Qətərdə keçirilən dünya çempionatının ən yaxşı futbolçuları mükafatlandırılıblar
Qətərdə keçirilən dünya çempionatının ən sərrast futbolçusu bəlli olub.

Oxu.Az-ın məlumatına görə, bu ada Fransa millisinin hücumçusu Kilian Mbappe sahib çıxıb.

Argentina ilə final matçında (3:3) het-trik edən 24 yaşlı hücumçu mundialı 8 qolla başa vurub.

Argentina millisinin kapitanı Lionel Messi Qətərdəki dünya çempionatında Fransaya qarşı keçirdikləri final matçının ən yaxı futbolçusu seçilib.

35 yaşlı hücumçu həlledici qarşılaşmada 2 qolla yadda qalıb.

Qeyd edək ki, Argentina - Fransa oyununun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda tərəflər hərəyə daha bir dəfə fərqləniblər. Hesab 3:3 olduğundan penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq oynayan (4:2) "tanqoçular" 3-cü dəfə dünya çempionu olublar.
Bakıdakı Dünya Kuboku İddiaçılar Turnirinə üç vəsiqə verəcək




Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku 2023-cü il İddiaçılar Turnirinə 3 vəsiqə verəcək.

Beynəlxalq Şahmat Federasiyasından (FIDE) verilən məlumatına görə, Azərbaycan paytaxtındakı yarışda ilk 3 pilləni tutan qrossmeysterlər şahmat tacı uğrunda mübarizə aparmaq hüququ qazanacaqlar.

İddiaçılar Turnirinə digər 5 vəsiqənin sahibi isə dünya çempionatının qalibi, "Grand Swiss” turnirində 1 və 2-ci yeri tutanlar, FIDE reytinqli turnirlərdə 1 il ərzində ən yüksək nəticə əldə edən şahmatçı və 1 yanvar 2024-cü il üçün ən yaxşı reytinqə malik qrossmeyster olacaq.

Qeyd edək ki, Bakıda şahmat üzrə Dünya Kuboku gələn il iyulun 29-dan avqustun 26-dək keçiriləcək.
Yuri Syomin: “Azərbaycanda futbolçular hər toqquşmada yerə yıxılırdı”
 
 
 

"Azərbaycandakı işimi xatırlayıram: Futbolçular hər toqquşmada yerə yıxılırdı”.

Bunu "Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin Qətərdə keçirilən dünya çempionatında hakimlərin oyunun əsas vaxtına 10 və daha çox dəqiqə əlavə etməsi barədə "Sport-express” nəşrinə müsahibəsində deyib.

75 yaşlı mütəxəssis bu qərarı çox bəyəndiyini bildirib:

"Bunu ona görə edirlər ki, futbolçular özlərini tez-tez yerə atmasınlar. Bu, hər yerdə, bir çox liqalarda olur. Azərbaycanda olarkən itirilən vaxtı hesablayırdım. Bəzi oyunlarda əsas vaxta 10 deyil, hətta 15 dəqiqə əlavə etmək lazım idi. Futbolçulara deyirdim ki, niyə hər toqquşmadan sonra yalandan yerə yıxılırsınız. Belədə futbolun dinamikası ölür”.

Qeyd edək ki, Yuri Syomin 2013/2014 mövsümündə "Qəbələ”yə başçılıq edib.

DÇ-2022: Bu gün Argentina millisinin finaldakı rəqibi bəlli olacaq




Qətərdə keçirilən dünya çempionatında bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, mundialın son qalibi Fransa millisi turnirin sürpriz komandası olan Mərakeşlə qarşılaşacaq.

Meksika Futbol Federasiyasından Sezar Ramosun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matç "Əl Bayt” stadionunda oynanılacaq.

Cütün qalibi finalda Argentina yığmasına rəqib olacaq. Məğlub tərəf isə 3-cü yer uğrunda oyunda Xorvatiya ilə üz-üzə gələcək.

DÇ-2022

Yarımfinal

14 dekabr

23:00. Fransa - Mərakeş

Baş hakim: Sezar Ramos

"Əl Bayt” stadionu

Qeyd edək ki, DÇ-2022-nin final matçı dekabrın 18-də keçiriləcək.
DÇ-2022: Bu gün ilk finalçı bəlli olacaq




Qətərdə təşkil olunan dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

Oxu.Az xəbər verir ki, bu raundun ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Bununla da mundialda ilk finalçı bəlli olacaq.

"Lusail” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.

Cənubi Amerika təmsilçisi əvvəlki mərhələdə Niderlandı, avropalılar isə Braziliyanı mübarizədən kənarlaşdırıb.

Argentina 2014-cü il, Xorvatiya isə 2018-ci il dünya çempionatının finalçısı olub.

DÇ-2022

Yarımfinal

13 dekabr

23:00. Argentina - Xorvatiya

Baş hakim: Daniele Orsato (İtaliya)

"Lusail” stadionu

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.
DÇ-2022: Argentina - Xorvatiya oyununun hakimləri bəlli olub


Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya milliləri arasında keçiriləcək yarımfinal oyununun təyinatları açıqlanıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Daniele Orsatoya Çiro Karbone və Alessandro Ciallatini laynsmanlar qismində köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklərindən olan Məhəmməd Məhəmməd yerinə yetirəcək.

İtaliyalı Massimiliano İrrati VAR hakimi, həmyerlisi Paolo Valeri isə onun köməkçisi olacaq.

Qeyd edək ki, dekabrın 13-də oynanılacaq Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb


Qətərli fotoqraf Xalid əl Misslam Qətərdəki Dünya Çempionatını işıqlandırarkən ölən ikinci jurnalist olub.

APA-nın xəbərinə görə, bu barədə "Gulf Times” nəşri məlumat verib.
Mərhum Al Kass TV-nin əməkdaşı olub. Ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, 9 dekabrda ABŞ-dan olan jurnalist Qrant Uol da çempionatı şərh edərkən həyatını itirib.
Azərbaycan millisinin futbolçusu əməliyyat olunub




Azərbaycan millisinin və "Sabah” klubunun futbolçusu Namik Ələskərov əməliyyat olunub.

Paytaxt təmsilçisindən "Report”a verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşula biləcək.
Azərbaycan Kuboku: “Zirə” “Neftçi”ni, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək



Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.

"Report”un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün birinci matçında "Neftçi” "Zirə”nin qonağı olacaq. Komandalar indiyədək ölkə kuboklarında səkkiz dəfə üz-üzə gəliblər. Bunların üçündə "qartallar”, ikisində "ağ-qaralar” qələbə qazanıblar. Üç oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində isə "Neftçi” üstündür - 8:6. Cavab qarşılaşması dekabrın 20-də baş tutacaq.

Digər görüşdə "Qarabağ” "Qəbələ”ni qəbul edəcək. Bölgə təmsilçiləri Azərbaycan Kubokunda 13 dəfə qarşılaşıblar. Bunların altısında "köhlən atlar”, ikisində "qırmızı-qaralar” sevinən tərəf olub, beş dueldə isə heç-heçə qeydə alınıb. Ölkə çempionu topların nisbətində isə aşkar üstünlüyə malikdir - 22:9. Cavab matçı dekabrın 19-da Qəbələdə keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final mərhələsi

İlk oyunlar
8 dekabr

18:00. "Zirə”-"Neftçi”
"Zirə” İK stadionu

20:30. "Qarabağ”-"Qəbələ”
"Azersun Arena”

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. "Kəpəz” "Turan Tovuz”u, "Səbail” isə "Sabah”ı qəbul edəcək.
DÇ-2022: Yaponiya və Xorvatiya yığmaları start heyətini açıqlayıblar
 
 

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda

Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic.

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

Axtarış
Xəbər lenti
Reklam