İsti hava ilə bağlı HƏYƏCAN TƏBİLİ: böyük problemə çevrilə bilər...





Mütəxəssislər isti havalarda çox soyuq içkilərdən və duşdan uzaq durmağı məsləhət görüb.

Publika.az xəbər verir ki, bu vəziyyət boğaz infeksiyalarından infarkt riskinə qədər bir çox problemə gətirib çıxara bilər.

Sərinləmək üçün istifadə edilən səhv davranış və ya vərdişlər bəzi risklərə səbəbdir.

Çox soyuq içkilər orqanizmin müqavimətini qırır və boğazdakı virus, bakteriya kimi mikrobların işini asanlaşdırır. Xüsusilə, ürək xəstələrinin bədən müqaviməti və immuniteti aşağı olduğu üçün ümumiyyətlə bu infeksiyalara daha həssas olurlar. İsti havalarda sərinləmək üçün tez-tez istehlak edilən artıq kalorili şəkərli içkilərdən də uzaq durmaq lazımdır.

Bunlar həm insulinin ifrazına mənfi təsir edir, həm də maddələr mübadiləsinin fəaliyyətini pozur və daha çox aclıq hissi yaradaraq kilo almağa səbəb olur. Şəkəri yüksək olan bu içkilər zamanla qaraciyərin yağlanmasına gətirib çıxarır, qarın ətrafı böyüyür, metabolik sindrom yaranır. Bu vəziyyət ürək xəstəliklərinə yol açır.
Bakıda temperatur iqlim normasından altı dərəcə yüksək olub - FAKTİKİ HAVA


Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, avqustun 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Avqustun 13-də ən yüksək temperatur Naxçıvan MR; Culfada 43 dərəcəyədək, Aran rayonları; Hacıqabulda 42 dərəcəyədək, Gəncə-Qazax zonası; Ağstafada 40 dərəcəyədək, dağlıq rayonlarda 33 dərəcəyədək yüksəlib. Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 6 dərəcə yüksək olub.

İsti hava dalğasının təsirinin tədricən azalacağı, ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.
Qəbələdən qayıdan Bakı sakinləri qidadan zəhərləniblər



Qəbələdən qayıdan Bakı sakinləri qidadan zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirlib.

APA-nın məlumatına görə, Qəbələdə istirahətdən qayıdan Bakı sakinlərinin yolda vəziyyəti pisləşib. Qidadan zəhərlənməsi ehtimal olunan Bakı sakinləri, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1994-cü il təvəllüdlü Süleymanlı Bikəxanım Hafiz qızı, 1952-ci il təvəllüdlü Sultanova Sidiqə Məmmədağa qızı və 2010-cu il təvəllüdl Məmmədli Soltanəli Rövşən oğlu zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.
Sentyabr ayından hansı məhsulların qiymətində artım olacaq? - AÇIQLAMA



Daxili bazarda qiymətlər durmadan artır. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma bir reallıq da var ki, yay başa çatandan sonra bır sıra yerli məhsullar ənənəvi olaraq bahalaşır.

Elə isə növbəti ayda hansı məhsulların qiymətində artım olacaq?

Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, son vaxtlar şəkər tozunun qiyməti kəskin artıb:

"Bu qiymət artımı növbəti aylarda da davam edəcək. Çünki, dünyada və ölkəmizdə şəkər istehsalı azalıb. Düyü dünya bazarında xeyli bahalaşıb. Və bu da ölkəmizdəki qiymətlərə öz təsirini göstərməkdədir. Yəqin ki, yaxın vaxtlarda daxili bazarda düyünün qiyməti xeyli yüksələcək. Bundan əlavə, "Taxıl sazişi” də pozuldu. Bu səbəbdən dünya bazarında ərzaqlıq buğdanın qiyməti artmağa başlayıb. Eyni zamanda, bitki yağlarının qiymətində artım müşahidə olunur. Payıza doğru həm ərzaqlıq buğdanın, həm də bitki yağlarının qiymətinin artacağı gözlənilir. Bir sözlə, idxal etdiyimiz bir çox ərzaq məhsulları sentyabrdan başlayaraq bahalaşacaq”.

Akif Nəsirli onu da qeyd etdi ki, hazırda ölkə daxilində istehsal olunan məhsullardan yalnız şəkər tozunun qiymətində artım var:

"Amma düyü, kərə və bitki yağlarının bahalaşması dünya bazarındakı proseslərlə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan bazarı kiçik olduğundan yan təsirlərə daha çox məruz qalır. Bundan əlavə, müəyyən sahələrdə olan inhisarçılıq qiymətlərin süni artımını şərtləndirir.

Məsələn, dünya bazarında hansısa məhsulun qiymətinin artdığı barədə səslənən istənilən fikirdən yararlanan yerli işbazlar da anındaca qiymətləri artırırlar. Halbuki, dünya bazarında qiyməti artmış məhsulun ölkəmizə gəlib çıxması bir neçə ay çəkir.

Amma işbazlar bunu gözləmir, informasiyanı eşidən kimi hərəkətə keçirlər. Bundan başqa, yeni mövsüm başa çatdığı üçün bir sıra yerli kənd təsərrüfatı məhsullarının qiymətində sıçrayışlar olacaq.  Gözlənilir ki, ət gələn aydan xeyli bahalaşsın”.
Bakıda “Toyota” yanıb



Bakı şəhərinin Xətai rayonunda "Toyota” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xaçmazda faciə: Pəncərədən yıxılan iki yaşlı uşaq öldü


Xaçmazda pəncərədən yıxılan iki yaşlı uşaq ölüb.

"Report”un Şimal bürosunun məlumatına görə, rayonun Qoçaqqazma kənd sakini, ailəsinin himayəsində olan 2021-ci il təvəllüdlü Z.H. Əzizağayev fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.

Azyaşlı Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, onu xilas edə bilməyiblər.

Faktla bağlı araşdırma aparılır.
Bakıda günvurma ilə bağlı müraciətlərin sayı AÇIQLANDI



TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7-11 avqust tarixlərində günvurma ilə bağlı 17 müraciət daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 10 nəfəri qadın, 7 nəfəri kişidir.

"Müraciət edən şəxslərdən 13 nəfəri böyük, 4 nəfəri uşaqdır. Ümumilikdə müraciət edən şəxslərdən 11 nəfəri hospitalizasiya edilib”, - deyə məlumatda qeyd edilib
Vətən müharibəsinin iştirakçısı dəhşətli qəzada həyatını itirdi



Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Racim Çingiz oğlu Mirzəyevin idarə etdiyi "Mercedes Benz” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə R.Mirzəyev hadisə yerində həyatını itirib.

R.Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü”, "Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Faktla bağlı araşdırma aparılır.
Bakıda polislər taksi sürücüsünə qarşı soyğunçuluq edənləri zərərsizləşdiriblər



Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

"Report”un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.

Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən soyğunçular zərərsizləşdirilib.

Bu zaman soyğunçulardan biri özünə bıçaqla xəsarət yetirib və daha sonra polis əməkdaşına bıçaqla xəsarət yetirməyə cəhd edib.

Hadisənin təfərrüatı araşdırılır.
Sumqayıtda batan şəxsin meyiti tapıldı


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 kilometr aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Axtarış
Xəbər lenti
Reklam