Məktəbli ləvazimatlarının qiymətində artım gözlənilir - VİDEO



Tədris ilinin başlamasına bir aydan da az müddət qalıb. Artıq valideynlər məktəb bazarlığı barədə düşünürlər və narahatlıqlar başlayır. Çünki məktəblinin məktəb bazarlığı əhəmiyyətli bir məbləğdir və valideynlər bunun üçün bir neçə ay hazırlaşmalı olurlar.

Bu səbəbdən yeni dərs ili yaxınlaşdıqca valideynlərin həyəcanı artır. Məktəbə gedəcək uşağın geyimi, çantası, iş dəftərləri və digər məktəb ləvazimatlarını almaq üçün nə qədər pul tələb olunduğunu düşünən valideynlər dükan-dükan gəzib harada qiymətlərin nisbətən aşağı olduğunu öyrənməyə çalışırlar.

Bahalaşma yalnız alıcılara deyil, satıcılara da təsirsiz ötüşməyib.

Daha ətraflı Baku TV-nin materialında:


Bu gün hava necə olacaq? - PROQNOZ




Avqustun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
Laçına köçən daha 13 ailəyə evlərinin açarı verildi





Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Publika.az xəbər verir ki, bu gün daha 46 keçmiş məcburi köçkün Laçın şəhərinə köçürülüb.

Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələr ailələr qarşılandıqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən yenidən öz evində məskunlaşacaq ailələrə evlərin açarları təqdim olunub və onlar açarları təhvil alıblar. Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, köçürülən ailələrə Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmaları üçün bütün şərait yaradılıb.
Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb



Ölkə ərazisində sutka ərzində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan beş cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə dörd nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 77 nəfər saxlanılıb.
Bəzi ərazilərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA



Avqustun 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Böyük Qafqaz zonasının bəzi yerlərində yağıntılar intensiv olub.

Düşən yağıntının miqdarı: Qəbələdə 34 mm (aylıq normanın 50 %-i), Şəkidə 20 mm (aylıq normanın 36 %-i), Qrızda 14 mm, Qaxda 10 mm, İsmayıllı, Xaltan, Şahdağ, Şamaxı, Oğuz, Quba, Altıağac, Qusar, Şabran, Qobustan, Balakən, Neftçalada 7 mm-dək olub.

Külək: Qərb küləyi arabir Ceyrançöldə 18 m/s, Şamaxıda 17 m/s-dək güclənib.

Gözlənildiyi kimi havanın temperaturu avqustun ayının birinci yarısına nisbətən bir qədər aşağı enərək, Bakıda və Abşeron yarımadasında 32-35 dərəcə, Naxçıvan MR-da 36-38 dərəcə, aran rayonlarında 33-39 dərəcə, dağlıq rayonlarda 27 dərəcəyədək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin avqustun 20-si axşam saatlarından tədricən kəsiləcəyi, 21-22-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.
Laçın sakini: “Otuz illik xəyallarımız gerçəkləşir, Vətən həsrəti sona çatır”



"Heç vaxt ağlımıza gəlməzdi ki, yenidən öz doğulub boya-başa çatdığımız yerlərə qayıdaq. Amma indi 30 illik xəyallarımız gerçəkləşir, Vətən həsrəti son çatır”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Laçına köçən sakin Nazilə Əliyeva söyləyib.

Laçına köçdüyü üçün sevincinin həddi-hüdudu olmadığını deyən N.Əliyeva bildirib ki, 27 yaşında doğma yurdundan ayrılıb. O, bu gün geri qayıtdığı üçün özünü xoşbəxt hiss etdiyini dilə gətirib.

N.Əliyeva Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib, işğaldan azad olunmuş bütün torpaqlara insanların tamamilə qayıtmasını arzulayıb.
Azərbaycanda ət bahalaşdı - YENİ QİYMƏT





Mal ətinin qiyməti yenidən bahalaşıb. Hazırda mal ətinin kilosu 14-16 manat arasında təklif olunur.

Publika.az Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcılar bildirdi ki, bir həftə ərzində qiymətdə 50 qəpik, 1 manat bahalaşma var.

"Bahalaşma alıcılara da təsirsiz ötüşmür”.

Satıcılar bildirdilər ki, heyvanı baha aldıqlarına görə baha qiymətə də satırlar.

Bahalaşma mal içalatında da özünü göstərir.

O da bildirildi ki, bir həftə ərzində mal ətinin qiymətində bahalşma olsa da, qiymət artımı hələ ki, qoyun ətinə təsir etməyib.

Daha ətraflı videoda:

Daha 46 sakin Laçına yola salındı



Bu gün daha 46 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

Publika.az xəbər verir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 234 ailə, yəni 904 nəfərin daimi məskunlaşması təmin edilib.
Edillidə meyitinin qalıqları tapılan Əli Hüseynovun qardaşı: “Anam-atam yolunu gözləyə-gözləyə öldü”



"Anası gözləri yolda öldü. O da çox istəyirdi ki, heç olmasa bir tikəsi də olsa, tapılsın. Bu ağır dərdlə də dünyasını dəyişdi”.

Bu sözləri APA-ya Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkarlanan meyit qalıqlarından birinin məxsus olduğu Füzuli rayonunun Yuxarı Yağlıvənd kənd sakini və 1993-cü il avqustun 6-da Füzuli rayonunun Gövşaltı kəndi ərazisində itkin düşmüş Əli Heydər oğlu Hüseynovun qardaşının həyat yoldaşı deyib.

Hazırda Beyləqanda yaşayan yaxınları bildirib ki, I Qarabağ müharibəsi başlayan ilk gündən yaranan döyüşçü qrupuna qatılan Əli əvvəlcə doğma kəndi Yağlıvəndin müdafiəsi üçün vuruşub.

"Biz də daim onun yolunu gözləyirdik. Həmişə gedib uğurla qayıdırdılar. Çox ağır idi, tez-tez kəndimizə hücumlar olurdu. Hər döyüşdə iştirak eləyirdi. Çox cəsur oğlan idi, qəhrəman idi. Həmişə döyüşlərdə irəli gedən oğullardan biri olub. 1993-cü ildə avqust ayında döyüşlərə getdi və qayıtmadı. O gündən bu günə kimi onu həmişə axtarmışıq, bir xəbər çıxmayıb. Təsadüfən Məhərrəmlik vaxtı onun haqqında bir xəbər aldıq. Bu peyğəmbərlərin anıldığı gündə o da bir mələk olub, göyə qalxıb. Bu aylarda xəbəri bizə gəlib çatdı. Çox sevindik. Anası da onun yolunu gözləyə-gözləyə dünyasını dəyişdi”.

Əlinin qardaşı Müşfiq Hüseynov isə bildirib ki, avqust ayının ortalarında onlara analizlərin uyğun gəlməsi barədə məlumat verilib: "İki-üç gün sonra da mətbuata açıqlandı ki, həqiqətən Hüseynov Əlinin nəşi tapılıb”.

Müşfiq Hüseynovun sözlərinə görə, qardaşının I Qarabağ müharibəsinə qatıldığı günlərdə hələ Milli Ordu formalaşmamışdı: "Sonradan kənddə batalyon yarandı. Onların mövqeləri Divanalılar istiqamətində idi. Amma 1993-cü ilin avqust ayında hücum olub. Qardaşım bölüyü ilə birgə orada döyüşdə olub və uğurlu əməliyyat alınıb”.

Lakin bu uğurlu əməliyyatdan sonra həmin istiqamətdə gedən digər döyüşlərə qatılan Əli Hüseynov geri qayıtmır:

"Əli hücum əməliyyatının səhəri günü təşkil edilən digər döyüşdə öz bölüyü ilə yox, başqa uşaqlarla gedib və geri qayıtmayıb. Orada deyilənə görə mina partlayıb, minanı zərərsizləşdirirmiş. O gecədən sonra xəbər ala bilməmişik. Bu günə kimi axtarmışıq. Gözümüz yolda olub. Hər yerdə axtarmışıq. 2009-cu ildə anam, 2014-cü ildə atam onun yolunu gözləyə-gözləyə rəhmətə getdi”.

Müşfiq Hüseynov qardaşının meyitinin qalıqlarının yaxın günlərdə onlara veriləcəyini bildirilib.

Qohumu Davud Məmmədov isə Əli Hüseynovun könüllü olaraq döyüşlərə qatıldığını bildirib: "Axırıncı döyüşdən geri qayıtmadı, nə ölüsü, nə də dirisi bilindi. Dünən eşitdik ki, Edilli kəndində olan 15 şəhidimizin nəşinin içində qohumum Əli Hüseynovun da nəşi var. Biz onda uşaq idik. Bir gün eşitdik ki, Əli döyüşə gedib və itkin düşüb. Bu günə qədər də axtarırdıq, amma tapmırdıq. Çox sağ olsun dövlətimiz, onun nəşini tapdı. İndi gözləyirik ki, təhvil verilsin, özümüz aparaq, dəfn edək”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayından bəri işğaldan azad edilmiş ərazilərdə 500-ə yaxın şəxsə aid insan meyit qalıqları tapılaraq götürülüb. Onlardan 15-nin şəxsiyyəti artıq müəyyən olunub.
Qaz sayğacına aid köhnə kartdakı məbləği yenisinə köçürmək olar?



"Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev dəyişdirilmiş qaz sayğacının (əvvəlcədən ödənişli) köhnə kartında olan məbləğin yeni karta necə köçürülməsi ilə bağlı suala aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, bunun üçün abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş "ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır.

Şöbə rəisinin sözlərinə görə, "ASAN Kommunal” mərkəzlərinə yaxınlaşan şəxslər şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart-kartları təqdim etməlidirlər.

"Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər”, - deyə şöbə rəisi bildirib.
Axtarış
Xəbər lenti
Reklam