Rusiya Amerikalı jurnalistin həbs müddətini uzadıb.

 Moskvanın Lefortovo Məhkəməsi casusluqda ittiham olunan Amerikanın "The Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçin həbs müddətini uzadıb.

"Moskvanın Lefortovski Rayon Məhkəməsinin 23 may tarixli qərarı ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Evan Qerşkoviçin həbs müddəti üç ay bir gün uzadılıb,Bununla da jurnalist 2023-cü il avqustun 30-dək həbsdə qalacaq”, -  deyə  məhkəmədə bildirilib.

 


Ukrayna Sovet Sosialist Respublikası (Ukrayna SSR) yaranana qədər Ukrayna "bəşər tarixində mövcud olmayıb”.

 Bunu Rusiya prezidenti Vladimir Putin ölkənin Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkinlə görüşündə deyib.

 Zorkin Putinə 17-ci əsrdə Fransada tərtib edilmiş xəritəni göstərib, lakin xəritədə Ukraynaya rast gəlinməyib.


Ukrayna əks-hücuma keçmək üçün lazımi minimum silaha malikdir. Lakin işğalçıları ərazilərdən sıxışdırıb çıxarmaq üçün daha çox silah, o cümlədən Qərb qırıcıları lazımdır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.

"Bir çox dinc sakin hələ də Rusiyanın işğalı altındadır və artıq itirməyə vaxtımız yoxdur. Bizdə artıq lazımi minimum silah var. Yalnız onu deyə bilərəm ki, bu (əks-hücum – red.), tezliklə başlanılacaq”, - Budanov vurğulayıb.

Eyni zamanda o, işğal olunmuş ərazilərin azad edilməsi üçün ölkəsinin daha çox silah, xüsusən də qırıcılara gərək duyduğunu diqqətə çatdırıb:

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib.

 Baş Qərargahı səhər məlumatında Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, "İsgəndər-M” ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilir. Bundan əlavə, Rusiya ordusu Ukraynaya qarşı 48 "Şahed” kamikadze PUA-sı tətbiq edib.

 

 

Mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, eləcə də zenit-raket komplekslərinə 2 zərbə endirib.

"Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 "Şahed” dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər”, - deyə məlumatda bildirilir.

Mayın 23-nə keçən gecə Rusiyanın Belqorod şəhərində yerləşən Federal Təhlükəsizlik Xidmətinin binasında partlayış baş verib.

Bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

"Şəhərdə tətbiq edilən əks-terror əməliyyatı rejimi ilə əlaqədar olaraq, hazırda bölgədə rəsmi mənbələrə istinad etmədən istənilən məlumatın yayımı qadağandır” - SOTA qəzeti yazıb.

Nyu-York polisi "Türk Evi”nin ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

Nyu-York Polis Departamentinin bölgəyə ezam olunmuş əməkdaşları ərazidə operativ şəkildə fəaliyyət göstərirlər. Bu gündən etibarən binanın mühafizəsi 24 saat ərzində təmin olunacaq.

Əməkdaşımızla həmsöhbət olan Nyu-York polisinin nümayəndəsi bildirib ki, Türkiyənin Baş konsulluğunun müraciəti əsasında polis əməkdaşları qeyri-müəyyən vaxta qədər bölgəyə ezam olunublar:

İŞİD terror təşkilatının Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən Şahin Salayevin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Macarıstan artıq yanacağını Avropaya çatdıran Qətərdən mayeləşdirilmiş təbii qaz alacaq və çatışmayan Rusiya qazını onunla əvəz edəcək.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündən sonra bildirib.

"Son bir ildə Qətərin Avropa üçün əsas ölkə olduğunu anladıq. Oradan gələn LNG sayəsində Avropa iqtisadiyyatında çatışmayan Rusiya qazının əhəmiyyətli bir hissəsini əvəz etdik. Biz də ondan qaz alacağıq. Bir ayaq üstündə durmaqdansa, iki ayaq üzərində dayanmaq həmişə yaxşıdır”-deyə, o bildirib.

Onun sözlərinə görə, hər iki ölkə infrastrukturun, hava limanlarının inkişafı barədə, rabitə və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında razılığa gəlib: "Qətər-Macarıstan iqtisadi əməkdaşlığı üçün yaxşı perspektivlər açılıb”.

Brüsseldə Almaniyanın xarici işlər naziri Annalena Burbok və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında mübahisə baş verib.

Bu barədə "Politico” nəşrinin köşə yazarı Yakopo Barigatsi yazıb.

Ramiz Yunus: "Bu oyunda Brüssel, Vaşinqton və Rusiya üçün əsas fiqur Ermənistan deyil, Azərbaycan və Türkiyədir”

"Rusiya Sovet İttifaqının aqibətini yaşayır"

Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı politoloq Ramiz Yunus "AzPolitika.info”ya müsahibəsində Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turundan gözləntilərini açıqlamaqla yanaşı, Rusiya-Ukrayna müharibəsinin gündəmini, habelə Moskvada və Kişniyovda davam edəcək Azərbaycan-Ermənistan süh danışıqlarının gedişatını dəyərləndirib.

Müsahibəni oxucularımıza təqdim edirk:

- İlk sualımız may ayının 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin 2-ci turundan gözləntilərinizlə bağlı olacaq. Sizcə, kim qalib gələcək və bunu təmin edən əsas faktorlar nədir?

- Açığı, ikinci turda böyük sürprizlərin olacağını gözləmirəm. Çünki birinci tur hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın və onun tərəfdarlarının açıq şəkildə üstün olduğunu göstərdi. Onlar seçki kampaniyasına yaxşı hazırlaşmışdılar və cəmiyyətlə düzgün işləmişdilər. Onların konkret ideologiyası bu 20 illik siyasət üzərində qurulub və növbəti beş ili də bu siyasətin davamı kimi təqdim edirlər. 

Kılıçdaroğlunun ətrafında birləşənlərə gəlincə, onların heç bir ideologiyası yox idi. Yeganə məqsədləri hazırkı Prezidenti devirməkdən ibarət idi. Təsəvvür edin, burada ateistlər dindarlarla, millətçilər isə kürd separatizmini təbliğ edənlərlə birləşiblər. Əlbəttə, bu, cəmiyyət arasında o qədər də birmənalı qarşılanmadı. Çünki cəmiyyət bilmək istəyir ki, növbəti beş ildə onları nə gözləyir.

Digər tərəfdən, müxalifət Türkiyədəki zəlzələ zamanı da operativ hərəkət edə bilmədi və öz ideologiyasını faciə baş verən zonada düzgün yaymadı. Ona görə də çoxlarının gözlənilmədiyi halda zəlzələ bölgəsindən olan seçicilər öz səslərini hazırkı Prezidentə verdilər.

Başqa bir gözlənilməz məqam isə müxalifətin parlament seçkilərində də məğlub olması idi. Çünki əksəriyyət elə düşünürdü ki, Prezident seçkilərində Ərdoğan qalib olsa da, parlament müxalifətin əlinə keçəcək. Ancaq nəticəyə baxanda görürük ki, müxalifət parlamenti böyük ölçüdə uduzub. Bu da onların tərəfdarları arasında ruh düşkünlüyünə səbəb olub. Hesab edirəm ki, ilk turda 24 milyon səs toplayan müxalifətin bütün seçiciləri ikinci turda iştirak etməyəcək. Lakin hazıkı iqtidarın 28 milyonluq seçici kütləsinin hamısı seçkiyə qatılacaq. Həmçinin, düşünürəm ki, Sinan Oğanın beş faizlik seçici kütləsinin ən azı yarısı ikinci turda Ərdoğanı dəstəkləyəcək (müsahibə Sinan Oğanın qərarını açıqlamazdan əvvəl götürülüb -red.). Ona görə də ikinci turda hər hansı bir sürprizin olacağını gözləmirəm.

-Ramiz bəy, Yaponiyada G7 ölkələrinin sammiti dünya siyasətinin əsas gündəmini təşkil edir. Liderlər Prezident Zelenski ilə görüşdülər və Ukraynaya tam, hərtərfli dəstək verməkdə davam edəcəklərini bəyan etdilər. Həmçinin, Ukraynaya "F-16” qırıcılarının verilməsilə bağlı koalisiya yaradıldı, Bayden də nəhayət, buna razılıq verdi. Bu arada ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan bəyan etdi ki, ABŞ Krıma zərbələri dəstəkləyəcək. Rusiyanın Vaşinqtondakı səfiri Antonov isə bəyan edib ki, Krıma zərbə olsa, bunu Rusiyaya qarşı təcavüz kimi dəyərləndirəcəklər və ABŞ bu bəyanatdan nəticə çıxarmalıdır. Bu hadisələri nəzərə alsaq, qarşıdakı günlərdən əsas gözləntiləriniz nədən ibarətdir?

- Yaponiyanın Xirosima şəhərində yeddi aparıcı ölkənin liderlərinin görüşü və bu görüşdə şəxsən Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak etməsi, oradakı çıxışı və verilən bəyanatlar onu deməyə əsas verir ki, ABŞ və dünyanın ən güclü iqtisaidyyatına sahib ölkələr Ukraynanın arxasında daha möhkəm dayanıblar. Bu görüntülər onu göstərir ki, onlar həqiqətən də bu məsələdə axıra qədər gedəcəklər. Həmçinin, "F-16” məsələsi də bunun bariz sübutudur.

 
 

 

Bildiyiniz kimi, ABŞ daha öncə bu barədə tərəddüd edirdi. Burada belə bir qərarın verilməsi açıq-aşkar Rusiyaya, Ukraynanın tərəfdarlarına və bütün dünyaya göstərir ki, bu münaqişə birdəfəlik Ukraynanın qələbəsi ilə bitməlidir.

Krım məsələsinə gəlincə, Krım, Donbas və Rusiyanın öz əraziləri kimi elan etdiyi bölgələr bütün dünya tərəfindən Ukraynanın ərazisi kimi qəbul edilir. Ukrayna müharibə ərəfəsində Krıma da bir neçə dəfə zərbələr endirmişdi. Ona görə də bu məsələ Qərbdə heç kimi narahat etmir və tez bir zamanda siz bunun şahidi olacaqsınız. O ki qaldı Rusiyanın bəyanatlarına, onlar bu barədə bir ildən çoxdur ki, danışırlar. Bir nəticə əldə olunubmu?

 

- Rusiya hərbi-siyasi elitasında hazırki durumu necə dəyərləndirirsiniz? Qərbin gözlədiyi o kritik dövr yaxındadırmı?

- Rusiyanın özündə həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən vəziyyət gündən-günə qəlizləşir. Bu vəziyyət mənə Sovet İttifaqının 1987-1989-cu illərdəki dövrünü xatırladır. Bildiyiniz kimi, 1989-cu ildə onlar məcbur olub Əfqanıstandan ordunu çıxarmışdılar. Bütün iqtisadiyyat bərbad vəziyyətdə idi. İçəridə elitalar arasında parçalanma başlamışdı. İndi də biz bunları görə bilirik. Yevgeni Priqojinlə Müdafiə Nazirliyi arasında olan konflikt sıradan bir hadisə deyil. İçəridə də böyük proseslər gedir və çox güman ki, vəziyyət getdikcə daha da qəlizləşəcək. Cəbhədə uğur olmayanda bu, daxili siyasətə təsir edəcək. Hesab edirəm ki, Ukrayna Krıma yaxınlaşdıqdan, əks-hücumlar yaxşı nəticələr verdikdən sonra bu proseslər daha çox üzə çıxacaq. Deyə bilərəm ki, hazırkı Rusiya Sovet İttifaqının aqibətini yaşayır.

- Mayın 25-də Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Moskvada görüşəcəklər. Habelə, iyunun 1-də liderlər Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Kişniyovda bir araya gələcəklər. Ərdoğan da Kişnyov sammitində olacaq. Bu toplantılardan nə gözləyirsiniz? Ərdoğan da bu formatda görüşə qatıla bilərmi?

- Moskvada Azərbaycan və Ermənistan liderlərinin görüşünü Vaşinqtonda və Brüsseldə keçirilən görüşlərin davamı kimi qiymətləndirməliyik. Çünki bu, vahid bir prosesdir. Sadəcə, həmişə xüsusən də bizim regionumuzda Vaşinqton və Brüsselin Rusiya ilə savaşını, onların üst-üstə düşməyən geosiyasi maraqlarını nəzərə almalıyıq. Mən Vaşinqtonla Brüsselin aktiv mövqeyinə optimist yanaşıram, bu, ümidvericidir. Amma onların mövqeyi Rusiyanın maraqları ilə üst-üstə düşmədiyi üçün, buna ehtiyatlı optimistlik desək, daha doğru olar. Açığı mənim bu görüşdən o qədər də böyük gözləntilərim yoxdur. Bu, birinci görüş deyil, hər halda sonuncu görüş də olmayacaq. Əsas problem həll olunmalıdır. Bunun üçün isə Ermənistan və onun elitası qəti siyasi qərar qəbul edərək, onu cəmiyyətə təqdim etməli və Qərb də bunu dəstəkləməlidir. Hələ ki, biz bunu görmürük. Bu problem Ermənistanla bağlıdır. Çünki Azərbaycan ikinci Qarabağ savaşından sonra yavaş-yavaş üstünlüyə yiyələnir.

Ermənistan bu məsələni nə qədər uzadacaqsa, Azərbaycan yenə də üstünlüyə yiyələnəcək. Bunu lazım olanda güclə, diplomatiya ilə, yaxud Qərbin, Moskvanın və ya Türkiyənin təzyiqi ilə edəcək. Bu baxımdan, Kişinyov görüşündən də hər hanası bir gözləntim yoxdur. Hadisələr Praqa görüşündəki kimi ola bilər. Biz hələlik "sülh müqaviləsi artıq yaxındadır” deyə bilmərik. Bu, bir prosesdir və deyəsən müsbətə doğru gedir. Amma qarşıda çoxlu sayda "minalar” var və onların əksəriyyəti Rusiyanın və İranın əlindədirHələ də bəlli deyil ki, vəziyyət necə inkişaf edəcək. Sadəcə, biz bunu nəzərə almalıyıq və öz işimizi buna uyğun həyata keçirməliyik.

- Azərbaycan nə etməlidir?

- Azərbaycan Moskvada, Kişinyovda, eləcə də gələcək danışıqlarda Rusiyanın Brüssel və Vaşinqtonla maraqlarının üst-üstə düşməməsini nəzərə alaraq, hər biri ilə məsafəli davranmalı, bu mərkəzlərdən öz maraqlarına uyğun, məqsədyönlü şəkildə istifadə etməlidir. Çünki bütün bu mərkəzlərin Azərbaycana böyük ehtiyacı var. Onlar bilirlər ki, bu oyunda Brüssel, Vaşinqton və Rusiya üçün əsas fiqur Ermənistan deyil, Azərbaycan və Türkiyədir. Ona görə də biz öz siyasətimizi elə qurmalıyıq ki, onlardan istifadə edək və mümkün qədər uğur qazanaq.

Elvin Bəyməmmədli

"AzPolitika.info”

Axtarış
Xəbər lenti
Reklam