Azərbaycanda zəlzələ oldu
Hacıqabul rayonunda 3,2 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:24-də Şirvan stansiyasından 16 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Ocağı 17 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Günəşdə ilk dəfə “düşən ulduzlar” görüldü
Avropalı astronomlar Günəş atmosferində əvvəllər təsvir olunmayan bir hadisəni müşahidə ediblər.

Bu barədə bazar ertəsi Britaniya Kral Astronomiya Cəmiyyətinin (RAS) Mətbuat Xidməti məlumat yayıb.

Tədqiqatçılar bunu Yer atmosferində meteoroidlərin yanması zamanı gördüyümüz ulduzlarla müqayisə edirlər. Günəşdə belə alovların görünüşü ulduzun səthinə plazma hissələrinin düşməsi – tac yağışı ilə əlaqələndirilir.

Yeni kəşf "Solar Orbiter” aparatının köməyilə mümkün olub. Elm adamlarının sözlərinə görə, cihaz tacın daxilindəki incə prosesləri, o cümlədən tac yağışının təsirini çəkmək üçün Günəşə kifayət qədər yaxındır.

Qeyd olunur ki, tac yağışının müşahidəsi Günəşin fizikasını araşdırmaq üçün böyük bir addımdır ki, bu da günəşin əsas sirlərini, məsələn, onun bir neçə milyon dərəcəyə qədər qızmasının detallarını öyrənməyə kömək edəcək.

Xatırladaq ki, Günəş atmosferinin xarici təbəqəsi olan tacın yüksək temperaturu hələ də ulduzun əsas sirlərindən biridir. Alimlər hələ də Günəşin səthindəki (fotosferdə) 5,8 min kelvin temperaturun onun tacında bir milyon və ya daha çox kelvinə qədər artmasına nəyin kömək etdiyi sualına cavab axtarırlar.
Kürdəmirdə yağan leysan bəzi fəsadlar törədib
Kürdəmirdə yağan leysan bəzi fəsadlar törədib.

"Report” xəbər verir ki, leysan qısa zamanda küçə və prospektlərdə hərəkət iştirakçıları üçün bir sıra çətinliklər yaradıb.

Rayonun əsasən Bakı prospektində, Şəhriyar, Xanlar və Məhəmməd Hadi küçələrinə leysan suları dolaraq gediş gəlişi məhdudlaşdırıb.

Hazırda rayonda leysan davam edir.
Polis Abşeronda 147 sürücünü məsuliyyətə cəlb edib
Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyunun 23-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.

Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası – küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə, səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb.

Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan dörd nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, "isti izlərlə” cinayətin açılması üzrə 6, narkotiklə əlaqəli cinayətlərə görə 5, küçə ticarəti ilə məşğul olduqlarına görə 26, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 7, xırda xuliqanlığa görə 3, xırda talamaya görə 81, antisanitariya və digər inzibati xəta tərkibi yaradan hallarla bağlı isə 577 fakt aşkarlanıb, mülki axtarışa görə üç nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 147 sürücü məsuliyyətə cəlb edilib. İnzibati xətalarla bağlı protokollar tərtib olunub, avtomobilinə qanunla qadağan olunan əlavə avadanlıqlar quraşdıran, eləcə də konstruksiyasında dəyişiklik edən 12 sürücü, dayanma-durma qaydalarının pozulmasına görə 114 fakt müəyyən edilib.
Şahdağa qar yağıb, Oğuzdan sel keçib - FAKTİKİ HAVA
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 23-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi şimal və qərb rayonlarında yağıntılar intensiv və güclü olub. İyunun 22-də axşam saatlarında Şahdağa qar yağıb.

Düşən yağıntının miqdarı Zaqatalada 44, Göygöldə 34, Şəkidə 30, Daşkəsəndə 32, Qəbələdə 26, Gəncədə 25, Balakəndə 23, Gədəbəydə 19, Oğuzda 18, Qaxda 16, Tovuz, Qrız, Ceyrançöldə 12, Mingəçevir, Şahdağ, Qusar, Şəmkir, Naftalan, Şərur, Quba, Ağdam, Tərtər, Ağstafa, Naxçıvan, Şahbuz, Sədərək, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Kürdəmir, Sabirabad, Lerikdə 8 mm-dək olub.

İyunun 22-də saat 20:00-da Oğuz rayonu ərazisindən axan Əyriçaydan sel keçib.

Daşkəsən, Naftalan, Göygöl, Şahdağ, Gəncə, Şəmkir, Balakən, Qax, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 100 metrədək məhdudlaşıb.

İyunun 22-də şimal-qərb küləyi arabir Naxçıvanda 20 m/s, Şabranda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu iyunun 22-də iqlim normasından 1 dərəcə aşağı olaraq Bakı, Abşeron yarımadası və Naxçıvan MR-də 31, dağlıq rayonlarda 16, Aran rayonlarında 30 dərəcəyədək isti təşkil edib.
Leysan yağışları Gəncədə fəsadlar törətdi
Leysan yağışları Gəncə şəhərində bir sıra fəsadlar törədib.

"Report”un Qərb bürosunun məlumatına görə, leysan nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətləri subasmaya məruz qalıb.

Eləcə də şəhərin küçə və prospektlərində nəqliyyatın və piyadaların hərəkətində qismən çətinlik yaranıb.

Hazırda yağıntılı hava şəraiti davam edir.
Tovuzda güclü külək bir neçə evin yardımçı tikililərini uçurub


Tovuzda leysan yağış nəticəsində sel keçib.

APA xəbər verir ki, rayonun bəzi kəndlərində evlərin həyətlərinə su dolub, təsərrüfatlara ziyan dəyib.


Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsi sel suları altında qalıb.

Aramsız yağan güclü yağış və külək bir neçə evin yardımçı tikililərini uçurub.

Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü sel ağacları da kökündən çıxarıb.

Kəndlərdəki su arxları da daşıb.

Nəticədə Qaziqulu kəndində bir neçə küçə və kiçikhəcmli körpülər də su altında qalıb. Əhalinin təsərrüfatına da ziyan dəyib. Ev quşları sel altında qalaraq tələf olub. Əksər evlərə, həyətlərə, həmçinin zirzəmilərə də su dolub.: Qeyd edək ki, son günlərdə yağan aramsız yağışlar çaylarda da suyun səviyyəsini artırıb. Hazırda Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.
Gəncədə güclü yağış təsərrüfatlara ziyan vurdu - VİDEO
Güclü küləklə müşayiət olunan leysan xarakterli yağışın yağması Gəncə şəhərində bir sıra fəsadlar törədib.

Şəhər ərazisində yerləşən evlərə, zirzəmilərə su dolub.

"Yağış olan kimi belə vəziyyətdəyik. Təsərrüfat sahələrimizə ciddi ziyan dəyib”, - deyə şəhər sakini Saleh Yaqubov qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bakı-Qazax yolunda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Göygöldə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Sədrəddin Rzayevi vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Türkiyədə zəlzələ olub
Türkiyədə 4,2 maqnitudalı zəlzələ olub.

Oxu.Az-ın Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 07.42 radələrində qeyd alınan zəlzələnin ocağı Egey dənizində Kuşadası körfəzində, sahildən 10 km uzaqlıqda, 52 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Axtarış
Xəbər lenti
Reklam