
Ağdam təmsilçisi "Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Oxu.Az-ın məlumatına görə, Qurban Qurbanovun yetirmələri G qrupunun III turunda Yunanıstanda "Olimpiakos”un qonağı olacaqlar. "Georgios Karaiskakis” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək.
Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.
Qrupun digər oyununda "Frayburq” Almaniyada Fransa "Nant”ını qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, III tur
6 oktyabr
23:00. "Olimpiakos” (Yunanıstan) – "Qarabağ” (Azərbaycan)
Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)
Pirey, "Georgios Karaiskakis”
Xal durumu: "Frayburq” - 6, "Qarabağ” - 3, "Nant” - 3, "Olimpiakos” - 0.
(5-10-2022, 10:47)
Kişilərdən ibarət "Vüqar Həşimov” və qadınlardan ibarət "Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.
"Report”un məlumatına görə, "Vüqar Həşimov” II turda İsveçin "Stockholms” kollektivini sınağa çəkib.
Görüş Azərbaycan təmsilçisinin 4,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.
"Odlar Yurdu” isə Ukraynanın "Blue & Yellow” klubu ilə üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib.
Kişilər
II tur
"Vüqar Həşimov” - "Stockholms” - 4,5:1,5
Kiril Şevçenko - Lars Hauge - 1:0
Misrətdin İskəndərov - Can Ertan - 0,5:0,5
Vüqar Əsədli - Erik Torn - 0:1
Əhməd Əhmədzadə - Karl Sederstam - 1:0
Ülvi Sadıxov - Nils-Qustam Rehman - 1:0
Xəzər Babazadə - Felik Tuomainen - 1:0
Qadınlar
"Blue & Yellow” - "Odlar Yurdu” - 1:3
Natalya Buksa - Günay Məmmədzadə - 0,5:0,5
İnna Qaponenko - Ülviyyə Fətəliyeva - 0:1
Yevgeni Doluxanova - Xanım Balacayeva - 0,5:0,5
Diana Tarleva - Gövhər Beydullayeva - 0:1
Qeyd edək ki, "Vüqar Həşimov” komandası ilk turda İngiltərə "Şarks”ını, "Odlar Yurdu” isə Fransa "Filidor”unu məğlub edib.

Bu həftə UEFA Avropa Liqasının qrup mərhələsinin bütün oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Məlumatı UEFA-nın rəsmi saytı dərc edib.
Qeyd olunur ki, İndoneziya çempionatında "Arema”-"Persebaya” klubları arasında baş tutan (2:3) oyundan sonra baş verən iğtişaşlar nəticəsində dünyasını dəyişənlərin xatirəsinə ehtiram əlaməti olaraq matçlar bir dəqiqəlik sükutla başlayacaq.
Xatırladaq ki, Ağdamın "Qarabağ” klubu bu həftənin cümə axşamı UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda "Olimpiakos” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent Luis şəhərindəki "Grand Chess Tour”un sonuncu mərhələsi olan "Sinkfild Kuboku”nda ilk qələbəsini qazanıb.
"Report”un məlumatına görə, 37 yaşlı qrossmeyster 4-cü turda norveçli Maqnus Karlsenlə üz-üzə gəlməli idi. Lakin dünya çempionu turnirdən imtina etdiyi üçün görüş baş tutmayıb. Nəticədə Məmmədyarova texniki qələbə verilib.
Karlsenin əvvəlki turlardakı nəticələri ləğv olunacaq.
Qeyd edək ki, hazırda 2 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Azərbaycanlı karateçi Fəridə Əliyevanın Bakıda keçirilmiş Premyer Liqa yarışında iştirak etməməsinin səbəbi bilinib.
"Report”un xəbərinə görə, 68 kiloqramdan yuxarı çəkidə çıxış etməli olan idmançının çəkisi qaydasında olmayıb.
İdmançı yarışdan əvvəl xəstələndiyindən, çəkisi 68 kiloqramdan aşağı olub. WKF (Ümumdünya Karate Federasiyası) isə onun yarışda iştirak etməsinə icazə verməyib.
Qeyd edək ki, bu çəkidə Ayaka Saito (Yaponiya) Anastasiya Stepaşkoya (Ukrayna) 4:1 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə Premyer Liqa titulunu qazanıb.
Xatırladaq ki, ilk dəfə Bakıda keçirilmiş Premyer Liqa yarışında Azərbaycan tarixi nailiyyətə imza atıb. 3 qızıl və 3 bürünc medal qazanan Azərbaycan medal sıralamasında yalnız karatenin yaradıcısı Yaponiyadan geri qalıb.
"Mançester Yunayted” hücumçusu Kriştianu Ronaldunun maaşını 25% azaldıb.
Bildirilir ki, klub 2022/23 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün bu addımı atıb. Portuqaliyalının müqaviləsində müvafiq variant nəzərə alınıb.
Futbolçu isə "Mançester Yunayted”in bu qərarından son dərəcə narazı qalıb, çünki o, ötən mövsüm komandanın çıxışına ciddi töhfə verdiyini düşünür və 18 qol vurduğunu deyir.
Xatırladaq ki, bundan əvvəl Ronaldunun agenti Xorxe Mendeşin müştərisini "Napoli”yə transfer etməyə çalışdığı barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, bu müqavilənin bir hissəsi olaraq, nigeriyalı hücumçu Viktor Osimhen əks istiqamətdə hərəkət edə bilər. Lakin "Napoli”də açıq şəkildə bildirildi ki, Osimheni ingilis klubuna yalnız "qırmızı şeytanlar”ın 100 milyon avro ödəyəcəyi və Ronaldunu icarəyə verəcəyi təqdirdə buraxacaqlar. Eyni zamanda mankunianlılar 37 yaşlı portuqaliyalının maaşının böyük hissəsini ödəməlidirlər.
Bu gün ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edərək adını tarixə qızıl hərflərlə yazdıran cüdoçu Nazim Hüseynovun ad günüdür.
N.Hüseynov 1969-cu ilin 2 avqust tarixində Bakı şəhərində anadan olub.
Hələ uşaq yaşlarından idmana maraq göstərən Nazim bir neçə dəfə SSRİ birinciliyində çempion olmaqla yanaşı bir neçə dəfə də mükafatçılar siyahısında olub.
Dünya cüdo arenasında ilk dəfə 1991-ci ildə Budapeştdə keçirilən super dünya kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
N.Hüseynov 1992-ci ildə Barselonada keçirilən XXV Yay Oyunlarında qızıl medala sahib olaraq müstəqil Azərbaycanın ilk Olimpiya Çempionu kimi tarixə düşüb.
Qeyd edək ki, bu il həmin qələbənin üzərindən 30 il ötür.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda "Sürix”lə üz-üzə gələcək "Qarabağ”ın İsveçrəyə səfər proqramı açıqlanıb.
"Report”un məlumatına görə, "köhlən atlar” iyulun 27-də İsveçrəyə yollanacaq.
Komandanı Sürix şəhərinə aparacaq təyyarə saat 17:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
İyulun 26-da Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, saat 21:00-da komandanın açıq məşqi olacaq.
Qeyd edək ki, iyulun 27-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.























