nəzər salaq. Məqalə "Hunting rare birds in Pakistan to feed the sex drive of princes” (Şahzadələr cinsi həvəsi gücləndirmək üçün Pakistanda nadir quşları ovlayırlar) adlanır.
 
"1983-cü ildə iki ordu zabiti Pakistanın cənub-qərbindəki kiçik sahil şəhəri olan Pasnidə avtomobilləri icarəyə verən bir ofisin qarşısında dayandı. Onlardan biri şirkətin sahibindən soruşdu: "Yaxşı bir avtomobiliniz varmı? Ərəb şeyxini Panjqura aparmalıyıq". Şirkət sahibi onlara "var” dedi və oğlu Hənifi zabitlərə yol göstərmək üçün bələdçi kimi göndərdi. Yaxşı avtomobil Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) altı kral ailəsindən birinə aid olan şahzadə Surur bin Məhəmməd əl-Nahyan üçün idi. Təxminən 100 km qət edərək Panjguraya getdilər. Bəziləri tərəfindən əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq (lat. Chlamydotis undulata) ovlamaq istəyirdi. Şeyx maşını bəyəndi və o vaxt 31 yaşı olan Hənif ilə birlikdə ova getdi. Beləliklə, uzun bir dostluğun əsası qoyuldu, indi Hacı Hənif kimi tanınan şəxs başına gələnləri anladır. Otuz yeddi il sonra da o, hər il Pakistana gözəl baladoydaq quşunun ovu üçün gələn kralı ailəsi üzvlərini hər dəfə şəxsən müşayiət edir”.
 
 
"Əti afrodisyak sayılan kökü kəsilməkdə olan gözəl baladoydaq quşu” ifadəsinə diqqət etdinizmi? Afrodisyak bitki və canlılarda olan bir maddədir. O insanda şəhvət hissini kəskin şəkildə gücləndirir. Elə bu səbəbdən də ərəb şeyxləri gözəl baladoydaq quşlarına xüsusi maraq göstərirlər.
 
Kiçik bir haşiyə çıxaraq qeyd edim ki, bu quşlardan Azərbaycanda da var. Sayı kritik həddədir. Yaxın gələcəkdə nəsli kəsilə bilər. Bu quşların rəngi kürən–bozdur və üzərində dalğavarı köndələn naxışlar var. Qarın tərəfi ağdır. Boynunun yanlarında qara zolaq, uzun lələklərdən ibarət boyunluq və başında kəkil var. Cavan quşların boyunluğu yoxdur. Daha çox hinduşkaya bənzəyir.
 
Yenidən "BBC”nin reportajına qayıdıaq.  Yazıda qeyd olunur: "Pakistanda bəziləri iddia edir ki, Körfəz ölkələrindən gələn şeyxlər təkcə ov etmirlər, həm də sərmayəyə ciddi ehtiyacı olan Pakistana maddi dəstək verirlər. Digərləri isə əmindir ki, ərəb şeyxləri Pakistana ovdan zövq almaq üçün gəlirlər. Əsasən noyabr-fevral ayları ov üçün daha münasibdir. Şeyxlər də elə o vaxtı Pakistana təşrif buyururlar.
 
Yaşı altmışı çoxdan ötmüş Hacı Hənifə ərəb şeyxlərinə qulluq etmək üçün kömək lazımdır. Hazırda Hacının 3 oğlu bu işlə məşğuldur. Onlar avtomobillərin saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyırlar, şeyxlərin gətirdiyi şahinlərin məşq etməsi üçün havaya göyərçin uçurdurlar. Şahinlər göyərçini göydə caynağına keçirir...".
 
 
Məqalənin müəllifi Saher Baloç yazır ki, ərəb şeyxləri Pakistana 1973-cü ildən ayaq açıblar. Hazırda vəziyyət belədir ki, Pakistanın ov üçün münasib olan əraziləri BƏƏ, Qətər və Səudiyyə Ərəbistanından gələn kral ailələri arasında bölüşdürülüb. Hər kəs öz ərazində ov edir.
Qeyd olunur ki, bu quşlar öncə Ərəbistan yarımadasında da yaşayırdı. Ancaq ərəb ovçular onların kökünün demək olar ki, kəsdi. Elə o vaxtdan da varlı ərəblər gözəl baladoydaq quşlarının dalınca başqa ölkələrə üz tutublar. Hazırda Yer üzündə 50-100 min arası gözəl baladoydaq quşu yaşadığı təxmin edilir.
 
Bəs, bu məsələ ilə bağlı Pakistan mətbuatı nə yazır? Deyirlər ki, ərəb şeyxləri 1960-cı ilin sonlarından Pakistanda görünüblər. Onların ov zamanı törətdiyi xoşagəlməz hərəkətlər xalq tərəfindən hiddətlə qarşılanıb. 1972-ci ildə etirazlar o həddə çatdı ki, hökumət bu quşların ovunu qadağan edib. Rəsmi qadağaya baxmayaraq, bütün hökumətlər dönəmində ərəblərə qış aylarında ova getməyə icazə verilirdi. Düzdür, müəyyən məhdudiyyətlər şərti ilə. Məsələn, ova icazə alan hər bir ərəb 10 gün ərzində 100-dən çox gözəl baladoydaq quşu ovlaya bilməzdi. Bu barədə Pakistanın "dawn.com” saytı yazıb. Nəşr onu da vurğulayıb ki, məhdudiyyətlər ovçuları daha da qızışdırır. Məsələn, 2014-cü ildə Səudiyyə Ərəbistanından gələn şahzadə 3 həftə ərzində 2100 gözəl baladoydaq quşu ovlamışdı. Ətraf mühiti qoruyanların təkidi ilə quş ovuna yenidən qadağa qoyuldu. Ancaq az sonra qadağa aradan götürüldü. Maraqlıdır ki, həmin məqalə Hindistanda geniş rezonans doğurub. Çünki Pakistan nəşri bildirib ki, ərəb kral ailələrinin ov etməsinə Hindistan, Nepal, İran və Çin kimi ölkələr qəti icazə vermirlər.
 
 
Pakistan mətbuatı onu da yazır ki, Baş nazir İmran Xan müxalifətdə olanda heyvan ovuna qarşı çıxıb. Ancaq o, iqtidara gəldikdən sonra Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum və onun ailəsinə Pakistanda ov etmək üçün xüsusi icazə verib.
 
Ərəb şeyxləri ov zamanı şahin və qartallardan, xüsusi ov itlərindən, hətta pişik cinsinə mənsub olan çitalardan da istifadə edirlər. Citalar sıfırdan 120 km/s sürətə sadəcə 3.5 saniyəyə çatırlar. Heç bir heyvan bu yırtıcının qabağından qaçıb canını qurtara bilməz. Ancaq ərəb şeyxləri şəhvət hissini gücləndirdiyinə görə əsasən baladoydaq quşlarının ovuna çıxırlar. Elə bu səbəbdən də daha çox şahindən istifadə edirlər. Şahinlərin uçuş sürəti 390 km/s bərabərdir.
 
Qətərdə hər il şahinlə ov festivalı keçirilir. Dünyanın ova maraq göstərən zəngin insanları ora axışır. Normalda 40 növü olan şahinin satış qiyməti 5-25 min dollar arasıdır. Ancaq ərəb şeyxləri maraq göstərəndə bəzən bu qiymətlər 250 min dollara qədər qalxır.
 
Elbəyi Həsənli, Sürix
Axtarış
Xəbər lenti
Reklam