
Bu günə qədər Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə 4 761 müraciət üzrə 17,2 milyon manata yaxın ƏDV məbləği vətəndaşlara geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir.
Bundan başqa, qurum bəyan edib ki, vətəndaşların aldığı əmlaka görə ödənilmiş ƏDV-nin qaytarılması zamanı bir sıra hallarda ərizələrdə bank rekvizitlərinin yanlış göstərilməsi və yaxud hesabların başqa şəxslərə aid olması kimi faktlara rast gəlinir. Bu isə ƏDV məbləğinin bir hissəsinin göstərilən hesablara köçürülməsi zamanı problemlər yaradır. Nəticədə, yaranmış çətinliklər əlavə inzibati yükə səbəb olur və vətəndaş məmnuniyyətinin azalmasına gətirir.
Bu səbəbdən ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı inzibatçılıqda müvafiq dəyişiklik edilib. Artıq vergi orqanından vəsaitin köçürülməsi barədə müvəkkil banka sorğu daxil olduqda vəsaitlər fiziki şəxsin müvəkkil bankda olan virtual "ƏDV Geri Al” hesabına köçürülür, bank məlumatlarının daxil edilməsinə zərurət yaranmır. Müvəkkil bankda virtual "ƏDV Geri Al” hesabı olmayan vətəndaşlar isə ərizə ilə müraciət edərkən müvafiq link vasitəsilə həmin hesabı yarada biləcəklər.

Qızılın qiymətində artım müşahidə olunur.
Satıcılar deyirlər ki, qızıl və brilyantın qiymətindəki artım alıcı sayına da təsir edib.
Alıcılar arasında isə vəziyyətlə barışıb alış-veriş edənlər də var, kəllə-çarxa qalxan qiymətləri eşidən kimi baş götürüb qaçanlar da.
İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, qiymətləri dünya bazarı tənzimləyir. Qızılın qiymətinin qalxması isə birjadakı artımla əlaqədardır.
Mütəxəssislər hesab edirlər ki, hələ bir müddət də qızılın bahalaşmasının artan şkala ilə davam edəcəyi gözlənilir.
Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

İstehlak bazarında meyvə-tərəvəz bolluğu var, amma qiymətləri yüksəkdir.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bahaçılıq bazarda alıcılıq qabiliyyətinin aşağı olmasına səbəb olub.
Alıcılar qiymətlərdən, satıcılar isə müştəri azlığından şikayət edirlər.
Məsələn, bazarda lobya 3 manat 50 qəpik, pomidor 3 manat, şaftalı 4 manat, gavalı isə 3 manatdır.
Satıcılar deyirlər ki, hazırda rekord bahalaşma lobyada müşahidə edilir. Bunun isə bir neçə səbəbi var.
Satıcılar qiymətlərin növbəti həftələrdə ucuzlaşa biləcəyini bildirirlər.
Ətraflı süjetdə:

Türkiyədə ilin birinci yarısında azalan inflyasiya yenidən artmaqdadır.
Belə ki, yanvarda illik inflyasiya 58 faizə yaxın olsa da, iyunda bu göstərici 38 faiz səviyyəsinə enmişdi. İyul ayında isə yenidən 48 faizə yaxınlaşan inflyasiya avqustda 59 faizə çatıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana gətirilən məhsulların 14 faizi Türkiyənin payına düşüb. Bu baxımdan yüksək inflyasiyanın Azərbaycanda qiymətlərə necə təsir edəcəyi böyük maraq doğurur.
İqtisadçı Eldəniz Əmirov deyir ki, milli valyutanın dəyər itirməsi və inflyasiya arasında sıx əlaqələr olduğundan Türkiyədə lirənin ucuzlaşması Türkiyədə, Azərbaycanda manatın ucuzlaşması isə Azərbaycanda olan inflyasiyaya birbaşa təsir göstərir:
"Sadəcə olaraq Azərbaycanda manatın məzənnə stabilliyinin inzibati qaydada qorunması bilavasitə makroiqtisadi sabitliyin qorunmasına xidmət edir. Ona görə də Türkiyədə olan inflyasiya səviyyəsinin Azərbaycanda olan inflyasiyaya birbaşa təsirləri çox aşağı səviyyədədir”.
Qeyd edək ki, Azərbaycanda 2023-cü ilin yanvar-iyul aylarında orta illik inflyasiya 12,2 faiz olsa da, ilin sonunda bu göstəricinin 10,4 faizə enəcəyi proqnozlaşdırılıb.
Ətraflı Baku TV-nin süjetində:

"Lirə hazırda sürətlə bahalaşsa da, bunun davamlı olacağını düşünmürəm".
Publika.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib. Ekspert həmçinin əlavə edib:
"Səbəb aydındır - Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 7,5 faiz bəndi artırılaraq 17,5%-dən 25%-ə qaldıması lirəyə psixoloji təzyiqi azaltmış və dəyər qazanmışdır. Uçot dərəcəsinin birdən-birə 7.5 faiz bəndi artımı qarşısında bunu normal qarşılamaq lazımdır.
Amma qarşıdakı uzun müddət ərzində lirənin bu templə bahalaşmasının davamlı olacağını gözləmirəm. Psixoloji effektlər neytrallaşdıqdan sonra nisbətən dinamika azalacaq və lirənin əvvəlki vəziyyətinə dönməsi üçün hələ uzun müddət lazım olacaq".

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 70 372,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.
Məlumata görə, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2% azalıb, qeyri-neft-qaz sektorunda isə 3,4% artıb.
ÜDM istehsalının 42,8%-i sənaye, 9,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7%-i digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,2%-ni təşkil edib.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5,9 % azalaraq 6 939 manata düşüb.
(22-06-2023, 15:04)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiya Federasiyasında istehsal edilən "Sidr” və "Mister Sidr” nişanlı alkoqollu içki məhsulları ilə bağlı əhaliyə müraciət edib.
AQTA-dan daxil olan müraciətdə bildirilib ki, kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Rusiyanın Ulyanovsk vilayətində surroqat sidrdən (spirt əvəzedicisi) zəhərlənmə nəticəsində 30 nəfər həyatını itirib:
"Rusiyanın səlahiyyətli orqanları tərəfindən aparılan araşdırma nəticəsində zəhərlənmə hadisəsinə Samara şəhərində istehsal edilən "Mister Sidr” nişanlı alkoqollu içkinin səbəb olduğu aşkarlanıb.
Bəyan edirik ki, Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək adıçəkilən alkoqollu içki məhsulu Azərbaycana idxal edilməyib. Həmçinin ötən dövrdə aparılan nəzarət tədbirləri zamanı ölkə ərazisində həmin məhsulun satışı hallarına rast gəlinməyib. Bununla belə, AQTA Rusiyadan ölkəmizə gələn Azərbaycan vətəndaşlarına və əcnəbi qonaqlara müraciət ünvanlayaraq bildirir ki, "Sidr” və "Mister Sidr” nişanlı alkoqollu içki məhsullarını şəxsi istehlak üçün əl yükündə gətiriblərsə, həmin içkilərin istehlakından imtina etsinlər. Eyni zamanda, bu barədə Agentliyin "1003-Çağrı Mərkəzi”nə məlumat versinlər".




























