Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib.
Məlumata görə, Paşinyanın Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşü Soçidə baş tutacaq.
(29-05-2023, 17:00)
Rusiya Daxili İşlər Nazirliyi(DİN) ABŞ senatoru Lindsi Qremi rəsmən axtarışa verib.
Rusiya DİN L.Qremi "rusofob açıqlamalar verməkdə” günahlandırıb.
Belə ki, senatorun mayın 26-da Kiyevdə səfərdə olarkən Prezident Volodimir Zelenski ilə görüşdə ABŞ-ın Ukraynaya maliyyə yardımı barədə danışarkən, rusiyalıların ölümündə maraqlı olduğuna dair açıqlama verdiyi bildirilir.
"Heç bir hökumət Urmiya gölünü bərpa edə bilməz, bu su hövzəsi qurusa, onda Təbriz şəhərinin köçürülməsi haqqında düşünməyə ehtiyac olacaq”.
Bunu İranın Ətraf Mühiti Mühafizə Təşkilatının keçmiş başçısı və Urmiya gölünün bərpası üzrə qərargahın sabiq katibi İsa Kələntəri "Xabar” internet kafedəki çıxışında bildirib.
Onun sözlərinə görə, hələ də Urmiya gölünün bərpasına əhəmiyyət verməyən insanlar ola bilər, ancaq bu göl bərpa olunmasa, Təbriz kimi böyük və əhəmiyyətli bir şəhərin boşaldılması riski var. O bildirib ki, Urmiya gölünün bərpasına gedən yol çətin olmaqla, texniki problemlərlə üzləşməklə yanaşı, siyasi təzyiqlərin də təsirinə məruz qalmışdı.
İ.Kələntəri vurğulayıb ki, Qərbi Azərbaycan əyaləti başçısının bəzi nümayəndələrinin uğursuz fəaliyyəti səbəbindən ən azı bərpa proqramının bəzi bəndləri heç yerinə yetirilməyib.
O qeyd edib ki, onlar üçün bu dayaz və duzlu göl təəssüratı bağışlasa da, oradan havaya sovrulan duz tozları Azərbaycan regionunun həyatını təhlükə altına sala bilər: "Urmiya gölü ətrafında yaşayan heyvanlarda dəri xərçəngi 20 faiz artıb. Belə ki, Urmiya gölünün qurumasının pik həddə çatdığı 2014-2015-ci illərdə Dövlət Baytarlıq Təşkilatı məlumat vermişdi ki, Urmiya gölünün şimal-qərbində yerləşən Salmas bölgəsində heyvanlarda dəri xərçəngi 20 dəfəyə qədər çoxalıb”.
Sabiq sədrin qənaətincə, Urmiya gölü quruyarsa, yay və qış mövsümləri arasında temperatur fərqi 7 dərəcə artacaq: "Bu, 7 dərəcənin insan genetikası, heyvanlar, bitkilər və mikroblarda nə kimi dəyişikliklərə səbəb olacağı məlum deyil".
Şimali Koreya Yaponiyanı mayın 31-dən iyunun 11-dək kosmosa peyk buraxmaq planı barədə xəbərdarlıq edib.
Qeyd olunub ki, rəsmi Pxenyan öz peykini orbitə çıxarmağa hazırlaşır. Yaponiya hökuməti raketin buraxılışı ilə bağlı məlumat toplamaq və təhlil etmək üçün əlindən gələni edəcəyini bildirib.
"Biz Şimali Koreyanı ABŞ və Cənubi Koreya kimi müvafiq ölkələrlə əməkdaşlıq edərkən raket atmaqdan çəkinməyə çağırırıq”, - Yaponiya baş nazirinin ofisi bildirib.
ABŞ-ın analitik mərkəzi mayın 26-da bildirib ki, kommersiya peyk görüntüləri Şimali Koreyanın Sohye peyk buraxılış stansiyasının şərqində sahilyanı buraxılış sahəsinin tikintisinin sürətlə davam etdiyini göstərir.
Rusiyanın Kursk vilayətində pilotsuz təyyarə partlayıcı qurğunu yarımstansiyaya atıb.
Bu barədə regionun rəhbəri Roman Starovoit özünün Telegram kanalında məlumat verib.
O qeyd edib ki, bunun nəticəsində Ukraynanın Sumı vilayəti ilə sərhədə yaxın yerləşən Plexovo, Quevo və Qornal üç kəndi enerjisiz qalıb.
"Hazırda təmir qrupları bərpa işlərinə başlayıb. Sakinlərdən heç kim xəsarət almayıb”, - Starovoit bildirib.
Rusiya Finlandiyanı əlavə hərbi təftiş haqqında sazişin ləğvi barədə xəbərdar edib.
Bu barədə Skandinaviya ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu gün Finlandiya Rusiyadan iyunun 1-dən əlavə hərbi təftiş səfərlər (təftiş səfərləri – red.) haqqında ikitərəfli sazişdən çıxacağı barədə məlumat alıb”, - Finlandiya XİN diqqətə çatdırıb.
Qeyd edək ki, bu müqavilə 2000-ci ildən qüvvədədir və iki illik yoxlamaları nəzərdə tuturdu. Helsinki sonuncu dəfə belə tədbirlərin pandemiyadan öncə ikitərəfli formatda keçirildiyini vurğulayıb.
Saziş 2011-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvləri tərəfindən qəbul edilmiş Vyana Sənədini tamamlayırdı. Bu, xüsusilə silahlı qüvvələr, müdafiə planlaması və hərbi büdcələr, yoxlamalar haqqında geniş məlumat mübadiləsini, habelə hərbi fəaliyyətin müəyyən növləri haqqında imzalayan dövlətlərin bir-birinə bildirişlərini təmin edir.
Sloveniya parlamenti Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan bəyannamə qəbul edib.
Bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.
"Mən Sloveniya parlamentarilərinə Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyan və bu dəhşətli cinayətin qurbanlarının xatirəsini ehtiramla yad edən bəyannamə qəbul etdiklərinə görə minnətdaram”, - Ukrayna Ali Radasının sədri vurğulayıb.


























