Əmilərini öldürməkdə təqsirləndirilən qardaşlara hökm oxundu



Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda əmilərini qətlə yetirməkdə təqsirləndirilən qardaşlar - Ariz və Fəqan Səfərovların cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Arizə 14 il, Fəqana isə 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onların şikayətini təmin etməyib.

Qeyd edək ki, 2022-ci il iyulun 31-i saat 7 radələrində Masallı rayon sakini, 1961-ci il təvəllüdlü İbadulla Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı, 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbadulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başladılıb.

Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.
Bakı həbsxanasında məhkum öldü



Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada saxlanılan Məhəmməd İlyas oğlu Mamedov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.
Gürcüstanda təbii fəlakət nəticəsində ölənlərin sayı 20-yə çatıb
Gürcüstanın Raça yüksək dağlıq bölgəsindəki Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Qeyd edək ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. Körpülərə, yollara, turist kotteclərinə və "Sunset Shovi” hotelinə ziyan dəyib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.
Hikmət Hacıyevdən “Forbes”ə: “Azərbaycanlıların hüquqları ilə bağlı məsələni heç vaxt qaldırmamısınız”


"Evelina Oçab, sizin "Forbes” nəşrindəki məqaləniz reallığı təhrif edir, birtərəflidir və Ermənistanın təbliğat/dezinformasiya maşını tərəfindən istifadə olunur”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X” sosial şəbəkəsindəki hesabında "Forbes” nəşrində məqaləsi dərc edilmiş Evelina Oçab adlı müəllifə müraciətlə yazıb.

"Siz bir insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqları və acınacaqlı vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmamısınız”, - o bildirib.
Bakı-Şamaxı-Yevlax yolu ilə bağlı sürücülərə XƏBƏRDARLIQ


Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 6-26-cı km-lik hissəsində yolcizgi, yolgöstərici xətlərin və piyada zolaqlarının yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən işlər bir neçə gün davam etdiriləcək.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda qeyd olunub.
Astarada ailə davası: Xəyanətə görə gəlin qayınanasını döydü



Astara rayonunda 1991-ci il təvəllüdlü Fəridə qayınanası Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, Fəridə qayınanasına xəsarət yetirdiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.

Bundan başqa, Fəridənin əri, 1991-ci il təvəllüdlü Seymur da eyni maddə ilə ittiham olunub.

Seymur isə arvadı Fəridəni döyməkdə təqsirli bilinib. Ər-arvad barəsində olan inzibati işlər ayrı-ayrı icraatlarda araşdırılıb və Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirli bilinən şəxs qismində ifadə verən Fəridə bildirib ki, 30 iyun 2023-cü ildə, saat 22:00-da Seymurun ona xəyanət etməsinə görə qayınanası Südabə ilə aralarında mübahisə baş verib:

"Məni əvvəl qayınanam ağacla vurdu, sonra isə ərim başımı divara vurdu, təpiklə ayaq və diz nahiyələrimə vuraraq, məni döydü. Mən də ağacla qayınanamı vurdum”.

İş üzrə zərərçəkmiş Südabə deyib ki, son vaxtlar gəlini ilə aralarında mübahisələr artıb.

Qeyd edib ki, aralarında yaranan gərginlik zamanı gəlini onu döyüb. Zərərçəkmişin ifadəsinə görə, o və oğlu gəlini döyməyiblər.

Təqsirli bilinən Seymur qeyd edib ki, son vaxtlar arvadı ilə aralarında olan münasibətləri gərginləşib:

"Buna görə aramızda tez-tez mübahisə baş verirdi. Hadisə günü, saat 22:00-da anam mənə zəng etdi. Evə gələndə anam ilə arvadımın mübahisə etdiklərini gördüm. Ancaq mən arvadımı vurmadım”.

Astara Rayon Məhkəməsinin qərarı ilə Seymur 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Fəridə isə 300 manat miqdarında cərimə olunub.
Hava ilə bağlı xəbərdarlıq - Avqustun 12-dək...



Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarına gəlincə, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-da və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı gözlənilir.
Əsirlikdə olan Aqşin ailəsi ilə əlaqə saxladı: “Mən yaxşıyam, narahat olmayın



Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb.

Publika.az modern.az-a istinadən xəbər verir ki, videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.

Telefon danışığı zamanı A.Bəbirov yaxşı olduğunu deyib.

"Hər şey qaydasındadır. Gələcəyəm. Ana, sən ağlasan, mən burada narahat oluram. Mən yaxşıyam, narahat olmayın”, - deyə əsir hərbçimiz bildirib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.

Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.
Polis axşam saatlarında çimərliklərə girişi dayandırıb?



Polislər axşam saatlarında çimərliklərə girişi dayandırıblar.

Bu barədə Oxu.Az-a vətəndaşlar məlumat veriblər.

Bildirilib ki, polis əməkdaşları girişi bağlayan zaman heç bir xəbərdarlıq etməyiblər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən ictimai çimərliklərə təhlükəsizlik məqsədilə havanın qaranlıq saatlarında giriş dayandırılır:

"Batma və boğulma təhlükəsi yarana bilər. Qeyd edilən bütün tədbirlər vətəndaşların mühafizəsi və təhlükəsizliyi üçün həyata keçirilir. Xahiş edirik ki, təhlükəsizliklə bağlı olan bu məsələləri vətəndaşlar nəzərə alsınlar”.
Bakıda gün ərzində çimərliklərdə 42 uşaq itib: DİN valideynlərə müraciət etdi


Daxili İşlər Nazirliyi (DİN) çimərliklərlə bağlı vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, çimərliklərdə istirahət edən valideynlərin azyaşlı övladlarını nəzarətsiz qoymaları halları müşahidə edilir.

"Bu gün 42 uşağın paytaxt çimərliklərində itməsi ilə bağlı DİN-nə məlumatlar daxil olub. Dərhal çimərliklərdə təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları məlumatlar üzrə əlaqələndirilməklə, həmin uşaqların tapılması təmin edilərək ailə üzvlərinə təhvil verilib.

Vətəndaşlardan xahiş edirik ki, övladlarını nəzarətsiz qoymasınlar.

DİN tərəfindən respublikamızın bütün istirahət rayonları üzrə təhlükəsizlik və ictimai qaydanın effektiv qorunması məqsədilə xidmət təşkil edilib, xidmətə əlavə qüvvə çıxarılıb. Hazırda bütün rayonlar üzrə xidmət davam etdirilir”, - müraciətdə deyilir.
Axtarış
Xəbər lenti
Reklam